Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakı Forumunda elmin sülhə xidmət etməsi istiqamətində geniş müzakirələr aparılıb

Bakı Forumunda elmin sülhə xidmət etməsi istiqamətində geniş müzakirələr aparılıb

04.10.2014 [10:54]

Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə “dəyirmi masa”nı açaraq Humanitar Forumun bəşəri dəyərlərin qorunması, təcrübə və fikir mübadiləsi baxımından önəmini qeyd edib. O, elmin dünyanın inkişafında mühüm rol oynadığını bildirərək deyib ki, bu gün elmi nailiyyətlərdən silah yaratmaq üçün istifadə olunması cəhdlərinə də rast gəlinir. Elm yalnız sülhə xidmət etməlidir və humanitar forumun əsas məqsədlərindən biri də bu istiqamətdə müzakirələr aparmaqdır.
“Radiasiya, nano və bionanotexnologiyaların konvergensiyası” mövzusuna həsr olunmuş paneldə çıxış edən Tokio Kənd Təsərrüfatı və Texnologiyalar Universitetinin mütəxəssisi Katsuaku Sato “Fukusima” AES-də baş verən qəzadan sonra Yaponiyada bərpa olunan enerji üzrə aparılan tədqiqatlardan və inkişafdan danışıb. O bildirib ki, bu qəza həm Yaponiyada, həm də digər ölkələrdə daha təhlükəsiz enerji mənbələrindən istifadə olunması məsələsini gündəmə gətirib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin təmsilçisi İvan Videnoviç təşkilatın nüvə enerjisi sahəsində üzv ölkələrlə əməkdaşlığından bəhs edərək deyib ki, 2008-ci ildə başlanan nüvə intibahı “Fukusima” AES-də baş verən qəzadan sonra bir qədər zəifləsə də, nüvə reaktoru yaratmaq istəyən ölkələrin sayında artım var. Yaxın gələcəkdə nüvə enerjisindən istifadə edəcək ölkələrin sayının 55-ə çatması gözlənilir. Nüvə enerjisindən istifadə böyük məsuliyyət tələb edir və agentlik bu istiqamətdə də iş aparır.
“Transqressiyanın azaldılması üçün nüvə və bərpa olunan enerjilərin konvergensiyası” mövzusunda keçirilən ikinci paneldə Polşa Geologiya Elmləri İnstitutu və Azərbaycan Radiasiya Problemləri İnstitutunun elmi işçisi Dinara Abbasova mədəni irsin öyrənilməsində nüvə texnologiyalarının tətbiqi ilə bağlı çıxış edib. O, arxeoloji abidələrin yaşının müəyyən edilməsində ən yeni cihazlardan istifadə üsullarından danışaraq bildirib ki, Azərbaycanda da bu istiqamətdə tədqiqatlara başlanılıb.
Azərbaycan Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəhbəri Vüqar Hüseynov Azərbaycanda radiasiya və nüvə təhlükəsizliyinə nəzart sistemi ilə bağlı məruzə edib. O, ölkədə radiasiya və nüvə təhlükəsizliyi istiqamətində mərhələli işlərin aparıldığını bildirərək deyib ki, Azərbaycan bu sahə ilə bağlı bir sıra beynəlxalq konvensiyalara və sənədlərə qoşulub. Ölkədə nüvə təhlükəsizliyi məsələlərinin tənzimlənməsi üzrə qanunvericilik bazasının yaradılması istiqamətində davamlı iş aparılır.
Nüvə texnologiyaları və istilik-nüvə energetikası mövzusuna həsr olunan növbəti paneldə kimya üzrə Nobel mükafatı laueratı, ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun alimi Rudolf Markus yeni üsullar əsasında günəş batareyalarının yaradılmasının nəzəri aspektlərindən danışıb.
Nüvə texnologiyaları və Azərbaycanda nüvə enerjisindən dinc məqsədlər üçün istifadə perspektivlərindən bəhs edən Milli Nüvə Tədqiqatları Mərkəzinin direktoru Adil Qəribov bildirib ki, Azərbaycanda nüvə enerjisi sahəsində tədqiqatlar ötən əsrin ortalarından başlayıb. Prezidentin sərəncamı ilə yaradılan mərkəzin məqsədi ölkədə nüvə texnologiyalarının inkişaf etdirilməsi, nüvə enerjisinin tətbiqi, bu sahədə kadrların hazırlanmasından ibarətdir. Ölkədə nüvə enerjisindən istifadə istiqamətində atılacaq növbəti addımlara nüvə və radiasiya təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktların qəbulu da daxildir.
Sonda IV Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul edilib.

Paylaş:
Baxılıb: 685 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31