Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanın Hindistan “sevgisi”

Ermənistanın Hindistan “sevgisi”

18.04.2023 [10:41]

Rəsmi İrəvan niyə özünü Rusiya və Qərb tərəfindən tərk edilmiş hiss edir?

Nardar BAYRAMLI

Ermənistanın Hindistandakı səfiri Yuri Babaxanyan iki ölkə arasında  hərbi-texniki əməkdaşlığın qurulduğunu, bu ölkədən yüz milyonlarla dollar dəyərində silah-sursat, o cümlədən “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin alınmasına dair müqavilələrin imzalandığını bildirib. O deyib ki, yaxın vaxtlarda Ermənistanın Hindistandakı səfirliyinə hərbi attaşe təyin olunacaq. Babaxanyanın sözlərinə görə, Ermənistan özünü Rusiya və Qərb tərəfindən tərk edilmiş hiss edir: “2020-ci ilin payızında 44 günlük müharibə zamanı Tramp dministrasiyasının döyüşləri dayandırmaq cəh?ləri yarımçıq və ləng olub. Lakin Co Bayden administrasiyası regiona daha çox diqqət yetirməyə çalışır. Çünki Cənubi Qafqaz Qərbin Çin, Rusiya və İran kimi əsas rəqiblərinin, eləcə də şəxsi maraqlarının arasında kəsişmə nöqtəsinə çevrilib”.

Hindistan Ermənistanı silahlandırır

Qeyd edək ki, Hindistan Ermənistana təxminən 250 milyon dollar dəyərində silah-sursat göndərəcək. Belə ki, ötən ilin sentyabrında iki ölkənin hökumətləri arasında müvafiq müqavilələr imzalanıb. Sifariş yerli istehsal olan “Pinaka” raket sistemlərinin ilk ixracını əhatə edir. Həmçinin razılaşmanın bir hissəsi olaraq Hindistan Ermənistana tank əleyhinə raketlər və bir sıra digər hərbi sursatlar da verəcək. Bu, Hindistanın Ermənistana ilk silah ixracı deyil. 2020-ci ildə Vətən müharibəsi zamanı erməni mediası yazırdı ki, Hindistan Ermənistana 4 ədəd “Swathi” radarı tədarük edib.

Maraqlıdır ki, Ermənistanın Hindistandakı səfiri silah məsələsinə görə niyə Rusiya və Qərbdən gileylənir və Hindistana üz tutur? Rusiyaya gəlincə, Ermənistan cəmiyyətində hələ 44 günlük müharibə dövründən bu ölkəyə qarşı narazılıq baş qaldırıb. Həmin vaxtlar erməni ekspertlər iddia edirdilər ki, müharibədə Ermənistanın məğlub olması silah sövdələşməsində Rusiyadan üz döndərməsinə əsas səbəb olub. Rusiyadan Ermənistana zamanında böyük həcmlərdə müxtəlif təyinatlı silahlar göndərildiyi hər kəsə bəllidir, özü də əksər hallarda hərbi texnika bu ölkəyə pulsuz, dəyəri ödənilmədən tədarük edilirdi. Lakin ermənilərin fikrincə, Rusiyadan Ermənistana daşınan hərbi texnika döyüşlər zamanı keyfiyyətsiz çıxdı, onlarla hansısa bir uğura imza atmaq müşkülə çevrildi. Açıq-aydın görünürdü ki, köhnəlmiş bu texnika ilə XXI əsrin müharibəsini aparmaq mümkün deyil. Belə qənaət hasil olur ki, məhz bu kimi səbəblərə görə də Ermənistan daha Rusiya silahlarına bel bağlamaq istəmir. Son vaxtlaradək Ermənistanda ABŞ-dan silah almaq iddiaları da müzakirə edilirdi. Ancaq bu da real görünmür. ABŞ Ermənistandan uzaq məsafədə yerləşir. Okeanın o tayından müasir silah tədarükü olduqca baha başa gələr. Bu isə Ermənistanın büdcəsinə uyğun deyil. Öz növbəsində, Qərb ermənilərə pulsuz silah vermək fikrində deyil.

Azərbaycanın qələbəsi Hindistanı niyə narahat edib?

Ümumiyyətlə, Vətən müharibəsi təkcə Azərbaycanın qələbəsi ilə yekunlaşmadı. Bu amil həm də regionun mənzərəsini, böyük güclərin Cənubi Qafqaz ölkələri ilə münasibətlərinə, xüsusilə regiondakı güclər balansına ciddi təsir etdi. Müharibədən əvvəl istər regional, istərsə də ondan kənarda yerləşən, lakin regionda maraqları olan güclər birmənalı olaraq Azərbaycanın bütün sahələr üzrə Ermənistandan üstün olduğunu dərk etsələr də, onun belə uğurlu, ildırımsürətli və hərbi cəhətdən mükəmməl taktikalardan yararlanmaqla 44 günə 28 il ərzində qurulan müdafiə potensialını dağıda biləcək qüvvəyə sahib olduğunu proqnozlaşdıra bilməmişdilər. Bu baxımdan, Hindistan da Ermənistanla münasibətləri gücləndirir. Diqqətçəkən faktlardan biri odur ki, 30 illik Ermənistan-Hindistan diplomatik münasibətləri tarixində Hindistanın xarici işlər naziri ilk dəfə olaraq Vətən müharibəsindən 11 ay sonra, 2021-ci ilin oktyabrında Ermənistanda olub.

Məsələnin əsl mahiyyətini və kökünü Ermənistandan Hindistana ixrac edilən qiymətli və əlvan metallarda axtaraq. Belə ki, rəsmi statistikaya görə, məsələn 2020-ci ildə Ermənistan Hindistana 148 milyon dollarlıq məhsul ixrac edib ki, bunun da 147 milyonu tək qızılın payına düşür. Bəs Ermənistan bu qızılı haradan çıxarıb? Əlbəttə ki, işğal etdiyi Azərbaycanın Kəlbəcər rayonundakı Zod yatağından. Statistikaya diqqət yetirdikdə, 1995-ci ildən sonra qızıl və digər qiymətli metalların ixracı hesabına Ermənistan-Hindistan ticarət dövriyyəsinin hər il hiss ediləcək dərəcədə artdığını görə bilirik. Ermənistan təkcə

2019-cu ildə 5.8 ton qızıl hasil edib ki, onun da əsas təyinat nöqtəsi Hindistan, Kanada və İsveçrə olub. Ermənistan işğal olunmuş ərazilərimizdə yerləşən və özündə müxtəlif növ faydalı qazıntıları birləşdirən 163 yataqdan qeyri-qanuni istifadə edib. Qızıl, gümüş, mis, molibden, civə, dəmir, xrom yataqları, eləcə də qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında Ermənistan tərəfindən qeyri-qanuni və intensiv şəkildə kəşfiyyat və hasilat işləri aparılıb. Ermənistanın apardığı qeyri-qanuni iqtisadi fəaliyyət 1949-cu ildə qəbul edilmiş “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” Cenevrə Konvensiyasının, “Quru müharibəsinin qanun və adətləri haqqında” IV Haaqa Konvensiyasının tələblərini kobud şəkildə pozub.

Hindistan silahları Ermənistan ordusunu müasirləşdirməyəcək

Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərə görə təkcə Ermənistan deyil, həmin ərazilərdən qeyri-qanuni çıxarılan xam materialların və materiallardan hazırlanan məhsulların ixrac edildiyi ölkələr, habelə Hindistan məsuliyyət daşıyır. Vətən müharibəsində Azərbaycanın qələbəsi Hindistan və digər ölkələrin bu qeyri-qanuni fəaliyyətinin qarşısını alıb. Bütün bunlara görə, Hindistan Ermənistanla münasibətləri istiləşdirməyə qərar verib.

Lakin Hindistan dünyanın ərazi və əhali baxımından öndə olan ölkələrindən olsa da,  sosial-iqtisadi cəhətdən acınacaqlı səviyyədədir. Bu ölkədə əhalinin böyük hissəsi səfalət içində yaşayır, istehsal etdiyi əksər məhsulların keyfiyyəti isə müasir dünya standartlarına cavab vermir.  Belə olan halda, Hindistan istehsalı olan silahlar da Ermənistan ordusunu “müasirləşdirmək” iqtidarında deyil. Bu cür ölkədən silah alması ilə qürrələnən Ermənistan əslində özünü gülünc vəziyyətə salır.   

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31