Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Növbəti danışıqlar raundu hansı yenilikləri vəd edir?

Növbəti danışıqlar raundu hansı yenilikləri vəd edir?

24.06.2023 [10:10]

XİN rəhbərlərinin görüşü planlaşdırılır

2023-cü ilin ilk 6 ayı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqlar prosesinin ən fəal mərhələsi sayıla bilər. İlin başlanğıcından bu yana həm ölkə liderləri, həm XİN rəhbərləri, həm də qarşılıqlı komissiyalar müstəvisində bir sıra mühüm görüşlər təşkil edilib. Bu istiqamətdə keçirilən görüşlər isə həm beynəlxalq tədbirlər müstəvisində, həm də vasitəçilərin moderatorluğu ilə reallaşıb. Son iki ayda isə ard-arda baş tutan bir sıra görüşlərdən sonra isə vasitəçilər mövqelərin müəyyən mənada bəzi məsələlər kontekstində yaxınlaşdığını və müsbət implusları vurğulayıblar.

Yeri gəlmişkən, danışıqların növbəti raundu aktuallıq daşıyır. Belə ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin gələn həftə Vaşinqtonda görüşəcəyi ilə bağlı xəbər yayılıb. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bildirib. Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınmışdı.

ABŞ prosesi diqqətdə saxlayır

Qeyd olunduğu kimi, beynəlxalq güclərin, xüsusilə ABŞ-ın qısa zamanda ölkələr arasında sülhə nail olunması üçün göstərdiyi səylər göz önündədir. Təbii ki, Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanması nəinki regiona yeni iqtisadi-siyasi mənzərə bəxş edəcək, o cümlədən dünyada formalaşmaqda olan yeni iqtisadi münasibətlər konfiqurasiyası baxımından da mühüm əhəmiyyət kəsb edəcək. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycan son vaxtlarda aktuallığı artan Orta Dəhliz üzrə də ən mühüm halqalardan birini təşkil edir. Orta Dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür. Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranacaq. Bu, Zəngəzur dəhlizi hesabına  mümkün olacaq. Beləliklə, ABŞ-ın timsalında Qərb Azərbaycanın qlobal layihələrə verə biləcəyi töhfəni görür və dəyərləndirir - Ermənistan isə yaxın zamanda sülhü imzalamaqla üzərinə düşən öhdəliyi yerinə yetirmiş olacaq.

Azərbaycanla münasibətlərin normallaşması isə Ermənistanın inkişafı üçün yeni bir mərhələ deməkdir. Vurğuladığımız kimi, Azərbaycan bu gün Şərq-Qərb marşrutunun ən mühüm mərkəzlərindən sayılır və yeni iqtisadi nizamda, konfiqurasiyada özünün xüsusi yeri var. Ermənistan isə uzun illər apardığı işğalçı siyasətlə bu konfiqurasiyadan uzaqda qalıb. İndiki halda regionda sabitliyin formalaşdırılması istiqamətində atacağı önəmli addımlar İrəvana bu konfiqurasiyada yer almaq şansları qazandıra bilər. Azərbaycan dövləti hər zaman bildirib ki, Ermənistanın sülh gündəliyini təsdiqləməsi, qəbul etməsi bu ölkəni də yeni əməkdaşlıq platformalarının bir hissəsinə çevirə bilər. Bu isə öz növbəsində yeni inkişaf mərhələsi deməkdir...

Birbaşa dialoq aktuallığını qoruyur...

Bu arada ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel keçirdiyi brifinq zamanı ABŞ-da baş tutacaq növbəti görüşlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində dialoq zəruridir. “Tərəflər Cənubi Qafqaz regionunda sülhə can atdıqları üçün Vaşinqtonda növbəti danışıqları səbirsizliklə gözləyirik. Biz inanırıq ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Gərginlik yaradan addımlar, şübhəsiz ki, indi Ermənistan və Azərbaycan arasında danışıqlar müxtəlif məkanlarda aparıldığı üçün səmərəsizdir”, - deyə Vedant Patel bildirib.

Rusiyanın bu prosesdəki roluna gəlincə, Patel deyib ki, əgər Moskva prosesdə konstruktiv rol oynaya biləcəyinə inanırsa, təbii ki, bu alqışlanır.

“Bu danışıqlar irəliləyir. ABŞ bu prosesdə mühüm tərəfdaş olub və dövlət katibi bu işdə şəxsən iştirak edib. Birbaşa dialoq problemlərin həlli, uzunmüddətli sülhə nail olmaq üçün açardır”, - deyə Vedant Patel bildirib.

ABŞ rəsmisinin “birbaşa dialoq” fikri zaman-zaman səsləndirilib. Azərbaycan Prezidenti öz çıxışlarında da bu məsələyə toxunub, amma ötən dövr ərzində Ermənistan buna adekvat cavab verməyib. Daha doğrusu, müstəqil dövlət olmağı bacarmayan Ermənistanın tutduğu mövqenin özündən asılı olmaması buna imkan verməyib. İndiki halda, ABŞ-ın bu aktivliyi danışıqlarda hansısa intensivliyi formalaşdırmaq üçün mühüm fürsətdir və birbaşa dialoq bu mənada mühüm əhəmiyyətə malikdir.

Ermənistanın mövqesizliyi əsas maneədir...

Ümumiyyətlə, sülhyaratma prosesində vasitəçilik edən tərəflərin moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi birmənalı şəkildə Ermənistanın mövqesizliyidir. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda təhlükəsizlik arxitekturasının qurulmasına mane olur. Bir yandan sülh prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli mövqe nümayiş etdirir, sülh prosesini manipulyasiya etməyə çalışır. Sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan imzalanan üçtərəfli bəyanata və bu bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Bu kimi qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Göründüyü kimi, Vaşinqtonun əsas istəyi Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun olmasıdır - bu təqdirolunası bir haldır. Amma Ermənistan tərəfi müəyyən zamanlarda birbaşa dialoqun pozulmasına xidmət edəcək addımları ilə seçilir. Bunun əsl səbəbi isə yenə də Ermənistanın müstəqil qərar vermək iqtidarında olmamasından qaynaqlanır: 

- Ermənistan müstəqil xarici siyasət yürütmür;

- Ermənistanın regiona dair müstəqil siyasi baxışı yoxdur.

Bu isə hər zaman danışıqlar prosesinə təsir edən amil kimi dəyərləndirilir. Hətta Ermənistanın rəsmi şəxsləri Azərbaycanla danışıqlarda iştirak etsələr də kənardan onlara verilən təlimatlar bəzi hallarda danışıqlar prosesinə təsir göstərir. Azərbaycan sülhə sadiqdir...

Ölkəmizin yaratdığı ədalət mənzərəsi isə  ortadadır. Sülh danışıqları üçün baza təşkil edən prinsiplər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rola malik ola bilər. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlar aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda, regionun təhlükəsizlik arxitekturasının qurulması üçün bu səylər olduqca əsaslı şərait yaradıb - ölkəmizin beynəlxalq hüquqa söykənən addımları regional yaxınlaşmanı mümkünləşdirib. Bəli, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq. Azərbaycanın nümayiş etdirdiyi humanist mövqe məhz bu tezisə əsaslanır.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31