Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2012-ci il prokurorluq orqanları üçün də uğurlu olub

2012-ci il prokurorluq orqanları üçün də uğurlu olub

02.02.2013 [02:26]

Baş Prokurorluqda ötən ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib
Dünən Azərbaycan Respublikasının Baş Prokurorluğunda mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə 2012-ci ildə görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. AzərTAc xəbər verir ki, iclasda hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2012-ci il Azərbaycanın müstəqil inkişaf tarixində mühüm nailiyyətlərlə yadda qalıb. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttinə müvafiq olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşdırılmış “Müstəqil inkişafın Azərbaycan modeli” konsepsiyasının məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində ölkə həyatının bütün sahələrində çox böyük işlər görülüb, möhtəşəm layihələr reallaşdırılıb. Dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda ciddi addımlar atılıb.
Qeyd edilib ki, cari ildə ölkənin həyatında çox mühüm siyasi kampaniya və taleyüklü məsələ olan prezident seçkilərinin keçirilməsi ilə bağlı Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə azad və demokratik seçkilərin keçirilməsinin əsas şərti kimi ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun stabilləşdirilməsinə yönəldilmiş qabaqlayıcı tədbirlərin görülməsi, vətəndaşların öz iradəsini azad ifadə etməsi üçün təhlükəsiz şəraitin yaradılması, mütəmadi olaraq yerlərdə vəziyyət öyrənilməklə aşkar edilmiş problemlərin, o cümlədən dini ekstremizm, seperatçılıq və pozucu qüvvələrin qanuna zidd hərəkətlərinin, digər təhlükəli meyllərin aradan qaldırılması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.
Bildirilib ki, son dövrlərdə Bakı şəhərində və İsmayıllı rayonunda baş vermiş destruktiv qüvvələrin təsiri altında ölkədə ictimai-siyasi sabitliyin pozulmasında, vətəndaş qarşıdurması yaradılmasında, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsində və əmlaka ziyan vurulmasında ifadə olunan qanunsuzluqlara yol verilməsi faktlarına görə başlanmış cinayət işləri üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilməklə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və belə halların təkrarlanmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.
Vurğulanıb ki, 2012-ci il prokurorluq orqanları üçün də uğurlu olub, digər hüquq mühafizə, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli fəaliyyət göstərilməklə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülüb. Bu dövrdə prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, işin keyfiyyətinin yüksəldilməsinə, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla mənfi təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilib. Prokurorluq orqanlarının fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilib, peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə qanunçuluğun təmin edilməsində, ağır cinayətlərin açılması və istintaqının aparılmasında, məhkəmələrdə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə prokurorluq orqanlarının 22 əməkdaşı “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları kimi yüksək dövlət mükafatları ilə təltif edilib, 5 əməkdaşa ali xüsusi rütbələr verilib.
“Elektron hökumət” layihəsi çərçivəsində yaradılmış “Elektron Sənəd Dövriyyəsi” sistemi Baş Prokurorluqda kağız dövriyyəsi ilə paralel olaraq fəaliyyət göstərib, Elm-Tədris Mərkəzi ilə əlaqəli şəkildə “Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair - Elektron cinayət” İnformasiya Proqramı yaradılıb. 2012-ci ilin oktyabr ayından bu sistemin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində və Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və bir sıra tabe prokurorluqlarda tətbiqinə başlanılıb. “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” dövlət başçısının Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədi ilə Baş Prokurorluğun müvafiq tədbirlər planının təsdiq olunması və nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi barədə tapşırıqlar verilib.
Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əhəmiyyəti vurğulanıb, bu sənədin icrası ilə əlaqədar prokurorluq orqanları qarşısında duran vəzifələr diqqətə çatdırılıb.
Vurğulanıb ki, korrupsiya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə fəaliyyətin forma və metodlarının daha da təkmilləşdirilməsi 2012-ci ildə prokurorluğun qarşısında duran mühüm vəzifələrdən biri olub. Korrupsiyaya qarşı mübarizənin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritet istiqaməti kimi müəyyənləşdirilməsinin nəticəsidir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin çevik strukturu formalaşdırılıb, işçilərin say tərkibi artırılıb, onların sosial müdafiəsi gücləndirilib, ilk dəfə olaraq, idarəyə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyəti verilib. İdarə tərəfindən ötən il rüşvət, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 298 şəxs barəsində 170 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olan vətəndaş müraciətləri üzrə çevik tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsioner fəaliyyəti ilə bağlı 34 cinayət işi başlanıb, idarənin öz imkanları hesabına reallaşdırdığı əməliyyat tədbirləri nəticəsində 32 vəzifəli şəxsin cinayətkar əməlləri ifşa edilib. Nazirlər Kabinetinin yanvarın 16-da keçirilmiş iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi barədə dövlətimizin başçısı İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 2012-ci ildə əldə olunmuş nailiyyətlər daha da möhkəmləndirilməklə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na müvafiq olaraq prokurorluğa həvalə edilmiş tapşırıqlar keyfiyyətlə yerinə yetiriləcək və görülmüş işlər barədə ictimaiyyətə məlumat veriləcək.
Bildirilib ki, hesabat ilində dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorların iştirakı ilə 12945 şəxs barəsində 10815 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib, məhkəmə səhvlərinin aradan qaldırılması üçün məqsədyönlü işlər görülüb. Hesabat ilində bütövlükdə prokurorluq orqanlarına 51 mindən çox, o cümlədən Baş Prokurorluğa 37,3 min ərizə və şikayət daxil olub. Prokurorluq orqanlarında 24,5 mindən çox, o cümlədən şəxsən prokurorlar tərəfindən 11,3 min, Baş Prokurorluqda isə 3035 vətəndaş qəbul edilib. Xüsusi vurğulanıb ki, Azərbaycan prokurorluğunun digər hüquq mühafizə, ədliyyə və məhkəmə orqanları, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyəti nəticəsində əvvəlki illə müqayisədə 2012-ci ildə respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır, o cümlədən şəxsiyyət əleyhinə olan, oğurluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə və xuliqanlıq cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb, banditizm və cinayətkar birlik yaratma kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilmiş 21897 cinayətin 86,2 faizinin üstü açılıb. Eyni zamanda, əvvəlki illərdə törədilməklə bağlı qalan 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin üstü açılıb, habelə çoxsaylı ağır cinayətlər törətmiş 191 cinayətkar qrup və 9 mütəşəkkil dəstə zərərsizləşdirilib. Əhalinin hər min nəfərinə düşən cinayətlərin sayı azalaraq 236-ya bərabər olub, qrup halında, o cümlədən əvvəllər məhkum olunmuş şəxslərdən ibarət qruplar tərəfindən, ailə münaqişəsi zəminində və odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı azalıb.
2012-ci ildə Bakı şəhər Prokurorluğu orqanları tərəfindən də səlahiyyət hədləri daxilində “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəli təşkilinə və digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə yönəldilmiş bir sıra məqsədyönlü tədbirlər görülüb. Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə 16550 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları təsdiq olunan 9430 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib, bütün istintaq orqanları üzrə müddət pozuntusu ilə istintaq olunma faizi 8,1-ə bərabər olub, cinayət işləri üzrə maddi ziyanın ödətdirilməsində səmərəli tədbirlər həyata keçirilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən istintaqı tamamlanmış işlər üzrə vurulmuş 1,9 milyon manat ziyanın real ödəmə və əmlak üzərinə həbs qoyulması yolu ilə 100 faiz ödətdirilməsi təmin olunub. İstintaq üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində, hesabat ilində 318 cinayət işi üzrə icraata xitam verilib və 1258 icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilib.
Kollegiya iclasında vurğulanıb ki, son illərin statistik göstəricilərinin müqayisəsinə görə ölkənin kriminogen durumunda narahatçılıq doğuran problemlərdən biri yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin və bu hadisələr nəticəsində ölən və yaralananların sayının yüksək olması hesab edilməlidir. Kollegiya iclasında Silahlı Qüvvələrdə və bütün hərbi birləşmələrdə qanunçuluğun təmin olunması və hərbi nizam-intizamın möhkəmləndirilməsi, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun öz səlahiyyətləri daxilində səmərəli fəaliyyət göstərdiyi, işin düzgün təşkili, xidməti, icra və əmək intizamının möhkəmləndirildiyi, mövcud strukturun təkmilləşdirilməsi və fəaliyyətin müasirləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində məqsədyönlü işlərin görüldüyü diqqətə çatdırılıb.
Dövlət əmlakının mənimsənilməsi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir sıra səmərəli tədbirlərin həyata keçirildiyi, o cümlədən, 2011-ci illə müqayisədə hesabat ilində 121 fakt və ya 44 faiz çox korrupsiya və rüşvətxorluq cinayətləri aşkarlandığı, müstəqil şöbə statusunda fəaliyyət göstərən xüsusi istintaq şöbəsində erməni silahlı birləşmələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin istintaqı ilə əlaqədar görülən məqsədyönlü işlər barədə məlumat verilib.
Baş prokurorun müavini - respublika hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Baş Prokurorluğun hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov və digər natiqlərin çıxışlarında 2012-ci ildə görülmüş işlər barədə ətraflı məlumat verib, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsinə yönəldilmiş konkret təkliflər irəli sürülüb.
Kollegiya iclasına yekun vuran Baş prokuror Zakir Qaralov ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi və hər bir əməkdaşı ölkəmizdə reallaşdırılan böyük quruculuq işlərində öz səlahiyyətləri daxilində yaxından iştirak etməklə, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə bütün uğurlarımızın əsas təminatçısı kimi ölkədə formalaşdırılmış dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlət maraqlarımızın hər cür cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı qətiyyətli mübarizənin təşkili, vətəndaş cəmiyyətinə xas olan demokratik dəyərlərin etibarlı müdafiəsi işində öz xidmətlərini göstərəcək.

Paylaş:
Baxılıb: 1050 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31