Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ beynəlxalq təşkilatları qlobal dövlətin idarəetmə institutları, tərəfdaşlarını isə itaətkar yandaş kimi təsəvvür edir

ABŞ beynəlxalq təşkilatları qlobal dövlətin idarəetmə institutları, tərəfdaşlarını isə itaətkar yandaş kimi təsəvvür edir

18.06.2014 [09:58]

Bu gün mövcud beynəlxalq münasibətlər sisteminin böhranı, beynəlxalq hüququn təsir qüvvəsini itirməsi, bütün dünyanı hədələyən geosiyasi münaqişələrin kəskinləşməsi inkarolunmaz gerçəkliyə çevrilib. Bunun da təməlində bir sıra dövlətlərin öz maraqlarını digər ölkələrlə beynəlxalq hüquq çərçivəsində, qarşılıqlı maraqlar əsasında, ortaq tərəfdaşlıq şəraitində deyil, yalnız öz mənafeləri naminə digərlərinin istismarı üzərində təmin etməyə çalışması dayanır.
Məlumdur ki, XX əsrdə baş verən iki dünya müharibəsindən sonra bütün dünya sakinlərinin sülh və təhlükəsiz şəraitində yaşamasını təmin etmək məqsədilə hər bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə hörmət üzərində qurulan beynəlxalq münasibətlər sistemi formalaşdırıldı. Eyni zamanda, BMT, ATƏT başda olmaqla yaradılan bir sıra nüfuzlu qlobal və regional təşkilatlar böyüklüyündən asılı olmayaraq bütün dövlətlərin beynəlxalq hüququn prinsipləri çərçivəsində əməkdaşlıq şəraitində mövcudluğunu təmin etmək vəzifəsini üzərinə götürdü. 1991-ci ildə isə SSRİ-nin dağılması, “soyuq müharibə”nin başa çatması ilə dövlətlərin birbaşa və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını genişləndirməsi üçün yeni imkanlar yarandı. Belə bir şəraitdə qlobal güclərin bir-birilə konstruktiv əməkdaşlığına söykənən çoxqütblü dünyanın yaradılmasına ehtiyac var idi. Lakin ABŞ-ın dünya ağalığına yiyələnmək, təkqütblü beynəlxalq münasibətlər sistemini formalaşdırmaq niyyəti bərabərhüquqlu qlobal əməkdaşlığın önündə başlıca əngələ çevrildi.
ABŞ BEYNƏLXALQ TƏŞKİLATLARI ÖZ İRADƏSİNƏ TABE EDİR
Yəni, ABŞ dünya hegemonluğuna nail olmaq üçün BMT və onun qurumları başda olmaqla nüfuzlu beynəlxalq təşkilatları öz iradəsinə tabe etməyə, onlardan öz maraqlarını qoruyan beynəlxalq rıçaqlar kimi yararlanmağa başladı. Bu təşkilatlar adətən, ABŞ-ın maraq dairəsində olan məsələlər üzrə rəsmi Vaşinqtonun mövqeyinə uyğun istiqamətdə qərarlar qəbul edir, ayrı-ayrı dövlətlərə təzyiq göstərir, sanksiyalar tətbiq edirlər. Bu təşkilatların üzv dövlətlərin iştirakı ilə qəbul etdikləri qətnamələrin icrası da çox zaman ABŞ-ın iradəsindən asılıdır. Əgər qəbul olunan qətnamə ABŞ-ın maraqlarına cavab verirsə, dərhal icra olunur, əgər belə deyilsə, beynəlxalq ictimaiyyətin tələbi kağız üzərində qalacaq. Nəticədə, həmin təşkilatların nizamnaməsi, onların qəbul etdiyi hüquqi sənədlər bir çox hallarda heç bir təsir gücü olmayan kağız parçasına çevrilir, qurumların özlərinə isə qlobal miqyasda inam və etimad kəskin azalır.
HEÇ KİM ABŞ-a “BEYNƏLXALQ ARBİTR” SƏLAHİYYƏTİNİ VERMƏYİB
Maraqlıdır ki, özünün dünya hegemonluğuna haqq qazandırması üçün ABŞ prezidenti səviyyəsində “Amerika müstəsnalığı” ideyası təbliğ olunur. Bu ideya Birləşmiş Ştatların dünyada sülhün, sabitliyin, təhlükəsizliyin bərqərar olunmasında müstəsna səlahiyyətləri olan superdövlət olduğunu aşılayır. Əgər dünyanın hər hansı bir nöqtəsində gedən siyasi proseslər rəsmi Vaşinqtonun maraqlarına və “ədalət” anlayışına ziddirsə, o zaman ABŞ rəhbərliyi heç kimin rəyini nəzərə almadan həmin bölgəyə siyasi, iqtisadi, hərbi müdaxilə edə, həmçinin, digər dövlətləri də bu işdə onunla əlbir olmağa vadar edə bilər. Buradan belə bir sual meydana çıxır: ABŞ-a bu səlahiyyəti kim verib? Əgər dövlətləri mühakimə etmək, cəzalandırmaq, istiqamətləndirmək funksiyalarını Birləşmiş Ştatlar yerinə yetirirsə, o zaman BMT və digər təşkilatlar nə üçün yaradılıb, beynəlxalq hüquq normaları nəyə xidmət edir?
Digər tərəfdən, ABŞ bir sıra hallarda strateji tərəfdaş adlandırdığı ölkələr arasında normal münasibətlərin qurulmasına mane olur. Bu yolla region dövlətləri arasında yaranan münaqişələrdən istifadə edərək özünü arbitr rolunda təqdim etməyə çalışır. Şərqi və Cənub-Şərqi Asiyada baş verən gərgin proseslər buna nümunə göstərilə bilər.
HEGEMONLUQ SİYASƏTİNİN QLOBAL MİQYASDA AĞIR NƏTİCƏLƏRİ
ABŞ-ın dünyada hegemonluq, hakim güc, arbitr, “qlobal polis” olmaq iddiaları bir qayda olaraq bu ölkənin imperialist maraqlarına xidmət edərək, dünyada münaqişələrin daha da artmasına səbəb olur. Məlumdur ki, 2001-ci il 11 sentyabr hadisəsindən qlobal geosiyasi və iqtisadi maraqlarını aktiv şəkildə təmin etmək üçün fürsət kimi yararlanan ABŞ-ın İraqda, Əfqanıstanda, bütövlükdə, Yaxın Şərqdəki fəaliyyəti terrorizm, zorakılıq, cinayətkarlıq hadisələrini nəinki azaltmayıb, əksinə dəfələrlə artırıb. Təcrübə göstərir ki, Birləşmiş Ştatların “demokratiya quruculuğu”, “humanitar yardım”, “təhlükəsizliyin təmin edilməsi” və digər bu kimi adlar altında fəaliyyət göstərdiyi, qısacası, “əlinin çatdığı” hər yerdə ölüm, qan, dağıntı, vətəndaş müharibələri, siyasi hərc-mərclik geniş vüsət alır. Bu isə təəccüblü deyil, çünki “qlobal polis” rolunu davam etdirməsi, beləliklə də, hegemonluğunu gücləndirməsi üçün ABŞ dünyada sülh və sabitliyə deyil, xaosa, qarşıdurmaya, toqquşmaların olmasına maraq göstərir.
YAXIN ŞƏRQ ÖLKƏLƏRİNİN NEFTİ VƏ PULU HARA “QEYB” OLUB?
Dünya ağalığı istəyinin qarşısındakı maneələri bir-birinin ardınca dəf edərkən ABŞ-ın ayrı-ayrı dövlətlərə qarşı istifadə etdiyi ittihamlardan biri də həmin ölkələrdə kütləvi qırğın silahlarının olması iddiasıdır. Bəli, bu gün dünyada nüvə, kimyəvi və bioloji kütləvi qırğın silahlarına malik olan çoxlu sayda dövlətlər mövcuddur. Lakin ABŞ ayrı-ayrı dövlətlərin bu cür silahlara sahib olmasını dünya üçün təhlükə adlandırarkən, görəsən, özünün dinc əhaliyə qarşı nüvə silahını tətbiq edən (özü də iki dəfə!) yeganə dövlət olduğunu xatırlayırmı?
Beləliklə, 2000-ci illərdə İraqın zəngin neft yataqlarını ələ keçirmək, regiondakı mövqelərini gücləndirmək üçün ABŞ bu ölkəni guya kütləvi qırğın silahlarına sahib olmaqda ittiham etdi. BMT-nin məsələni araşdıran monitorinq qrupunun ittihamı təsdiq edən yetərli dəlillərin olmadığını bəyan etməsinə baxmayaraq, ABŞ 2003-cü ilin martında İraqa qoşunlarını yeridərək ölkəni işğal etdi. Yüz minlərlə günahsız insanın ölümü ilə nəticələnən işğal və onun özü ilə gətirdiyi terror dalğasının ölkəni viran qoymasından sonra ABŞ rəhbərliyi tərəfindən İraqda heç bir kütləvi qırğın silahının tapılmadığı etiraf olundu. Bu özbaşınalığına görə isə ABŞ rəsmiləri indiyədək nə İraq əhalisindən, nə də beynəlxalq ictimaiyyətdən üzr istəməyiblər.
Əvəzində isə İraqın neft ixracında rəsmi rəqəmlərin xeyli azaldığı müşahidə olundu. Yalnız 2014-cü ildə İraqda neft hasilatı əvvəlki rejim dövründəki rəqəmlərin səviyyəsinə çata bildi. Lakin ölkədə müharibədən sonra illər boyu neft hasilatının səviyyəsinin bərpa olunmaması bir çox ekspertlər tərəfindən hasil olunan neftin bir hissəsinin müəmmalı formada ölkədən çıxarılması ehtimallarının irəli sürülməsinə səbəb oldu.
Bənzər aqibəti Yaxın Şərqin devrilmiş diktatorlarının banklardakı vəsaitləri də yaşadı. Əvvəlcə, istər Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin, Liviyanın keçmiş prezidenti Müəmmar Qəddafinin yerli və xarici banklarda ümumilikdə yüz milyardlarla dollar həcmində vəsaitinin dondurulması barədə xəbərlər yayıldı. Lakin sonradan bu vəsaitlərin həmin ölkələrin xalqlarına qaytarılması, yəni ölkələrin inkişafına xərclənməsi üçün yerli hökumətlərə təhvil verilməsi məsələsi ortaya çıxdıqda, nədənsə həmin vəsaitlərin həcmi birdən-birə azaldıldı, keçmiş diktatorların söylənildiyi qədər böyük sərvətinin olmadığı iddia edildi.
Yaxın Şərq xalqlarının “qeyb olan” vəsaitləri, şübhəsiz, bölgədə ABŞ rəhbərliyi altında həyata keçirilən talançılıq siyasətinin bariz nümunəsidir.
YAXIN ŞƏRQ QANUNSUZ ORQAN ALVERİNİN MƏRKƏZİNƏ ÇEVRİLİB
ABŞ-ın dəstəyi ilə regionda baş verən inqilablar, vətəndaş müharibələri nəticəsində yaranmış ümumi xaotik durum, eyni zamanda, müxtəlif cinayətkar qruplaşmalar tərəfindən qeyri-qanuni fəaliyyət növlərinin genişlənməsinə əlverişli zəmin yaradıb. Ən böyük narahatlıq doğuran məqamlardan biri məhz cinayətkarların köməksiz qalan insanları hədəfə çevirərək, onların həyatına törətdiyi təhlükədir. Adətən, müharibə zonalarının ətraf mühitlə nəqliyyat, kommunikasiya əlaqələri məhdudlaşır, bölgədə yerli və beynəlxalq qanunların işləməsini təmin edən mexanizmlər iflic olur. Ona görə də, xüsusən qadınların, valideynlərini itirən uşaqların köməksiz qaldığı ərazilərdə insan oğurluğu, orqan alveri və digər bu kimi əməllərlə məşğul olan cinayətkar qruplar aktivləşir. Onlar çox yaxşı bilirlər ki, törətdikləri əməllərin izini toqquşmalarda itkin düşənlərin, ölənlərin ümumi sayında gizlədə bilərlər.
Beynəlxalq ekspertlərin rəyinə əsasən, son 10 ildə Yaxın Şərq regionunda qeyri-qanuni orqan alveri təhlükəli tendensiyaya çevrilib. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, il ərzində “qara bazarda” 10 min belə qanunsuz əməliyyat həyata keçirilir. Bu əməliyyatların böyük hissəsinin Yaxın Şərq ölkələrində aparılması şübhə doğurmur. Suriyada davam edən müharibədə insan alveri və orqanların könüllü, yaxud oğurlanmış, aldadılmış insanlardan çıxarılması gündəlik baş verən hadisəyə çevrilib. Bu da ABŞ-ın Yaxın Şərq siyasətinin bölgəyə verdiyi çoxsaylı “töhfələrdən” biridir.
ABŞ-ın “TƏRƏFDAŞ” YANAŞMASI
Üstəlik, inqilabların baş tutduğu ölkələrdə ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələn qüvvələr sonradan rəsmi Vaşinqtonla normal münasibətlərə arxalana bilmirlər. Çünki ABŞ dərhal yeni hökumətlərə qarşı çıxan müxalifəti dəstəkləməyə başlayır. Belə görünür ki, hakimiyyətə hansı qüvvələrin gəlməsindən asılı olmayaraq, ABŞ ölkələrin daxilində “beşinci kolon” yaradaraq, onu yerli hökumətə qarşı gücləndirmək niyyətindədir. Çünki rəsmi Vaşinqtona dövlətlərin stabil inkişafı, demokratiyaya keçidi yox, daim daxili siyasi, dini, etnik münaqişələr, iqtisadi böhranlar içərisində çırpınması lazımdır.
Ümumiyyətlə, demək olar ki, istənilən dövlətlə münasibətlərə yalnız özünün imperialist maraqlarının təmin olunma vasitəsi kimi yanaşan ABŞ-ın “strateji tərəfdaş” qavrayışı da normal təfəkkürə uyğun gəlmir. Məsələ ondadır ki, dövlətlərə “mənimlə deyilsənsə, mənə qarşısan” prinsipi ilə yanaşan ABŞ üçün tərəfdaşlıq qarşı tərəfin öz suveren hüquqlarından imtina edərək rəsmi Vaşinqtonun göstərişlərini qeyd-şərtsiz yerinə yetirməsindən ibarətdir. Müstəqil siyasət yürüdən, bərabərhüquqlu əməkdaşlığa üstünlük verən tərəfdaş isə bir qayda olaraq ABŞ rəsmi dairələrinin və bu ölkənin maliyyələşdirdiyi təşkilatların, “beşinci kolon”un təzyiqləri ilə üzləşir. Xüsusən də, əgər müstəqil siyasət yürüdən, inkişaf edən, güclənən müsəlman ölkəsidirsə, deməli o, ABŞ siyasi dairələrinin, bu dairələrə bağlı olan KİV-lərin dünyada müsəlman aləmi haqqında yaratmağa çalışdığı neqativ imicə uyğun gəlmir, bu səbəbdən də daha çox təzyiqlərlə üzləşir.
AZƏRBAYCANDA milli iradəni təmsil edən və onu qorumağı bacaran hakimiyyətin olması abş-ı qıcıqlandırır
Məlumdur ki, Azərbaycan ilə ABŞ arasında çoxşaxəli, faydalı tərəfdaşlığın qurulmasına baxmayaraq, Vaşinqton “ənənəsinə” sadiq qalaraq ölkəmizə münasibətdə də ikili standartlar, etibarsızlıq, qərəzlilik sərgiləyir. Bütün dövlətlərlə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı faydalılıq üzərində quran Azərbaycan, təbii olaraq, heç bir xarici siyasi mərkəzin, o cümlədən, Vaşinqtonun diqtəsi ilə deyil, öz iradəsi ilə hərəkət edir, milli maraqlarının müdafiəsində dayanır. Lakin görünür, Azərbaycanın müstəqil dövlət siyasətini, sürətli inkişafını Vaşinqtondakı imperialist təfəkkürlü dairələr həzm edə bilmirlər. Bu səbəbdən də Azərbaycan-ABŞ strateji tərəfdaşlığının ruhuna zidd olaraq, ölkəmiz haqsız ittihamlara məruz qalır.
Bir çox dövlətlərdə tətbiq olunan ssenariyə əsasən, xarici maliyyə hesabına ölkənin içərisində formalaşdırılan, “beşinci kolon” funksiyasını yerinə yetirən və “jurnalist”, “blogger”, “aktivist” cildinə girən muzdlu təxribatçılar bir qayda olaraq, ictimai sabitliyi pozmağa yönələn qanuna zidd əməllər törədir, cəmiyyətdə radikal üsullara əl atırlar. Daha sonra isə “beşinci kolon”un digər nümayəndələri olan bəzi “hüquq müdafiəçiləri”, qeyri-hökumət təşkilatları cinayətkarlığa qarşı mübarizədə hüquq-mühafizə orqanlarının öz vəzifəsini yerinə yetirməsini “insan haqlarının pozulması” kimi qələmə verməyə başlayırlar. Bu proseslərdə marağı olan bəzi xarici mərkəzlər isə müəyyən media qurumları, QHT-lər vasitəsilə “beşinci kolon”un səsinə səs verirlər.
Göründüyü kimi, kifayət qədər tanış olan bu ssenarini Azərbaycanda da həyata keçirmək üçün daim cəhdlər edilir. Lakin Azərbaycan ictimaiyyəti bu tamaşanı çox görüb. Bu cür kampaniyalar cəmiyyətimizi aldatmaq gücündə deyil. Bu səbəbdən də, ABŞ indiyədək ölkəmizdə güclü “beşinci kolon” formalaşdıra bilməyib. Belə faydasız cəhdlərlə ABŞ yalnız özünün Azərbaycandakı nüfuzuna zərbə vurur, imperialist simasını ifşa edir.
VAŞİNQTON DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNi Azərbaycana təzyiq rıçağı kimi görür
Məlum olduğu kimi, ABŞ-ın beynəlxalq məsələlərə yanaşmada ədalət hissini itirməsi Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətində də özünü göstərir. Beynəlxalq ictimaiyyətin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarla birlikdə ərazi bütövlüyünü tanımasına, BMT-nin Təhlükəsizlik Şurası başda olmaqla əksər nüfuzlu təşkilatların Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edən qətnamələr qəbul etməsinə baxmayaraq, ABŞ işğala məruz qalan Azərbaycan ilə işğalçı Ermənistana münasibətdə fərq qoymur. Hətta, daha dəqiq desək, Birləşmiş Ştatların işğalçı Ermənistana və bu ölkənin nəzarətində olan işğal altındakı torpaqlardakı qondarma rejimə demək olar ki, hər il maliyyə yardımı göstərməsi təcavüzkarın dəstəklənməsindən xəbər verir. Bu isə ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü missiya ilə ziddiyyət təşkil edir. Ermənistanın işğal siyasətini davam etdirməsi regional təhlükəsizliyə, son nəticədə isə ABŞ-ın özünün bölgədəki maraqlarına mənfi təsir göstərir.
Dağlıq Qarabağ münaqişəsinə göstərilən ikili yanaşmalara baxmayaraq, Azərbaycan öz ərazi bütövlüyünün müdafiəsində qətiyyətli mövqeyində dayanır. ABŞ-ın mövqeyindən asılı olmayaraq, Azərbaycan təcavüzkarın təcrid olunması siyasətini davam etdirəcək.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 758 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31