Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qazaxıstan ATƏT-in fəaliyyətinə töhfələr verməkdədir

Qazaxıstan ATƏT-in fəaliyyətinə töhfələr verməkdədir

12.10.2010 [09:28]

Rəsmi Astana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi üçün səylərini əsirgəmir
Dekabrın 1-2-də Astanada keçiriləcək ATƏT-in sammitində təşkilata  üzv olan 50 ölkənin dövlət başçılarının, ATƏT-lə tərəfdaşlıq edən 12 dövlətin liderlərinin və 60-dan artıq beynəlxalq təşkilatın rəhbərlərinin iştirak edəcəkləri gözlənilir. Sammitin gündəliyindəki mühüm məsələlərdən birinin də  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olacağı gözlənilir. Bir sözlə, rəsmi Astana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi üçün səylərini əsirgəmir. Amma bəzi “hüquq müdafiəçiləri”  Qazaxıstanın ATƏT-dəki sədrlik dönəminə qısqanclıqla yanaşmaqdadırlar...   
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yaranmasından ötən dövr ərzində hələ belə bir hadisə qeydə alınmayıb ki,  quruma sədrlik edən ölkə haqqında belə geniş informasiya “müharibəsi” aparılsın. Hələ elə bir gün olmayıb ki, beynəlxalq informasiya şəbəkələrində Qazaxıstanın quruma sədrlik etməsinə dair mənfi emosiyalara köklənmiş xəbərlər yerləşdirilməsin. Bu zaman əsas diqqət isə guya Qazaxıstanın ona göstərilən etimadı doğrultmaması və  ATƏT-in nüfuzuna xələl gətirməsinə yönəldilir. Hətta bu günlərdə  Jurnalistlərin Müdafiəsi Komitəsi adlı təşkilat Nyu-Yorkda “Azad sözü məhdudlaşdırmaqla Qazaxıstan ATƏT-in imicinə xələl gətirir” başlıqlı hesabatını açıqlayıb. Yazının müəllifi təşkilatın Avropa və Mərkəzi Asiya proqramları üzrə koordinatoru Nina Oqnyanovadır. Sənəddə xanım Oqnyanovanın cari ilin iyun ayında  Qazaxıstana etdiyi səfər zamanı şəxsi müşahidələrinin ümumiləşdirilmiş tezisləri öz əksini tapıb. Hesabatda qeyd olunur ki, guya Qazaxıstan rəhbərliyi dünya ictimaiyyətini aldadaraq, ölkədə demokratik islahatlar həyata keçirməsinə vəd versə də, buna əməl etməyib. Odur ki, hesabat müəllifi bir az da irəli gedərək, beynəlxalq ictimaiyyəti sammitin Qazaxıstanda keçirilməsini əngəlləməyə çağırır. O, mövqeyini əsaslandırmaq üçün əsas arqument kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin internetin tənzimlənməsi haqda qanunu imzalamasını göstərir. Müəllifin fikrincə, bu, əslində,  ölkədə internetin fəaliyyətini məhdudlaşdırılması və “demokratiyanın inkişafının əngəllənməsidir”.
Sadalanan faktlardan da açıq-aydın görünür
ki, müəllif  hesabatda bilərəkdən “faktları” şişirtməklə, öz niyyətini reallıq kimi qələmə verməyə çalışır. Halbuki, internetin tənzimlənməsinə dair qanunlar bir çox ölkələrdə mövcuddur. Avropanın göbəyində- Almaniyada, İngiltərədə  və digər ölkələrdə internet saytlarında yerləşdirilən hər hansı kiçicik  bir şəkilə görə cinayət məsuliyyəti müəyyən olunub və özünü hüquq müdafiəçisi adlandıran müəllif  həmin qanunlardan xəbərsiz deyildir.  Qazaxıstanda isə internet saytlarının KİV-lərlə eyni hüquqda tutulması bu ölkənin ATƏT-ə sədrlik etməsindən çox öncə-  2001-ci ildə “KİV haqqında qanun”la müəyyənləşdirilib. Digər tərəfdən isə haqqında söhbət açılan qanun layihəsi ATƏT rəsmiləri ilə uzun müddət müzakirə edilərək hazırlanıb və ölkə parlamenti tərəfindən təsdiq olunub.  Bir sözlə, qanun , ölkə Konstitusiyası ilə müəyyən edilmiş  məlumatların xaricindəki informasiyaların yayılmasının məhdudlaşdırılmasını nəzərdə tutur.
Təbii, Qazaxıstan  Avropa dövlətləri ilə müqayisədə daha gəncdir və demokratiya yolu ilə irəliləməkdədir. Sözsüz ki, bir çox gənc dövlətlər kimi, onun da öz problemləri vardır. Amma buna baxmayaraq, Qazaxıstan artıq beynəlxalq təşkilatlarda böyük nüfuz qazana bilib. ATƏT-ə sədrlik etməsi elə buna bariz nümunədir.
Qazaxıstanın ATƏT-ə sədrlik dönəmində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurumun iclaslarında dəfələrlə müzakirə predmetinə çevrilməsi, münaqişənin həlli ilə bilavasitə məşğul olan  ATƏT-in Minsk qrupu həmsədrlərinin bir neçə dəfə regiona səfərlər etməsi, münaqişə tərəflərinin dövlət rəsmiləri ilə görüşlər keçirməsi, eləcə də, bu günlərdə ATƏT-in faktaraşdırıcı missiyasının yenidən regiona səfərə gəlməsi, Azərbaycanın işğal olunmuş rayonlarındakı vəziyyətlə yerindəcə tanış olması, aşkarlanan faktlara dair hazırlanacaq hesabatların dekabrda Astanada keçiriləcək ATƏT sammitinin gündəliyinə təqdim olunması  rəsmi Astananın münaqişənin həllində nə dərəcədə maraqlı olmasını göstərir.
Qazaxıstanın bu rəsmi mövqeyini  bir qədər əvvəl Bakıda səfərdə olan ATƏT-in sədri , Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev də bəyan edib.
ATƏT-in fəaliyyətdə olan sədri kimi ilk xarici səfərini Bakıdan başladığına diqqət çəkən K.Saudabayev Qazaxıstanın ATƏT-ə sədrliyinin prioritetlərindən birinin dondurulmuş münaqişələrinin, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi olduğunu vurğulayıb. Xarici işlər nazirliyində azərbaycanlı həmkarı ilə  görüşdən sonra keçirilən mətbuat konfransında K.Saudabayev vurğulayıb: “Mənim səfərimin əsas məqsədi mövcud məsələlərin bütün spektri ilə tanış olmaqdır. Münaqişənin həllinə layiqli töhfə vermək məqsədilə ATƏT-ə konkret təkliflər hazırlamaq üçün bunları öyrənmək çox vacibdir. Bunu etməyə Qazaxıstanın əsasları var. Biz münaqişənin tarixini bilirik, münaqişə tərəfləri ilə yaxşı münasibətlərimiz var, tərəflərdə bizim ölkə başçısına yüksək inam və hörmət var. Bu resursu Qazaxıstan tam istifadə etmək istəyir”.
Onun fikrincə xarici işlər nazirlərinin Afinada, prezidentlərin isə Soçidə keçirilmiş görüşlərində əldə olunmuş nəticələr müəyyən optimizm yaradır: “Madrid prinsiplərinin  yenilənmiş variantı, eləcə də,  Azərbaycan, Ermənistan və Rusiya  prezidentlərinin cari ildə Soçidə baş tutan  görüşü müəyyən nikbinlik yaradır. 2010-cu ildə nizamlanma prosesində irəliləyiş əldə olunacağına ümid etmək üçün əsas var. Bu il bütün parametrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün xüsusi ildir. Bütün tərəflər, o cümlədən, ATƏT-in fəaliyyətdə olan sədri kimi, mövcud imkanlardan istifadə etməliyik”.
Qeyd etmək yerinə düşər ki, Qazaxıstanın  dövlət katibi-xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevin Azərbaycan Prezidenti İlham Əliyevlə olan görüşündə də cari ildə münaqişənin həllində müsbət addımların atılacağına ümidverici fikirlər səslənib.
Qazaxıstanın ATƏT-ə sədrliyini əlamətdar hadisə kimi dəyərləndirən  Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin ATƏT-ə sədrlik edəcəyi 2010-cu ildə müsbət istiqamətdə ciddi dəyişikliklər olacağına əminliyini bildirib.
ATƏT-ə rəhbərliyin mühüm missiya olduğunu vurğulayan Azərbaycan Prezidenti  Qazaxıstanın sədrliyi dövründə ATƏT-in Avropada təhlükəsizliyin möhkəmlənməsi işində əsaslı və müsbət irəliləyişlərə nail olunacağına əminliyini bildirib. Dövlət başçısı, həmçinin, Qazaxıstanın ATƏT-ə sədrlik edən ölkə kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması işində fəal surətdə iştirak edəcəyinə inandığını bildirərək, 2010-cu ildə münaqişənin həll olunması işində ciddi irəliləyişlərə nail olunacağına ümid bəslədiyini deyib.
Kanat Saudabayev  isə öz növbəsində Qazaxıstanın ATƏT-ə sədr seçilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan K.Saudabayev, həmçinin,  ATƏT-ə sədrlik dövründə  rəsmi Astananın regionda sülhə nail olmaq üçün bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.
Xatırlatmaq yerinə düşərdi ki, ABŞ-ın ATƏT-dəki nümayəndəsi Yan Kelli, bu günlərdə Brüsseldə mətbuata verdiyi açıqlamasında   dekabrın əvvəlində Astanada keçiriləcək ATƏT-in sammitində Azərbaycan və Ermənistan üçün məqbul ola biləcək nizamlanma formulunun tapılacağına ümid etdiyini deyib. Diplomat bir qədər də irəli gedərək,  tərəflərin münaqişənin nizamlanması üçün müəyyən “yol xəritəsi”nə razılıq verməyə dəvət edilə biləcəyini də istisna etməyib.
Göründüyü kimi, Qazaxıstan ATƏT-ə sədrlik dövründə  bütün səylərini münaqişələrin, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, eləcə də, Əfqanıstanda uzun müddətdən bəri davam edən siyasi gərginliyin azaldılmasına yönəldib. Və bəzi  kiçik qüvvələrin nə söyləməsindən asılı olmayaraq, rəsmi Astana regionda sülhün bərqərar olmasına, insanların firavan yaşamasına  böyük töhfələr verməkdədir.
Səlim LOÄžMANOÄžLU

Paylaş:
Baxılıb: 1047 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30