Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ankarada Dağlıq Qarabağ probleminə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Ankarada Dağlıq Qarabağ probleminə həsr olunmuş beynəlxalq konfrans keçirilib

03.06.2010 [09:59]

Konfransın sonunda 150-dən çox təşkilatın adından beynəlxalq ictimaiyyətə müraciət qəbul olunub
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Türkiyə Uluslararası İlişkilər və Strateji Analizlər Mərkəzi ilə (TüRKSAM) birgə Ankara şəhərində “Dağlıq Qarabağ probleminin həllində Türkdilli Dövlətlərin ictimai və diaspor təşkilatlarının dəstəyinin artırılması” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirib.
Beynəlxalq konfransda Türkiyədə fəaliyyət göstərən ictimai və diaspor təşkilatlarıyla yanaşı, millət vəkilləri, siyasi partiya nümayəndələri, Azərbaycanın Türkiyə Cümhuriyyətindəki səfirliyinin əməkdaşları və münaqişələrin həlli ilə məşğul olan analitiklər iştirak edib. Konfransda  Azərbaycan böyük nümayəndə heyətilə təmsil olunub. Azərbaycan nümayəndə heyətinin tərkibində Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi də konfransa qatılıb.
Tədbiri Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyələşdirib.
Konfransın keçirilməsindən əsas məqsəd türkdilli dövlətlərdə fəaliyyət göstərən ayrı-ayrı türk xalqlarının diaspor təşkilatlarının, QHT və KİV təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, bu münaqişənin ədalətli həll olunmasında qarşıya çıxan maneələr, onun Azərbaycanın iqtisadi inkişafına törətdiyi əngəllərlə bağlı məlumatlandırılması və bu qurumların diqqətini münaqişənin həllinə yönəltməklə problemin beynəlxalq müstəvidə gündəmdə saxlanılması, onları problemin aradan qaldırılmasına səfərbər etməkdən ibarət olub.
Konfransı giriş sözü ilə açan TüRKSAM başqanı Sinan Oğan tədbirin əhəmiyyətindən danışaraq bunları bildirib: “Türkiyədə Dağlıq Qarabağ problemi ilə bağlı ilk dəfədir ki, hər iki qardaş ölkənin QHT-ləri belə bir formatda konfrans keçirirlər. Konfransın TüRKSAM-da keçirilməsinin də böyük əhəmiyyəti var. çünki TüRKSAM-da Türkiyədə fəaliyyət göstərən bütün Strateji və Analitik Mərkəzlər bir araya gələrək, Koordinasiya Şurası yaradıblar. Ona görə də bu mərkəzdən çıxan hər bir sənəd beynəlxalq dairələrdə çox ciddi təsirə malik olur”.
ATXƏM-in sədri İlham İsmayılov öz çıxışında bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi kökləri tarixin dərinliklərində və böyük güclərin bölgə ilə bağlı maraqlarında yatan, eyni zamanda ermənilərin “dənizdən dənizə böyük Ermənistan” xülyasından qaynaqlanan bir problemdir. İlham İsmayılov qeyd edib ki, indiyə qədər BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) 2005-ci ilin qış sessiyasında “ATƏT-in Minsk qrupunun məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi” adlı 1416 saylı qətnamə qəbul edib. Bu qərarlarda işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz və dərhal boşaldılmasının zəruriliyi vurğulanıb. 2008-ci ildə BMT-nin Baş Assambleyası “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qərar layihəsini müzakirə edərək, 9 bənddən ibarət qətnamə çıxarıb, Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Lakin, Ermənistan hələ də beynəlxalq qurumların bu qərarlarına hörmət qoymur, öz işğalçılıq siyasətini davam etdirir.
İ.İsmayılov bildirib ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün Azərbaycana beynəlxalq dəstək verilməsi  əhəmiyyətlidir: “Bu baxımdan Türk dövlətlərinin rəsmi qurumlarının, Türk dünyasının QHT-lərinin, strateji araşdırma mərkəzlərinin problemi daha dərindən öyrənmələri, işğalın aradan qaldırılması üçün Azərbaycana lazımı dəstəyi vermələri olduqca vacib məsələdir. Biz bu günkü konfransımızda da sizlərdən bu dəstəyi gözləyirik”.
Konfransda Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komisiyasının üzvü, millət vəkili Şenol Bal və Bakı Dövlət Universitetinin professoru Musa Qasımlı da məruzə ilə çıxış edərək, Dağlıq Qarabağ probleminin həllində Türk xalqlarının vahid mövqe nümayiş etdirmələrinin zərurətindən danışıblar.
Konfransda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünyaya çatdırılmasında diaspor və QHT-lərin əməkdaşlığı” mövzusunda məruzə ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi şöbə müdirinin müavini Elnar Məmmədov Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri, Azərbaycanın bu məsələdə tutduğu mövqe, Prezident İlham Əliyevin “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və bu həqiqət heç vaxt dəyişməyəcək” bəyanatı barədə ətraflı məlumat verib, Türkiyə və Azərbaycan diaspor təşkilatlarının QHT-lərlə əməkdaşlığında bu məsələlərin nəzərə alınmasının zəruriliyini bildirib.
Azərbaycan Müəllif Hüquqları Agentliyinin əməkdaşı Araz Qurbanov, Türkiyə Strateji və Sosial Araşdırmalar Vakfı başkanı Şamil Ayrım, Dünya İqtisadi İnkişaf və Strateji Əməkdaşlıq Mərkəzi Dərnəyinin rəhbərinin müavini Alperen Buray və digərləri də çıxış edərək, problemin həllində bütün türk xalqlarının ortaq mövqedən çıxış etmələrinin əhəmiyyətini vurğulayıblar.
Konfransın sonunda 150-dən çox təşkilatın adından beynəlxalq ictimaiyyətə müraciət qəbul olunub.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1103 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30