Azərbaycan reallıqları bir çox ölkələr üçün örnəkdir
03.10.2026 [12:18]
Prezident İlham Əliyev: Bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq…
Beynəlxalq münasibətlər sistemində hüquqi mexanizmlərin effektivliyinin mübahisə doğurduğu bir mərhələyə qədəm qoyulması dövlətlərin təhlükəsizlik siyasətinə də yeni yanaşmalar gətirir. Beynəlxalq hüquq dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunması üçün əsas prinsipləri müəyyən etsə də, həmin prinsiplərin pozulması hallarında qərarların icrasının təmin olunması həmişə eyni səviyyədə mümkün olmur. Azərbaycan bunun konkret nümunəsini 30 illik işğal dövründə yaşayıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü təsdiqlənir və işğalçı qüvvələrin ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Lakin bu tələblər uzun illər ərzində icrasız qaldı. Nəticədə Azərbaycan həm siyasi-diplomatik müstəvidə, həm də hərbi potensialının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyü bərpa edildi, 2023-cü ilin sentyabrında isə dövlət suverenliyi tam təmin olundu. Bu təcrübə göstərdi ki, beynəlxalq hüquqa və diplomatik imkanlara söykənən siyasət dövlətin müdafiə və hərbi imkanlarının gücləndirilməsi ilə tamamlandıqda daha geniş manevr imkanları yaradır. Bu baxımdan müasir dövrdə dövlətlər üçün güc amili yalnız müharibə aparmaq vasitəsi deyil, həm də milli təhlükəsizliyin, suverenliyin və sülhün qorunması üçün çəkindirici mexanizm kimi nəzərdən keçirilir.
Qələbədən sonra da güclü ordu: Azərbaycanın təhlükəsizlik strategiyasının əsas xətti
Vurğulandığı kimi, Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində, 2023-cü ildə isə antiterror əməliyyatı nəticəsində əldə etdiyi nəticələr hərbi gücün dövlət təhlükəsizliyində rolunu bir daha nümayiş etdirdi. Lakin müharibədə qələbə qazanılması hərbi hazırlığın arxa plana keçirilməsi demək deyil. Əksinə, yeni geosiyasi reallıqda əldə olunmuş nəticələrin qorunması, ölkənin suverenliyinə və təhlükəsizliyinə yarana biləcək istənilən riskə qarşı hazırlığın saxlanılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövləti hərbi gücün müstəqilliyin və ərazi bütövlüyünün qorunmasında mühüm amil olduğunu hər zaman ön planda saxlayır. Bu yanaşmanın arxasında təkcə keçmiş müharibənin təcrübəsi dayanmır. Cənubi Qafqaz uzun müddət mürəkkəb geosiyasi rəqabətin, ermənilərin əsassız ərazi iddialarının və təhlükəsizlik problemlərinin təsiri altında olub. Azərbaycan üçün əsas məsələ artıq əldə edilmiş sülh və təhlükəsizlik imkanlarının dayanıqlı xarakter almasıdır. Buna görə də ordu quruculuğunun davam etdirilməsi, müdafiə sənayesinin inkişafı, müasir silah sistemlərinin əldə edilməsi, hərbi kadrların hazırlığı və müttəfiqlərlə müdafiə əməkdaşlığının genişləndirilməsi strateji istiqamətlər olaraq qalır – amma güclü ordu mütləq şəkildə müharibə niyyətinin göstəricisi kimi təqdim olunmamalıdır. Əksinə, müdafiə qabiliyyətinin yüksək olması potensial təhdidlərə qarşı çəkindirici rol oynaya və siyasi-diplomatik müstəvidə dövlətin mövqeyinin daha etibarlı şəkildə qorunmasına imkan verə bilər. Azərbaycanın son illərdə hərbi sahəyə yanaşması da məhz bu kontekstdə – suverenliyin, ərazi bütövlüyünün və milli təhlükəsizliyin uzunmüddətli təminatı baxımından qiymətləndirilə bilər. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında bildirib ki, ilk növbədə, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır: "Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır. Amma nəticədə nə oldu? Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Necə ki, bu gün belədir, sabah da belə olacaq. Ona görə bu, birinci amildir".
Qlobal qarşıdurmalar fonunda güc amili Azərbaycanın təhlükəsizlik prioritetidir
Qlobal dünyada geosiyasi qarşıdurmaların dərinləşməsi, müxtəlif regionlarda müharibə və hərbi gərginliklərin artması da dövlətlərin təhlükəsizlik siyasətinə yeni yanaşmanı zəruri edir. Təəssüf ki, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz da bu proseslərdən kənarda qalmır. Region son illərdə müxtəlif güc mərkəzlərinin maraqlarının kəsişdiyi, strateji rəqabətin və təhlükəsizlik çağırışlarının daha qabarıq hiss olunduğu məkanlardan birinə çevrilib. Ətraf coğrafiyalarda baş verən proseslər isə Azərbaycanın təhlükəsizlik gündəmini daim diqqətdə saxlamağı tələb edir.
Azərbaycan bu reallıqları nəzərə alaraq yalnız mövcud təhlükəsizlik imkanlarını qorumaqla kifayətlənmir, hərbi və müdafiə potensialının inkişafını da davam etdirir. Bu, ölkəmizin hazırkı fəaliyyət istiqamətləri ilə ziddiyyət təşkil etmir. Əksinə, bu gün Azərbaycanın əsas diqqəti işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramının həyata keçirilməsinə, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, yeni şəhər və kəndlərin salınmasına, infrastrukturun qurulmasına və insanların öz doğma torpaqlarına qayıdışının təmin edilməsinə yönəlib. Lakin bütün bu genişmiqyaslı quruculuq prosesləri təhlükəsizlik amilinin arxa plana keçməsi anlamına gəlmir. Çünki dayanıqlı inkişafın mühüm şərtlərindən biri təhlükəsizliyin etibarlı təmin edilməsidir. Azərbaycan artıq öz təcrübəsində görüb ki, hərbi-siyasi reallıqların düzgün qiymətləndirilməsi və müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması dövlətin milli maraqlarının qorunmasında mühüm rol oynayır. Buna görə də ordu quruculuğu, müdafiə sənayesinin inkişafı, müasir silah və texnologiyaların əldə edilməsi, hərbi təlimlərin genişləndirilməsi və beynəlxalq müdafiə əməkdaşlığının gücləndirilməsi davamlı xarakter daşımalıdır.
Məqsəd müharibəyə hazırlaşmaq deyil, müharibənin və təhdidin qarşısını alacaq güc yaratmaqdır. Azərbaycan öz gücünü nə qədər yüksək səviyyədə saxlayarsa, ölkənin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə yönələ biləcək risklərin qarşısında bir o qədər hazırlıqlı olar. Bugünkü mürəkkəb dünyada güc yalnız silah deyil, həm də sülhün və sabitliyin qorunmasına xidmət edən çəkindirici amildir. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, ikinci amil dünyada gedən proseslər, müharibələrin çoxalması və geniş vüsət almasıdır. Bizim ətrafımızda məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır - həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə: "Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq. Çünki beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur. Təbii ki, bizim başqa ehtiyaclarımız da var - ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, insanların sosial vəziyyətinin yaxşılaşdırılması. Biz bunu da edirik və müzakirə olunan büdcədə bütün bunlar nəzərdə tutulur. Ancaq əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq".
Təhlükəsizliyin əsas şərti: təhdidə qarşı adekvat və qətiyyətli güc…
Azərbaycanın bugünkü reallığında diqqət çəkən əsas məqamlardan biri ölkə daxilində sabitliyin və əmin-amanlığın qorunmasıdır. Dövlət institutlarının normal fəaliyyəti, sosial-iqtisadi inkişaf, genişmiqyaslı quruculuq layihələri və insanların gündəlik həyatının təhlükəsiz şəraitdə davam etməsi daxili sabitliyin mühüm göstəriciləridir. Mövcud təhlükəsizlik mənzərəsində əsas risklərin daha çox ölkə sərhədlərindən kənarda formalaşması isə Azərbaycanın xarici təhlükəsizlik siyasətinə xüsusi həssaslıqla yanaşmasını tələb edir.
Belə şəraitdə dövlət üçün əsas məsələ yalnız mümkün təhdidləri izləmək deyil, onların ölkənin milli maraqlarına təsir göstərməsinin qarşısını almaqdır. Azərbaycanın son illərdə formalaşdırdığı təhlükəsizlik yanaşması məhz bu prinsip üzərində qurulur - ölkəyə qarşı yönələn hər hansı təzyiq və ya təhlükə cavabsız buraxılmamalı, onun miqyası və mənbəyinə uyğun adekvat tədbirlər görülməlidir. Burada söhbət emosional reaksiyadan deyil, dövlətin öz təhlükəsizlik imkanlarına əsaslanan hesablanmış və qətiyyətli siyasətdən gedir.
Azərbaycanın mesajı kifayət qədər aydındır: heç bir xarici aktor ölkənin daxili işlərinə müdaxilə etmək, milli maraqlarına təzyiq göstərmək və ya təhlükəsizliyinə zərər vurmaq imkanını özündə görməməlidir. Lazım gəldikdə siyasi, diplomatik, iqtisadi və hərbi imkanların kompleks şəkildə səfərbər edilməsi belə müdaxilələrin qarşısını almaq üçün dövlətin prioritetləri sırasında qalır. Bu yanaşma həm də qeyd olunan çəkindiricilik prinsipini gücləndirir. Çünki qarşı tərəf hər hansı addımın cavabsız qalmayacağını bildikdə riskli davranışın mümkün nəticələrini əvvəlcədən nəzərə almağa məcbur olur.
Bu baxımdan Azərbaycanın təhlükəsizlik siyasətini güclü dövlət konsepsiyasının tərkib hissəsi kimi qiymətləndirmək olar. Öz imkanlarına güvənən, milli maraqlarını müdafiə etməyə qadir və təhdidlərin qarşısını almaq üçün kifayət qədər potensiala malik dövlət xarici təzyiqlər qarşısında daha geniş siyasi manevr imkanları əldə edir. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır: "Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır. Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək".
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58
Dünya
02 Oktyabr 10:55

