Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bayraq manipulyasiyası

Bayraq manipulyasiyası

26.06.2023 [11:00]

Mübariz ABDULLAYEV

Xoş olmayan qonşuluq Ermənistanda dövlət siyasəti səviyyəsinə yüksəlib. Bu ölkənin siyasi hakimiyyəti qonşu Türkiyə ilə ədavəti qızışdırmaq, Azərbaycanla başlanan sülhyaratma prosesini əngəlləmək üçün zaman-zaman çirkin manipulyasiyalara əl atır. Son olaraq forpost ölkə bayraq manipulyasiyası ilə gündəmə gəlib. Söhbət Ermənistan hökumətinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Yerasx adlandırılan bölgədə inşasına başlanan metallurgiya zavodunun ərazisində bu günlərdə ABŞ bayrağının ucaldılmasından gedir.

Beynəlxalq konvensiyaların pozulması

İlk növbədə onu vurğulayaq ki, Ermənistan hökuməti sərhədyanı bölgədə ağır sənaye müəssisəsinin inşasına qərar verməklə beynəlxalq konvensiyaları pozub. 1991-ci ildə Finlandiyanın Espo şəhərində imzalanmış “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Ağır metallurgiya zavodunun hazırlanan qiymətləndirmə sənədinə də yalnız Ermənistan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir.

İndiyədək müəssisənin inşası ilə bağlı Azərbaycana Ermənistan hökumətindən hər hansı bir müraciət daxil olmayıb və müəssisənin texniki əsaslandırmaları respublikamıza təqdim olunmayıb. Belə çıxır ki, Ermənistan yenə də beynəlxalq hüququ pozmaq, üzv olduğu təşkilatların qərarlarına hörmətsizlik göstərmək ənənəsini davam etdirir. Beynəlxalq təşkilatlar Ermənistanın birtərəfli siyasətini qınamalıdır.  Sərhədyanı ərazidə ağır sənaye müəssisəsinin yaradılmasına təkbaşına qərar verən Ermənistan dayandırılmalı və bu ölkəyə qarşı müvafiq cəza tədbirləri görülməlidir. Xatırladaq ki, bu yerlərin tarixi adı Arazdəyən olub. Arazdəyən İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda bir kənd idi. Adından da göründüyü kimi, Araz çayının sahilində yerləşir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib  və Yerasx adlandırılıb. Erməni əhali buraya 1897-ci ildə köçürülüb.

Ermənistanın qərəzi və sui-istifadə cəhdi

Ermənistan hakimiyyəti metallurgiya zavodunun inşasını da siyasi qərəz və manipulyasiya predmetinə çevirib. Müəssisənin inşası ABŞ investisiyası ilə maliyyələşdiriləcək. Bura 70 milyon dollar həcmində xarici investisiya qoyuluşu gözlənilir. Eyni zamanda, tikintiyə Hindistan şirkətləri də cəlb olunublar. Ermənistan rəsmiləri zavodun inşası üçün ayrılan ərazidə bu günlərdə ABŞ bayrağının ucaldılmasından bir şou düzəltməyə çalışırlar. Onlar sərhədyanı ərazidə ağır metallurgiya zavodunun inşasına Azərbaycanın etirazlarını “xarici investisiyalara qarşı təhdid”, “ABŞ-a hörmətsizlik” kimi qələmə verməyə çalışırlar. Ancaq belə iddiaların heç bir əsası yoxdur. Ermənistanın investisiya siyasəti, hansısa ölkələrin şirkətləri ilə işbirliyi Azərbaycanı əsla ilgiləndirmir. Ermənistan rəsmilərinin ABŞ bayrağı ətrafında şou yaratmaq cəhdi isə ermənilərin cılız xislətini bir daha ortaya qoyur. Bu, növbəti heç bir işə yaramayan ucuz manipulyasiya cəhdindən başqa bir şey deyil. Azərbaycan-ABŞ münasibətləri kifayət qədər yüksək səviyyədədir. Ölkəmizin etirazlarının isə bu münasibətlərlə hansısa bir əlaqəsi yoxdur. Yeri gəlmişkən, ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının qəbul etdikləri bəyanatda ABŞ hökumətinə çağırış edilib: “Amerika Birləşmiş Ştatları hökumətinə müraciət edirik ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirlikləri susmamalı, məsələyə münasibət bildirməlidirlər”.

Fırtına qabağı sükut

Ermənistan hakimiyyətinin Arazdəyəndə inşa olunacaq müəssisənin ərazisində ABŞ bayrağının ucaldılması ilə qürrələnməsinə, bundan şou düzəltm?sinə hələlik Rusiyadan və İrandan münasibət sərgilənməyib. Ancaq adıçəkilən bu dövlətlərin susqunluğu heç də razılıq jesti kimi dəyərləndirilməməlidir. Bu, əslində fırtınaqabağı sükuta bənzəyir. Sükut mütləq pozulacaq. Bunu şərtləndirən amillər çoxdur. Rusiyanın Ermənistanda maraqları ilə bağlı geniş müzakirələr açmağa lüzum görmürük. Ermənistan sözün həqiqi mənasında şimal qonşumuzun forpostudur. Rusiya bu ölkədə uzunmüddətli dövrdə qalmaq və özünün təsirlərini daha da artırmaq niyyətindədir və bunu heç gizlətmir də. Belə bir faktı qeyd edək ki, forpost dövlətin Türkiyə və İranla sərhədlərini Rusiya hərbçiləri qoruyurlar. Eyni zamanda, ABŞ-ın da regiona gəlmək istəyi hər kəsə bəllidir. Okeanın o tayında belə bir qənaət ifadə olunur ki, postmüharibə mərhələsi Qərbin Ermənistana təsir imkanlarını artırması üçün ən optimal vaxtdır.  ABŞ başda olmaqla kollektiv Qərb bu fürsəti buraxmaq istəmir. Belə olan halda Rusiya Ermənistandakı hərbi bazasından çox da uzaqda olmayan bir ərazidə ABŞ bayrağının ucaldılmasını necə sinirə bilər?

Qonşu İranla bağlı da oxşar fikirləri bölüşmək mümkündür. Hazırda İran və Ermənistan real əsaslar olmasa da, münasibətlərini yüksək səviyyəyə qaldırmaq məqsədilə müxtəlif çabalamalar sərgiləyirlər. Meqapolis sayılan Tehranla əyalət şəhərini xatırladan İrəvan birdən-birə qardaşlaşdıqlarını bəyan etdilər. Yüksəksəviyyəli rəsmilərin səfərləri intensivləşib. Hətta Ermənistan liderinin həyat yoldaşı İranda xüsusi qonaq qismində qarşılanaraq ona məscidləri gəzmək imkanı yaradılıb. Ancaq İranın Ermənistanla yaxınlaşması hər iki tərəfin üzləşdiyi reallıqlar nəzərə alınmaqla edilən məcburi gedişdir. Ermənistanın xarici aləmə yeganə quru yol çıxışı Gürcüstan və İran üzərindəndir. Gürcüstan üzərindən yol dağlıq ərazilərdən keçir və  xüsusilə qış aylarıda tez-tez bağlanır. Ümid qalır İrana. İranın özü də kollektiv Qərbin sərt sanksiyaları səbəbindən təcrid vəziyyətdədir. İran kimi böyük bir dövlətin ümidlərini kiçik Ermənistan bazarına bağlaması vəziyyətin ciddiliyini göz önündə canlandırır. Beləliklə, iki ölkənin bir-birinə qucaq açması məcburi gediş anlamına gəlir və “suda batan saman çöpündən yapışar” zərb-məsəlini yada salır. Ancaq İranda o reallıq da dərk olunur ki, Ermənistanla yaxınlıq bu ölkəni kollektiv Qərbin qəzəbindən, sanksiyalarından qorumayacaq.  Belə olan halda İranın qonşuluqda ona qarşı sanksiyalar tətbiq edilməsinin təşəbbüskarı olan ABŞ bayrağının dalğalanmasına seyirçi qalacağı inandırıcı görünmür.

Ermənistan üzərində bayraqlar kolleksiyası

Bu məqamda hazırda Ermənistan üzərində bir növ bayraqlar kolleksiyasının mövcud olduğunu da xüsusi bir məqam kimi qeyd etmək yerinə düşər. Forpost ölkənin başqa dövlətlərin çətiri və yaxud bayrağı altına sığınması artıq bir ənənə halını alıb. Yuxarıda da qeyd edildiyi kimi, burada Rusiyanın hərbi bazaları mövcuddur. Həmin bazalarda və ayrı-ayrı iri sənaye müəssisələrinin önündə Rusiya bayrağının dalğalanması Ermənistan üçün adi bir hal alıb. Mollakratiya ilə qurulan münasibətlər fonunda bu ölkədə dalğalanan İran bayraqlarının da sayı artmaqdadır. Son olaraq bu, Qafanda baş verdi - burada təmiri belə başa çatdırılmayan, tövləni xatırladan binada tələm-tələsik açılan konsulluğun üzərində İran bayrağı ucaldıldı.

Siyahıya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bayrağını da əlavə edək.  Xatırladaq ki, qurumun əsası 15 may 1992-ci ildə qoyulub. Burada Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarus təmsil olunur. Ötən ilin ikinci yarısından etibarən isə Ermənistanda Avropa İttifaqının (Aİ) əvvəlcə qısamüddətli, sonra isə uzunmüddətli missiyaları fəaliyyətə başlayıb. Ermənistanı özünə “kiçik bacı” sanan Fransanın təşəbbüsü ilə göndərilən bu missiya mülki adlandırılsa da, onun tərkibində hərbiləşdirilmiş qurumların təmsilçiləri də yer alırlar. Bəhs olunan missiyanın məqsədinin Ermənistanın Azərbaycanla olan şərti sərhədlərində müşahidələr aparmaq olduğu bildirilir. Təbii ki, Aİ-nin missiyası Ermənistandakı müəmmalı fəaliyyətini öz bayrağı altında həyata keçirir.

Ermənistan rəhbərliyinin ölkə üzərində xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının, necə deyərlər, kolleksiyasını yaratmasında niyyət ortadadır - bu rəngbərəng bayraqlar altına sığınmaqla beynəlxalq dəstəyə malik olduğu görüntüsü yaratmaq, Azərbaycana qarşı çirkin siyasətini davam etdirmək, hansısa dvidentlər qazanmaq. Ancaq indiyədək bu planların heç biri baş tutmayıb. Ermənistan üzərində dalğalanan əcnəbi bayraqlar Azərbaycanı təc?vüzkarı cəzalandırmaqdan dayandırmadı. Respublikamız haqq mübarizəsi apararaq 44 günlük müharibədə Ermənistana məğlubiyyət acısı yaşatdı və öz gücünə ərazi bütövlüyünü təmin etdi. Postmüharibə dövründə də Silahlı Qüvvələrimiz düşmənin törətdiyi təxribatların qarşısını qətiyyətlə alır. Bütövlükdə, indiyədək Ermənistanın Rusiyaya, Fransaya, İrana, KTMT-yə, Aİ-yə və digər ölkələrə və beynəlxalq qurumlara yalvarışları bir nəticə verməyib. İndi isə hər yerdən əli üzülən Ermənistan hökuməti Azərbaycanla sərhədyanı bölgədə inşa olunan ağır sənaye müəssisəsində ABŞ bayrağının ucaldılması manipulyasiyasına əl atıb.  Bu, ermənilərin növbəti xam xəyalıdır. Yuxarıdakı qısa təhlildən də göründüyü kimi, bununla yeni havadar tapdığını düşünən Ermənistan hakimiyyəti əslində ölkəni növbəti, daha kəskin ziddiyyətlər burulğanına sürükləyib.

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31