Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İƏT-də fövqəladə sessiya

İƏT-də fövqəladə sessiya

02.08.2023 [10:22]

Xarici işlər nazirlərinin onlayn toplantısında “Quran”ın yandırılması pislənilib

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iyulun 31-də fövqəladə onlayn sessiyası keçirilib. Bu sessiya Səudiyyə Ərəbistanı Krallığının tələbi əsasında təşkil edilib. İslam ölkələrinin nazirlər 14-cü İslam Zirvə görüşü ərəfəsində İsveç və Danimarkada “Qurani-Kərim”in nüsxələrinin təhqir edilməsi və yandırılması ilə bağlı təkrarlanan hadisələri müzakirə ediblər.

Nazirlərin bu təcili toplantısı İƏT İcraiyyə Komitəsinin cari il iyulun 2-də Ciddədəki İƏT Baş Katibliyinin mənzil-qərargahında keçirilən fövqəladə iclasdan sonra verdiyi yekun bəyanata cavab olaraq çağırılıb. Təşkilatın rəhbərliyi bu məsələ ilə bağlı bir sıra ölkələrdə yüksək səviyyəli fövqəladə görüşlərin keçirilməsinin zəruriliyini də vurğulayıb. Sessiyada İƏT-in Baş katibi Hissein Brahim Taha dünya ölkələrinə müraciət edib, həmçinin üzv dövlətlərlə məsləhətləşmələr aparılıb. Nazirlər dini nifrət və dözümsüzlüyü ifadə edən təkrar təxribat xarakterli hərəkətlərə cavab olaraq əlavə tədbirlərin görülməsi barədə müzakirələr aparıblar.

İslama hücum qəbuledilməzdir

Ümumiyyətlə, bu gün özünü inkişafın yüksək səviyyəsinə çatmış hesab edən Avropanın ayrı-ayrı ölkələrində  İslam mədəniyyətinə qarşı yeni bir hücum dalğasının yarandığını müşahidə etmək məyusedicidir. Ksenofobiya, irqçilik, millətçilik kimi təhlükəli meyllər bugünkü Avropanın mənzərəsinin bir hissəsini təşkil edir.

Bütün səmavi dinlər kimi, İslamın da özünəməxsus fundamental dəyərləri var. “Quran” dinimizin müqəddəs kitabıdır. İslam dininin dəyərləri və “Quran” millətlər və dinlər arasında nifaq yaradılmasını inkar edir, bütün insanlara milliyyətindən, dinindən asılı olmayaraq yüksək dəyər verir, fəqli etiqadlara hörmətlə yanaşır. Yəni, “Quran”, bütövlükdə İslam bəşəri bir dəyərdir. Bu dəyərlərdə humanizmi, insanpərvərliyi görməmək, başa düşməmək və dəyərləndirməmək, yumşaq desək, cahilliyə qayıdışdır. “Quran” yandıran, İslam dəyərlərini təhqir edən birisinin milli, dini, irqi kimliyinə etiqadı da natamamdır.

Son vaxtlarda Avropanın ayrı-ayrı ölkələrində “Quran”ın yandırılması halları artıb. Cari ilin mart ayında danimarkalı siyasətçi, ifrat sağçı, İslama qarşı düşmənçiliyi ilə tanınan Rasmus Paludan Kopenhagendəki Türkiyə səfirliyinin önündə “Quran”ı yandırıb. R.Paludan bu bədnam hərəkətini Danimarkanın paytaxtında polisin mühafizəsi altında gerçəkləşdirib. O, İslama hörmək etmədiyini söyləyib: “Bütün dünyada İslamı və Rəcəb Tayyib Ərdoğanı hədəf göstərməyimiz vacibdir. Biz İslama hörmət etmirik, onu xor görürük və burada istəmirik”. 

Cari ilin əvvəlindən bəri İsveçin paytaxtı Stokholm iki dəfə “Quran”ın yandırılmasına şahidlik edib. 2023-cü il yanvar ayının 21-də yenə də sağçı ekstremist Rasmus Paludan Stokholmdakı Türkiyə diplomatik missiyasının qarşısında “Quran”ı açıq şəkildə yandıraraq diplomatik qalmaqala səbəb oldu. Aradan cəmi bir neçə ay ötəndən sonra Stokholmda növbəti oxşar hadisə təkrarlanıb - müqəddəs Qurban bayramı ərəfəsində burada “Quran” yenidən yandırılıb.  Baş verənlər bütövlükdə ksenofobiyanın, dini dözümsüzlüyün güclənməsinin təzahürüdür. Məsələ burasındadır ki, qalmaqallı hadisənin baş verdiyi aksiyanın keçirilməsinə icazə İsveç polisi tərəfindən verilib. O cümlədən gücləndirilmiş Stokholm polisi aksiya zamanı müqəddəs kitabın yandırılmasının qarşısını almayıb, ikrah doğuran bu hadisəyə seyirçi qalıb. Bir qədər bundan əvvəl isə ölkənin İnzibati Məhkəməsi “İsveç polisinin “Quran”ın yandırılmasına icazə verməkdən imtina etməsinin heç bir hüquqi əsası olmadığı” barədə müəmmalı qərar qəbul edib.

BMT Baş Assambleyası qətnamə qəbul etsə də...

Avropada İslam dəyərlərini aşağılayan ölkələrin siyahısında özünü “demokratiya beşiyi” adlandıran Fransa da yer alır. Son günlərdə isə Danimarkada İslamın müqəddəs kitabı yandırılıb. Bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dinlərarası dialoqu təşviq etmək üçün qətnamə qəbul edib. Bu qətnamədə müqəddəs kitablara qarşı hər hansı bir təhqir qəti şəkildə pislənilir və beynəlxalq hüququn pozulması hesab edilir. Bu barədə BMT rəsmisi Polina Kubiyakın məlumatına görə, dialoqu təşviq etmək və nifrət nitqinə qarşı mübarizə məqsədi daşıyan sənəddə BMT dövlətlərinin dini zəmində insanlara qarşı hücumları, habelə onların dini rəmzlərinə, müqəddəs kitablarına, evlərinə, müəssisələrinə, əmlaklarına, məktəblərə, mədəniyyət mərkəzlərinə qarşı yönəlmiş oxşar hərəkətləri, beynəlxalq hüquq normalarını pozaraq qətiyyətlə pislədiyi ifadəsi yer alıb. Qətnamə konsensusla təsdiq edilib. İlk dəfə olaraq BMT qətnamələrinin mətninə dini simvollara və müqəddəs kitablara ayrıca istinad daxil edilib.

Azərbaycan “Quran”ın yandırılmasını pisləyir

Azərbaycan dövləti və cəmiyyəti də belə vandalizm əməllərini qınayır. Azərbaycan İslam dəyərlərinə böyük sayğı göstərən, bu dəyərlərlə qürur duyan  ölkədir. Respublikamız dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. İyulun 31-də Türkiyədə rəsmi səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı ilə keçirdiyi birifinqdə “Quran”ın yandırılmasını pisləyib. C.Bayramov İsveçdə və Danimarkada “Qurani-Kərim”in silsilə şəkildə yandırılması halları qəbuledilməz olduğunu i deyib. Nazir bildirib ki, tərəflərin bunu insan hüquqları və söz azadlığı ilə əlaqələndirməsi tamamilə yersizdir: “Müsəlmanların hisslərinin tapdanması və nəzərə alınmaması heç kimə bu əməli söz azadlığı və insan hüquqları çətiri altında etməyə əsas vermir. Tərəflər bununla bağlı addımlar atmalıdır. Biz bunun nəticələrinə baxmalıyıq və nəticələrə əsasən onu qiymətləndirəcəyik. Təəssüflər olsun ki, islamofobiya bir sıra ölkələrdə geniş vüsət alıb. Müqəddəs kitablara qarşı olan təcavüz həmin islamofobiyanın təzahürlərindən sadəcə biridir. Bir sıra ölkələrdə bununla bağlı kampaniyalar görürük və bu tamamilə qəbuledilməzdir”

Belə görünür ki, İslamın fundamental dəyərlərinə ayrı-ayrı ölkələrdə hücumların və aşağılayıcı hərəkətlərin fonunda daha sərt tədbirlərin görülməsinə ehtiyac var. Geniş İslam coğrafiyasını təşkil edən ölkələr müxtəlif təşkilatlarda birləşirlər. İslam dəyərlərinə təhqiramiz münasibət bəsləyən ölkələrə qarşı fərdi qaydada olduğu kimi, həm də kollektiv şəkildə, ortaq mövqe ifadə etməklə mübarizə aparmaq lazımdır. İslam Əməkdaşlıq Təşkilatında 57 ölkə təmsil olunur. Bu gücdən istifadə etməklə həddini aşaraq İslam dəyərlərini təhqir edən qüvvələrə qarşı zəruri addımlar atılmalıdır.

NARDAR

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31