Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyət və siyasi iradə nümayiş etdirir

Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyət və siyasi iradə nümayiş etdirir

02.10.2013 [10:20]

Beynəlxalq təşkilatların müvafiq hesabatları da Azərbaycanda korrupsiyaya qarşı kifayət qədər səmərəli mübarizə mexanizminin formalaşdırıldığını təsdiq edir
Məlum olduğu kimi, son illər Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı geniş və ardıcıl mübarizə aparılır. Müvafiq istiqamətdə həyata keçirilən sistemli islahatlar dövlətin bu sahədə siyasətinin davamlı xarakter daşıdığını, həmçinin, Prezident İlham Əliyevin ölkəmizdə korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirir.
Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində müasir tələblərə cavab verən normativ hüquqi baza yaradılıb. Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla da sıx əlaqə saxlayır və bir çox konvensiya və beynəlxalq sənədlərə imza atıb. Məsələn, Azərbaycan korrupsiyaya qarşı mübarizənin qlobal səviyyədə təşviqi məqsədilə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri kimi çıxış edir. Həmçinin, Azərbaycan 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biridir. Beynəlxalq təşəbbüs kimi fəaliyyətə başlayan Açıq Hökumət Tərəfdaşlığının hədəfi dövlət idarəçiliyində şəffaflığın artırılmasını, hesabatlılığın təmin edilməsini, ictimaiyyətin iştirakının genişləndirilməsini, yeni texnologiyaların tətbiqini dəstəkləməkdən ibarətdir. Açıq Hökumət Tərəfdaşlığının prinsiplərini rəhbər tutan Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən öz fəaliyyətləri barədə məlumatların ictimaiyyətə daha geniş formada çatdırılması, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi və əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün tədbirləri müəyyən edir.
Bir daha vurğulamaq yerinə düşər ki, dövlət başçısının müvafiq tapşırıqlarından sonra korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi öz səmərəsini verir. Bunu həm ölkə əhalisi hiss edir, həm də Azərbaycanda sözügedən sahədə atılan addımlar bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar tərəfindən təqdir edilir. Daha dəqiq desək, OECD-nin bu günlərdə yayılan hesabatı və “Transparency International” təşkilatının “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı Azərbaycanda korrupsiyaya qarşı kifayət qədər səmərəli mübarizə mexanizminin formalaşdırıldığını təsdiq edir.
Xəbər verildiyi kimi, 2013-cü il sentyabr ayının 23-25-də Paris şəhərində OECD təşkilatının (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat qəbul edilib. Hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət -antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması üzrə istiqamətlər dəyərləndirilərək ümumən təqdirəlayiq hesab edilib və bu sahədə əldə edilmiş nailiyyətlər vurğulanıb. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsinə dair və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planları, Prezidentin təşəbbüsü ilə yaradılan və artıq uğurla vətəndaşlara xidmət göstərən “ASAN - Xidmət” Mərkəzlərinin fəaliyyəti və elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzaladığı Fərman və sərəncamlar bu sahədə ölkə rəhbərliyinin möhkəm siyasi iradəsi kimi göstərilib. Sözügedən sənəddə Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin bütün beynəlxalq tələblərə cavab verdiyi xüsusilə vurğulanıb və bu sahədə təşkilat tərəfindən əvvəl müəyyən edilmiş bütün tövsiyələrin tam icra edildiyi qeyd olunub.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev ötən il sentyabrın 5-də “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncamlar imzalayıb. 2012-2015-ci illəri əhatə edəcək Fəaliyyət planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır. Hər iki Fəaliyyət Planının layihəsi Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən hazırlanıb.
Sözügedən hesabatda, həmçinin, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər, onun modeli və ona xüsusi olaraq korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyəti səlahiyyətinin verilməsi mütərəqqi təcrübə kimi göstərilib.
Qeyd etmək yerinə düşər ki, cari ilin sentyabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı olub. Açılış mərasimindəki çıxışı zamanı dövlət başçısı bir daha vurğulayıb ki, bu gün korrupsiyaya qarşı mübarizə prioritet məsələ olaraq qalır. Bütün sistemin şəffaflaşdırılmasının zəruriliyini vurğulayan Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizədə vətəndaşların da fəal olmasının vacibliyini qeyd edib: “O da həqiqətdir ki, hər bir ölkədə, hər bir cəmiyyətdə korrupsiya vardır. Ancaq əsas məsələ onun dərəcəsidir və onun əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. İlk növbədə, əlbəttə ki, cəza tədbirləri daha da ciddi olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır. İnzibati tədbirlər də xüsusi yer tutur. Profilaktik tədbirlər, maarifləndirmə və eyni zamanda, ölkəmizdə bu sahədə aparılan sistem xarakterli islahatlar da öz rolunu oynayır”.
Yeri gəlmişkən, yuxarıda qeyd olunan hesabatda, Azərbaycanda şəffaflığın təmin edilməsi ilə bağlı Dövlət Neft Fondunun Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (EITI) aktiv iştirakı xüsusilə qeyd edilib. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin hazırlanması, icrası və monitorinqinə vətəndaş cəmiyyəti üzvlərinin cəlb edilməsi və bu əməkdaşlığın daha da möhkəmlənməsini nəzərdə tutan “Vətəndaş İştirakçılğı haqqında” qanun layihəsinin parlamentdə iki oxunuşdan keçməsi müsbət hal kimi dəyərləndirilib.
Bundan əlavə, yuxarıda da vurğuladığımız kimi, cari il iyulun 9-da “Transparency İnternational” təşkilatının açıqladığı “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı da Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını təsdiqləyib. Hesabata əsasən demək olar ki, Azərbaycan əhalisi korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı atılan addımları alqışlayır. Belə ki, Azərbaycanda respondentlərin 73 faizi hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmayıb. 68 faiz respondent isə hesab edir ki, Azərbaycanda dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu isə hesabatda qeyd edilən dünya ölkələri üzrə müəyyən edilmiş 22 faiz orta göstəricisindən 3 dəfə artıqdır.
Beləliklə, deyilənlər sübut edir ki, Azərbaycan iqtidarı ölkədə korrupsiyanın qarşısının alınması, onun səviyyəsinin əsaslı şəkildə aşağı salınması üçün ortaya ciddi siyasi iradə qoyub. Sistem xarakterli tədbirlər, institusional islahatlar, cəza tədbirləri və s. bir daha təsdiq edir ki, bu gün Azərbaycanda korrupsiyaya və digər neqativ hallara qarşı əsaslı mübarizə aparılır və cəmiyyət, beynəlxalq aləm real nəticələri artıq hiss etməkdədir. Lakin dağıdıcı müxalifət, onun formalaşdırdığı “Milli şura” adlanan qondarma qurum tam inkarçılıq mövqeyi tutaraq bunun əksini iddia etməyə çalışır. “Milli şura”da təmsil olunan müxalifət təmsilçiləri özlərinin siyasi iddialarına uyğun olaraq hakimiyyəti qaralamaq üçün nə uydurmaq mümkündürsə, onu da dillərinə gətirir, hansı qaranlıq mənbəyə istinad etmək mümkündürsə, ora da baş vurur, korrupsiya ilə bağlı fantastik rəqəmlər səsləndirir, tanınmayan mənbələrin qondarma “araşdırmalarını” əsas gətirirlər. Ancaq ictimaiyyət korrupsiya, rüşvətxorluq və digər neqativ hallarla mübarizənin gücləndirildiyini, bu mənada ciddi nəticələrin əldə olduğunu görür, bunu təqdir edir və dağıdıcı müxalifətin iddialarını rədd edir. Elə ekspertlər də bu qənaətdədir.
Məsələyə münasibət bildirən “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə ilə bağlı səsləndirdiyi fikirlər bu istiqamətdə siyasi iradənin davamlı xarakter daşıdığını göstərir: “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin yeni inzibati binasının açılışı zamanı çıxışında dövlət başçısı mühüm göstəriş və tapşırıqlarla yanaşı, mühüm mesajlarını da verdi. İlk növbədə, qeyd etdi ki, bu gün korrupsiyaya qarşı mübarizə prioritet məsələlərdəndir. Onu da xüsusilə qeyd etmək lazımdır ki, hazırda antikorrupsiya tədbirlərinin mühüm nəticələri var. Müsbət nəticələr arasında elektron hökumətə keçid istiqamətində əhəmiyyətli addımların atılmasını və ASAN xidmətin yaradılmasını qeyd etmək olar. Əslində ASAN xidmətin yaradılması idarəetmədə yeni sistemin formalaşdırılmasıdır və bu sistem məişət xarakterli korrupsiya formasına əhəmiyyətli zərbənin vurulması deməkdir. Belə ki, burada həyata keçirilən xidmət formaları tam şəffaf, vətəndaş məmnuniyyətinin təminatına yönəldilib ki, bununla da administrativ korrupsiyanın qarşısını almaq mümkün olacaq”.
Korrupsiyaya qarşı mübarizənin sistemli xarakter daşıdığını deyən ekspert bildirib ki, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması üçün dövlətlə yanaşı vətəndaşların da fəaliyyəti önəmli faktorlardan biridir: “Vətəndaşlar da korrupsiya və bu kimi neqativ hallarla qarşılaşdıqlarında təklif və müraciətlərini verməlidirlər. Siyasi iradə var və təbii ki, bu iradənin davamlı olması üçün yerlərdən də dəstək gəlməsi vacibdir. Bununla yanaşı dövlət başçısının vurğuladığı kimi, dövlət qulluqçuları da şəffaf və dürüst şəkildə fəaliyyət göstərməlidirlər”.
Digər ekspert millət vəkili, Azərbaycan Respublikası yanında QHT-ə Dövlət dəstəyi Şurasının sədri Azay Quliyev vurğulayıb ki, korrupsiya və rüşvətxorluq cəmiyyəti inkişaf etməyə qoymayan ciddi nöqsandır. Buna görə də bu neqativ halla mübarizə təkcə bir qurum tərəfindən deyil cəmiyyətin hər bir üzvü tərəfindən aparılmalıdır: “Dünyanın elə bir ölkəsi yoxdur ki, orada korrupsiya olmasın. Buna görə də, əsas məqsəd korrupsiyanın səviyyəsinin azaldılmasına yönəldilib. Bütövlükdə bu istiqamətdə Azərbaycanda bir sıra mühüm addımlar atılıb. ASAN xidmətin - vətəndaşlara korrupsiya hallarına yol vermədən xidmət edən bir sistemin yaradılması - dövlətin və cənab Prezident İlham Əliyevin bu istiqamətdə siyasi iradəsinin ifadəsidir. Bütün bunlar göstərir ki, cənab Prezidentin bu sahədə konkret mövqeyi var. Dövlət başçısının da qeyd etdiyi kimi sosial bəlanın cəmiyyətdə azaldılması üçün ictimai dəstək güclü olmalıdır. Biz də cənab Prezidentin bu çağırışını dəstəkləyirik və Şuranın elan etdiyi növbəti müsabiqənin birinin mütləq şəkildə korrupsiya və rüşvətxorluqla mübarizə mövzusuna həsr etməyi planlaşdırırıq. 2011-ci ildə bizim belə bir təcrübəmiz var idi və çox gözəl də nəticələri oldu. Hesab edirəm ki, bu işdə müsbət nailiyyətlər əldə edəcəyik”.
SEVİNC

Paylaş:
Baxılıb: 1108 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31