Azərbaycana dəstək...
23.11.2022 [10:12]
Haradan qaynaqlanır?
Üzvü olmadığımız beynəlxalq təşkilatlardakı dostlarımız Fransanı və Ermənistanı növbəti dəfə məyus etdilər
Mübariz ABDULLAYEV
Azərbaycanın milli maraqlar üzərində qurulan və beynəlxalq hüququ əsas götürülməklə həyata keçirdiyi xarici siyasət kursu ölkəmizə bütün dünyada böyük nüfuz qazandırıb. Respublikamızın regional və qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsində fəal yer alması, daim həmrəyliyin və təhlükəsizliyin möhkəmlənməsinə çağırışlar etməsi, eləcə də buna sanballı töhfələr verməsi beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Prezident İlham
Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə noyabrın 21-də keçirilən tədbirdəki çıxışında bildirdiyi kimi, biz MDB məkanında birinci ölkə olduq ki, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Biz 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatına sədr seçildik və uğurlu sədrliyimizə görə bizim sədrlik müddətimiz bir il daha uzadıldı, gələn ilin sonuna qədər biz sədrlik edəcəyik. Biz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət göstəririk. “Hətta üzv olmadığımız təşkilatlarda da bizim dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir daha göstərir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Cənab Prezidentin qeyd etdiyi kimi, üzvü olmadığımız beynəlxalq təşkilatlardakı dostlarımız Azərbaycanı niyə dəstəkləyirlər? Bunun üçün tutarlı səbəblər var:
- Azərbaycan Cənubi Qafqazın lider dövlətidir;
- 30 il işğal altında qalmış torpaqlarını 44 gün ərzində öz gücü hesabına azad etdi;
- Güclü və qətiyyətli Lideri var;
- İşğaldan azad edilmiş torpaqlarda daxili büdcəsi hesabına quruculuq işləri aparır;
- Xarici (qonşuluq) siyasətini düzgün həyata keçirir;
- Avropanın enerji xəritəsini dəyişmək iqtidarına malikdir;
- Yeni dünya düzənində öz yerini müəyyənləşdirib və s.
Ermənistanın KTMT-də böyük təxribatları fiaskoya uğradı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunan dövlətlərin son davranışları həmişə ədalət mövqeyindən çıxış edən, sözü və imzası daim bir-birini tamamlayan Azərbaycana hətta üzvü olmadığı beynəlxalq təşkilatlarda da böyük hörmət bəslənildiyini və mövqeyinin dəstəklənildiyini əyani şəkildə təsdiqləyir. Söhbət postmüharibə dövründə də regionda sabitliyə və təhlükəsizliyə təhdidlər yaratmaqda davam edən məğlub Ermənistanın KTMT-ni özünün təcəvüzkarlıq siyasətinə ortaq etmək cəhdlərinin qurumda təmsil olunan dövlətlər tərəfindən rədd edilməsindən gedir. Xatırladaq ki, Ermənistanın hərbi birləşmələrinin sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatlar hərbi toqquşma ilə nəticələndi. Ordumuz bu təxribatların qarşısını “Qətiyyətli cavab” əməliyyatı ilə aldı. Vasitəçilərin səyləri ilə davam etdirilən sülh prosesinə ciddi ziyan vuran toqquşmanın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bununla belə, ordumuzun cavab həmlələri ilə təxribatların qarşısı alınarkən texnika və canlı qüvvə sarıdan böyük itkilərə məruz qalan Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyətdən, beynəlxalq birliyin və daxili auditoriyanın qınaqlarından yayınmaq məqsədilə yenə də manipulyasiyalara əl atır. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandasında təmsil olunan rəsmilər müxtəlif ölkələrin və ayrı-ayrı beynəlxalq təşkilatların rəhbərlərinə telefon açaraq onlardan kömək istədilər. KTMT-dən yardım uman Ermənistan rəhbərliyi nəyə ümid edirdi? Təxribatlara rəvac verən Ermənistanın güvəndiyi yeganə amil bu ölkənin qurumda təmsilçiliyi ola bilərdi. Yardım istəyinin və yaxud tələbinin hər hansı bir hüquqi əsası isə yerli-dibli yoxdur. Əvvəla, KTMT BMT-nin Baş Assambleyasında “müşahidəçi” statusunda qeydə alınıb. Beynəlxalq hüquqa görə, müşahidəçi təşkilatın ölkələrarası münaqişələrə hərbi müdaxilə etmək səlahiyyəti istisna edilir. Təşkilatın daxili nizamnaməsinə gəldikdə isə, bəli, burada üzv dövlətlərin qarşılıqlı yardımı ilə bağlı müddəa var. Ancaq bu yardım hansı hallarda göstərilə bilər? Üzv dövlətlərdən birinə təcavüz faktı qeydə alındığı təqdirdə. Ancaq Ermənistana qarşı Azərbaycan tərəfdən hər hansı bir təcavüz halı baş verməmişdi. Azərbaycan öz mövqeyini daim açıq şəkildə ifadə etdiyi və sülh prosesinə davamlı dəstək verdiyi halda KTMT hansı prizmadan yanaşaraq Ermənistan sərhədlərinin “pozulmasına” görə bu ölkəyə yardım əli uzada bilərdi? Ortada Ermənistanı məyus edəcək başqa bir amil də var. KTMT-də təmsil olunan dövlətlərin əksəriyyəti Azərbaycanla yüksək səviyyəli münasibətlərə malikdir. Həmin dövlətlər respublikamızı Cənubi Qafqazın regional iqtisadi əməkdaşlığın inkişafına sanballı töhfələr verən açar dövləti kimi qəbul edirlər. Belə isə Ermənistan KTMT-də kimin dəstəyinə ümid bəsləyə bilər? Təbii ki, heç bir üzv dövlətin. Ermənistan Azərbaycanın üzv olmadığı KTMT-nin xətti ilə ölkəmizə qarşı əsassız iddia qaldırmaq və qurumda təmsil olunan dövlətləri respublikamızla üz-üzə qoymaq istəyirdi. Alınmadı. Qurum Ermənistanın müraciəti əsasında videoformatda toplantı keçirsə də, burada düşmən dövlətin iddiaları təmin olunmadı və Azərbaycana qarşı hər hansı bir sənəd qəbul olunmadı. Ermənistanın KTMT-ni özünün təcavüzkarlıq siyasətinə ortaq etmək istəyini böyük təxribat və böyük cinayət kimi səciyyələndirən Prezident İlham Əliyev vurğulayıb: “Ancaq bu təşkilatın digər üzvləri bu təxribata getmədilər. Bəziləri isə öz çıxışlarında Ermənistanı elə günə qoydular ki, Ermənistanda bu günə qədər də bunu yaddan çıxara bilmirlər. Yəni, bu, nəyi göstərir? Bu təşkilatda bizim dostlarımız Ermənistanınkından daha çoxdur. Nəyə görə? Siyasətimizə görə, bizim etibarlı tərəfdaş olmağımıza görə. Ermənistana nə üçün münasibət mənfidir? Ona görə ki, onlar hər yerdə yalan danışırlar və öz problemlərini həll etmək üçün daha qapı qalmayıb ki, oraya müraciət etməsinlər. Bütün bunlar göz qabağındadır, hər kəs bunu görür, hər kəs bunu bilir”.
Fransa və Ermənistanın frankofoniya üzqarası
Fransa və Ermənistanı birləşdirən çox cəhətlər sadalamaq mümkündür. Əsas birləşdirici məqamlardan biri ondan ibarətdir ki, təcavüzkarlıq hər iki ölkənin dövlət siyasətinin mühüm bir istiqamətini təşkil edir. Ermənistan son üç onillik ərzində Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxladı və burada misli görünməmiş vandalizm əməlləri törətdi. Bu ölkə uğradığı acınacaqlı məğlubiyyətə baxmayaraq, postmüharibə dövründə də revanşizm mövqeyindən çıxış edir, yenə də Cənubi Qafqazda sabitliyə, əməkdaşlığa təhdidlər yaradır.
Azərbaycan xalqının yaxşı bir zərb-məsəli var: Dostunu mənə göstər, deyim, sən kimsən. Təcavüzkar Ermənistan Fransanı dünyada özünə ən yaxın dost sanır. Belə görünür ki, Fransa da Ermənistanla eyni yolun yolçusudur. Necə deyərlər, taylı tayını tapar. Prezident İlham Əliyev bu iki ölkənin bir-birlərinə “bacı” demələrinə diqqət çəkib və bu, zalda böyük uğultu ilə qarşılanıb. Həqiqətən də, iki ölkənin aralarındakı münasibətləri “bacılıq” kimi səciyyəndirmələri istehza doğurur. Axı onlar bir-birlərini “qardaş” da adlandıra bilərdilər. Fransa ilə Ermənistanın “bacı-bacı” söhbətini qoyaq kənara. Məsələ burasındadır ki, dünyaya demokratiya dərsi keçmək iddialarında bulunan Fransa XXI əsrdə müstəmləkəçilik siyasətindən əl çəkmək istəmir. Bu ölkənin kolonialist siyasətinə sadiqliyini diqqətə çatdırmaq üçün bir neçə fakta diqqət yetirək. 1994-cü ildə fransızlar Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Həmin əməliyyat zamanı yerli tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin soyqırımı aktında Fransanın rolunu dəqiq müəyyən etdiyi barədə bəyanatı isə rəsmi Parisdə siyasi böhrana səbəb oldu. Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çox sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsi ilə Liviyada keçirilən “Harmattan” və iki il sonra Malidəki “Serval” hərbi əməliyyatları da böyük dağıntılar və qətllərlə sonuclanıb. Bütövlükdə, Afrikada yerləşən Benin, Çad, Cibuti, Qabon, Qana, Kamerun, Komor adaları, Mavritaniya, Niger, Seneqal, Tunis, daha sonra Suriya, Livan və nəhayət, Əlcəzair zaman-zaman Fransa tərəfindən törədilən dəhşətli qırğınlara şahidlik edib. Təkcə Əlcəzairdə Fransa ordusu 1,5 milyon insanı qətlə yetirib. Əlcəzair bir əsrdən çox müddətdə Fransanın təcavüzünə məruz qalıb. Fransanın ilk nüvə silahı da məhz Əlcəzairdə sınaqdan keçirilib. Fransa hələ 1945-ci ildən etibarən Afrikada Fransız Müstəmləkələri frankı (CFA) adlı pul vahidini dövriyyəyə buraxıb. Məhz bu pul vahidinin sayəsində Fransa Afrika ölkələrini istismar edir, onların sərvətlərini mənimsəyir. Məlum olduğu kimi, Afrikanın Sahil regionu ölkələri, habelə Fildişi Sahili və Malidə baş verən münaqişələrin əsas səbəbi CFA-ya alternativ valyuta seçmək cəhdləri olub.
Fransanın təcəvüzkarlıq siyasətini əks etdirən siyahı çox uzundur. İndi müstəmləkəçilik siyasətindən əl çəkməyən bu dövlət postmüharibə dövründə özünü Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinə, yumşaq desək, sırımağa çalışır. Fransanın canfəşanlığı başadüşüləndir. Bu ölkənin rəsmiləri Fransadakı güclü erməni lobbisinin maraqlarını gözardına alaraq Ermənistana həqiqətən “bacılıq” etmək istəyir. Fransa bir böyük bacı kimi Ermənistanın başını sığallamaq cəhdini növbəti dəfə bugünlərdə Tunisin Cerba şəhərində baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində nümayiş etdirdi. Əvvəla, fransız dili və mədəniyyəti ilə hər hansı bir bağlılığı olmayan Ermənistanın frankofoniya təşkilatında təmsilçiliyi, hətta quruma sədrlik missiyasının bu ölkəyə həvalə edilməsi suallar doğurur. Bu, başqa bir söhbətin mövzusudur. Qayıdaq frankofoniya tədbirinə. Nə qədər qəribə görünsə də, fransız dilinə və mədəniyyətinə aid olan bir tədbirdə yenə də təcavüzkar Ermənistanın siyasi ambisiyalarının müzakirə predmetinə çevrilməsinə cəhdlər göstərilib. Belə ki, Zirvə Görüşü çərçivəsində baş tutmuş Nazirlər iclası zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən təxribat xarakterli və sözügedən Təşkilatın üzvlərinin guya Azərbaycana qarşı mövqe tutmaları ilə bağlı təhriflərlə dolu bəyanat səslənib. Bundan başqa, Cerba Zirvə Görüşünə hazırlıq mərhələsində Fransanın birbaşa dəstəyilə Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunub. Lakin qurumdakı Azərbaycana dost dövlətlər həm Ararat Mirzoyanın bəyanatına, həm də qətnamə layihəsində yer alan ölkəmizə qarşı müddəalara kəskin etirazlarını bildiriblər. Bununla da qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməyib. Ölkəmizin dostlarının fəallığını yüksək dəyərləndirən Prezident İlham Əliyev “Frankofoniya təşkilatında olan dostlarımızın, - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yəni, bu, onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Çünki biz hər bir işə hər zaman məsuliyyətlə yanaşırıq. Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Biz xarici siyasət konsepsiyamızda əməkdaşlıq, dostluq prinsiplərini üstün tuturuq və imkan daxilində ehtiyacı olan ölkələrə kömək göstəririk, necə ki, COVID-19 dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Yəni, bu, böyük məsələdir. Əlbəttə ki, beynəlxalq arenada özümüzü ləyaqətlə aparmağımız bizə əlavə hörmət qazandırdı”, - deyə vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

