Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Öz “blokada”sını yaradanlar...

Öz “blokada”sını yaradanlar...

27.07.2023 [10:12]

Yüklər nə üçün Ağdam-Xankəndi yolundan daşınmasın?

Mübariz FEYİZLİ

Azərbaycanın cari ilin aprel ayında Laçın-Xankəndi yolunda Həkəri çayının üzərində sərhəd-keçid məntəqəsi qurması və burada zəruri nəzarət tədbirləri həyata keçirməsi fonunda Ermənistanda Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində yaşayan etnik erməni azlığının guya humanitar fəlakətlə üzləşdikləri barədə müzakirələr gündəmə gətirilib. Süni ajiotaj yaradılır. Baş nazir Nikol Paşinyan və Ermənistanın digər rəsmiləri öz xislətlərinə uyğun olaraq yenə də ayrı-ayrı xarici ölkələrin, beynəlxalq təşkilatların rəhbərlərinə telefon açaraq saxta göz yaşları içində onları Xankəndidə yaşanan “humanitar böhranın” aradan qaldırılmasına yardımçı olmağa çağırırlar. Əslində, bütün bunlar ermənilərin növbəti bir şou-manipulyasiyasıdır. Reallıqda isə Xankəndinin və etnik ermənilərin yaşadıqları digər ərazilərin Azərbaycan tərəfindən blokadaya alınmasından söhbət belə gedə bilməz. Ümumiyyətlə, postmüharibə dövründə sülhyaratma prosesini irəli aparmaq üçün müxtəlif təşəbbüslər irəli sürən respublikamızın belə bir niyyəti yoxdur. Təsadüfi deyildir ki, Azərbaycan  Xankəndinin ərzaq və digər humanitar tədarükünün Ağdam yolu vasitəsi ilə həyata keçirilməsi təklifini irəli sürüb.

Humanizm prinsipini ehtiva edən təklif

Azərbaycanın Laçın-Xankəndi yolunda Həkəri çayının üzərində qurulan sərhəd-keçid məntəqəsində nəzarəti gücləndirməsi sırf Ermənistanın təxribatlarına cavab olaraq görülən zəruri tədbirdir. Ermənilər sərhəd-keçid məntəqəsi qurulmazdan əvvəlki dövrdə Laçın-Xankəndi yolu ilə ərazilərimizə silah-sursat və digər qanunsuz yüklər daşıyıblar. Respublikamız üçün azuolunmaz şəxslər bu yoldan keçməklə sərbəst şəkildə Xankəndinə gəlir və burada ölkəmiz əleyhinə çağırışlar edir, separatizmi qızışdırırdılar. Azərbaycan Ermənistanın və bu ölkənin havadarlarının belə davranışlarının qarşısını almalı idi və sərhəd-keçid məntəqəsini qurmaqla bunu etdi. Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsinin yaradılması qanuna zidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıyır. Lakin Xankəndidə yuva qurmuş separatçılar və Ermənistandakı revanşist qüvvələr Laçın-Xankəndi yolunda Azərbaycanın suveren hüquqlarına zidd olan qanunsuz daşımalar həyata keçirməyə yenə də cəhdlər göstərdilər. Hətta təxribatlara da əl atıldı. Belə ki, iyunun 15-də sərhəd-keçid məntəqəsi Ermənistan tərəfindən atəşə tutuldu. İyul ayının birinci ongünlüyündə isə erməni əsilli sürücülərin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək cəhdlərinin qarşısı alındı.

Bunlar Ermənistan tərəfinin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmadığını və qeyri-qanuni fəaliyyətlərdən əl çəkmək niyyətində olmadığını bir daha təsdiqləyir. Yeri gəlmişkən, BQXK 11 iyul tarixli açıqlamasında bəyan edilməmiş məhsulların keçirilməsi fəaliyyətlərini dəstəkləmədiyini bildirib. Həmin açıqlamada qaçaqmalçılıq yüklərini daşıyan nəqliyyat vasitələrinin sürücülərinin xidməti müqavilələrinə xitam verildiyi qeyd olunub.

Ermənilərin təxribatlarına rəğmən, Azərbaycan yenə də humanizm prinsiplərindən çıxış edir. Ölkəmiz zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinin mümkünlüyü ilə bağlı mövqeyini bildirib.  Azərbaycanın daha bir təklifi isə Xankəndinə humanitar yüklərin ölkəmizin ərazisindən - Ağdam-Xankəndi yolundan istifadə etməklə çatdırılması ilə bağlıdır. Azərbaycan dövləti etnik erməniləri öz vətəndaşları hesab edir və onların hüquqlarının qorunmasına Konstitusiya ilə yüksək təminatlar verir. Belə olan halda yüklər nə üçün Ağdam-Xankəndi yolu vasitəsilə daşınmasın? Xatırladaq ki, keçmiş sovet dönəmində bu marşrutdan ermənilər də geniş istifadə edirdilər. Onlar əsas alış-verişlərini məhz bölgənin ticarət mərkəzi kimi tanınan Ağdamda edirdilər - burada həm məhsullarını satır, həm də ərzaq tədarüklərini görürdülər. Həmin təbii inteqrasiya yenidən bərpa olunmalıdır.

Ermənilərin rasist yanaşması

Ermənistanda Azərbaycanın humanizm prinsipində çıxış edərək irəli sürdüyü təklif Ermənistanda, necə deyərlər, top-tüfənglə qarşılanıb. Həmçinin Xankəndidə yuva qurmuş separatçılar respublikamızın təklifinə qarşı çıxaraq etiraz aksiyası keçiriblər. Onlar Əsgəran-Ağdam yolunu beton bloklarla bağlayaraq burada “Ölüm yolu” plakatı asıblar.

Ermənistan rəsmilərinin və separatçıların bu cür davranışları siyasi spekulasiyadır və rasist yanaşmanın göstəricisidir. Azərbaycandan gətiriləcək qida məhsullarının keyfiyyəti Ermənistan ərazisindən gələn məhsulların keyfiyyətindən pisdir? Bunu iddia etmək belə mümkün deyil.

Əslində, ermənilərin Azərbaycanın humanist təklifinə qarşı çıxmaları üçün heç bir normal arqumentləri yoxdur. Sual olunur: Ermənistanda ƏDV-si ödənilmiş mallar nə üçün humanitar yardım adı altında Azərbaycan ərazisinə gətirilməlidir və Ermənistan bundan niyə qazanmalıdır? Başqa bir mühüm məqam isə infrastrukturla bağlıdır. Qarabağda yaşayan ermənilərə ərzaq tədarükünün Ağdam yolu ilə həyata keçirilməsi logistik baxımdan daha sərfəlidir. Belə ki, Ağdam yolu daha qısadır və daşınma daha ucuz başa gəlir. Hazırda Azərbaycan işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, işğal dövründə tamam dağıdılmış Ağdamda da zəruri infrastruktur quruculuğunu intensiv şəkildə davam etdirir. O cümlədən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir yol infrastrukturu yardılır. Dördzolaqlı Bərdə-Ağdam avtomobil yolunun inşası əsasən başa çatdırılıb. Prezident İlham Əliyev 2020-ci il noyabrın 24-də uzunluğu 47 kilometrdən çox olan Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi haqqında Sərəncam imzalayıb. Artıq dəmir yolu xəttinin layihəsi üzəridə işlər başa çatdırılıb. Perspektivdə Ağdamdan Xankəndinə də dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Eyni zamanda,  “Qafqazın Xirosiması” adlandırılan Ağdamda vahid nəqliyyat qovşağı kimi layihələndirilmiş dəmir yolu və avtovağzal kompleksi tezliklə fəaliyyətə başlayacaq. Avtovağzalda ilkin olaraq on müntəzəm rayonlararası avtobus marşrutu fəaliyyət göstərəcək. Dəmir yolu vağzalında 1000-ə qədər, avtovağzalda isə 1500-ə qədər sərnişinin qəbulu planlaşdırılır.

Azərbaycanın təklifinə beynəlxalq dəstək

Ermənistan rəsmiləri və separatçılar hər nə qədər spekulyativ yanaşmalar ortaya qoysalar da, respublikamızın özündə humanizmi ehtiva edən təklifi beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycanın Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolundan istifadə etməsi ilə bağlı təklifi liderlərin Brüssel görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən də dəstəklənib. Xatırladaq ki, Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlama verib. İlk dəfədir ki, Avropa İttifaqı Şurasının rəsmisinin yaydığı sənəddə respublikamızın “Xankəndidə yaşayan erməni əhalinin təminatının Azərbaycan üzərindən həyata keçirilməsi”  təklifi yer alıb. 

Paylaş:
Baxılıb: 609 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31