Azərbaycanda güclü potensiala malik meliorasiya və su təsərrüfatı kompleksi yaradılıb
01.07.2020 [09:46]
Regionlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi istiqamətində mühüm layihələr həyata keçirilir
(əvvəli ötən sayımızda)
Qusar rayonunun Cağarqışlaq kəndinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Samur-Abşeron kanalı üzərində nasos stansiyası qurulur. Kəndin torpaq sahələrinə Qusarçaydan qidalanan Cağar arxı vasitəsilə suvarma suyu verilir. Hazırda çayda kifayət qədər su olduğu üçün təsərrüfatçıların tələbatı ödənilir. Lakin son illər yay aylarında Qusarçayda suyun səviyyəsinin azalması, Cağar arxının ətrafındakı bağ və əkin sahələrinin çoxalması kənd sahələrinin suvarma suyu ilə təminatında problemlər yaradırdı. Bunu nəzərə alaraq kəndin yaxınlığından keçən Samur-Abşeron kanalının üzərində sovet dövründə tikilən, amma 1990-cı illərdə dağıdılmış nasos stansiyası yenidən bərpa olunur. Nasos stansiyasından kəndə kimi yüksək təzyiqə davamlı diametri 630 millimetrlik borularla 3,8 kilometrlik su xəttinin çəkilməsi nəzərdə tutulur. Qısa müddətdə su xəttinin yarıdan çoxu çəkilib, gücü 450 litr/saniyə olan 2 ədəd yeni su nasosu və digər avadanlıqlar quraşdırılıb.
Ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da suvarma şəbəkələrinin əhatə etdiyi torpaqların əkilməsi və meliorativ tədbirlərin aparılması diqqət mərkəzindədir. Muxtar respublikanın Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, suvarma mövsümünün mütəşəkkil keçirilməsi və əkin sahələrinin suya olan tələbatını ödəmək üçün may ayında bir sıra tədbirlər görülüb. Belə ki, 9,6 kilometr magistral kanal, 22,7 kilometr ara arxlar və 5,5 kilometr kollektor lildən təmizlənib, 1,8 kilometr yeni suvarma xətti çəkilib. Bu dövrdə su istifadəçilərinə 62 milyon kubmetr su verilib, bunun müqabilində 52 min 909 hektar torpaq sahəsi suvarılıb.
Mütərəqqi suvarma şəbəkələrinin qurulması və yeni su xətlərinin çəkilməsi sahəsində görülən işlər ötən ay da diqqətdə saxlanılıb, Kəngərli rayonunun Böyükdüz kəndində 800, Şahbuz rayonunun Türkeş kəndində 270 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 15 kilometr uzunluğunda suvarma xətti çəkilib.
Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün 730 metr istiqamətləndirici bənd salınıb, həmçinin 61,8 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Muxtar respublikada su təminatının həyata keçirilməsində subartezian quyularının və kəhrizlərin gücündən geniş istifadə olunur. Qeyd olunan dövrdə 96 subartezian quyusunda və 5 kəhrizdə təmir-bərpa işləri aparılıb, 1 kəhrizdə işlər başa çatdırılıb, 1 yeni subartezian quyusu istifadəyə verilib.
Muxtar respublika əhalisinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunması, yaşayış məntəqələrində müasir kanalizasiya şəbəkələrinin qurulması istiqamətində görülən işlər də davam etdirilib. Bu dövrdə “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm və Araz kəndlərində 2,5 kilometr su və 3,5 kilometr kanalizasiya, Sədərək rayonunda 5,4 kilometr su, 1,9 kilometr kanalizasiya, Kəngərli rayonunda isə 5,3 kilometr uzunluğunda su xətti çəkilib.
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Yevlax rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Yevlax rayonunun Qaramanlı, Hacımahmudlu, Nurallar, Dəlləklər, Göyük və Rüstəmli kəndləri ərazisindəki əkin sahələrinə 68 subartezian quyusu vasitəsilə su verilir. Hazırda həmin kəndlərdə pambıq, günəbaxan və digər yaz əkin bitkiləri suvarılır. Son günlərdə 250 hektardan çox əkin sahəsini suvarma suyu ilə təmin edən 8 ədəd subartezian quyusuna 4 yeni nasos qurğusu quraşdırılıb, 4 nasos qurğusu isə əsaslı təmir olunaraq kənd sakinlərinin istifadəsinə verilib. Kəndli fermerlər və torpaq mülkiyyətçiləri əkinlərin suvarma suyuna ehtiyacı olduğu hazırkı dövrdə subartezian quyularının təmir edilərək istifadəyə verilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Yevlax rayonu ərazisində 39 min 849 hektar suvarılan torpaq sahəsi var. Yuxarı Qarabağ kanalı vasitəsilə 26 min 751 hektar, Şirvan kanal vasitəsilə 6923 hektar, Kür çayından nasos stansiyaları vasitəsilə 2664 hektar, Əlican çayı vasitəsilə 600 hektar, Tərtər çayı vasitəsilə 1711 hektar, subartezian quyuları vasitəsilə isə 1200 hektar sahə suvarılır.
Bəhs edilən istiqamətdə də Şəkidə də davamlı işlər görülür. Belə ki, Azərbaycan Prezidentinin “Şəki rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 fevral tarixli Sərəncamının icrasına uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən bu il Şəkidə 18 subartezian quyusunun qazılması nəzərdə tutulur. Bu quyuların istismara verilməsi nəticəsində 116 min nəfərdən çox əhalinin yaşadığı 15 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək. Sərəncamın icrası olaraq, artıq rayonun Birinci Biləcik və Baş Göynük kəndlərində yeni subartezian quyularının qazılmasına başlanılıb. Yaxın vaxtlarda digər yaşayış məntəqələrində də yeni quyuların qazıntısı işləri həyata keçiriləcək. Bu quyuların hamısının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.
Bu barədə KİV-ə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin son illər imzaladığı sərəncamların icrasına olaraq, təkcə 2013-2019-cu illər ərzində rayon ərazisində 81 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyuların istismara verilməsi nəticəsində 773 hektar əkin sahəsinin suvarma suyu və 35 min nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.
Ölkənin Qərb bölgəsində yerləşən Ağstafa rayonunda da “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı uğurla icra olunur. Rayon icra hakimiyyətindən bildirilib ki, əhalisi 23334 nəfər olan 9 yaşayış məntəqəsində - Aşağı Göycəli, Göycəli, Dağ Kəsəmən, Qarahəsənli, Xılxına, Kolxəlfəli, Muğanlı, Pirili, Tatlı kəndlərində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işlərinə başlanılıb.
Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən qazılması nəzərdə tutulan subartezian quyularından bir ədədinin Dağ Kəsəmən kəndində qazılmasına start verilib.
Yeri gəlmişkən, Prezident İlham Əliyev iyunun 17-də “Ağstafa rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ağstafa rayonunun Muğanlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 2,5 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılıb.
Eyni zamanda, Prezident İlham Əliyev iyunun 22-də “Biləsuvar rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Biləsuvar rayonunun Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 455 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılıb.
Sonda onu da bildirək ki, regionlarda kanalların beton üzlüklə döşənməsi və tətbiq olunan yeniliklər su itkisinin qarşısının alınmasında mühüm rol oynayır. İndi fermerlər müasir suvarma üsullarından istifadə etməklə, su problemini həll edir, eyni zamanda, bunun sayəsində bol məhsul yetişdirirlər. Bu istiqamətdə Şəmkir rayonunda da davamlı addımlar atılır.
Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şəmkir Suvarma Sistemləri İdarəsi 40 min 500 hektar sahəyə xidmət edir. Həmin sahələrin suvarılması üçün dörd mənbədən istifadə olunur. Bunlar Şəmkirçay və Zəyəmçay su anbarları, Maşın kanalı və subartezian quyularıdır. O cümlədən idarənin balansına 16 nasos stansiyası daxildir. Nasos stansiyalarının bəzilərində videomüşahidə kameraları quraşdırılıb.
Qurumun nümayəndəsi Bakir Allahyarov KİV-ə açıqlamasında deyib ki, Şəmkirçay su anbarından 12509 hektar, Maşın kanalından 6549 hektar, Zəyəmçay vasitəsilə 7000 hektar sahəni suvarmaq üçün istifadə olunur. Daxili nasoslar vasitəsilə 4500 hektar sahə suvarılır. Yerdə qalan sahələrin suvarılmasında subartezian quyularından istifadə olunur. Həmin sahələrin suvarılması üçün 926 kilometr kanallar var. Bu kanallardan 26,8 kilometri beton kanallardır. Rayonun Könüllü və Seyidkənd kəndlərinin 1500 hektardan çox sahəsində qapalı suvarma sistemlərindən istifadə olunur. Su 20 kilometrdən çox məsafədə yeraltı borular vasitəsilə nəql olunur. Hazırda Könüllü kəndində quraşdırılan nasos stansiyası yenidən qurulur.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48

