Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türk dünyasında yeni güc konfiqurasiyası: Nümunəvi qardaşlıq, müttəfiqlik və tərəfdaşlıq…

Türk dünyasında yeni güc konfiqurasiyası: Nümunəvi qardaşlıq, müttəfiqlik və tərəfdaşlıq…

24.08.2026 [15:43]

Azərbaycan – Özbəkistan birliyi TDT-nin qlobal rolunu gücləndirir

Son illərdə Azərbaycanın həyata keçirdiyi ardıcıl və çoxşaxəli xarici siyasət kursu, eləcə də müvafiq coğrafiyada yaratdığı yeni reallıqlar Türk Dövlətləri Təşkilatını (TDT) regional əməkdaşlıq platformasından qlobal geosiyasi proseslərdə çəkisi artan mühüm aktora inteqrasiyasını sürətləndirib. Bakı yalnız ikitərəfli münasibətlərini yeni strateji məzmunla zənginləşdirmir, eyni zamanda Türk dövlətləri arasında siyasi, iqtisadi, təhlükəsizlik və nəqliyyat əlaqələrinin vahid sistem daxilində inkişafına ciddi töhfə verir. Azərbaycanın yerləşdiyi geostrateji mövqe – Avropa ilə Asiyanı, Şimal ilə Cənubu birləşdirən mühüm kommunikasiya qovşağı olması bu prosesdə Bakıya xüsusi imkanlar yaradır.

Bu baxımdan TDT artıq yalnız ortaq dil, tarix və mədəniyyət üzərində qurulan əməkdaşlıq formatı deyil. Təşkilat iqtisadiyyat, enerji, nəqliyyat, rəqəmsal transformasiya, müdafiə və təhlükəsizlik kimi strateji istiqamətlərdə funksional mexanizmlər formalaşdıraraq daha institusional xarakter qazanır. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yeni nəqliyyat bağlantılarının genişləndirilməsi və türk dövlətləri arasında ticarət dövriyyəsinin artırılması TDT məkanının Avrasiyanın iqtisadi xəritəsində əhəmiyyətini yüksəldir. Bu prosesdə Azərbaycanın təşəbbüsləri təşkilatın praktiki imkanlarının genişlənməsinə xüsusi impuls verir.

Ən mühüm məqamlardan biri isə Azərbaycanın ikitərəfli müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini TDT daxilində çoxtərəfli əməkdaşlığın inkişafına transfoormasiya edə bilməsidir. Məsələn, Türkiyə - Azərbaycan müttəfiqliyi bunun ən bariz nümunəsidir - iki ölkə arasında siyasi, hərbi, enerji və nəqliyyat sahələrində formalaşan yüksək səviyyəli əməkdaşlıq yalnız Bakı və Ankaranın münasibətlərini deyil, bütövlükdə Türk dünyasının strateji potensialını gücləndirir. Eyni tendensiya Azərbaycan–Özbəkistan münasibətlərində də müşahidə olunur. Son illərdə siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması, iqtisadi əlaqələrin genişlənməsi və müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi iki ölkə arasında yeni strateji mərhələ yaradıb. Azərbaycan–Özbəkistan münasibətlərində formalaşan model isə yenri dövrdə TDT çərçivəsində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün mühüm nümunə rolunu oynayır. Bakı ikitərəfli tərəfdaşlıqları türk dövlətləri arasında daha geniş inteqrasiya prosesinin dayaqlarına çevirərək TDT-nin siyasi çəkisinin, iqtisadi potensialının və beynəlxalq təsir imkanlarının artmasına şərait yaradır. Bu isə Türk dünyasının qlobal sistemdə daha koordinasiyalı, daha çevik və daha təsirli aktor kimi mövqelənməsi üçün yeni imkanlar açır.

Bütün məsələlərdə qarşılıqlı dəstək nümayişi

Qeyd olunduğu kimi, Azərbaycanla Özbəkistan arasında çoxvektorlu əlaqələr mövcuddur – bu isə paralel olaraq siyasi dialoqun da yüksək dinamikasını özündə əks etdirir. Burada, heç şübhəsiz ki, liderlərin şəxsi nümunələrini, onların dostluq münasibətlərinin, müxtəlif səviyyələrdə təmasların artmasının rolunu xüsusi qeyd etmək lazımdır. Dövlət başçıları tez-tez qarşılıqlı səfərlər edirlər. Bir qayda olaraq İlham Əliyev Özbəkistanda, Şavkat Mirziyoyev isə Azərbaycanda əziz qonaq kimi qarşılanırlar və onlar məmnuniyyətlə bildirirlər ki, bu səfərlər zamanı özlərini evlərindəki kimi hiss edirlər. Liderlər arasında belə intensiv təmaslar son nəticədə dövlətlərarası münasibətlərin dinamikasına güclü təkan verir, qarşılıqlı inamı daha da artırır.  Yaranan müttəfiqliklər, möhkəmlənən dostluqlar isə Türk ailəsinin də gələcəyi üçün əhəmiyyətli təməl yaradır. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin - Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur: "Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı".

Bəli, faktiki olaraq Azərbaycanın Türkdilli dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirmək strateji xətti bütövlükdə region üçün yeni bir mərhələ yaradır. Ölkəmizin həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasət Türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, strateji tərəfdaşlığın dərinləşməsinə və ortaq maraqların beynəlxalq platformalarda daha effektiv müdafiəsinə xidmət göstərir. Xəzərdən Aralıq dənizinə, Mərkəzi Asiyadan Avropaya qədər uzanan nəqliyyat və enerji dəhlizlərinin formalaşmasında Azərbaycanın oynadığı rol ölkəmizi Türk dünyasının əsas geostrateji körpülərindən birinə çevirib. Bu baxımdan Bakı yalnız coğrafi baxımdan deyil, həm də siyasi və iqtisadi baxımdan Türk dövlətlərini birləşdirən mühüm mərkəz funksiyasını yerinə yetirir. Bakı təşkitlatın funksionallığını artırmaq üzərində real iş aparır. Vurğulandığı kimi, Özbəkistanla yaranan yüksək ikitərəfli münasibətlər də bunun bariz sübutudur.

TDT-nin inkişafına verilən töhfə…

Nəticə ortadadır - Türk dünyasının inteqrasiyası son illərdə beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi və geoiqtisadi amillərdən birinə çevrilib. Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşan bu əməkdaşlıq modeli artıq təkcə mədəni-humanitar sahə ilə məhdudlaşmır, siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya layihələri, enerji təhlükəsizliyi və regional sabitliyin təmin olunması istiqamətlərində də yeni məzmun qazanır. Bu prosesdə Azərbaycan və Özbəkistan həm təşəbbüsləri, həm də praktik fəaliyyətləri ilə Türk dünyasının inkişafına mühüm töhfələr verən aparıcı dövlətlər kimi çıxış edirlər. Yeni dövrdə Azərbaycan – Özbəkistan müttəfiqliyi Türk dünyası ailəsi üçün yeni qardaşlıq modeli yaradır. Əslində, bu Azərbaycanın uğurlu xarici siyasət kursunun real nəticəsidir – hələ 2024-cü ilin fevralında Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında bildirmişdi ki, "Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir".

Bu gücü yaradan amillər isə birlik, müttəifqlik, strateji əlaqələrin möhkəmlənməsidir. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir: "Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir".

Coğrafi şərait belə iki qardaş dövləti təbii tərəfdaşlara çevirir

Prezident müsahibəsində onu da vurğulayıb ki, "əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq".

Vurğulandığı kimi, nəqliyyat-logistika istiqaməti TDT-nin qlobal təsir sisteminin ən strateji dayaqlarından biridir. Orta Dəhliz artıq Avrasiyanın ən dinamik ticarət arteriyasına çevrilib. Çin–Avropa yükdaşımalarının böyük hissəsi bu marşrut üzərindən həyata keçirilir. Azərbaycanın təşəbbüsü ilə bu dəhlizin infrastruktur əsasları formalaşdırılıb: Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, Ələt azad iqtisadi zonası, Zəngəzur dəhlizi (TRİPP) və yeni əməkdaşlıq pesrpektivləri TDT-nin iqtisadi xəritəsini tamamilə dəyişib. Zəngəzur dəhlizinin (TRİPP) açılması yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütün türk dünyası üçün tarixi geoiqtisadi hadisə olacaq. Bu, həm Asiya ilə Avropa arasında fasiləsiz quru əlaqəsini təmin edir, həm də TDT-ni bütün Avrasiyanın logistika mərkəzinə çevirir. TDT dövlətləri bu dəhlizlər vasitəsilə həm enerji, həm ticarət, həm də təhlükəsizlik baxımından bir-birinə sıx inteqrasiya olunmuş sistem formalaşdırır.

Paralel olaraq iqtisadi əməkdaşlıq siyasi münasibətlərin sabitləşməsi üçün də ən güclü mexanizmlərdəndir Zəngəzur dəhlizi (TRİPP) məhz bu baxımdan da böyük önəm daşıyır. Bu layihə qütblərarası siyasi dialoqun intensivləşməsi, qarşılıqlı etimadın artması və münaqişə risklərinin azalması üçün vacibdir. Bu baxımdan Zəngəzur dəhlizi (TRİPP) həm Qafqazda və Mərkəzi Asiyada geosiyasi balansın yenilənməsi, həm illərdir ki, rəqabətə çevrilmiş qitələrarası münasibətlərin işgüzar modelinin formalaşdırılması, həm də yeni əməkdaşlıq mühitinin yaradılması üçün mühüm alət sayılır.

Milli irsin keşiyində…

Eyni soy – kökə malik iki qardaş ölkə həm də milli irsin qorunması, tariximizin yaşadılması istiqamtində formalaşdırdıqları yüksəksəviyyəli əlaqələrlə nümunəyə çevriliblər. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, ölkələrimiz digər türk təşkilatları çərçivəsində əməkdaşlığa da böyük əhəmiyyət verir: "Özbəkistanın 2025-ci ilin may ayında Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü qəbul edilməsi əhəmiyyətli və dərin məmnunluq doğuran hadisə oldu. Zəngin tarixi irsə, qədim dövlətçilik ənənələrinə və özünəməxsus mədəni dəyərlərə malik Özbəkistanın bu Fonda qoşulması Türk dünyasının ortaq irsinin qorunması və təşviqi sahəsində əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək".

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkdilli xalqların maddi-mənəvi irsin qorunması, tədqiqi və təbliği işini həyata keçirən beynəlxalq təşkilatdır. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısında Fondun yaradılması təşəbbüsü ilə bağlı qərar qəbul edilib və həmin qərar 2010-cu il sentyabrın 16-da İstanbulda baş tutan növbəti Zirvə Toplantısında dəstəklənib. Fondun Nizamnaməsi 2012-ci il avqustun 23-də Bişkekdə keçirilən Zirvə Görüşündə Azərbaycan, Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının hökumət başçıları tərəfindən qəbul edilib. 2025-ci ildə Özbəkistanın quruma tamhüquqlu üzv qəbul olunması isə Türk dünyasının milli irsin qorunması prosesində gücünə güc qatıb…

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31