“Azərbaycan 2013: yeni hədəflər, yeni zəfərlər”
25.12.2012 [15:56]
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Azərbaycan 2013: yeni hədəflər, yeni zəfərlər” mövzusunda konfrans keçirilib. Konfransda dövlət və hökumət rəsmiləri, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, KİV nümayəndələri iştirak ediblər. YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov 2012-ci ilin artıq başa çatmaqda olduğunu deyərək bu ilin xalqımız və dövlətimiz üçün uğurlu olduğunu bildirib. Əli Əhmədov qeyd edib ki, 2012-ci il ərzində Azərbaycan bütün istiqamətlərdə böyük nailiyyətlər əldə edib. Onun sözlərinə görə, qazanılan uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Bu nailiyyətlər haqqında hər bir vətəndaşın məlumatlı olduğunu deyən YAP İcra katibi bildirib ki, bu nailiyyətlər insanların rifahının daha da yüksəlməsi ilə müşayiət olunur. Əli Əhmədov bu il ərzində Azərbaycanın beynəlxalq müstəvidə də mövqeyinin əhəmiyyətli dərəcədə gücləndiyini deyib.
“Azərbaycan xalqı 2012-ci ili yüksək əhval-ruhiyyə ilə başa vuraraq 2013-cü ili qarşılayır. Dövlətimiz və xalqımız 2013-cü ilə uğurla qədəm qoymaqdadır. Biz inanırıq ki, növbəti ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük uğurlara imza atacaq. Eyni zamanda, qeyd etmək istəyirəm ki, 2013-cü ilin ən vacib hadisəsi prezident seçkiləri olacaq. Gələn il ölkəmizdə prezident seçkiləri keçiriləcək və inanırıq ki, xalqımız bu dəfə də düzgün seçim edərək dövlətimizin başçısı İlham Əliyevə etimad göstərəcək. Azərbaycan seçicisi dəqiq bilir ki, onun ümidlərini doğruldan yeganə siyasi xadimi məhz İlham Əliyevdir” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
24 dekabr tarixinin ölkə Prezidenti İlham Əliyevin doğum günü olduğunu deyən Əli Əhmədov bu münasibətlə Prezident İlham Əliyevi təbrik edib.
Konfransda, həmçinin, Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yoluna nəzər salınıb, qarşıda duran vəzifələr və yeni hədəflər barədə məruzələr dinlənilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Yaqub Eyyubov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar və bu islahatların nəticələri barədə ətraflı məlumat verib. Y.Eyyubov bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasını Prezident İlham Əliyevin uğurla, elmi əsaslara söykənən dəqiq proqnozlar əsasında davam etdirməsi müsbət nəticələrini verir. Artıq Azərbaycan regionun lider ölkəsi olmaqla bərabər, dünyanın aparıcı dövlətləri sırasında öz mövqelərini daha da möhkəmləndirib.
Y.Eyyubov deyib ki, Azərbaycanın gələcəkdə daha mühüm uğurlara imza atacağına əminlik yaradan milli sosial-iqtisadi inkişaf modelinin reallaşması nəticəsində əldə olunmuş nailiyyətlər bu gün təkcə Azərbaycan daxilində deyil, bütün dünyada da geniş əks-səda doğurur. Baş nazirin birinci müavini bildirib ki, 2004-cü ildən bu günədək ÜDM 3 dəfə, qeyri-neft sektoru 2,4 dəfə, əsas kapitala investisiyalar 4,2 dəfə, qeyri-neft sektoru üzrə əsas kapitala investisiyalar 14,4 dəfə, dövlət büdcəsinin gəlirləri 14 dəfə, strateji valyuta ehtiyatları 28 dəfədən çox artıb. Onun sözlərinə görə, ümumilikdə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların 135 milyard ABŞ dollarını ötməsi, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların, beynəlxalq aləmdə qazandığı nüfuzun və gündən-günə möhkəmlənən mövqeyinin, iqtisadi təhlükəsizliyinin göstəricisidir. “Son 9 il ərzində Azərbaycan özünəməxsus uğurlu strategiyanı reallaşdırmaqla təmin etdiyi iqtisadi artım nəticəsində xalqın rifah səviyyəsini daha da yüksəldib. Belə ki, 2004-cü ildən bu günədək əhalinin gəlirləri 5 dəfədən, orta aylıq əməkhaqqı isə 4 dəfədən çox artıb. Bu dövrdə ölkədə yoxsulluq səviyyəsi 6,5 dəfə azalaraq 40 faizdən 7,6 faizə enib, yoxsulluq həddi isə 2004-ci ildəki 39 manatdan 2012-ci ildə 108 manata qədər artırılıb. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli iqtisadi və sosial islahatların nəticəsi olaraq, Azərbaycanın dünya miqyasında sabit və dinamik inkişaf edən və eləcə də, etibarlı tərəfdaş bir ölkə kimi nüfuzu daha da artıb” - deyə, Baş nazirin birinci müavini vurğulayıb.
Y.Eyyubov onu da bildirib ki, Azərbaycan Prezidentinin 2011-ci il 29 noyabr tarixli müvafiq Sərəncamına əsasən ölkə iqtisadiyyatında qazanılmış uğurların daha da möhkəmləndirilməsi və davamlılığının təmin edilməsi məqsədilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması işi davam etdirilir. Bu konsepsiya ilə qarşıya qoyulan vəzifələr üç istiqamətdə ümumiləşdirilib: iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması; iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi; sosial sahələrin və insan kapitalının inkişafı. Konsepsiyada ixracyönümlü iqtisadi model əsas götürülüb. Bu konsepsiyada müəyyənləşdirilmiş hədəflərə əsasən, qeyri-neft sektorunun şaxələndirilməsi və sürətli inkişafı hesabına, nail olunacaq.
“Bu gün müstəqil Azərbaycan Respublikası demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. İctimai-siyasi, iqtisadi həyatımızın bütün sahələrindəki dinamik inkişaf, Azərbaycanın gündən-günə artan qüdrəti, əhalinin sosial rifahının yüksəlməsi sübut edir ki, ölkəmizin elmi əsaslara söykənən özünəməxsus inkişaf modeli möhkəm təməl üzərində qurulub. Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi inkişaf, dünya birliyinə sürətli inteqrasiya, ölkənin potensialının, dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı qarşıya qoyulmuş hədəfə - dünyanın ən inkişaf etmiş ölkələrdən birinə çevrilmək məqsədinə doğru inam və böyük uğurla aparır. Xalqımızın şəksiz siyasi lideri, Azərbaycanda siyasi-iqtisadi sabitliyin, gələcək inkişafın təminatçısı olan möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin hər bir vətəndaşın maraqlarına hesablanması, dövlət başçısının – “Mənim əsas məqsədim Azərbaycanı daha müasir və zəngin ölkəyə, qüdrətli dövlətə çevirmək yolunda başladığımız işi davam etdirməkdir” – strateji xətti qarşıdakı illərdə də Vətənimizin inkişafının uğurlu, davamlı və dayanıqlı olacağına tam əminlik yaradır. Qədirbilən xalqımız Azərbaycanın gələcəyini də məhz cənab İlham Əliyevlə bağlayır, Ona arxalanır” - deyə, Baş nazirin birinci müavini vurğulayıb.
Ölkənin siyasi arenasında Prezident İlham Əliyevin alternativinin olmadığını deyən Y.Eyyubovun sözlərinə görə, gələn il keçiriləcək prezident seçkilərində xalqın kimə etimad göstərəcəyi, Azərbaycanın idarəçilik sükanını kimə etibar edəcəyi artıq müzakirə mövzusu deyil. “Bu - göz qabağında olan məlum həqiqətdir ki, qarşıdakı illərdə dövlətin strateji hədəflərini, nəzərdə tutulan möhtəşəm layihələri yalnız xalqın yüksək etimadını qazana bilmiş qətiyyətli, təcrübəli, sanballı və uzaqgörən bir siyasi lider həyata keçirə bilər. Belə bir müdrik şəxsiyyət isə bu gün yalnız və yalnız Ulu öndərin layiqli davamçısı, Ona özü qədər inandığı – İlham Heydər oğlu Əliyevdir!” – deyən, Y.Eyyubov dövlət başçısını doğum günü münasibətilə təbrik edərək Vətənimiz və Xalqımız naminə Ona yeni-yeni müvəffəqiyyətlər arzulayıb.
Daha sonra Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov çıxış edib. Z.Əsgərov bildirib ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzmlə davam etdirilir. Onun sözlərinə görə, Heydər Əliyev kimi siyasət və idarəçilik korifeyindən sonra ölkənin idarə edilməsi nə qədər çətin görünsə də, Prezident İlham Əliyev bu işin öhdəsindən layiqincə gəldi və öz fəaliyyəti ilə sübut etdi ki, polad dayaqlar üzərində mövqe tutan və xalqını xoşbəxt gələcəyə aparmağa qadir liderdir.
“Qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, iqtisadi tərəqqi və müasirləşmə, demokratik inkişaf, hər bir vətəndaşa sosial qayğı, ədalətli cəmiyyət Prezident İlham Əliyevin fəaliyyətinin təməl prinsipləridir. Heydər Əliyev ənənələrinə sadiq qalaraq fəaliyyətində demokratik dəyərlərə söykənən möhtərəm Prezidentimiz qısa zaman kəsiyində Azərbaycanı təkcə regionda deyil, bütövlükdə dünyada sayılıb-seçilən dövlətə çevirdi, ona yeni nəfəs verdi. Keçən illər ərzində yüz minlərlə yeni iş yerlərinin açılması, əlverişli biznes mühitinin yaradılması, regionların sosial-iqdisadi inkişafı, yoxsulluğun minimuma endirilməsi və yaşayış səviyyəsinin yüksəldilməsi, elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına dövlət qayğısının gücləndirilməsi, indiki qloballaşma şəraitində dilimizin, dinimizin, adət-ənənələrimizin - bütövlükdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, gənclərin sağlam və hərtərəfli inkişafı üçün hər cür şəraitin yaradılması, geniş vüsət almış quruculuq-abadlıq işləri, balanslaşdırılmış xarici siyasət kursu, hərbi qüdrətin artırılması, ərazi bütövlüyünün bərpası üçün bütün imkanların səfərbər olunması dövlət başçısının fəaliyyətinin əsas məzmununu təşkil edib” - deyə, birinci vitse-spiker qeyd edib.
Z.Əsgərov deyib ki, bu gün Azərbaycan müxtəlif sahələrdə əldə olunan uğurlarla kifayətlənmək niyyətində deyil. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev ölkəmizin uzunmüddətli yeni inkişaf strategiyasının hazırlanmasını əsas hədəflərdən hesab edir. Z.Əsgərov bildirib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli Sərəncamı dövrün çağırışı olmaqla, qarşıdakı növbəti inkişaf mərhələsində ölkənin iqtisadi, siyasi və sosial sahələrdə dinamik tərəqqisinə, vətəndaşların rifah halının daha da yüksəldilməsinə təminat verən strateji vəzifələrin müəyyənləşdirilməsinə yönəldilib. Onun sözlərinə görə, 2013-2023-cü illəri əhatə edəcək İnkişaf Konsepsiyasının hazırlanması prosesində bir sıra prioritet fəaliyyət istiqamətlərinin əhəmiyyəti xüsusi vurğulanmalıdır.
Azərbaycanın hərbi qüdrətinin də gündən-günə artdığını deyən Z.Əsgərovun sözlərinə görə, bu, bir zərurətdir, çünki ərazilərimizin 20 faizi Ermənistanın işğalı altındadır. O qeyd edib ki, işğala son qoymaq üçün yaradılan beynəlxalq mexanizmin fəaliyyətindən də hələ ki, bir nəticə yoxdur: “Azərbaycan bu vəziyyətlə barışan deyil və hansı yolla olursa-olsun, mütləq öz torpaqlarını erməni işğalından azad edəcək. Azərbaycan dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə işini daha da gücləndirir. Məhz bunun nəticəsidir ki, artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistanın işğalçı dövlət olması faktı öz əksini tapıb və bu proses davamlı xarakter alıb”.
Birinci vitse-spiker bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət Azərbaycanın milli maraqlarının təmin olunmasına, çoxvektorlu əməkdaşlığın həyata keçirilməsinə, dövlətin manevr imkanlarının artırılmasına və asılı vəziyyətə düşməməsinə imkan yaradır. Belə ki, Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq qurumlarla münasibətləri qarşılıqlı hörmət əsasında qurur və bu münasibətlər gündən-günə möhkəmlənir. Bununla belə, Z.Əsgərov deyib ki, Azərbaycanın qazandığı zəfərlər heç də hamını sevindirmir. Onun sözlərinə görə, ötən illər ərzində bəzi dairələr bizim əvəzimizə qərar verməyə, hansı istiqamətdə hərəkət etməyin daha “düzgün” olduğunu “izah etməyə” çalışıb, ikili standartlardan yararlanaraq, bizi qəti, düşünülmüş və milli maraqlara söykənən siyasi kursdan yayındırmağa cəhdlər ediblər: “Azərbaycanı istəməyən xarici qüvvələr, erməni lobbisi və əfsuslar olsun ki, onlarla bir düşərgədə olan bəzi müxalifət elementləri məsələləri süni şəkildə şişirdərək, Azərbaycan hakimiyyəti və dövləti barədə mənfi rəy yaratmağa cəhdlər edib və etməkdə davam edirlər. Lakin yekun nəticədə bütün bu cəhdlər uğursuzluğa düçar olur və olacaq. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın uğurlarının təməli xalqla hakimiyyətin birliyində, qarşılıqlı inam və etimaddadır. Tarixin heç bir dövründə cəmiyyətimiz bugünkü kimi sürətli pozitiv dəyişikliklərə uğramayıb, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmayıb. Hər bir vətəndaşın azad cəmiyyətdə yaşaması, hüquq və azadlıqlarının müdafiəsi kimi ülvi məqsədlərin reallaşması Azərbaycanda həyata keçirilən islahatların əsas mahiyyətini təşkil edir. Ölkəmizdəki inkişaf onun daxilində insan amilinə söykənən dayanıqlı iqtisadi-sosial tərəqqiyə, sabitliyə, demokratikləşməyə; beynəlxalq məkanda isə qlobal çağırışlara cavab verən qarşılıqlı faydalı əməkdaşlığa, regionda və dünyada sülh və təhlükəsizliyin təminatı uğrunda fəaliyyətə əsaslanır. Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir ki, bu da Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Əminik ki, bu gün əsası qoyulan və gələcəyə hesablanan geniş quruculuq proqramları gələcək illərdə də cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçiriləcək, Azərbaycan daha da inkişaf edərək dünyanın inkişaf etmiş dövlətləri arasında öz layiqli yerini tutacaq”.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev isə çıxışında ölkəmizin 2003-cü ildən etibarən əldə etdiyi nailiyyətlər haqqında fikirlərini bildirib. Ş.Hacıyev məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin yüksək iqtisadi inkişaf yoluna çıxdığını vurğulayıb.
Ş.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında avanqard yer tutmasını şərtləndirib. Bu siyasətin əsasında insan amili durur və Azərbaycan güclü, müasir və nüfuzlu dövlət kimi tanınır: “Bu gün iqtisadi inkişafın Azərbaycan modeli və təcrübəsindən bəhs edilir. Azərbaycan özünün dinamik iqtisadi inkişafı ilə iqtisadi inkişafın yeni modelini formalaşdırıb. Ölkəmizin dinamik yeni iqtisadi sistemi bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır”.
“Dünya praktikasında ərazisinin 20 faizi işğal altında olan bir ölkənin bu qədər dinamik və intensiv iqtisadi inkişafa malik olması halına rast gəlinməyib. Təsadüfi deyil ki, ölkə iqtisadiyyatı son 10 ildə 3 dəfədən artıq böyüyüb. Qeyd etmək lazımdır ki, Azərbaycan qlobal maliyyə və iqtisadi böhran şəraitində belə iqtisadi artım tempini qoruyub saxlayıb. Bu, ölkə iqtisadiyyatının dayanıqlı, davamlı və tarazlı inkişaf tempinə malik olmasını göstərir” - deyə, komitə sədri vurğulayıb. Azərbaycanın sərmayədar ölkəyə çevrildiyini deyən Ş.Hacıyev əlavə edib ki, keçid dövrünü başa vuran ölkəmiz ortagəlirli ölkələr sırasında yer tutub və gələcək hədəf Azərbaycanın yüksəkgəlirli və inkişaf etmiş dövlətlər arasında yer almasıdır: “Azərbaycan iqtisadiyyatı sosialyönümlü bazar iqtisadiyyatıdır və iqtisadiyyatımız davamlı, dayanıqlı və tarazlı inkişaf dinamikasına malikdir. Azərbaycanın təxminən 20 ölkədə sərmayəsi mövcuddur və investisiyaların həcmi 12-20 milyard arasındadır. Eyni zamanda, iqtisadiyyatımız dünya iqtisadiyyatına uğurla inteqrasiya edib. Əlbəttə ki, bütün bunların əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf siyasəti dayanır”.
Nardar BAYRAMLI
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

