Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vaşinqton siyasi maraqları naminə Ermənistandakı prezident seçkilərinin kütləvi şəkildə saxtalaşdırılmasına göz yumub

Vaşinqton siyasi maraqları naminə Ermənistandakı prezident seçkilərinin kütləvi şəkildə saxtalaşdırılmasına göz yumub

29.09.2011 [11:10]

“WikiLeaks”: Avropadakı parlament təşkilatlarının təzyiqi altında ATƏT/DTİHB saxtalaşdırılmış nəticələrə yüksək qiymət verib və qərara əsasən üzv dövlətlər arasında konsensus əldə edilib
Məlum olduğu kimi, “WikiLeaks” saytı Ermənistanla bağlı materiallar dərc edib. Bu materiallarda olduqca maraqlı məsələlər əksini tapıb. Belə ki, 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərində total saxtakarlıq, Türkiyə-Ermənistan sərhədlərinin açılması, Ermənistanın mafioz dairələr tərəfindən idarə edilməsi, Gürcüstanla-Ermənistan arasında çəkişmələr ABŞ-ın Ermənistandakı səfirləri tərəfindən Dövlət Departamentinə göndərilən məxfi məktublarda tam açıqlığı ilə göstərilib. ABŞ-ın Ermənistandakı səfirliyi Dövlət Departamentinə məlumatında bildirir ki, S.Sarkisyan iddia olunduğu kimi 52 faiz deyil, bundan 8-14 faiz az səs toplayıb. Onun rəqibi Ter-Petrosyan isə göstərilən 21,5 faiz yox, 30-35 faiz arası səs toplayıb. Sənədlər S.Sarkisyanın saxtakar, mafioz, quldur, qaniçən simasını açır, Ermənistan rəhbərliyində geniş vüsət almış cinayətkar münasibətləri ifşa edir. Məktublardan görünür ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasının əsas müəllifi və ilhamvericisi məhz B.Obama administrasiyası olub. Bir sözlə, bu və digər mühüm siyasi məsələlərin əks olunduğu sənədlərin böyük ictimai maraq kəsb etdiyini nəzərə alaraq, onları hissə-hissə dərc etməyi qərara aldıq.
Məlumat verdiyimiz kimi, “WikiLeaks”in nəşrlərinin mərkəzi mövzusu 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələri və seçkidən sonrakı proseslər təşkil edir. Burada, ABŞ diplomatı Penniqtonun yazdığı iki məktub mühüm əhəmiyyət kəsb edir. Birincisi, seçkilərin nəticələrinin saxtalaşdırılması haqqında olan məlumatdır.
Belə ki, ABŞ mənbələrinə əsasən, Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələri saxtalaşdırılıb. Prezident “seçilmiş” Serj Sarkisyan rəsmi olaraq göstərilmiş 52,82 faiz deyil, seçicilərin 8-14 faizinin dəstəyini qazana bilib. Eks-prezident Levon Ter-Petrosyana verilmiş səslərin sayına gəlincə isə, ABŞ diplomatlarının hesablamalarına görə, o, rəsmi göstərildiyi kimi 21,5 faiz deyil, 30-35 faiz səs alıb. Əlbəttə ki, bu rəqəmləri oxuyanlarda təbii sual yarana bilər: bu cür məlumatlar ABŞ diplomatlarında hardandır?
Qeyd edək ki, ABŞ 10 ildən artıq müddətdir ki, Ermənistanda fəaliyyət göstərən, ölkədə keçirilən seçkilər zamanı 2000-dək seçki məntəqəsinə müşahidəçi göndərən “Seçim səninlədir” qeyri-hökumət təşkilatını dəstəkləyir.
Digər məktubda isə namizəd eks-prezident Levon Ter-Petrosyana prezident Robert Koçaryan administrasiyasının və Milli Təhlükəsizlik Şurasının katibi Armen Gevorkyanın Konstitusiya məhkəməsinin üzvlərinə təzyiqlər göstərmək haqqında məlumatlar var. Bu informasiya təzyiqlər qarşısında aciz qalmış və sonda çıxış yolunu ABŞ səfirliyinə müraciət etməkdə görən Konstitusiya məhkəməsinin üzvü Valeriya Poqosyan tərəfindən ötürülüb.
Maraqlıdır, nəşrlərdə verilmiş məlumatlardakı göstəricilərlə erməni araşdırmaçı Qukas Meqrabyanın seçkilərlə bağlı apardığı araşdırmaların yekunları üst-üstə düşüb. Sonuncu riyazi statistika metodundan və Ermənistan MSK-sı tərəfindən verilmiş rəsmi məlumatlardan istifadə edərək, belə bir nəticəyə gəlib ki, Ermənistanda keçirilmiş sonuncu prezident seçkilərində səs vermiş insanların sayı MSK-nın rəsmi olaraq göstərdiyi rəqəmdən 525.453-625.830 nəfər az olub. Yəni, seçkilərdə iştirak etmiş seçicilərin sayı 1.045.197-1.145.574 nəfər təşkil edib. Bununla yanaşı, ABŞ diplomatının yuxarıda göstərilmiş məlumatında verilmiş səslərin sayı Levon Ter-Petrosyanın nəticələri ilə üst-üstə düşüb. Fərq yalnız ondadır ki, Penninqton rəsmi nəticələri (1.671.027) əsas götürmüş Meqrabyanın araşdırmasını isə öz adına yazıb. Beləliklə də, ABŞ diplomatının məlumatına inansaq, 19 fevral 2008-ci ildə Ermənistanda keçirilmiş sonuncu prezident seçkilərində Serj Sarkisyan seçicilərin 40,82-dən 44,82 faizədək səsini, Levon Ter-Petrosyan isə 30-35 faiz səs toplayıb. Beləliklə də, seçkilərin qalibi II turda müəyyənləşməli idi.
Rəsmi nəticələri deyil, özünün araşdırmalarını əsas götürən Meqrabyanın isə gəldiyi qənaətə görə, Sarkisyan seçkilərdə 16,3-17,8 faiz səslə üçüncü yeri tutmuşdu. 47,3-51,9 faiz səslə Levon Ter-Petrosyan və 18,3-20 faiz dəstəklə A.Baqdasaryan birinci və ikinci yeri bölüşdürüblər. V.Ohanesyan isə seçicilərin 9,5-10,5 faiz səsini toplayıb. Meqrabyanın nəticələrinə görə, ya Ter-Petrosyan prezident seçilməli idi, ya da seçkilərin II turunda Ter-Petrosyanla Baqdasaryan yarışmalı idilər.
Beləliklə, “WikiLeaks”in Penninqtonun imzası ilə yaydığı məlumatlar sübut edir ki, ABŞ-ın Ermənistandakı səfirliyi 2008-ci ildə keçirilmiş prezident seçkiləri ilə bağlı səhih məlumatlara malik olub. Lakin Vaşinqtonda o zaman siyasi və geosiyasi maraqlar naminə, Sarkisyanın dəstəklənməsi qərarı qəbul edilib. Bu dəstək amerikalı və onların beynəlxalq təşkilatlardakı, xüsusilə də, ATƏT və Avropa Şurasındakı avropalı müttəfiqlərinin fəaliyyətində öz əksini tapıb. Yəni, Avropadakı parlament təşkilatlarının təzyiqi altında ATƏT/DTİHB saxtalaşdırılmış nəticələrə yüksək qiymət verib və qərara əsasən üzv dövlətlər arasında konsensus əldə edilib.
Görünən odur ki, ATƏT-in müşahidə missiyası birbaşa öz funksiyalarını yerinə yetirməyib, seçkiləri qısamüddətli müşahidə haqqında qərar qəbul edib və ATƏT-in üzv dövlətlərinin qəbul etdiyi siyasi qərarlara tabe olub. Bu, hadisə 1990-cı ildə ATƏT-də qəbul olunmuş, 1993-cü ildə isə Ermənistanın da qoşulduğu Kopenhagen sənədinin tələblərinə ziddir. çünki Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələri siyasi qərarların sayəsində müəyyənləşdirilib.
Qeyd edək ki, seçkisonrası dövrdə də ABŞ-ın Ermənistandakı səfirliyi rusiyalı diplomatlarla, xüsusilə də, RF-nin MDB məsələləri üzrə IV Departamentinin rəhbəri İqor Qromıko ilə əlaqələrə malik olublar. Rusiyalı diplomatlarla görüş zamanı onlar bildiriblər ki, nə onlar, nə də digər müşahidə missiyaları 19 fevral 2008-ci ildə keçirilmiş prezident seçkiləri zamanı kütləvi saxtalaşdırma halına rast gəlməyiblər. Əlbəttə ki, Rusiya da Serj Sarkisyanın qələbəsini dəstəklədiyindən Ermənistanda baş verən hadisələrə müdaxilə etmək fikrində olmayıb.
Yuxarıda göstərilənlərdən fərqli olaraq, sonrakı proseslərdə maraqlı nəticələr əldə olunur. Belə ki,
- Rusiyalı müşahidəçilər keçirilmiş sonuncu parlament seçkilərində də kütləvi saxtalaşdırma halına rast gəlməyiblər. Bu da məntiqlidir, çünki Moskva S.Sarkisyanın qələbəsini dəstəkləyir.
- Qərb müşahidəçiləri isə əksinə olaraq pozuntular qeydə alıblar.
ümumiyyətlə, amerikalı diplomatlar və yüksəkçinli rəsmi nümayəndələr prezident seçkilərində hansı namizədin daha çox səs topladığını çox dəqiqliklə bilirdilər. Lakin siyasi maraqlar baxımından xalq tərəfindən dəstəklənməmiş bir şəxsin prezident olmasına razı olmuşdular. Beləliklə, onlar öz qərarlarının icrası naminə ATƏT və AŞ-nin institutlarına təzyiqlər göstərmişdilər.
Bu cür mövcud vəziyyət 2003-cü ildə Gürcüstanda və 2004-cü ildə Ukraynada müşahidə edilmişdi. Belə ki, keçirilmiş seçkilər zamanı ATƏT-in müşahidəçiləri çoxlu sayda pozuntu “qeydə almışdılar”. Nəticədə hər iki ölkədə həyata keçirilmiş inqilablar nəticəsində hakimiyyət dəyişikliyi baş vermişdi. Hər halda, Ukraynada tələsik olaraq düzəliş edilmiş, lakin 5 il sonra yenidən əvvəlki vəziyyətinə qaytarılmış qanunvericiliyə zidd olaraq seçkilərin “üçüncü turu” keçirilmişdi. Ermənistanda isə eyni mexanizm işə salınsa da, bu siyasi mövqe hakim partiyaya deyil, müxalifətə qarşı yönəlmişdi.
Penninqtonun məlumatlarından belə nəticəyə gəlmək olur ki, ABŞ və onun avropalı müttəfiqləri Konstitusiya məhkəməsinin Ter-Petrosyanın namizədliyinin ləğv edilməsi üçün Köçaryan administrasiyası tərəfindən sərt təzyiqlər altında saxlanıldığını da bilirdilər. Bundan başqa, Penninqtonun Ter-Petrosyanın namizədliyi ilə bağlı Konstitusiya məhkəməsinin qərarı haqqında verdiyi məlumatlarda açıq şəkildə təsdiqlənirdi ki, MSK-nın nümayəndəsinin mövqeyi çox zəif olmuş, qarşı tərəf isə prosesə ciddi arqumentlərlə hazırlaşmışdı.
Yuxarıda göstərdiklərimizə əsasən qeyd edək ki, AŞ PA-da Ermənistanda 2008-ci ildə keçirilmiş prezident seçkiləri ilə bağlı qəbul edilmiş (NN 1609, 1620, 1643 və 1677 saylı) qətnamələrdə avropalı parlamentarilər Levon Ter-Petrosyanın namizədliyinin ləğv edilməsi ilə bağlı Konstitusiya məhkəməsinin qəbul etdiyi qərarın erməni müxalifəti tərəfindən tanınmasını tələb edirdi. Xüsusilə, qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfirliyi təkcə 2008-ci ildə keçirilmiş prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı deyil, həmçinin, 2009-cu ildə Yerevanın Ağsaqqallar Şurasının seçilməsi zamanı yol verilmiş saxtakarlıqlar haqqında da kifayət qədər məlumata malik olublar. Belə bir vəziyyətdə isə erməni müxalifəti Erməni Milli Konqresi çərçivəsində çıxış edirdi. Bütün bunlar amerikalı diplomat Penninqtonun 2009-cu ilin iyun ayında ABŞ-a göndərdiyi məktubda bildirilir. Amerikalı diplomat yazır: “İnanmaq çətindir ki, EMK 439 dairədən yalnız 5-də qalib gəlib, amma 2008-ci ildə keçirilmiş mübahisəli seçkidə onların sayı 80-dən çox olub”.
Lakin bunlara baxmayaraq, AŞPA nümayəndələri tərəfindən seçkilərin nəticələri tanındı. ABŞ səfirliyinin nümayəndələrinin EMK-nın funksionerləri danışıqlarda qarşı tərəfdən seçkilərin nəticələrinin tanınmasını tələb edirdilər. Göründüyü kimi, heç bir il keçməmiş digər seçkilərin nəticələrinin saxtalaşdırılmasına baxmayaraq, müxalifətdən seçkilərin nəticələrinin tanınması tələb olundu. Görünən odur ki, saxtalaşdırılmış seçkilərin nəticələrinin tanınması Vaşinqtondakı siyasi xəttin yolu ilə baş tutur.

Paylaş:
Baxılıb: 932 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30