Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mehriban Əliyeva rəqəmsal strategiyanı elan etdi: “İstehlakçı” modelindən “Yaradıcı” modelə keçmək!

Mehriban Əliyeva rəqəmsal strategiyanı elan etdi: “İstehlakçı” modelindən “Yaradıcı” modelə keçmək!

30.06.2026 [18:43]

Yeni Strategiya Azərbaycan mühəndisini mərkəzi fiqura çevirir

Açar tezislər:

- Rəqəmsal inkişafda strateji modelin dəyişməsi: “İstehlakçı”dan “Yaradıcı”ya keçid. Xaricdən hazır texnologiya idxal etmək mərhələsi bitir. Hədəf daxildə texnologiya istehsal etməkdir;

- Ağır sənayedən fərqli olaraq, Sİ böyük kapital yox, "təbii intellekt" (insan beyni) tələb edir;

- Kiçik bazarda rentabellilik: Sİ sahəsində fiziki logistika və gömrük baryerləri yoxdur. Bu, Azərbaycan üçün qlobal bazarda iştirak imkanıdır;

- Strategiyanın Mərkəzi Fiquru: "Azərbaycan Mühəndisi"

- Proqram təminatı sifarişlərinin ilk növbədə yerli mütəxəssislərə verilməsi;

- "Beyin ixracı"ndan "Kod ixracı"na: İstedadlı gənclər ölkəni tərk etmədən Bakıdan qlobal bazara rəqəmsal məhsul sata bilər;

- İnnovasiya mühitinin hərəkətverici qüvvəsi idxalçılar deyil, yerli İT korpusudur.

- Rəqəmsal inkişaf və Geosiyasi, Texnoloji təhlükəsizlik

Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş ilk iclasında verdiyi bəyanatlar rəqəmsallaşma və Süni intellekt sahəsində yeni mərhələyə start verilməsinin rəsmi elanı kimi qəbul oluna bilər.

***

***

Birinci vitse-prezident, Rəqənsal inkişaf Şurasının sədri Mehriban Əliyevanın Şuranın ilk iclasındakı çıxışı zamanı rəqəmsal inkişafla bağlı dövlətin strateji xəttinin ümumiləşdirilmiş baza tezisini, fəlsəfəsini səsləndirdi: “Məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılmasıdır”.

Birinci vitse-prezident Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasının ilk iclasındakı bu çıxışı, Azərbaycanın ənənəvi resurs iqtisadiyyatından (neft-qaz) bilik və yüksək texnologiyalara əsaslanan iqtisadi modelə keçid strategiyasını ifadə edir.

Yəni, strateji hədəfimiz yalnız başqa ölkələrin istehsal etdiklərini, xarici şirkətlərin yasratdıqlarını idxal etmək deyil, "İstehlakçı" modelindən "Yaradıcı" modelə keçiddir.

Bu ifadə xaricdən hazır texnologiya, proqram təminatı və ya avadanlıq alıb sadəcə istifadəçi (istehlakçı) olmaq mərhələsinin geridə qaldığını göstərir. Əsl hədəf texnologiyanı sadəcə köçürmək (idxal etmək) deyil, onun daxildə istehsal və inkişaf etdirilməsi potensialını yaratmaqdır.

Məsələn, Azərbaycan uzun illərdir ki, avtomobil sektorunda yalnız idxalçıdır, amma süni intellekt sahəsində "yaradıcı ola bilər". Ona görə ki, rentabelli avtomobil istehsalçısı olmaq üçün milyardlarla özəl investisiya və rentabelli olmaq üçün ildə heç olmazsa 2 milyon avtomobuil istehsal etmək və qlobal brendlərləı rəqbətə girmək lazımdır. Süni intellekt sahəsində “istehlakçı”dan, "yaradıcı"ya çevrilmək üçün nəhəng investisiyalar deyil, "təbii intellekt" drayver rolunu oynayır."

Avtomobil sənayesində yeni bir maşın modelini konveyerdən çıxarmaq üçün milyardlarla dollar, illərlə vaxt və minlərlə təchizatçı ilə müqavilə lazımdır. Ağır sənayedə uğur qazanmaq üçün nəhəng zavodlar, fiziki infrastruktur və milyonlarla istehlakçısı olan nəhəng bazarlar tələb olunduğu halda, süni intellekt (SI) sahəsində əsas istehsal vasitəsi kompüter, internet və insan beynidir.

Süni intellekt sahəsində güclü alqoritm yaratmaq və ya mövcud açıq kodlu böyük dil modellərini (LLM) spesifik sahələrə uyğunlaşdırmaq (fine-tuning) üçün istedadlı proqramçılar və bulud hesablama gücü (Cloud computing) kifayətdir.

Əlbəttə, bu o demək deyil ki, Sİ sahəsi böyük investisiyalar tələb etmir, sadəcə bu elə bir sahədir ki, kiçik və orta güc dövlətləri də böyük dövlətlərlə rəqabətə girmək üçün potensiala malikdir.

Bütün dünyanın süni intellekt texnologiyasına investisiyalar yatırdığı bir dövrdə bu cəsarətli və ciddi, ən mühümü VAZ KEÇİLMƏSİ MÜMKÜN OLMAYAN OBYEKTİV ZƏRURƏTİ ifadə edən bir bəyanatdır. Eyni zamanda, ciddi koordinasiya, sahə üzrə cəlbedici iqtisadi qərarlar, liberal mühit, kadrların cəlb olunması sayəsində tətbiqi mümkün olan bir strateji hədəfdir.

Birinci vitse-prezidentin elan etdiyi Strategiyanın mərkəzi fiquru:

"Azərbaycan mühəndisi"

Mehriban Əliyevaının elan etdiyi bu strategiyanın mərkəzi fiquru yerli şirkətlər və azərbaycanlı mühəndisdir! Yəni, yerli şirkətlər xaricdən hazır proqramları alıb ölkəyə idxal etməyə deyil, proqram təminatı sifarişlərini ilk növbədə yerli mühəndis və şirkətlərə ünvanlamalıdır. Rəqəmsal inkişaf Şurasının sədrinin elan etdyi bu yanaşma yerli şirkətlər və İT mühəndislər üçün əlverişli şərtlər formalaşdırmasını nəzərdə tutur.

Bu məqam Mehriban Əliyevanın bəyan etdiyi strategiyanın ən kritik və həlledici sütunudur.

Bu strategiya "Beyin ixracı"ndan "Kod ixracı"na keçidi təmin edə bilər. Sİ sahəsində yaradıcı olmaq Azərbaycana imkan verərdi ki, istedadlı gənclər ölkəni tərk etmədən (beyin axını olmadan), Bakıda oturaraq qlobal bazarlara proqram təminatı və Sİ həlləri satsınlar. Bu sektorda fiziki logistika baryerləri - sərhədlər, gömrük, daşınma xərcləri-olmadığından Sİ məhsulunun rentabelli olması üçün daxili bazarın kiçik olması maneə yaratmır. Halbuki, daxili bazarın kiçik olması Azərbaycanın qeyri-neft sektorunda istehsal olunan məhsullar üçün davamlı olaraq həll olunması vacib olan məsələlərdəndir.

Hər hansı bir ölkədə innovasiya ekosisteminin "milli" və "dayanıqlı" olması üçün onun əsas hərəkətverici qüvvəsi idxalçılar yox, məhz yerli mühəndis korpusu və yerli İT şirkətləri olmalıdır.

Bu yanaşma dövlət səviyyəsində "satınalma millətçiliyi" və yerli istehsalın stimullaşdırılması fəlsəfəsinə söykənir. Rəqəmsal İnkişaf Şurasının elan etdiyi bu yeni modelin yerli mühəndis və şirkətlər üçün yaratdığı əlverişli şərtləri və iqtisadi mexanizmlər var.

Daxili Sifarişlərin Yerliləşdirilməsi

Obyektiv səbələrdən uzun müddət yerli şirkətlər proqram təminatı ehtiyaclarını əsasən xarici nəhənglərdən hazır məhsul almaqla idxal ediblər. Bu, ölkədən milyonlarla dollar valyuta axını deməkdir.

Yeni Strategiya isə böyük rəqəmsallaşma layihələrində tenderlərin və sifarişlərin ilk növbədə yerli mütəxəssislərə və yerli İT şirkətlərinə verilməsini təşviq edir. Yerli mühəndis yalnız böyük layihədə real təcrübə qazandıqdan sonra qlobal bazara çıxa biləcək rəqabətədavamlı məhsul yarada bilər.

"Texnopark Rezidentliyi" ilə Radikal Vergi Güzəştləri

Artıq dövlət yerli mühəndisin və İT şirkətlərinin maliyyə yükünü azaltmaq üçün unikal hüquqi mühit yaradıb. Məsələn, mühəndislər üçün, İT mütəxəssislərinin gəlir vergisi kəskin azaldılıb (müəyyən limit daxilində 0% və ya 5% səviyyəsinə endirilib).

Bu, yerli mühəndisin ölkəni tərk etmədən xarici şirkətlərlə məsafədən işləməsini təmin edir, onları daxili bazarda saxlamaq üçün şirkətlərə maliyyə manevr imkanı verir.

Şirkətlərə gəldikdə isə texnopark rezidenti olan yerli İT şirkətləri mənfəət, dividend və əmlak vergilərindən tam azaddır. Bu, idxal olunan hazır proqramla müqayisədə yerli proqram təminatı istehsalını maliyyə baxımından qat-qat rentabelli edir.

Bəzən, yerli mühəndis üçün ən böyük maneə "böyük layihələri idarə edə bilməz" stereotipi və inamsızlıq olur.

Strategiyanın mərkəzində dayanan yanaşma yerli İT şirkətlərinə dövlət səviyyəli rəqəmsal layihələrdə əsas tərəfdaş olmaq şansı verir. Bu uğurlu layihələr yerli şirkətlərin beynəlxalq bazara çıxması üçün vizit kartına çevrilir.

Məntiq sadə və yerli mütəxəssisə böyük etimadın ifadəsidir: xarici lisenziyaya ödənilən pul birdəfəlik itirilən resursdur. Lakin yerli mühəndisə ödənilən pul ölkə daxilində qalır, onun bilik və bacarığını artırır, gələcəkdə isə həmin mühəndis qlobal bazara proqram təminatı ixrac edərək ölkəyə xarici valyuta gətirir.

Bu, təkcə iqtisadi və siyasi təhlükəsizlik məsələsi deyil, həm də texniki zərurətdir. Məsələn, dil asililigi haqda arasdirma bu zərurəti elmi tədqiqatlar da təsdiqləyir. Stanford Universitetinin 2026-cı il araşdırması göstərdi ki, süni intellekt agentlərinin davranışı dildən asılıdır: eyni qiymət-təyinetmə agentləri ingilis və portuqal dillərində fərqli nəticələr verdi və açıq göstəriş olmadan belə gizli sövdələşməyə (tacit collusion) meyl etdilər.https://law.stanford.edu/publications/smart-agent-based-modelling-with-llms-leveraging-large-language-models-for-a-better-understanding-of-algorithmic-collusion/

Bu o deməkdir ki, Azərbaycan bazarında, Azərbaycan dilində fəaliyyət göstərən agentlərin davranışını yad, ingilisdilli sistemlərlə tam anlamaq və tənzimləmək mümkün deyil. Öz bazarının alqoritmik dinamikasını başa düşmək üçün ölkəyə məhz Azərbaycan kontekstini öyrənən yerli mühəndis və iqtisadçılar lazımdır.

Süni intellektin inkişafında ən mühüm dönüş nöqtələrindən biri "söhbət robotu" (chatbot) mərhələsindən "agent" mərhələsinə keçiddir. Birinci nəsil süni intellekt yalnız danışa bilən, suala cavab verən, lakin işi insanın özünə buraxan ağıllı məsləhətçi idi. Agent süni intellekt isə əllərə və alətlərə malikdir: formanı özü doldurur, sənədi özü hazırlayır, bazaya özü müraciət edir, tapşırığı əvvəldən sona qədər özü yerinə yetirir.

Məhz bu keçid yerli mühəndisi mərkəzi fiqura çevirir. Yalnız danışan robotu istənilən yerdən idxal etmək olar. Lakin real sistemlərdə — bankda pul köçürən, məhkəmədə sənəd emal edən, müəssisədə logistikanı idarə edən — fəaliyyət göstərən agent yerli sistemlərə təhlükəsiz şəkildə, icazə, nəzarət və audit mexanizmləri ilə qoşulmalıdır. Bu qoşulma işinin özü mühəndislikdir və onu Azərbaycanın bankını, məhkəməsini, dilini, qanununu və risklərini anlayan yerli mühəndisdən başqa heç kim edə bilməz. Agent dövründə süni intellekt artıq idxal olunan hazır məhsul deyil, yerli mühəndis tərəfindən qurulan infrastrukturdur.

Birinci vitse-prezidentin elan etdiyi Strategiyanın mərkəzi fiqurunun "Azərbaycan mühəndisi" elan edilməsi, əslində rəqəmsal müstəqilliyin təmin olunması deməkdir.

Strategiyanın siyasi (texnoloji suverenlik), geosiyasi və texnoloji təhlükəsizlik aspektləri

Birinci vitse-prezident M.Əliyevanın elan etdiyi rəqəmsal inkişaf Strategiyasında ən mühüm məqam iqtisadi təhlükəsizliyə paralel olaraq siyasi, geosiyasi və texnoloji təhlükəsizlik məsələləri, Sİ ilə bağlı təhdidlərin də yer almasıdır. Bu məqmlarla bağlı iki sitata nəzər salaq.

Birinci sitat: “...süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq.”

İkinci sitat: “Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır”.

Mehriban Əliyevanın bəyanatındakı bu iki məqam rəqəmsallaşma və süni intellekt (Sİ) prosesini sadəcə iqtisadi və ya texnoloji yenilik deyil, birbaşa milli təhlükəsizlik və geosiyasi müstəqillik faktoru kimi də aktuallaşdırır. Beləki, hazırda hərbi güc və iqtisadi potensial qədər, rəqəmsal suverenlik də dövlətlərin müstəqilliyini şərtləndirən əsas amilə çevrilib və bu proses getdikcə dərinləşməkdədir. Məsələn:

Rəqəmsal Suverenlik və Məlumat Təhlükəsizliyi

Sİ sahəsində xarici texnologiyalardan və xarici server infrastrukturundan (Cloud) tam asılı olmaq dövlətin bütün kritik məlumatlarının (milli təhlükəsizlik, bank, vətəndaş reyestrləri) kənara sızması riskini yaradır. Mehriban Əliyevanın vurğuladığı bu tezis dövlət və cəmiyyət üçün əhəmiyyətli olan datanın ölkə daxilində qalmasını, yerli bulud (G-Cloud) və yerli kibertəhlükəsizlik sistemləri tərəfindən qorunmasını şərtləndirir.

Texnoloji Kolonizasiyadan Müdafiə

Əgər bir ölkə öz milli Sİ həllərini və alqoritmlərini qura bilmirsə, o, "texnoloji müstəmləkəyə", rəqəmsal asılılığa çevrilmək təhlükəsi ilə üz-üzə qalır. "Lakin bütün qərarlar milli maraqlara əsasən qəbul olunmalaıdır" prinsipi Azərbaycanın qlobal texnoloji müharibələrdə neytrallığını və öz daxili rəqəmsal idarəçilik iradəsini qorumasını təmin edir.

Geosiyasi aspect və regional təsir gücü

Bəyanatda diqqəti çəkən "Azərbaycanı regionun aparıcı dövlətlərindən birinə çevirmək" tezisi, ölkənin Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda "rəqəmsal Hub" olmaq iddialarını gücləndirir. Avropa və Asiya arasında logistik dəhliz olan Azərbaycan, həm də rəqəmsal ipək yolunun mərkəzinə çevrilmək potensialının daqşıyıcısıdır. Regionda Sİ və rəqəmsal inkişaf lideri olmaq Azərbaycana qonşu dövlətlərə texnoloji həllər və təhlükəsizlik sistemləri ixrac etmək imkanı qazandırardı.

Beynəlxalq təcrübə və yerli inteqrasiya

Mehriban Əliyeva: “Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır”.

Göründüyü kimi strategiya xarici təcrübənin kor-koranə tətbiqini qəbul etmir. Məsələn, bəzi data modellər Azərbaycanın hüquqi, mədəni və milli təhlükəsizlik reallıqlarına tam uyğun gəlməyə bilər. Bəyanatdan görünür ki, ölkə xarici təcrübəni süzgəcdən keçirməyi, yalnız milli maraqlara xidmət edən texnologiyaları və tərəfdaşlıqları seçməyi planlaşdırır.

Mehriban Əliyevanın elan etdiyi rəqəmsal strategiya Azərbaycanı qlobal texnoloji proseslərin sadəcə "passiv izləyicisi" deyil, öz təhlükəsizliyini yerli mühəndis zəkası ilə qoruyan və regiona rəqəmsal təsir göstərən "aktiv geosiyasi oyunçu" kimi mövqeləndirir.

İbrahim Məmmədov

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31