Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev Azərbaycanda söz və mətbuat azadlığının qarantıdır

Prezident İlham Əliyev Azərbaycanda söz və mətbuat azadlığının qarantıdır

29.11.2013 [09:19]

Ölkənin mətbuat ictimaiyyəti dövlət başçısının medianın inkişafına diqqət və qayğısını yüksək qiymətləndirir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” seçilib. Noyabrın 24-də bu münasibətlə tədbir keçirilib. Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bütün media işçiləri adından Prezident İlham Əliyevi ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə təbrik edərək bildirib ki, 1997-ci ildə “RUH” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi bu mükafata 2002-ci ildə xalqımızın Ümummilli lideri Heydər Əliyev layiq görülüb. Komitənin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib.
Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə “Jurnalistlərin dostu” elan edilib. Mətbuat Şurasının sədri bildirib ki, Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” elan olunması təsadüfi deyil. O deyib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində milli mətbuatın 135 illiyi yüksək səviyyədə keçirilib, dövlətimizin başçısının sərəncamları ilə yüzlərlə media işçisi fəxri adlara layiq görülüb. Mütəmadi olaraq media işçiləri ilə görüşən Prezident İlham Əliyev jurnalistlərin sosial-məişət problemlərinin həlli istiqamətində tarixi addımlar atıb, 156 mənzilli bina jurnalistlərin ixtiyarına verilib. Bu gün ölkə mediasının keyfiyyət dəyişiklikləri dövrünü yaşadığını deyən Mətbuat Şurasının sədri son illərin mühüm yeniliklərindən birinin də mediaya dövlət dəstəyinin artırılması ilə bağlı olduğunu bildirib.
Tədbirdə Prezident İlham Əliyev ölkəmizdə medianın durumu, inkişaf perspektivləri, demokratik cəmiyyət quruculuğunda bu sahənin əhəmiyyəti, informasiya təhlükəsizliyi və bu kimi digər məsələlər ətrafında geniş məzmunlu çıxış edib, jurnalistlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib. Prezident İlham Əliyev Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında medianın rolunu yüksək qiymətləndirərək bu sahədə görüləcək işlərlə bağlı tövsiyyələrini də diqqətə çatdırıb.
Əlbəttə ki, hər bir demokratik ölkənin əsas prioritetlərindən biri söz, fikir və özünüifadə azadlığının bərqərar olunması, insanların öz düşüncələrini yazılı və elektron mediada sərbəst şəkildə paylaşa bilməsi, cəmiyyətin ayrı-ayrı institutları ilə ünsiyyətdə özünüifadə özgürlüyünün təmin olunmasıdır. Məmnuniyyətlə qeyd etmək lazımdır ki, ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Ümumiyyətlə, Azərbaycan mətbuatının inkişafının əsasında duran təməl faktor dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsidir. Respublikamızda demokratik cəmiyyət quruculuğunun mühüm atributlarından sayılan müstəqil mətbuatın formalaşdırılması istiqamətində çox böyük uğurlara imza atılıb. Ölkəmizdə dövlətin ardıcıl qayğısı sayəsində media azadlığı tam təmin edilib, həmçinin, mətbuatın maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib və jurnalistlərin sosial müdafiəsi ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilib.
Əlbəttə ki, bu görüş, o cümlədən, dövlətimizin başçısının medianın inkişafına diqqət və qayğısı ölkənin mətbuat ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib ki, cənab Prezidentin media nümayəndələri ilə görüşü çox yüksək dəyərləndirilməli hadisədir: “Heç şübhəsiz ki, ictimaiyyət də bunu çox yüksək qiymətləndirir. Çünki bir neçə dəfə cənab Prezidentlə media nümayəndələrinin, jurnalistlərin görüşü keçirilib ki, bu da medianın inkişafına, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına böyük bir stimuldur. Yeni və inkişaf edən Azərbaycanda yeni və müstəqil medianın inkişaf etməsi çox aktual bir məsələdir. Bunu da cənab Prezident xüsusi olaraq vurğuladı. Təbii ki, bütövlükdə bu görüşü Azərbaycanda medianın daha da inkişafı üçün bir stimul olaraq dəyərləndiririk”.
Hüquqşünas Aydın Kərimov da hesab edir ki, vətəndaş cəmiyyətinin formalaşmasında heç şübhəsiz ki, mətbuatın çox böyük rolu var: “Mətbuat insanların problemlərini işıqlandırmaqla, onları geniş oxucu kütləsinə çatdırmaqla, eyni zamanda, dövlətlə vətəndaş arasında körpü rolunu oynayır. Mətbuat demokratik cəmiyyətin yaranması və formalaşması baxımından böyük işlər görməli və bu yöndə öz intensivliyini artırmalıdır. Cənab Prezident haqlı olaraq bu fikri vurğulayıb. Bu fikir öz aktuallığını nəinki bizim cəmiyyətdə, bütövlükdə bütün dünyada qorumaqdadır. Media milli məsələlərdə, dövlətçilik məsələlərində birgə fəaliyyət göstərməlidir. Görünən odur ki, cənab Prezident Azərbaycan mətbuatının inkişafına çox həssas yanaşır, bu görüşdə iştirak edənlər də bunun bir daha şahidi oldular”.
“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədlinin fikrincə, Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” mükafatı ilə ikinci dəfə təltif olunması Azərbaycan dövlətinin mətbuata münasibətində formalaşmış dəyərlərin, prinsiplərin mahiyyətindən irəli gələn məntiqi qərardır: “Bu ada layiq görülən Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə mətbuatın ən yaxın dostu olduğunu, çətin günlərdə ona əl tutduğunu, dostcasına davrandığını dəfələrlə sübut etmişdi. Bu siyasi kursun uğurla davam etdirilməsinin və artıq daha geniş müstəvidə intişar tapmasının, dostluğa və dəyərlərə sədaqətin nəticəsidir ki, Prezident İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” oldu. Haşiyə çıxaraq vurğulamaq gərəkdir ki, dövlət başçısı ictimai-siyasi fəaliyyətinin bütün mərhələlərində ictimai fikri formalaşdıran alternativsiz vasitənin - medianın yanında olub və bu baxımdan, Onu jurnalistlərin daimi dostu adlandırmaq yerinə düşər.
Demokratik cəmiyyətin qurulması işində azad medianın xüsusi rolunu vurğulamaqla ölkə başçısı azad jurnalistikanı, müstəqil medianı cəmiyyətdən gələn sosial sifariş kimi qiymətləndirir.
Jurnalistlərlə səmimi ortamda keçən görüşdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər dövlət başçısının mətbuatın cəmiyyət həyatında yerinə və roluna verdiyi yüksək qiymət olmaqla yanaşı, dördüncü hakimiyyətə həssaslığının bariz nümunəsidir. Buna görə də, Prezident mətbuatın bütün funksiyaları içərisində onun cəmiyyətin müxtəlif kəsimləri, zümrələri arasında qızıl körpü rolunu oynamasına xüsusilə yüksək önəm verir və gələcək inkişafın məhz bundan asılı olduğunu vurğulayır.
Dövlət başçısı Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı çox güclü siyasi iradə olduğunu xüsusi qeyd edərək “Cəmiyyətin dəstəyi, o cümlədən, media nümayəndələrinin fəal iştirakı ilə biz bu istiqamətdə daha da böyük uğurlara çatacağıq” - dedi.
Aydın məsələdir ki, Azərbaycanı istəməyən qüvvələr qloballaşma çağında medianın artan gücünü dərk edərək informasiya resursları üzərində nəzarətlərini gücləndirib ölkəmizin imicini ləkələyən addımlar atırlar. İstər “Eurovision” ərəfəsində, istər prezident seçkiləri vaxtı, ümumiyyətlə ölkə həyatında mühüm hadisələr ərəfəsində belə mexanizmlər işə salınır. Beynəlxalq müstəvidə aparılan “qara piar” kampaniyası təəssüflər olsun ki, bir çox yerli mətbuat orqanlarımıza sirayət edir, çox güman ki, bilərəkdən təhrif olunmuş materiallar Azərbaycanda tirajlanır və ictimai rəydə öz mənfi təsirlərini buraxır.
Cənab Prezidentin bazar günü istirahət vaxtı olmasına baxmayaraq, jurnalistlərə vaxt ayırması, onlarla səmimi fikir mübadiləsi aparması hər bir mətbuat işçisində dərin təəssürat yaratdı. Əminliklə deyə bilərik ki, bu görüşün təsirləri nəticəsində mətbuatın inkişafında yeni bir mərhələ başlayacaq”.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli hesab edir ki, görüşün formatı Prezidentə təqdim edilən mükafatla bağlı olsa da, ölkə başçısı vaxt ayırıb jurnalistlər və media rəhbərləri ilə geniş, səmərəli müzakirə keçirdi: “Bu, Prezidentin geniş jurnalist auditoriyası ilə təqribən 3 üç il ərzində dördüncü görüşü idi. 2010-cu ildə Mətbuat Şurasında, sonra Gülüstan sarayında geniş toplantı oldu. Daha sonra iyul ayında jurnalistlər üçün tikilən binadakı mənzillərin təqdim olunması mərasimi və nəhayət, bu görüş-hər biri Prezidentin mediaya olan böyük diqqət və qayğısının göstəricisidir. Çox yüksək səviyyədə təşkil olunan mərasimdə media işçiləri problemləri ilə bağlı cənab Prezidentə informasiya verdilər. Biz isə Onun artıq bu məsələlərdən xəbərdar olduğunun şahidi olduq. Dövlət başçısının problemlərə verdiyi reaksiya onu deməyə əsas verir ki, O, medianın problemləri ilə bizdən də çox maraqlanır və onların aradan qaldırılması üçün lazımi iradəni ortaya qoyur. Zənnimcə, Prezident bu məsələlərin jurnalistlərin dilindən səslənməsinə üstünlük verdi. Jurnalistlərə zəruri hesab etdikləri problem barədə ətraflı danışmaq və fikir mübadiləsi aparmaq üçün şərait yaradılması çox yaxşı haldır.
Daxil olduğumuz region dövlətləri və tarixən münasibətdə olduğumuz ölkələrlə müqayisə aparsaq, Azərbaycanda medianın inkişafı üçün bir çox gərəkli layihələrin həyata keçirildiyinin şahidi oluruq. Ölkəmizdə bu inkişafa dialoq vasitəsilə nail olunub. Xatırladım ki, bir neçə dəfə ölkə rəhbərliyi ilə jurnalistlərin, media rəhbərlərinin bu cür səmimi diskussiyaları keçirilib. Nəticə də göz qabağındadır. Ona görə də, bu cür müzakirələrin, diskussiyaların davamlı olmasını arzu edirəm. Hesab edirəm ki, belə olan halda Azərbaycan mediası daha da irəli gedib ən böyük nailiyyətləri qazana bilər”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, MŞ-nin sədr müavini Umud Rəhimoğlu da deyib ki, görüş olduqca səmimi bir formasiyada keçirildi. Bu gün də həmin görüş müxtəlif toplantılarda, ziyalılar arasında, ictimaiyyətdə yaxşı mənada geniş müzakirə obyektinə çevrilib: “Bildiyiniz kimi, həmin görüşdə baş redaktorlar, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, media sahəsində fəaliyyət göstərən qeyri - hökümət təşkilatlarının rəhbərləri iştirak edirdilər. Görüşün əsas məqsədinin cənab Prezidentə “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi olmasına baxmayaraq, bu görüşdə Azərbaycan mətbuatının bu günkü durumundan, mətbuatımızın problemlərindən söhbət açıldı. Cənab Prezident bir - bir mətbuat nümayəndələrinin səsləndirdikləri təklifləri qeyd etdi, ən sonunda da həmin təkliflər barəsində müvafiq göstərişlər verdi.
Cənab Prezident Azərbaycanda demokratik cəmiyyətin qurulmasında, vətəndaş cəmiyyətinin formalaşmasında kütləvi informasiya vasitələrinin rolunu xüsusi ilə vurğuladı və belə demək mümkündürsə, Azərbaycan jurnalistlərinin gələcəkdəki fəaliyyət proqramlarını müəyyənləşdirdi. Çıxış zamanı cənab Prezident Azərbaycan mətbuatının milli məsələlərdə, dövlətçiliyin taleyüklü məsələlərində jurnalistlərin necə davranmalı olduğunu bizlərə bildirdi. Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda demokratik cəmiyyətin qurulması üçün dövlətimiz çox iş görür. Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, Azərbaycan Gənclər Fondunun, Prezident yanında Qeyri - Hökümət Təşkilatları Şurasının, Elm Fondunun yaradılması, Azərbaycanda bu sahələrə diqqət və qayğının yüksək səviyyədə olmasının bariz göstəricisidir. Bu qərarların hər biri cənab Prezident tərəfindən zamanında verilmişdir və bu gün də həmin qurumların Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında çox böyük rolu var.
Bildiyiniz kimi, mətbuat böyük gücdür. Mətbuat qurucu da ola bilər, dağıdıcı da. Qürurverici haldır ki, bu gün ölkəmizdə qurucu mətbuat daha çox nəzərə çarpmaqda və inkişaf etməkdədir. Ölkə rəhbərliyi də maraqlıdır ki, ölkəmizdə məhz quruculuq missiyasını yerinə yetirən mətbuata dəstək verilsin və həmin mətbuat daha çox inkişaf etsin.
Mən bir daha qeyd etmək istəyirəm ki, bu görüş Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində ayrıca bir önəmə sahibdir və bundan sonra da ölkəmiz, mediamız məhz belə görüşlərin sayəsində daha da inkişaf edəcəkdir”.
OKTAY

Paylaş:
Baxılıb: 933 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31