Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 14 il öncə və bu gün...

14 il öncə və bu gün...

18.02.2023 [10:15]

Bakı İslam mədəniyyətinin paytaxtı kimi

Nicat Dilqəmli

Azərbaycanda milli-mənəvi dəyərlərin formalaşmasında İslam dəyərlərinin böyük rolu var. Ölkəmizdə müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən, İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra dini ibadətgahlarımızın və abidələrimizin bərpası və yenidən inşası geniş vüsət aldı. Qeyd edilən tarixi dövr ərzində onlarla ibadətgah restavrasiya edilərək xalqın istifadəsinə verildi.

Ulu Öndər tərəfindən başladılan tarixi missiya bu gün Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün ölkəmiz  istər milli, istərsə də dini baxımdan bütün dünyada tolerantlıq modeli kimi tanınır. Ölkə başçımız tərəfindən İslam dəyərlərinin qorunması, təbliği, tolerantlığın inkişaf etdirilməsi istiqamətlərində bu günə qədər xeyli sayda əhəmiyyətli addımlar atılıb. 14 il bundan öncə - 2009-cu ilin 18 fevralında Prezident

İlham Əliyevin iştirakı ilə “Bakı - İslam mədəniyyətinin paytaxtı-2009” Mədəniyyət ilinin təntənəli açılış mərasimininin keçirilməsi də bu sahədə görülən işlərin uğurlu nəticələrindən biridir. Mərasim zamanı dövlət başçısı öz çıxışında islam aləminin həmrəy olmasının zəruriliyindən söz açaraq buna çox böyük ehtiyacın olduğunu qeyd etmişdi: “Biz bu illər ərzində çalışmışıq və çalışırıq ki, islam ölkələrinin həmrəyliyi, birliyi üçün öz töhfəmizi verək. Bu məqsədlə Azərbaycanda çoxsaylı tədbirlər keçirilibdir. Eyni zamanda, Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində çox fəal rol oynayır. Son illər ərzində Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir: xarici işlər nazirlərinin toplantısı, mədəniyyət və turizm nazirlərinin toplantısı. Növbəti illərdə daha da çox tədbirlər keçiriləcəkdir. Beləliklə, biz öz siyasətimizlə, addımlarımızla və praktik işlərimizlə İslam aləminin bir-birinə daha da yaxın olmasına çalışırıq. İslam həmrəyliyinin daha da möhkəm olmasına çalışırıq. Buna böyük ehtiyac var. Biz bir-birimizi dəstəkləməliyik, həm siyasi sahədə, həm də iqtisadi sahədə daha da sıx əməkdaşlıq etməliyik. Biz öz iqtisadi potensialımızı bir-birimizin xidmətinə təqdim etməliyik, islam ölkələri arasında daha çox qarşılıqlı ticarət aparılmalıdır”.

İslam ölkələrinin birliyi təhlükəsizliyin, sülhün təmin edilməsi baxımından da vacibdir. Bu mənada siyasi müstəvidə - beynəlxalq təşkilatlarda, qurumlarda qarşılıqlı əlaqələrin genişləndirilməsi gələcək perspektivdə yeni-yeni uğurların əldə edilməsi, səmərəli fəaliyyətin təmin edilməsi üçün əsas şərtlərdən biridir. Ölkə başçımız da öz çıxışlarında bu barədə danışıb: “Birgə təşəbbüslərimiz çox uğurlu olur. Bütün bu təşəbbüslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, təhlükəsizlik təmin olunsun, əmin-amanlıq olsun, dünyada müharibələr olmasın və sivilizasiyalar arasında aparılan dialoq daha da möhkəm olsun və daha da yaxşı nəticələr versin. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında çox danışılır, ancaq daha da çox işlər görülməlidir. Azərbaycanın bu işlərdə rolu getdikcə artmaqdadır”.

Şübhəsiz ki, bu müsbət tendensiya - islam aləminə müsbət töhfələrin verilməsi, islam ölkələri arasında həmrəyliyin təmin edilməsi istiqamətində görülən işlər növbəti illərdə də davam etdirilib. Belə ki, 2017-ci ildə Bakı İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərmək baxımından çox böyük məna kəsb edir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının da aktiv üzvü kimi islam dəyərlərinin qorunmasında xüsusi rol oynayır.

Bu gün dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif mənfi proseslərin getdiyi, İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdlərinin mövcud olduğu və bu proseslərin daha geniş vüsət aldığı bir zamanda Azərbaycanda İslam dəyərlərinin qorunması istiqamətində atılan addımlar, görülən işlər yüksək dəyərləndirilməyə bilməz. Ölkəmiz hər zaman dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə müsbət töhfələri ilə seçilib.

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31