Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Azadlıq” qəzetinin diletantlığı və saxta təəssübkeşliyi

“Azadlıq” qəzetinin diletantlığı və saxta təəssübkeşliyi

10.06.2015 [09:06]

Birinci Avropa Oyunlarını manipulyasiya vasitəsinə çevirən qəzet nümayiş etdirdiyi ibtidai təfəkkürlə ictimai qınağa tuş gəlir
Bu günlərdə xaricdəki erməni lobbisi, Qərbdəki ayrı-ayrı dairələr hər vəchlə ölkəmizin uğurlarına və ilk Avropa Oyunlarının miqyasına kölgə salmağa çalışırlar. Sözügedən qüvvələrin Oyunları dünyada dostluq rəmzinə çevirmək istəyən ölkəmizin xoş niyyətinə qarşı çıxmalarının motivləri başadüşüləndir. Necə deyərlər, düşmən öz xislətinə sadiq qalaraq yenə də ölkəmizin müsbət beynəlxalq imicinə ləkə yaxmağa çalışır. Bəs xaricdəki bədxahlarla eyni düşərgədə yer alan, Azərbaycanı, birinci Avropa Oyunlarını hətta onlardan da artıq dərəcədə qaralamağa çalışan “sapı özümüzdən olan baltalar”a nə deyəsən? Radikal müxalifət düşərgəsinə məxsus KİV-lər, o cümlədən də, “Azadlıq” qəzeti yuxarıda haqqında bəhs olunan qüvvələrin şər ruporuna çevrilib. Xaricdəki erməni lobbisinin təsiri altında olan dairələrin, islamofob qüvvələrin birinci Avropa Oyunları və ölkəmizlə bağlı səsləndirdikləri qərəzli fikirlər bu qəzetdə çox məmnuniyyətlə manşetə çıxarılır. Azərbaycanın dünyada etiraf olunan uğurlarını görməzdən gələn qəzet birinci Avropa Oyunları ilə bağlı müxtəlif məqamları manipulyasiya predmetinə çevirir, şərə, böhtana güc verir. Son olaraq “Azadlıq”ın səhifələrində ölkəmizin idman sahəsində qazandığı uğurlara kölgə salmağa uğursuz cəhd göstərilib, birinci Avropa Oyunlarında respublikamızı təmsil edəcək idmançıların milli tərkibi ilə bağlı heç bir sağlam məntiqə sığmayan cəfəng fikirlər ifadə olunub.
Azərbaycanda yaşayan bütün vətəndaşlar bərabərhüquqludurlar
Hər şeydən əvvəl “Azadlıq” qəzetinə Azərbaycan cəmiyyətinin üstün bir məziyyətini xatırlatmaq istərdik. Azərbaycan elə bir ölkədir ki, burada milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar bərabər hüquqlara malikdirlər. Məlumdur ki, hazırda “Azadlıq”ın da, necə deyərlər, hayıl-mayıl olduğu bir sıra Avropa ölkələri məhz irqçilikdən əziyyət çəkirlər. Azərbaycanda isə mənzərə tamam başqadır. Biz qürur duyuruq ki, ölkəmiz müxtəlif milli-dini mənsubiyyətlərə malik insanların rahat yaşadıqları ümumi evimizdir. Ümumiyyətlə, milli-dini mənsubiyyətin vətəndaşa üstün mövqe qazandırması kimi təfəkkürü XXI əsrdə necə qəbul etmək mümkündür? “Azadlıq” bu saxta təəssübkeşliyi ilə kimlərin dəyirmanına su tökür? Ölkə vətəndaşını fərqləndirən, onu üstün mövqeyə çıxaran və əlbəttə ki, ona müəyyən imtiyazlar qazandıran yeganə meyar həmin vətəndaşın qabiliyyəti, bacarığı olmalıdır. Azərbaycanın Konstitusiyasında da milli-dini-irqi mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının bərabər hüquqlara malik olduqları təsbit edilib.
“Azadlıq” qəzeti ibtidai təfəkkürdən çıxış edir
Görünür, zamanın təkərinin irəliyə doğru fırlanması “Azadlıq”ın təfəkkürünü əsla dəyişdirməyib. Qəzet bu gün də ibtidai təfəkkürün daşıyıcısı qismində çıxış edərək radikalların mental dəyərlərini bütün cəhətləri ilə ortaya qoyur. Qəzet o təfəkkürdən çıxış edir ki, ölkəmizi birinci Avropa Oyunlarında təmsil edəcək komandaların heyətləri monoetnik olmalıdır. “Azadlıq”ın təfəkkürü və yaxud vətənpərvərliyi elə bura qədərdirmi? İstənilən halda belə bir cəfəng iddiada bulunmaq qəzetə başucalığı gətirmir. Qəzet ibtidai təfəkkürdən çıxış edərək özünü və arxasında dayanan qüvvələri təəssübkeş qiyafəsində təqdim etmək istəyib. Ancaq cəfəng iddianın arxasından qərəzli niyyət aydın nəzərə çarpır.
Bəli, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək komandaların heyətləri monoetnik deyil və bu, tamamilə təbiidir. Azərbaycanın digər sahələrdə qazandığı uğurlarda müxtəlif xalqların nümayəndələrinin payı var və bunu danmaq böyük ədalətsizlik olardı. Bu sözlər, həmçinin, idman sahəsinə də aiddir. Ölkəmizin şərəfli idman salnaməsinin yazılmasında azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də öz töhfələrini veriblər. Əsas odur ki, mötəbər beynəlxalq yarışlarda, dünyanın möhtəşəm idman arenalarında Azərbaycanın himni səslənib, üçrəngli bayrağımız qaldırılıb.
Azərbaycanda qeyri-ənənəvi idman növlərinin inkişafında legionerlərin böyük rolu var
Görəsən, “Azadlıq” hər hansı bir sahədə, o cümlədən də, idmanda tarixən formalaşan ənənələrin olduğu amilini nə üçün yaddan çıxarır? Gizlətmək lazım deyil ki, Azərbaycanda da idmanın müəyyən növləri qeyri-ənənəvi sayılır. “Azadlıq” nə üçün həmin sahələrin inkişaf etdirilməsində legionerlərdən istifadə olunmasında qəbahət axtarır? Milli idmançılar nəsli yetişməyib deyə idmanın həmin istiqamətlərini tamam diqqətdən kənarda saxlamaq hansı məntiqə uyğundur? Tam əminliklə deyə bilərik ki, müəyyən zaman ötdükdən sonra idmanın haqqında bəhs olunan istiqamətləri də ölkəmizdə qeyri-ənənəvilikdən çıxaraq özünə, necə deyərlər, vətəndaşlıq hüququ qazanacaq. Bunun üçün isə bu gün xarici təcrübədən bəhrələnmək, legionerlərin gücündən istifadə etmək lazımdır. Burada utanc gətirəsi heç nə yoxdur, ayıb olası yeganə məqam varsa, o da “Azadlıq”ın populizmidir.
Onlara xatırlatmaq istərdik ki, Azərbaycanı XXX London Yay Olimpiya Oyunlarında qadın güləşçiləri Marina Stadnik və Yuliya Ratkeviç təmsil ediblər. Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə növündə Aleksey Sitnikov-Yuliya Zlobina dueti və xizəkçilər Patrick Brahner Cedric Notz və Gaia Bassani Antivari Azərbaycan adından çıxış ediblər. Bəli, adıçəkilən idmançılar qeyri-azərbaycanlılardır. Ancaq axı nə üçün unudulmalıdır ki, qadın güləşi, fiqurlu konkisürmə, xizək yarışları və bu qəbildən olan idman növləri hələlik ölkəmizdə qeyri-ənənəvi sahələrdir. Legionerlərin cəlb olunması isə belə qeyri-ənənəvi sahələri inkişaf etdirməyin yollarından biridir.
Bəs dünya təcrübəsi nə deyir?
Yeri gəlmişkən, bu və ya digər idman sahəsinə legionerlərin cəlb olunması dünya praktikasında da geniş yayılıb. Futbolda, güləşdə, voleybolda, basketbolda, ümumiyyətlə, idmanın istənilən sahəsində bir ölkənin təmsilçisinin başqa ölkənin bayrağı altında çıxış etməsinə dair çoxlu faktlar sadalamaq mümkündür. Rusiya kimi nəhəng bir ölkənin müxtəlif sahələr üzrə milli komandalarının tərkibində çoxlu sayda qeyri-ruslar çıxış edirlər. Almaniyada, Fransada, İtaliyada, Türkiyədə də belədir. Dünyada sevilən nüfuzlu futbol komandalarının ulduz oyunçularının əksəriyyətini legionerlər təşkil etmirlərmi?
Belə demək mümkündürsə, hazırda dünya idmanı milli sərhədləri aşıb, ayrı-ayrı ölkələrdə idman qarşılıqlı inteqrasiyada inkişaf edir. Son illərdə məhz Azərbaycan idmanının inkişafının nəticəsidir ki, respublikamızın təmsilçiləri də xarici ölkələrin - Türkiyənin, Rusiyanın, Almaniyanın klublarında uğurla debüt etməyə başlayıblar.
Nəticə əvəzi
“Azadlıq” qəzeti qarşılıqlı inteqrasiya dövrü olan XXI əsrdə idmanı milli sərhədlər daxilində buxovlamaq istəyir. Bu, populizmdir, nonsesdir, yoxsa nə? Dünyadakı tendensiyaları nəzərə alsaq, deyə bilərik ki, “Azadlıq”ın mövqeyi yalançı təəssübkeşlikdən, diletantlıqdan başqa bir şey deyil. Belə geridə qalmış ibtidai təfəkkürlə “Azadlıq” haqlı ictimai qınağa tuş gəlir.
Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31