Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın qonşuluq siyasəti...

Azərbaycanın qonşuluq siyasəti...

21.07.2023 [10:00]

Ölkəmiz regionun inkişafında yeni perspektivlər yaradıb

Bir neçə gün öncə İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-mayor Məhəmməd Baqeri Azərbaycan Respublikası ilə sərhədə gələrək sərhəd məntəqəsində hərbçilərlə görüşüb. O, Qərbi Azərbaycan əyalətinin Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhəddə yerləşən Poldəşt şəhərində və Araz çayı sahillərindəki hərbi hissələrə baş çəkib. Baş Qərargah rəisi şəxsi heyətin döyüş hazırlığı vəziyyətini yoxlayıb. M.Baqerini İran ordusunun yüksək vəzifəli komandirləri müşayiət edib.

Heç bir problemimiz yoxdur...

Baqeri qeyd edib ki, Azərbaycanla sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemləri yoxdur. “Biz qonşu dövlətlərlə mehriban qonşuluq və əlaqələrin inkişaf etdirilməsi prinsipinə sadiqik. Şükür, Azərbaycanla əlaqələrimiz inkişaf edir və sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. İki ölkə arasında iqtisadi əlaqələr günü-gündən inkişaf edir və dərinləşir”.

O, Azərbaycanla sərhəd bölgəsinə etdiyi səfərin səbəbini də açıqlayıb: “Bu, sadəcə olaraq hər il ölkə sərhədlərində həyata keçirilən dövri yoxlama-təftiş səfəridir”.

Ümumiyyətlə, general Beqarinin Azərbaycanla bağlı müsbət fikirləri İranın münasibətlərin normallaşmasında maraqlı olmasının göstəricisi sayıla bilər. Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri, İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədri Mehrdad Bəzirpaş arasında iyulun 17-də İranın Astara şəhərində görüşün keçirilməsi də münasibətlərin normallaşdırılmasına xidmət edən faktdir. Bu görüşdə iki ölkə arasında regional və beynəlxalq nəqliyyat və kommunikasiya, o cümlədən enerji layihələri ilə bağlı məsələlər müzakirə olunub.

Həmsədrlərin görüşü müsbət haldır...

Tərəflər regionun tranzit potensialının inkişafı ilə bağlı səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, nəqliyyat kommunikasiyalarının inkişafına və şaxaləndirilməsinə yönəlmiş layihələrin sürətləndirilməsini məqsədəuyğun sayıblar. Bununla bağlı, xüsusilə 2022-ci il martın 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikası ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında” Anlaşma Memorandumun müddəalarının həyata keçirilməsi ilə bağlı tədbirlərin sürətləndirilməsi barədə razılaşıblar.

İki ölkə arasında nəqliyyat-kommunikasiyaların inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi ilə bağlı, Astara yük terminalının tikintisinin gələn ilin sonuna qədər başa çatması, Astaraçay üzərində avtomobil körpüsünün gömrük və sərhəd infrastrukturunun yaradılmasının tezliklə tamamlanmasının zəruriliyi bildirilib.

Görüşdə, o cümlədən enerji və su ehtiyatların istifadəsi ilə bağlı əməkdaşlıq məsələləri və layihələrin həyata keçirilməsinin vəziyyəti nəzərdən keçirilib. Bu xüsusda, “Xudafərin”, “Qız Qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə başa çatdırılması ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi qeyd edilib.

İqtisadi-ticari əlaqələr...

Bir müddət öncə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıda səfərdə olmuşdu, Qoşulmama Hərəkatının nazirlər görüşündə iştirak etmişdi. Səfər zamanı o, dövlət başçısı və xarici işlər naziri ilə də görüşmüşdü. İyulun 5-də Prezident İlham Əliyevlə görüşündə iranlı nazir ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu deyib, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində Azərbaycanla İranın mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümid edib. Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib.

Söhbət zamanı iqtisadi-ticari əlaqələrin son dövrlərdə artan dinamikası məmnunluqla qeyd edilib, Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Hər iki ölkənin XİN başçılarının görüşündə və baş tutmuş son telefon danışıqlarında da Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib. Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.

Ümumiyyətlə, görünən odur ki, son zamanlar tərəflər arasında gərginliyin aradan qaldırılması, münasibətlərin normallaşdırılması istiqamətində müxtəlif bəyanatlar səsləndirilir. Lakin bunun üçün ilk növbədə, İranın mövqeyinin müsbət mənada dəyişməsi lazımdır. Azərbaycan bütün dünya dövlətləri ilə normal və bərabərhüquqlu əlaqələrin qurulmasının tərəfdarıdır. Bu istiqamətdə də xarici siyasətimiz uğurla davam etdirilir. Eləcə də Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə sadiqdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır.

İran reallıqları görür

Ötən dövrdə ölkəmizə qarşı yanlış siyasət İran - Azərbaycan münasibətlərinin yaxşılaşmasına deyil, əksinə daha da pisləşməsinə xidmət edib ki, bu mənfi tendensiya mövcud vəziyyətdə ilk olaraq elə məhz İranın ziyanınadır. Xatırladaq ki, bir müddət öncə də İran xarici işlər naziri azərbaycanlı həmkarı ilə telefon danışığında “İran Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir” ifadəsini işlətmişdi. Şübhəsiz ki, rəsmi Tehran mövcud situasiyanın diktə etdiyi şərtləri də nəzərə alaraq Bakı ilə qarşıdurmadan geri çəkilməyin vacibliyini anlamamış deyil. Bu, müsbət məqamdır. Amma yetər ki, rəsmi Tehran səmimi olsun, ölkəmizə qarşı qərəzindən əl çəksin və Ermənistana vəkillik etməsin. İran son zamanlar region xaricindən gələn bəyanatlardan daha da aydın görür ki, bölgədə üstünlük hansı dövlətə məxsusdur- və ya yeni reallıqları hansı dövlət formalaşdırıb.  Bu manada, İranın öz xeyiri baxımından da qırmızı xətti keçilməməli olan aktor varsa, bu, ilk növbədə Azərbaycandır. Bütün bunları nəzərə alaraq rəsmi Tehran ölkəmizə münasibətdə səhvlərini və yanlış siyasətini aradan qaldırmalıdır. Bu, hər iki ölkə ilə yanaşı, bütövlükdə, regionumuz üçün də faydalıdır.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31