Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir

Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir

19.04.2014 [14:11]

Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir
Cənubi Qafqaz regionunun lider ölkəsi, müasir beynəlxalq münasibətlərin güclü və nüfuzlu aktoru olan Azərbaycan özünün səmərəli xarici siyasət kursu ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. İkitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa xüsusi önəm verən ölkəmiz, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edir. Ümumiyyətlə, son zamanlar regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Eyni zamanda, növbəti dəfə aşkar oldu ki, ölkəmiz öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları əsasında davam etdirir. Daha dəqiq desək, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni, istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı bu məsələyə toxunaraq qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır: “Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır. Bəzi beynəlxalq məsələlərlə bağlı dünya ictimaiyyətinin əksəriyyəti mövqe bildirməkdən çəkinir. Biz buna qiymət vermək fikrində deyilik. Ancaq Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir. Bu mövqe, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Beynəlxalq hüququn norma və prinsipləri əsas şərt olmalıdır. Çünki bugünkü beynəlxalq aləm bu prinsiplər üzərində qurulubdur. Əgər bunlar pozulursa, onda bütün beynəlxalq əməkdaşlıq və münasibətlər mexanizmi pozulur. Beynəlxalq aləmdə bax bu prinsipial mövqe əlbəttə ki, bizə böyük rəğbət yaradır. Azərbaycan müstəqil, prinsipial ölkə kimi öz mövqelərini daha da möhkəmləndirir. Beynəlxalq təşkilatlarda ölkəmiz haqqında bu düzgün təsəvvür gələcəkdə bizə əlavə imkanlar yaradacaqdır”.
Lakin bütün bunlara baxmayaraq, bir çox hallarda Azərbaycana ikili standartlarla yanaşılır. Xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli məsələsində beynəlxalq təşkilatlar laqeydlik nümayiş etdirir, hüquq və ədalətdən kənar yanaşmaya istinad edirlər. Hətta bir sıra regionlarda baş verən separatizmi qınaq obyektinə çevirsələr də, qondarma “Dağlıq Qarabağ respublikası”nın bölücülük əməllərinə, qeyri-qanuni fəaliyyətinə qarşı heç bir reaksiya verilmir. Bu isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların əyani nümunəsidir.
Ümumiyyətlə, dünya ictimaiyyətinə yaxşı bəllidir ki, Azərbaycan diplomatik səylərini gücləndirdiyi və lazımı addımları atdığı halda, işğalçı Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Məhz buna görə də, müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində kifayət qədər diplomatik resurslara malik olan aparıcı beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, həmçinin, bu qurumlarda təmsil olunan güc mərkəzləri (aparıcı milli dövlətlər nəzərdə tutulur- N.Q.) münaqişənin həlli ilə bağlı imperativ və operativ səciyyəli tədbirlər görməlidirlər. Məsələn, BMT bundan öncə qəbul etdiyi 4 qətnamənin icrası ilə bağlı daha effektiv islahedici metodlara istinad etməli və prinsipial mövqe sərgiləməlidir. Prezident İlham Əliyev qeyd edib ki, bu gün biz yenə də onun şahidiyik ki, Ermənistan, sadəcə olaraq vaxt uzatmaqla məşğuldur: “Nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər əfsuslar olsun ki, onlara ciddi təzyiq etmirlər.
Əslində, çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi pozulur. Yəni, heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir”.
Digər tərəfdən, dünya ictimaiyyəti, xüsusilə də, müvafiq beynəlxalq təşkilatlar nəzərə almalıdırlar ki, münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər strateji baxımdan ciddi fəsadlara səbəb ola bilər. Birincisi, bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, narkobaronların bu bölgəni başlıca bazara çevirməsinə, çirkli pulların mütəmadi surətdə bu məkanda yuyulmasına, bölgənin qanunsuz miqrasiya məkanına çevrilməsinə və digər illeqal proseslərin baş verməsinə səbəb olur ki, bu da gələcək üçün olduqca ciddi fəsadlar vəd edir.
Onu da qeyd etmək lazımdır ki, mövcud vəziyyət regional təhlükəsizliyə ciddi təhdid yaratmaqla bərabər, eyni zamanda, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl yaradır. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. Onun üçün zərurətdir ki, münaqişənin həlli prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu da fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalı və problemin həlli istiqamətində hüquqi norma və qaydalarla təsbit edilmiş effektiv metodlara baş vurmalıdır. Əks təqdirdə, Cənubi Qafqaz yeni qarşıdurmalar meydanına çevrilə bilər. Şübhəsiz, ATƏT-in Minsk qrupu Ermənistana qarşı xüsusi təzyiq mexanizmi və vasitələrindən istifadə etməlidir. Bu, danışıqlar prosesində pozitiv dinamikanın yaranmasına səbəb ola bilər.
Əlbəttə, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarında təsbit edildiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Qeyd etmək lazımdır ki, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair optimist qənaət yaradır. Ümumiyyətlə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizə qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq. O ki qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə, hərbi gücümüzü artırmalıyıq. Bir daha bu məsələni müzakirə edərkən görürük ki, biz nə qədər düzgün addım atmışıq, ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlamışıq. Uzun illər ərzində alınan silahlar, texnikalar, sursatlar bu gün bizim gücümüzü böyük dərəcədə artırmışdır.
Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır. Eyni zamanda, bu yaxınlarda Naxçıvanda olarkən oradakı yeni texnikanın nümayişi də göstərir ki, Naxçıvan ordusu da bu gün dünya ordularında olan ən müasir texnikaya malikdir. Artıq orada həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı qurğular, ən müasir “T-72”, “T-90” tankları və digər hərbi silah-sursat vardır, daha da artacaqdır. Biz daha da güclü olmalıyıq və olacağıq”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 817 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31