Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şəhidlərimizin ruhu Əkrəm Əylislini bağışlamayacaq

Şəhidlərimizin ruhu Əkrəm Əylislini bağışlamayacaq

01.02.2013 [00:23]

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının təşəbbüsü ilə yazıçı Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirilib
Dünən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının təşəbbüsü ilə “Daş yuxular” romanına etiraz əlaməti olaraq, yazıçısı Əkrəm Əylislinin evinin qarşısında aksiya keçirilib. Aksiyada Ermənistanın işğalı nəticəsində öz yurdlarından didərgin düşmüş gənclər Ə.Əylislinin “Daş yuxular” romanında azərbaycanlıların ermənilər qarşısında alçaldılmasını qətiyyətlə pisləyiblər. YAP Gənclər Birliyinin fəalları da bu etiraz aksiyasına qoşulublar.
Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etdiyini, bir milyon insanın öz doğma yurdlarından didərgin düşdüyünü yazıçıya xatırladan gənclər onun bu əsərlə ermənipərəst mövqe nümayiş etdirdiyini vurğulayıblar. Aksiya iştirakçıları Ə.Əylisliyə Xocalı soyqırımını xatırladaraq onun bu qətliamı törədən erməniləri öz əsərində müsbət mənada təqdim etməsindən hiddətləndiklərini bildiriblər. “Xocalı soyqırımının qurbanlarının ruhu, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan insanların ruhu sizi bağışlamayacaq”- deyə, gənclər bəyan ediblər.
“Erməniyə ar olsun, Əkrəm ara kor olsun”, “Sünnət olunmuş erməni”, “Əylislilər erməni Əkrəmə rədd olsun deyir!”, “Əkrəm, sən ermənisən, xalqımızın düşmənisən!”, “Əylisin çörəyi, suyu, torpağı sənə haram olsun!”, “Ziyalı Forumunun erməni üzü-Əkrəm Əylisli!” və digər şüarlar səsləndirən aksiya iştirakçıları Ə.Əylislinin Azərbaycan xalqından üzr istəməsini tələb ediblər. Etirazçılar bildiriblər ki, vətənpərvərlik hissi olan, damarlarında azərbaycanlı qanı axan hansısa yazıçı belə əsər yazıb millətimizi düşmən qarşısında təhqir etməz. Ə.Əylisinin bu əsəri yazması isə onun qanında erməni qarışığının olduğunu göstərir.
Etirazçılar deyiblər ki, hazırda ermənilər Ə.Əylislini özlərinin qəhrəmanı kimi görürlər və ona rəğbətlə yanaşırlar: “Ermənistan KİV-lərində Ə.Əylisli geniş təbliğ olunur. Bu, onların bir-birilərinə “məhəbbətindən” irəli gəlir. Ə.Əylisli artıq emənilərin sevimlisinə çevrilib. Ermənilərə belə insanlar lazımdır ki, azərbaycanlılara qarşı törətdikləri qətliamları unutdursunlar. Dövlətimiz, xalqımız Ermənistanın işğalından əziyyət çəkir və bu işğalın nəticələrini dünyaya bəyan edir. İşğalın davam etdiyi bir şəraitdə “yazıçı”nın belə bir roman yazması erməni dəyirmanına su tökməkdir. Bəs, nə üçün Ə.Əylisli Qarabağ həqiqətlərindən, azərbaycanlıların öz torpaqlarında qaçqın vəziyyətə düşməsindən yazmır? Biz öz torpaqlarımıza qayıtmaq istəyirik. Bunun üçün Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır. Əgər Ə.Əylislidə erməni sevgisi güclüdürsə, gedib Ermənistanda yaşaya bilər”.
Aksiya iştirakçıları Ə.Əylislinin şəklini, romanın adı yazılan plakatları yandırıblar.
Polisin müdaxiləsi ilə aksiyanın qarşısı alınıb.
Qeyd edək ki, məsələyə münasibətini öyrəndiyimiz gənclər Ə.Əylislinin məlum romanını pisləyiblər:
Elvin İbrahimov:
- Əkrəm Əylisli Azərbaycan vətəndaşıdırsa, niyə ölkəmizin həqiqətlərindən yazmır? Bir gənc olaraq, 1990-cı ilin yanvarın 20-də Bakıda, 1992-ci ilin fevralın 26-da Xocalıda soyqırımları törədən erməniləri təbliğ edən yazıçıya “ar olsun” deyirəm. Bu hərəkətləri ilə Əkrəm Əylisli erməni olduğunu, Azərbaycan xalqına düşmən olduğunu göstərir. Bir gənc olaraq belə bir insanın ölkəmizdə yaşamasına etiraz edirəm.
Elmar Məmmədov:
- Biz Azərbaycan gəncləri dövlətimizin maraqlarını satan, düşmənin mənafeyinə xidmət edən yazılar, əsərlər yazan, düşmənlə əlbir olaraq xalqımıza qarşı fəaliyyət göstərən Əkrəm Əylisli kimi yazıçılara “ar olsun” deyirik! Azərbaycan cəmiyyətinə, Azərbaycan xalqına belə yazıçı lazım deyil.
Taleh Məmmədov:
- Gənclərin bura toplaşmasının əsas səbəbi Ə.Əylislinin xalqına, torpağına, şəhidlərinin ruhuna hörmətsizlik etməsidir. Əkrəm həqiqətən erməni olduğunu bir daha sübut etdi. O rusların, ermənilərin sifarişləri ilə əsərlər yazaraq ermənipərəst mövqe nümayiş etdirir.
Elşən Fərmanzadə:
- Gənclərimiz ölkəmizdə təxribatlar törətməyə çalışan Ə.Əylislinin əməllərini, Azərbaycanın inkişafına qarşı yönəlmiş istənilən addımı pisləyir. Əkrəm belə əsərləri Xocalı faciəsini etiraf etməyən, uşaqları qaz borusunda qaynaq edib havasızlıqda boğub öldürən, 1 milyondan artıq vətəndaşlarımızı doğma yurd-yuvalarından didərgin salan erməni faşistlərinə dəstək üçünmü yazır? Əgər bu belədirsə, onda Ə.Əylisli erməni olduğunu sübut edir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1095 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30