Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Altı ölümün öldürdüyü tək adam

Altı ölümün öldürdüyü tək adam

14.07.2026 [09:56]

Edqar Allan Ponun yaradıcılığı haqqında

Adını verməyən lirik qəhrəman Lenor adlı sevgilisinin vaxtsız-vədəsiz itkisini unutmaq üçün bir dekabr axşamı pəncərənin qarşısında oturub qədim kitablara dalır. Bu vaxt qapı döyülür. Adam bir xeyli tərəddüddən sonra qapını açanda qarşısında zülmət gecədən başqa heç nə görmür. Qayıdıb yerini rahatlayandan sonra bu səfər də pəncərə tıqqıldayır. Təhkiyəçi pəncərəni açmaqla bir qarğa saymazyana içəri dürtülüb, qədim Yunanıstanın ən hörmətli, nüfuzlu tanrılarından olan ilahə Palladanın qapının başındakı büstünün çiyninə qonur. Lirik qəhrəman quşdan adını soruşur, qara qarğa bircə kəlmə “Nevermore” (bir də heç vaxt, dünyasında, əbədən) deməklə kifayətlənir. Adam quşun danışmağına heyrətlənsə də, qarğa “heç bir vaxt”dan savayı söz bilmir, onun bütün suallarını tək kəlmə “nevermore” deyib cavablayır. Lirik qəhrəman bu quşun Allah elçisi olduğunu, dərdini ona unutdurmaq üçün göndərildiyini düşünür, ancaq qarğa nakam aşiqin gümanını daşa çaxıb deyir ki, sevgilisi Lenorun xatirəsini o “heç bir vaxt” unuda bilməyəcək. Nəhayət, təhkiyəçi ürəklənib quşdan soruşur: göylər səltənətində bu zavallı, dərdli aşiq sevimli Lenoruna qovuşa biləcəkmi? Qarğanın son suala da cavabı qəti olur: heç bir vaxt!

Bu, böyük Amerika ədibi Edqar Allan Ponun on səkkiz bəndlik, yüz səkkiz misralıq (hər bənd altı misradan ibarətdir) “Qarğa” şeirinin qısa məzmunudur. Edqar Po ədəbiyyat aləmində daha çox hekayə, novella ustası kimi tanınsa da, onun əlini böyük şöhrətə çatdıran məhz bu şeir olub. Bir məktubunda müəllif özü təvazökarlığı qırağa qoyub “Qarğa”nı dünya poeziyasının o vaxtacan misli görünməmiş örnəyi saydığını bildirmişdi. “Nevermore” bu uzun şeirin rədifidir, şair qarğanın qarıltısını həmin sözə bənzətməklə adi kəlməyə fəlsəfi anlam yükləyib. Şeir Edqar Po yaradıcılığının epiqrafı, müqəddiməsi, hətta himni sayıla bilər, hərçənd 1845-ci ilin yanvarında işıq üzü görmüş “Qarğa”nı qələmə alana qədər yazıçı sonralar bütün dünyanı dolaşası şedevrlərinin çoxunu artıq yazmışdı. Üstəlik, bu şeiri müəllifin avtobioqrafik diaqnozu, xəstəlik tarixçəsi, yaşantılarının epikrizi kimi də oxumaq olar; on dörd yaşı tamam olmamış özünə gəlin gətirdiyi qohumu Virciniya onda hələ sağıydısa da, əcəl artıq birinci zəngini çalıb anonsunu vermişdi, gəlinin vərəmli ciyərinin qanı maskası yırtılmış qırmızı ölümü fələyin xəfiyyəsitək artıq ifşa eləmişdi.

Qara torpaqdan rəng almış, gecənin içindən gəlmiş qara qarğa bədlik, nəhslik, uğursuzluq rəmzidir. Qara qanadlı qarğa qarı fələyin qara donlu elçisi, iblisin qaranlıq səltənətinin qaraxəbər sözçüsü, diriləri diri-diri heçliyə gömən sonsuz zülmətin, tükənməz yoxluğun, əbədi ölümün amansız edam hökmünü dimdiyində daşıyan carçısıdır. Bu bəduğur qara quşun şairin can evində peyda olması həm şifahi, həm də yazılı ədəbiyyatın təsiri altında baş verib, fəqət bunlardan da qat-qat ötəsi müəllifin qorxuları, qarabasmaları, ölümə, heçliyə xof qarışıq güclü bir ehtirasla bağlanmasıdır. Şeirin sonunda şair Palladanın çiynindən baxan qarğanı yuxulu şeytana bənzədir, onun çıraq işığında döşəməyə sərilmiş vahiməli kölgəsinə diqqət yönəldir. Lirik qəhrəman əmindir ki, onun ruhu bu kölgənin çənbərindən “bir də heç vaxt” çıxmayacaq, çıxa bilməyəcək.

Bəri başdan deyək ki, elə də oldu. Cəmi qırx illik ömrünü Edqar Po ölümün amansız təqibi, iblisin itilənmiş baltası altında yaşadı. Onun zavallı ruhu yalnız qələmə dil verəndə müvazinətini qoruyur, canına müsəllət olmuş cinlər yalnız o can yaradıcılıq əhvalına girəndə iynə görmüş kimi qaçıb dağılışır, burulğantək bulanan zehni yalnız yazı masası arxasında dinclik tapırdı. Qara qarğanın gətirdiyi “müjdə” çox yox, dörd-beş ildən sonra çin çıxdı, fələk ona elə bir tor toxudu ki, ölümünün sirri bu günəcən çözülməyib, belə görünür, “heç bir vaxt” da çözülməyəcək. Heç bir vaxt - nevermore!

***

Edqar Allan Po yeni dövr ədəbiyyatında həm detektiv janrının, həm də psixoloji nəsrin banisi sayılır. Onun bəzi hekayələri elmi fantastikanın, fəlsəfi macəraçılığın formalaşmasına təkan verib. İndi novella adlandırdığımız janrın da inkişafında Ponun əvəzsiz rolu var. Onun dəhşət doğuran “qorxulu” hekayələri on doqquzuncu əsrin ikinci, iyirminci əsrin birinci yarısında sənət meydanını ələ keçirmiş dekadentizm cərəyanını xeyli qabaqlamışdı. Onun ədəbi görüşlərinin təsirinə kimlər, kimlər düşməmişdi - Bodler, Dostoyevski, Zolya, Mopassan, Konan Doyl, Verlen, Mallarme, Blok, Meterlink, Kuprin, Merejkovski, Bryusov, Balmont, Nabokov, Borxes, Kortasar, Kinq... saymaqla bitməz. Bodler onun poeziyasını fransızcaya çevirməyə illərini həsr eləmişdi, Avropa böyük ədibi ilk növbədə Bodlerin tərcümələri sayəsində tanımışdı. Çexov, Andreyev, Hamsun, Coys, Kafka, Akutaqava, Laqerkvist, Sartr, Bussati, Rulfo, Abe kimi dahilər Edqar Ponun ruh əkizləriydi.

Onun yazdığı detektiv novellalar da fəlsəfi-psixoloji mahiyyət daşıyırdı. Bütün böyük yazıçılar kimi Edqar Po da dualist idi, insan varlığını cənnətə-cəhənnəmə ayırırdı. Yazıçıya görə, insanın mübhəm irrasional istəkləri, qorxuları, ehtirasları onun cəhənnəmi, bütün bunlardan xilas olmağa yardım göstərən sağlam düşüncə, mənəviyyata söykəli rasional məntiq isə onun cənnəti, həyat adlı amansız okeanın quduz dalğalarından sığındığı qurtuluş adasıdır. Bu adadan okean yaxşı görünür, oradan həyatı Şopenhauer sayağı arxayın seyrə dalıb dalğaların təbiətini öyrənmək də nisbətən asan olur.

Belə bir adada məskən salmış obrazlardan biri “Morq küçəsində qətl” (1841) hekayəsinin qəhrəmanıdır. Mütəxəssislər bu hekayəni ədəbiyyat tarixində ilk detektiv əsər sayırlar. Hekayədə biz adını bilmədiyimiz təhkiyəçinin təqdimatında Ogüst Düpen adlı müflisləşmiş gənc aristokratla tanış oluruq. Misilsiz analitik mühakimə qabiliyyətinə yiyələnmiş Düpen asketik həyat sürür, qənaətlə yaşayır, gündüzlər evinin pərdələrini çəkib qaranlıqda oturur, “Qarğa”nın lirik qəhrəmanı kimi kitablara dalır, gecələr düşmənin arxasına keçən kəşfiyyatçıtək gözünü qaranlığa alışdırır, elə həmin bəduğur qarğa sayağı həyata zülmətin bətnindən doğulur. Konan Doylun Şerlok Holmsu da, Aqata Kristinin Erkül Puarosu da Edqar Ponun üç novellasının qəhrəmanı Düpenin şinelindən çıxıb.

Düpen ağıl, məntiq təcəssümüdür, fəlsəfi təfəkkürü, stoik təmkini ona ən qəliz konfliktlərdən, ən müəmmalı cinayətlərdən düzgün baş çıxarmağa imkan verir. Bu gənc zahid tam müstəqil adamdır, hökumətə, polisə işləmir, sifariş yerinə yetirmir, əksinə, hökumət özü ona möhtacdır, odur ki, baş verənlərdən obyektiv nəticə çıxara bilir. Onun ruhun diktəsiylə çalışan beyni birbaşa obyektivliyin mənbəyindən qidalanır. Həqiqətən, obyektivlik, dürüstlük allah vergisi, tanrı nemətidir. Nə deməkdir tanrı neməti? Yəni bu uca keyfiyyət, ilahi nemət min üzlü ehtirasımızın, min rəngli qorxumuzun, min dadlı tamahımızın, min adlı xofumuzun yox, bir üzlü, bir rəngli, bir dadlı, bir adlı ruhumuzun məhsuludur.

Qəzetlər Parisin Morq küçəsində törədilmiş dəhşətli qətldən yazır. Qatil beşinci mərtəbədə yaşayan dul qadınla qızını qətlə yetirəndən sonra izini itirib. Qonşular səs-küyə qapını qırıb içəri girəndə evdən bir cüt meyitdən savayı heç nə tapmayıblar. Ananın boğazı ülgüclə kəsilib, qızının meyidi buxarıya dürtülüb. Otaqdakı mebellər qırıqlanıb, qanlı ülgüc stulun üstünə atılıb. Hadisədən əvvəl mənzildə nəsə qızğın mübahisə getdiyini eşitmiş şahidlərin gümanınca, qətli törədən bir yox, iki nəfər olub, həm də ikinci qatil fransızca yox, ayrı bir dildə danışırmış - iş bu yerə dirənəndə hər şahid bilmədiyi bir dilin adını çəkir.

davamı növbəti sayımızda

F.Uğurlu

Paylaş:
Baxılıb: 52 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Turizm

Dünya

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31