Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır

Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır

30.07.2013 [09:40]

Cari ilin birinci yarısında dövlət büdcəsindən sosial təyinatlı xərclərə yönəldilən vəsaitin həcmi 2012-ci ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat çox olub
Məlum olduğu kimi, vətəndaşların rifah halının yaxşılaşdırılması, aztəminatlı ailələrin sosial müdafiəsi daim dövlətin diqqət mərkəzindədir. Bu baxımdan davamlı olaraq, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, sağlam gələcəyin təminatı kimi səhiyyə sisteminin müasirləşdirilməsi, işsizliyin azaldılması istiqamətində həyata keçirilən tədbirlər sisteminin də mühüm əhəmiyyəti var. Bu mənada ölkəmizdə ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı ailələrin, ailə başçılarını itirənlərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olanların - əlillərin, ahıl vətəndaşların və uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilib, pensiya və müavinətlərin həcmi artırılıb. Bununla yanaşı, maaş və əhalinin pul gəlirlərinin, əmanət və depozit qoyuluşlarının artması üçün müvafiq baza yaradılıb. Xüsusilə, son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlı inkişafını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut edir. Belə ki, qlobal maliyyə-iqtisadi böhran nəticəsində bir çox inkişaf etmiş ölkələrdə resessiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi prosesi davam edib. Məsələn, 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizə endirilib.
Mübaliğəsiz demək olar ki, bazar iqtisadiyyatı ilə sosial müdafiənin uğurlu kombinasiyası qazanılan bir çox uğurların təməlini təşkil edən əsas amillərdəndir. Dövlətin sosialyönümlü siyasəti yalnız bazar münasibətlərinin və sahibkarlıq fəaliyyətinin azadlığını saxlamaqla vəsait və ehtiyatların düşüncəli surətdə yenidən bölüşdürülməsinə imkan verən yüksək iqtisadi inkişaf vasitəsilə həyata keçirilir. Bir sıra Avropa ölkələrində qlobal böhranla bağlı büdcə xərclərinin azaldıldığı və ciddi sosial gərginliyin müşahidə edildiyi halda, ötən il ərzində də Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngiməyə, yaxud çətinliyə rast gəlinməyib. Başqa sözlə, bu gün ölkədə bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə möhkəm dayaqlar tapması, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Cari ilin 6 ayında da sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilib. Hesabat dövründə dövlət büdcəsi xərclərinin 26,7 faizi və ya 2 milyard 331 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat çox olub.
Əlavə edək ki, Dünya Bankının hesabatında milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur və bu da iqtisadi inkişafın səmərəliliyini göstərir. Belə ki, Bankın hesabatına görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir.
İyulun 18-də Azərbaycan Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda iqtisadi və sosial inkişaf məsələləri bir paketdə həll edilir: “Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Əgər belə olmasaydı, əhalinin gəlirləri artmazdı. Əsaslı iqtisadi islahatlar bir sıra hallarda insanlara çox baha başa gəlir. İnsanlar əziyyət çəkirlər. Biz indi müxtəlif yerlərdə iqtisadiyyatı dirçəltmək, iqtisadi böhrandan çıxmaq üçün daha çox əhali hesabına atılan addımları görürük. İş yerləri ixtisar edilir, maaşlar kəsilir, iş günü uzadılır, pensiya həddi uzadılır. Yəni, bəzi hökumətlər öz iqtisadi vəziyyətini insanların hesabına sağlamlaşdırmaq istəyirlər. Bizdə isə iqtisadi islahatlar köklü xarakter daşıyırdı. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm qoymuşduq. Bu islahatlar güclü sosial siyasətlə də tamamlanır, dəstəklənir. Belə olan halda təsadüfi deyil ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artmışdır”.
Qeyd edək ki, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların, Bakı və Bakıətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsiz olduğu kimi, öz növbəsində respublikamızın ümumi iqtisadi inkişafı bölgələrimizin inkişafını əsaslandıran böyük həcmli proqramların icrasına da şərait yaradır. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə imkan verib.
Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət respublikamızın 2013-cü ilin birinci yarısının bütün makroiqtisadi parametrlər üzrə dünyada yüksək inkişaf templəri ilə başa vurmasına səbəb olub. İqtisadi inkişafla paralel olaraq sosial məsələlərin həlli istiqamətində mühüm işlər görülüb. İşsizlik və yoxsulluğun səviyyəsi azaldılıb. Hesabat dövründə əhalinin pul gəlirlərinin artım tempi 7,1 faiz təşkil edib və inflyasiyanı ənənəvi olaraq xeyli üstələyib. Hər bir nəfərə düşən ÜDM istehsalı orta hesabla 2936,3 manat (3741,9 ABŞ dolları) olub. Ölkə üzrə orta aylıq əməkhaqqı 6,8 faiz yüksələrək 408,8 manat təşkil edib. Respublika üzrə xarici dövlət borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə saxlanılması və 6 ayın nəticələrinə görə ölkəmizin məcmu valyuta ehtiyatları məbləğindən 9 dəfəyədək az olması Azərbaycanın milli iqtisadi inkişaf modelinin maliyyə dayaqlarını özündə ehtiva edir.
Ümumiyyətlə, atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Ümumiyyətlə, sosialyönümlü iqtisadiyyatı respublikamızın strateji inkişaf və modernizasiya konsepsiyasının əsas təməllərindən biri kimi qiymətləndirmək olar. Prezident İlham Əliyevin keçmiş Sovet dövründən qalma əmanətlərin qaytarılması haqqında imzaladığı Fərmanı da həmin tendensiyanın bariz göstəricilərindəndir.
Məhz dövlət başçısının “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” imzaladığı Fərman sosial-mənəvi əhəmiyyətinə görə tarixi Fərman olmaqla, dövlət başçısının siyasi iradəsini birmənalı şəkildə əks etdirərək, ölkə əhalisinin uzun illərdən bəri gözlədiyi ciddi problemin həllinə yol açdı. Fərmanın icrası nəticəsində cari ilin iyul ayının 1-dək 1 milyon 619 min 938 əmanət hesabının sahibləri və ya onların vərəsələri, əvvəldə qeyd etdiyim kimi, 597 milyon manat məbləğində vəsait alıblar. Həmin ödənişlərin 555 milyon manatı və ya 93 faizi 2012-ci ilin 7 ayında, 42 milyon manatı isə 2013-cü ilin 6 ayında təmin edilib.
Vurğulamaq lazımdır ki, postsovet məkanında bu prosesin ən işlək və səmərəli variantı məhz Azərbaycanda həyata keçirilib. Belə ki, hər 1000 rubl əmanət qalığına görə Azərbaycanda 190 ABŞ dolları ödənildiyi halda, bu göstərici digər postsovet məkanına daxil olan dövlətlərdə çox aşağı - minimum 7, maksimum 150 ABŞ dolları səviyyəsində olub.
Hər bir dövlətin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Bu isə öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə gətirib çıxarır. Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunub. Təkcə onu demək kifayətdir ki, son 10 il ərzində 1 milyon 180 min yeni iş yeri açılıb. Bu ilin altı ayında isə 55 min iş yeri yaradılıb ki, onlardan 45 mini daimi iş yeridir.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Məlum çıxışı zamanı dövlət başçısı bəyan edib ki, gələn aylarda maaş və pensiyaların artırılması nəzərdə tutulub: “Sosial məsələlərə gəldikdə, bu altı ayda maaşlar artıb. Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar səviyyəsindədir. Orta pensiya 200 dollar səviyyəsindədir. Gələn illərdə bu rəqəmlər artacaqdır. Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaqdır. Gələn illərdə də eyni siyasət aparılacaqdır. Bir daha demək istəyirəm ki, iqtisadi islahatlar çox güclü sosial siyasətlə dəstəklənməlidir. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar nümunə ola bilər”.
SEVİNC

Paylaş:
Baxılıb: 1198 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31