Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan hakimiyyəti daxilində siyasi disbalans yaranıb: nəzarəti Qərbyönlü qanad ələ alır

Ermənistan hakimiyyəti daxilində siyasi disbalans yaranıb: nəzarəti Qərbyönlü qanad ələ alır

28.09.2011 [09:27]

“WikiLeaks” Ermənistan Prezident Administrasiyasının rəhbəri Karen Karapetyanın istefası, Ermənistan MSK-nın sədrinin müəmmalı ölümü haqqında rəsmi sənədlər yayıb
Məlum olduğu kimi, “WikiLeaks” saytı Ermənistanla bağlı materiallar dərc edib. Bu materiallarda olduqca maraqlı məsələlər əksini tapıb. Belə ki, 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərində total saxtakarlıq, Türkiyə-Ermənistan sərhədlərinin açılması, Ermənistanın mafioz dairələr tərəfindən idarə edilməsi, Gürcüstanla Azərbaycan arasında çəkişmələr ABŞ-ın Ermənistandakı səfirləri tərəfindən Dövlət Departamentinə göndərilən məxfi məktublarda tam açıqlığı ilə göstərilib. ABŞ-ın Ermənistandakı səfirliyi Dövlət Departamentinə məlumatında bildirir ki, S.Sarksyan iddia olunduğu kimi 52 faiz deyil, bundan 8-14 faiz az səs toplayıb. Onun rəqibi Ter-Petrosyan isə göstərilən 21,5 faiz yox, 30-35 faiz arası səs toplayıb. Sənədlər S.Sarkisyanın saxtakar, mafioz, quldur, qaniçən simasını açır, Ermənistan rəhbərliyində geniş vüsət almış cinayətkar münasibətləri ifşa edir. Məktublardan görünür ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və  diplomatik əlaqələrin qurulmasının əsas müəllifi və ilhamvericisi məhz B.Obama administrasiyası olub. Bir sözlə, bu və digər mühüm siyasi məsələlərin əks olunduğu sənədlərin böyük ictimai maraq kəbs etdiyini nəzərə alaraq, onları hissə-hissə dərc etməyi qərara aldıq.
Qeyd edək ki, erməni ekspertlərinin rəyinə görə, “WikiLeaks” saytında Ermənistanla bağlı 1735 sənəd dərc olunub. Avqust və sentyabr aylarında nəşr olunmuş sənədlərin böyük əksəriyyətini ABŞ-ın Ermənistandakı səfirinin siyasi məsələlər üzrə müavini, faktiki olaraq səfirlikdə II adam hesab olunan Cozef Penniqtonun məruzələri təşkil edir. C.Penniqton tərəfindən hazırlanmış məruzələrin böyük hissəsi 2007-2009-cu illəri əhatə edir. Həmçinin, “WikiLeaks” saytında dərc olunmuş sənədlərin bir qismi 2008-2011-ci illərdə Ermənistanda ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri olmuş Mari Yovanoviçin məruzələridir. Eyni zamanda, dərc olunmuş sənədlərin bir qismi 2007-ci il ərzində ABŞ səfirləri və səfirliyin əməkdaşları və 2006-cı ildə gözlənilmədən Ermənistandan geri çağırılan Con Evans tərəfindən hazırlanıb. Bundan başqa, ümumi sənədlərin 5 faizini təşkil edən avqust və sentyabr nəşrləri arasında, Amerikanın digər diplomatlarının da məruzələri var. Dərc olunmuş sənədlərin mühüm hissəsi isə 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərinə və amerikalı diplomatlarla Ermənistan müxalifəti arasındakı əlaqələrə həsr olunub.
Qeyd edək ki, bu materialların yalnız bir qismi rus və erməni dilinə tərcümə olunub. Həmçinin, bildirək ki, “WikiLeaks” nəşrləri sırasında Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsindəki erməni icmasına, amerikalı diplomatların gürcü və ruslarla münasibətlərinə, Ermənistan hökuməti tərəfindən elan olunmuş layihələrə bu və ya digər qiymətlərin verilməsinə dair məruzələr də var. Xüsusilə qeyd edək ki, “WikiLeaks”in bundan əvvəlki nəşrlərində Ermənistanda baş verən siyasi proseslərlə bağlı məsələlərə də toxunulub. Lakin ilk dəfədir ki, avqust və sentyabr sənədlərində Ermənistanla bağlı kütləvi informasiya dövriyyəyə buraxılıb. Belə ki, nəşrlər saytda avqustun ortalarında - Ermənistanın daxili siyasi həyatında ciddi problemlərin yaşandığı, “hakim üçpartiya” koalisiyası ilə Ermənistan Milli Konqresi (EMK) arasında aparılan danışıqların dalana dirəndiyi bir vaxtda dərc olunub. Xatırladaq ki, “hakim partiyanın” və EMK-nın nümayəndələri arasında aparılan danışıqlarda növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsilə ölkədə yeni legitim hakimiyyətin formalaşdırılması qərara alınmışdı. Bu görüşlərdə mövcud hakimiyyətin formal, qeyri-legitim xarakterli olması haqqında fikirlər səslənmişdi. Hakim partiyanın nümayəndələri danışıqlar zamanı, eyni zamanda, prezident və parlament seçkilərinin “oyun qaydaları haqqında” da danışmışdılar.
Belə ki, Ermənistan Milli Konqresi öz fikirlərini 87 səhifəlik sənəddə təqdim etmişdi. Burada beynəlxalq və rəsmi sənədlərə istinadən növbədənkənar ümumi seçkilərin keçirilməsi əsaslandırılmışdı. Mövcud sənədin mühüm hissəsi 2008-ci il prezident seçkilərinin saxtalaşdırılması və dövlət başçısı Serj Sarkisyanın qeyri-qanuni fəaliyyət göstərməsi haqqında müxalifət mövqeyinin ortaya qoyulması ilə bağlıdır. Qeyd edək ki, 87 səhifəlik sənəd bütövlükdə “hakim partiya”nın nəzarətində olmayan çap mediasında dərc olunmuşdu. Bu, “hakim partiya” ilə EMK arasında gələcək parlamentdəki mandatların bölüşdürülməsi haqqında aparılmış danışıqların sona çatdırıldığı vaxtda baş vermişdi.
“üçpartiyalı hakim koalisiya”nın nümayəndələri isə cavab olaraq, öz mövqelərini 130 səhifədən ibarət sənəddə ortaya qoymuşdular. Burada onlar növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı müxalifətin bütün arqumentlərini rədd etmişdilər. EMK-dan fərqli olaraq “hakim partiya” öz sənədini dərc etdirməmişdi.
Məlumat üçün bildirək ki, danışıqlar avqustun 26-da EMK tərəfindən dayandırılmışdı. Buna səbəb isə avqustun 9-da Yerevanın mərkəzində EMK-nın gənc fəalları ilə güc strukturlarının əməkdaşları arasında baş vermiş toqquşma olmuşdu. Baş vermiş insident nəticəsində, ilkin olaraq, EMK-nın 7 fəalı saxlanılmış, sonradan isə danışıqların nəticəsi olaraq, saxlanılanlardan 6-sı azadlığa buraxılmış, biri isə - Tiqran Arakelyan həbsdə saxlanılmışdı. EMK-nın nümayəndə heyəti avqustun 26-da danışıqları dayandıraraq bəyan etmişdi ki, siyasi məhbus Tiqran Arakelyanın azadlığa buraxılmasından sonra danışıqlara başlaya bilər.
Qeyd edək ki, avqustun sonu, sentyabrın əvvəllərində “WikiLeaks” sənədlərin nəşrini pik həddə çatdırmışdı. 19 və 26 avqust tarixlərində dövriyyəyə buraxılmış nəşrlərdə məlumat verilmişdi ki, toqquşma zamanı 2 hərbçi - Vardan Sevanyan və Aqasi Abramyan həlak olmuşdu. Bu ölüm hadisələrindən sonra 1000-dən artıq insanın iştirak etdiyi bir neçə etiraz aksiyası da keçirilmişdi.
Nəhayət, “WikiLeaks”in Ermənistanla bağlı yaydığı məlumatların sırasında bizə tanış olan 2 hadisə öz əksini tapmışdı:
1. Sentyabrın 8-də Ermənistan Prezident Administrasiyasının rəhbəri Karen Karapetyan istefaya getdi. “WikiLeaks”in məlumatına görə, o, Ermənistan siyasi palitrasında olduqca mühüm fiqurdur və multimilyoner qardaşı Samvel Karapetyanın vasitəsilə Rusiyanın biznes dairələri ilə münasibətlərə malikdir. İstefanın səbəbindən asılı olmayaraq açıq-aydın görünür ki, Ermənistanın hakim partiyasının yuxarı təbəqəsində daxili disbalans yaranıb, nəzarəti Qərbyönlü qanad ələ alıb.
2. Sentyabrın 9-da Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Qaregin Azaryan ürək çatışmazlığından vəfat edir. Saytın yaydığı sənəddə bildirilir ki, o, ölümündən üç gün əvvəl Ermənistandakı sonuncu prezident seçkilərinin saxtalaşdırılması haqqında “WikiLeaks”də nəşr olunmuş diplomatik sənədlərdən birində söylənilənləri inkar edib. Qeyd edək ki, 2005-ci il Konstitusiya haqqında referendumun, 2007-ci il parlament seçkilərinin, 2008-ci il prezident seçkilərinin və 2009-cu il Yerevanın Ağsaqqallar Şurasının seçilməsi üzrə keçirilmiş seçkilərə rəhbərlik etmiş Q.Azaryan kifayət qədər məlumatlı rəsmi şəxsdir. Mətbuatda dərc olunmuş məlumatlardan isə bəllidir ki, Q.Azaryan səhhətinə görə fərqlənən bir rəsmi şəxs olmuş və tibbi yardıma nadir hallarda müraciət edirmiş.
Qeyd: qəzetimizin növbəti sayında Ermənistanda keçirilmiş prezident seçkilərinin saxtalaşdırılmasından, ABŞ-ın bu saxtakarlığa göz yummasından, hətta seçkilərin nəticələrinin tanınması ilə bağlı ATƏT və Avropa Şurasının təşkil etdiyi beynəlxalq müşahidə missiyasına göstərdiyi ciddi təzyiqlərdən bəhs edən sənədləri dərc edəcəyik.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 958 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30