Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hindistanın Ermənistanı silahlandırması...

Hindistanın Ermənistanı silahlandırması...

28.07.2023 [10:46]

“Bandunq prinsipləri” ilə uyğun gəlmir

44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni siyasi və hərbi reallıqlar formalaşdırdı. Özünün ərazi bütövlüyünü təmin edən Azərbaycan yeni mərhələdə regionda sülhün və təhlükəzisliyin təmin olunması üçün bütün səylərini səfərbər edib. Təəssüf ki, ölkəmizin bu humanist mövqeyi Ermənistan tərəfindən lazımi şəkildə dəyərləndirilmir. Artıq iki ildir ki, davam edən sülh danışıqlarını min bir yolla manipulyasiya etməyə çalışan rəsmi İrəvan hətta yenidən silahlanmaya da cəhd göstərir. Aşkar, bəzən isə dolayısı ilə gizlin şəkildə baş tutan bu silahlanmanın məqsədi isə müəmmalıdır - Ermənistan yenidən müharibəyə hazırlaşırmı?

Xüsusi olaraq qeyd edilməlidir ki, son dövrlərdə Ermənistanın aktiv şəkildə silahlandırılmasında əsas rollardan birini Hindistan oynayır. Rəsmi Dehli post-müharibə dövründə bir neçə dəfə Ermənistana silah “satışı” ilə bağlı açıqlamalarla yadda qalıb. Bu isə Qoşulmama Hərəkatının üzvü olaraq Hindistan üçün başucalığı sayıla bilməz - bu, rəsmi Dehlinin birbaşa regionda təhlükəsizliyin təmininə yönələn təhdidi belə sayıla bilər.    

Ermənistana öldürücü silahlar tədarük edilməsi...

Yeri gəlmişkən, iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşüb. Görüşdə Hikmət Hacıyev Ermənistan ilə Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi və bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirib.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır və Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir. Bu, həm də Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi “Bandunq prinsipləri” ilə uyğun gəlmir.

Hikmət Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığının rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb.

Hindistan səfiri Azərbaycan tərəfinin qaldırdığı məqamın aidiyyəti üzrə çatdırılacağını bildirib və ikitərəfli münasibətlərdə narahatlıq doğuran məsələlərin müzakirəsi üçün iki ölkə arasında dialoqun aparılmasının vacibliyini qeyd edib.

Hikmət Hacıyev Azərbaycanın Hindistan ilə dialoqa hər zaman açıq olduğunu bildirib.

250 milyon dollarlıq silah...

Göründüyü kimi Hindistan səfiri Azərbaycanın haqlı iradı qarşısında hər hansı bir əks arqument səsləndirə bilmir - çünki bu məsələ artıq aylardır ki, Ermənistan mətbuatında “səslənməkdədir”. Ermənistan KİV-in yaydığı məlumata görə, hətta Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalanıb. Hələ bir neçə ay öncə Ermənistan mətbuatı Hindistanda dərc olunan “The Economic Times” nəşrinə istinadən müqavilənin bəzi detallarını belə açıqlamışdı. Bəhs olunan dövlətlərarası müqavilə İrəvanla Dehli arasında ötən il sentyabrın əvvəllərində imzalanıb. Sənəddə Hindistanın Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcəyi göstərilib. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur. Ermənistana göndəriləcək silahlar barədə Hindistan mətbuatında da materiallar dərc olunub. Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları da tədarük ediləcək. Hətta 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd “ATAGS”ın daxil edildiyi də bildirilir.

Rəsmi etiraf...

Qeyd edək ki, bu informasiya Ermənistanın rəsmi dairələri tərəfindən də təsdiqlənmişdi - Ermənistanın Hindistandakı səfiri Yuri Babaxanyan hələ aprel ayında iki ölkə arasında  hərbi-texniki əməkdaşlığın qurulduğunu, bu ölkədən yüz milyonlarla dollar dəyərində silah-sursat, o cümlədən “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin alınmasına dair müqavilələrin imzalandığını bildirmişdi. O Ermənistanın Hindistandakı səfirliyinə hərbi attaşe təyin olunacağını da vurğulamışdı.

Hindistan dünyanın ərazi və əhali baxımından öndə olan ölkələrindən sayılsa da,  sosial-iqtisadi cəhətdən acınacaqlı səviyyədədir. Bu ölkədə əhalinin böyük hissəsi səfalət içində yaşayır, istehsal etdiyi əksər məhsulların keyfiyyəti isə müasir dünya standartlarına cavab vermir.  Belə olan halda, Hindistan istehsalı olan silahlar da Ermənistan ordusunu “müasirləşdirmək” iqtidarında deyil. Bu cür ölkədən silah alması ilə qürrələnən Ermənistan əslində özünü gülünc vəziyyətə salır. 

Biz bilirik...

Regionun aparıcı siyasi-hərbi aktoru sayılan Azərbaycan həm də təhlükəsizliyin əsas qarantıdır. İstər 44 günlük müharibə dövründə, istərsə də post-müharibə dövründə Azərbaycana qarşı “cəbhədə” yer alan ölkə və təşkilatlar anlamalıdır ki, Azərbaycanın yeganə hədəfi beynəlxalq hüququn təmini, ədalətin öz yerini tapmasıdır. Ölkəmiz bölgədə inkişafı və əməkdaşlığı dəstəkləyir. Buna mane olmağa çalışan qüvvələr isə hər bir halda fiaskoya məhkumdur. Şuşada Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdi ki, biz bilirik bizim yanımızda kim olub, biz bilirik Ermənistanın yanında kim olub, neytral mövqedə kim olub. Dövlət başçısı vurğulamışdı ki, indi bu məsələnin yenidən gündəmə gətirilməsi hesab edirəm ki, düzgün olmaz: “Bizim əsas vəzifəmiz torpaqlarımızı azad etmək idi, buna da nail olduq. Hər bir ölkənin öz gündəliyi var, öz xarici siyasəti var, necə deyərlər, öz daxili səbəbləri var. Biz bunu da başa düşürük. Bəzi ölkələrdən bəlkə daha çox dəstək gözləyirdik, bəzi ölkələrdən, ümumiyyətlə, heç nə gözləmirdik. Yəni, bu, beynəlxalq münasibətlərin qanunlarıdır. Deyə bilərəm ki, bizim təcrübəmizdə belə məsələlər ikitərəfli münasibətlərə o qədər də böyük təsir göstərmir. Deyə bilərəm ki, heç işğal dövründə də bir çox ölkələr tərəfindən neytral mövqe görmüşdük, halbuki, bununla razı deyildik, çünki biz haqlı olaraq tələb edirdik ki, haqq-ədalət mövqeyi üstünlük təşkil etsin. Eyni zamanda, işğal dövründə Ermənistanla həmrəy olan ölkələrin mövqeyini görmüşdük. Ancaq yenə də deyirəm, bu, bizim o ölkələrlə münasibətlərimizin dondurulmasına gətirib çıxarmamışdır”.

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31