Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “HAKİM”dən sonra...

“HAKİM”dən sonra...

28.07.2023 [10:55]

Yeni hərbi müqavilə Azərbaycanın hərbi təyyarələri modernləşdirilir

“Şuşa Bəyannaməsi”ndə nəzərdə tutulduğu kimi Türkiyə ilə əməkdaşlıq dərinləşdirilir

Aralarındakı qardaşlıq və dostluq münasibətlərini “Şuşa bəyannaməsi”ni imzalamaqla strateji müttəfiqlik səviyyəsinə çatdıran Azərbaycan və Türkiyə qarşıdakı dövrdə hərbi tərəfdaşlığı daha da inkişaf etdirmək niyyətindədir. Belə ki, bu ayın əvvəlində Türkiyə və Azərbaycan hava məkanlarının vahid sistem ilə mühafizəsini təmin etmək qərarına gəldiklərini bəyan etmişdi. Strateji müttəfiqlər ortaq “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsini reallaşdırmaq qərarı veriblər. Bu layihə ilə hər iki ölkənin hərbi-hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edir. Bu layihə tam reallaşdıqda, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edəcək.

Türkiyə-Azərbaycan əməkdaşlığında yeni mərhələ 

İyulun 26-da isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının TUSAŞ şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi” keçirilib. “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən imzalanma mərasimində Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmilər iştirak ediblər. Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqətdə saxladığı layihədə qardaş ölkənin müdafiə sənayesinin daxili, eləcə də milli imkan və vasitələrindən maksimum istifadə edilməsi nəzərdə tutulub.

Ümumiyyətlə, son illərdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmini üçün bir sıra birgə addımları ilə seçilən, yeni siyasi situasiyanın formalaşdırılmasında əhəmiyyətli rola malik olan Türkiyə - Azərbaycan birliyi region üçün yeni perspektivlər formalaşdırır. Xüsusi vurğulamaq lazımdır ki, bu kimi birgə layihəhələrin siyasi və hərbi əhəmiyyəti olduqca böyükdür. Məsələ ilə bağlı hətta beynəlxalq ekspertlərin belə rəyi yekdildir - hər kəs Azərbaycan ilə Türkiyə arasındakı hərbi müttəfiqliyin bölgədə hər iki dövlətə hərbi-strateji üstünlüklər qazandıracağını proqnozlaşdırır. Bu kimi addımlar iki dövlətlə yanaşı, digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir.

Regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd

44 günlük müharibədə qələbə qazanaraq ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edən Azərbaycan bölgədə yeni işbirliyi və təhlükəsizlik mühiti formalaşdırıb. Buradakı ən mühüm məqam isə postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə hədəflənmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji əməkdaşlığın rəsmiləşdirilməsi - Şuşa Bəyannaməsinin imzalanması oldu. Xüsusi qeyd edilməlidir ki, bu gün hava məkanının birgə müdafiəsi ilə bağlı sistemin formalaşdırılması, “Su-25” modernləşdirmə layihəsi müqaviləsinin imzalanması da məhz Şuşa Bəyannaməsinə əsaslanır. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsi sayılır. Bu kimi müqavilələr iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratması formuluna çevrilir. Eyni zamanda, Bəyannamə bütün sferalarda geosiyasi təhlükəsizliyi təmin edir - hərbi təhdidlərə qarşı birgə mübarizə platforması formalaşdırır. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın sürətlənməsində vacib rol oynayır. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir. Beləliklə, 2021-ci ilin və son 100 ilin ən mühüm hadisələrindən olan Şuşa Bəyannaməsinin icrası regionun geostrateji arxitekturasının yenidən dizayn olunmasına yol açır.

Bəyannamə icra olunur...

Xüsusi vurğulanmalıdır ki, Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub.  Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə müdafiə məsələlərinin əks olunması isə elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb. Sənəddə qeyd edilir:  “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Yeni siyasi-hərbi konfiqurasiya...

Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb. Türkiyə ilə Azərbaycan dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığın, strateji tərəfdaşlığın və qardaşlığın hüquqi əsasına çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev İstanbulda “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüblər.

Regionda formalaşan yeni təhlükəsizlik konfiqurasiyası fonunda xüsusi qeyd edilməlidir ki, ötən il İsrail-Azərbaycan və İsrail-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub. Nəzərə alınmalıdır ki, həm Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır və Azərbaycanla yaxın əlaqələrə malikdirlər. İsrail - Türkiyə - Azərbaycan arasındakı əməkdaşlıq üçbucağı regionda siyasi, hətta hərbi mənzərəyə də mühüm çalarlar əlavə edir. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-hərbi konfiqurasiya formalaşdırıb. Müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, üç dövlət arasında əlaqələrin yenidən möhkəmlənməsi yeni və mühüm perspektivlər yaradır.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 565 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31