Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sərhəd kəndi Zabuxa köç başlayır

Sərhəd kəndi Zabuxa köç başlayır

09.08.2023 [10:30]

44 günlük Vətən müharibəsində Azərbaycan özünün əsas ümummilli məqsədinə çatdı - müzəffər Ordumuzun qazandığı şanlı Zəfər sayəsində özünün ərazi bütövlüyünü təmin etdi. Bu Qələbə son 200 illik tariximizin ən parlaq səhifəsidir və hər bir azərbaycanlıda sonsuz qürur hissi doğurur.

Qalib Azərbaycan üçün postmüharibə dövrünün əsas hədəfi isə işğaldan azad olunmuş ərazilərin bərpası və oraya üç onillik ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın “Böyük Qayıdış”ını təmin etməkdir. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan bu missiyanı da uğurla reallaşdırmaq əzmindədir. Artıq ötən ildən başlayaraq işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”a start verilib. İlk ünvan Zəngilan rayonunun Ağalı kəndi oldu. Hazırda burada 86 ailə - 420 nəfər  məcburi köçkün  müasir yanaşmalar əsasında inşa olunmuş mənzillərdə yaşayır. Eyni zamanda, Tərtər rayonunun Talış kəndinə, Laçın şəhərinə ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın köçü baş tutub. Bu günlərdə işğaldan azad olunmuş ərazilərə növbəti köç ediləcək daha bir ünvan da bəlli olub. Söhbət Laçın rayonunun Zabux kəndinin məskunlaşdırılmasından gedir. Avqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Zabux kəndinə birinci mərhlədə köçürüləcək ailələr arasında püşkatma keçirib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin  nümayəndələri iştirak ediblər.

Ermənilərin gözlərində qalan xəbis niyyətləri

Ermənilər elə hesab edirdilər ki, havadarlarının dəstəyi ilə tutduqları Azərbaycan torpaqlarında əbədi yaşayacaqlar. Buna görə də işğal dövründə hərbi cinayət törədərək ərazilərimizdə qanunsuz məskunlaşma siyasəti həyata keçirirdilər. Qanunsuz məskunlaşdırma siyasəti Laçın şəhərində, Zabux və Sus kəndlərində daha intensiv hal almışdı.  Ermənilər bu ərazilərdə heç vaxt kompakt şəkildə yaşamayıblar. 1992-ci ildə Laçın şəhərinin 7 829 sakini olub. İşğaldan əvvəlki son siyahıyaalmaya əsasən şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar olublar. Ermənilərin sayı isə barmaqla sayılacaq qədər az idi. Yalnız 2003-cü ildən etibarən əsasən Yaxın Şərqdə yaşayan erməni ailələrin şəhərdə məskunlaşdırılmasına başlanılıb. Ermənistanın statistik mənbələrinə əsasən, şəhərdə təxminən 500 erməni ailəsi və ya 2,190 erməni məskunlaşdırılıb.

Laçın rayonunun inzibati ərazisinə daxil olan Zabux kəndi Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşir. Keçmiş adı Xut Zabux olan kənd XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı kimi fəaliyyət göstərib, mövqeyinə görə Zabox (Zabux) adlanıb. Sonralar yaxınlığındakı Baharlı və ona birləşən Sadmanlı kəndləri də həmin adla adlandırılıb. Bütün tarixi dövrlərdə, Zabux kəndinin etnik tərkibi azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zabux kəndi strateji bir ərazi olduğu üçün ermənilər həmin əraziyə də Suriya və Livandan erməniləri köçürüblər. 2006-cı ilin statistikasına görə, kəndin əhali sayı 570 nəfər təşkil edib. Həkəri və Zabux çaylarının sahilində, Qarabağ yaylasında yerləşən Sus kəndi də eyni aqibətlə üzləşib. Belə ki, adıçəkilən köçürmələrdən sonra kənddə 250 nəfər xaricdən gətirilmiş erməni məskunlaşdırılıb. Prezident İlham Əliyev ermənilərin ərazilərimizdə qanunsuz məskunlaşdırılmasını müharibə cinayəti, beynəlxalq konvensiyaların pozulması kimi səciyyələndirib. “İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir”, - deyə dövlətimizin başçısı vurğulayıb. 

Vətən müharibəsində qazanılan şanlı Zəfər sayəsində ermənilərin arzusu gözlərində qaldı və Ordumuz üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq əvvəlcə Kəlbəcərdə, 2022-ci il avqustun 26-da isə Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində yerləşdi. Ötən il sentyabrın 21-də isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinin mərkəzində üçrəngli bayrağımızı ucaltmaqla bizə sonsuz qürur hissi yaşatdı.

Yenidən qurulan sərhəd yaşayış məntəqələri

Ordumuzun Laçında yerləşməsi ilə üç onillik ərzində qaçqınlıq, məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın  doğma yurd yerlərinə qayıdacaqları gün də yaxınlaşdı.  Prezident İlham Əliyev Laçın şəhərinin, Sus və Zabux kəndlərinin sakinlərinin geri qaytarılmasına hazırlıq görülməsi barədə müvafiq qurumlara dərhal tapşırıqlarını verdi.

Biz yuxarıda Ermənistanın işğal illərində Laçın şəhərində, Zabux və Sus kəndlərində həyata keçirdiyi qanunsuz məskunlaşma siyasətindən bəhs etdik. Eyni zamanda, yaşayış məntəqələrimizə vurulan ziyanın, dağıntıların da miqyası çox böyük olub. Ermənilər misli görünməmiş vandalizm əməlləri törədiblər və təbii sərvətlərimizi vəhşicəsinə talayıblar. Laçının süqutu doğma Azərbaycanımızın 1835 kvadratmetr ərazisinin, 13745 fərdi yaşayış evinin, 48 sənaye, 63 kənd təsərrüfatı obyektinin, 101 məktəbin, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisənin, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyektinin, 30 rabitə qovşağı, peşə məktəbi, xalq teatrı, tarix-diyarşünaslıq muzeyinin itirilməsi, on minlərlə ailənin faciəsi ilə nəticələndi. Ümumi ziyan 7,1 milyard ABŞ dollarına bərabərdir. Rayonda 1992-ci ildə olan 58227 nəfər əhali respublikanın 59 rayon və şəhərində məskunlaşıb. İşğal nəticəsində 267 nəfər laçınlı öldürülüb, 66 nəfər girov götürülüb.

Ötən qısa zaman kəsiyində Laçının, Zabuxun bərpası istiqamətində böyük iş həcmi yerinə yetirilib. Deyə bilərik ki, biz yeni bir Laçın şəhərinin, yeni bir Zabux kəndinin formalaşmasının şahidiyik.  Bütövlükdə, ötən aylarda Laçın şəhərində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil hazırlanıb. Bura ilk olaraq 20 ailə köçürüldü. Proses davam edir. Laçına soydaşlarımızın son köçü iyulun 31-də baş tutdu. Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 12 ailə - 53 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 180 ailə, yəni, 700 nəfərin daimi məskunlaşması təmin edilib. Birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insanın yaşaması nəzərdə tutulub.

Ötən ilin sentyabr ayından etibarən Zabux kəndi də sözün əsl mənasında quruculuq meydanına çevrilib. Laçında və Zabuxda bərpa-quruculuq işləri paralel aparılıb. Digər yaşayış məntəqələrində olduğu kimi, Laçında və Zabuxda görülən işləri də Prezident İlham Əliyev şəxsi nəzarətində saxlayıb. Qeyd edək ki, dövlətimizin başçısı mayın 27-də Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görülən işlər barədə məlumat verib. Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib.

Müasir dövlət kimi inkişaf edən Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasını müasir yanaşmalar əsasında həyata keçirir. Yaşayış məntəqələri “ağıllı şəhər” və “ağıllı kənd” konsepti ilə qurulur və burada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılır. İnnovativ texnologiyalardan həmçinin Laçın şəhərinin və Zabux kəndinin bərpasında da geniş istifadə olunub. Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilməsi nəzərdə tutulub. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetirilib.

Püşkatmada 20 ailə iştirak edib

Zabuxa birinci mərhələdə köçürüləcək sakinlər arasında keçirilən püşkatmada 20 ailə (88 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.

Tezliklə daimi yaşayış üçün Zabux kəndinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 644 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31