Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Le monde”də çözülən bleflər...

“Le monde”də çözülən bleflər...

10.08.2023 [10:25]

Fransa nəşri Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi

Elçin Əmirbəyovun müsahibəsini dərc edib

Mübariz FEYİZLİ

Son illərdə Azərbaycan dünyada yalan üzərində qurulan erməni təbliğatının qarşısının alınması, ölkəmizin həqiqətlərinin beynəlxalq birliyin diqqətinə çatdırılması məqsədilə sistemli iş aparır. Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsi günlərində və postmüharibə mərhələsində böyük populyarlığa malik transmilli media qurumlarına verdiyi çoxsaylı müsahibələrdə özünəxas olan yüksək diplomatik məharətlə ermənilərin uydurduqları mifləri və yalanları tar-mar etdi. Dövlət başçısının bəhs olunan müsahibələrində keçmiş Dağlıq Qarabağ probleminin, indiki mərhələdə sülhyaratma prosesinin bütün mühüm məqamlarına diqqət çəkilib və həqiqətin kimin tərəfində olduğu faktlarla əsaslandırılıb.

Bu günlərdə dünyada erməni yalanlarının ifşa edilməsi istiqamətində daha bir addım atılıb. Bu dəfə ermənilərin  yalanlarını, onların sülhyaratma prosesini manipulyasiya predmetinə çevirmələrini Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov 8 avqust 2023-cü il tarixində Fransanın aparıcı “LeMonde” qəzetində dərc olunan geniş müsahibəsində ifşa edib.

Laçın yolu bağlanmayıb

“Le monde”un jurnalisti Emanuel Qrinzspanın Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət, xüsusilə də Laçın yolu ilə bağlı suallarını cavablandıran Elçin Əmirbəyov qərb mətbuatında yer alan və guya ki, yolun bağlanması ilə əlaqədar əsassız iddialara cavab verib. Laçın-Xankəndi yolu ilə bağlı ermənilərin qaldırdıqları hay-küy heç bir reallığa söykənmir. Postmüharibə mərhələsində respublikamız erməni əhalinin Laçın-Xankəndi yolu vasitəsi ilə sərbəst gedib-gəlməsinə bütün şəraiti, təhlükəsizlik mühitini təmin etmişdi. Lakin Ermənistan bundan sui-istifadə edərək bəhs olunan marşrutdan respublikamızın ərazisinə silah-sursat, minalar daşınmasını həyata keçirdi. Bu marşrutla tez-tez xarici ölkələrdən Xankəndinə Azərbaycanın razılığı alınmadan çağırılmamış qonaqlar təşrif gətirir və onlar burada separatizmə rəvac verən çağırışlar edirdilər. Təbii ki, Azərbaycan suverenliyimizə zidd olan bu cür davranışlara dözə bilməzdi. Ermənistanın üçtərəfli Bəyanatın müddəalarına uyğun olmayan belə fəaliyyətinin qarşısı alınmalı idi. Beləliklə, Azərbaycan suveren hüququndan istifadə etməklə cari ilin aprel ayında Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurdu. Sərhəd-keçid məntəqəsinin fəaliyyəti tamamilə şəffaf şəkildə tənzimlənirdi. Bütün zəruri avadanlıqla təchiz olunan məntəqədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin, sülhməramlı kontingentin və ermənilərin sərbəst keçidi təmin olunurdu. Təbii ki, zəruri yoxlamaların aparılması şərti ilə. Lakin Ermənistan yenə də manipulyasiyalara, pozuculuq əməllərinə əl atdı. Əvvəlcə sərhəd-keçid məntəqəsi atəşə tutuldu. Təxribat zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralandı. Bir qədər sonra isə sərhəd-keçid məntəqəsindən  Qırmızı Xaç Komitəsinin avtomobillərində qaçaqmalçılıq yüklərinin daşınmasına cəhdlər göstərildi. Azərbaycan tərəfi isə iyunun ortalarında və iyulun əvvəlində törədilən təxribatlara baxmayaraq, yenə də erməni sakinlərin məntəqədən humanitar məqsədlər üçün keçidinə şərait yaradıb. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq Laçın yolunun humanitar məqsədlər üçün istifadə edilməli olduğunu, lakin iki il yarım müddət ərzində Ermənistanın bu yoldan qeyri-qanuni məqsədlər, o cümlədən Azərbaycan ərazisinə silahlı qüvvələrini, habelə silah-sursat göndərmək üçün sui-istifadə etdiyini bildirib. O, Qarabağda yaşayan ermənilərin sayının 120.000 kimi göstərilməsinin həqiqətə uyğun olmadığını və əslində, burada 50.000 erməninin, o cümlədən 10.000 qanunsuz erməni silahlı qüvvəsinin olduğunu vurğulayıb.

AR Prezidentinin nümayəndəsi müxbirin erməni hərbçilərini öz vətəndaşınız hesab edirsinizmi məzmunlu sualına cavabında onların Azərbaycan ərazisinə üçtərəfli Bəyanata zidd olaraq, qeyri-qanuni daxil olan Ermənistan silahlı qüvvələrinin üzvləri olduqlarını diqqətə çatdırıb və Azərbaycan tərəfinin bu səbəbdən 23 aprel tarixində beynəlxalq hüquqa uyğun olaraq Laçında nəzarət məntəqəsi yaratdığını söyləyib.

Xankəndidə “humanitar böhran” blefi

Ermənistandakı revanşist qüvvələrin və separatçıların uydurduqları yalanlardan biri də guya Xankəndidə “humanitar böhran”  yaşanması ilə bağlıdır. Onlar özlərisayağı and-aman edərək beynəlxalq ictimaiyyəti ermənilərin guya Xankəndidə diskriminasiyaya məruz qaldıqlarına, burada ərzaq, dərman preparatları və s. məhsulların kəskin qıtlığının yarandığına inandırmağa çalışırlar. Revanşistlərin və separatçıların vay-şivəni əslində, timsahın göz yaşlarına bənzəyir. Ermənilərin əsl niyyəti ortadadır - onlar siyasi manipulyasiyalar edirlər. Bir tərəfdən, Ermənistanın lideri Nikol Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən isə bu ölkədən Azərbaycanın razılığı alınmadan Xankəndinə tırlarla yüklərin daşınmasına cəhdlər göstərilir. Ermənistan rəhbərliyi və separatçılar bunun beynəlxalq hüquq normalarına, müstəqil dövlət olan Azərbaycanın suverenliyinə zidd olduğunu anlamamış deyillər. Bir dövlətin razılıq almadan qonşu dövlətin ərazisinə yük keçirməyə cəhd göstərməsinin izahı yoxdur. Bunu hansı məntiqlə qəbul etmək mümkündür? Azərbaycan Xankəndidə yaşayan erməniləri özünün vətəndaşları hesab edir. Onların təhlükəsizliyinin və hüquqlarının qorunmasına Konstitusiyamız hüquqi təminatlar verir. Bunu Prezident İlham Əliyev müxtəlif auditoriyalarda dəfələrlə bəyan edib. Əgər Nikol Paşinyan  respublikamızın ərazi bütövlüyünü tanıyırsa və etnik erməni azlığı ölkəmizin vətəndaşlarıdırlarsa, onların humanitar yüklərlə təminatını da Azərbaycan həyata keçirməlidir. Öz siyasətində beynəxalq hüquq normalarından və humanist yanaşmalardan çıxış edən Azərbaycan humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsinin mümkünlüyünü bildirib. Yeri gəlmişkən, bu təklif beynəlxalq səviyyədə də dəstəklənir.  Məsələn, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bir qədər bundan əvvəl Brüsseldə baş tutan üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında  Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini xüsusi vurğulayıb. İlk dəfədir ki, Avropa İttifaqı Şurasının rəsmisinin yaydığı sənəddə respublikamızın “Xankəndidə yaşayan erməni əhalinin təminatının Azərbaycan üzərindən həyata keçirilməsi”  təklifi yer alıb.

Elçin Əmirbəyov bəhs olunan müsahibəsində Laçın yolundan hazırda tibbi ləvazimatların keçdiyi və humanitar məqsədli yüklərin Azərbaycanın Ağdam və Füzuli ərazisindən keçməsi təklifinin isə ermənilər tərəfindən qəbul edilmədiyini diqqətə çatdırıb. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb ki, əgər həqiqətən də vəziyyət təqdim edildiyi kimi faciəvi olsaydı, insanlar humanitar yardımın hansı istiqamətdən gəldiyinə əhəmiyyət verməzdilər. Buradan o nəticə hasil olur ki, qondarma “hakim dairələr” orada yaşayan ermənilərin əksəriyyətini girov saxlayırlar, çünki sosial şəbəkələrdə narazılıqlar eşidilir. Qondarma “hakim qüvvələr” bu vəziyyətdən Azərbaycan əleyhinə beynəlxalq səviyyədə təzyiq məqsədilə istifadə etmək niyyəti güdürlər ki, bunun da heç bir perspektivi yoxdur.

Vaqif Xaçaturyan niyə həbs edilib?

İyulun 29-da Azərbaycanın müvafiq qurumları Laçın sərhəd-keçid məntəqəsində Vaqif Xaçaturyanı həbsə alıblar. Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən verilmiş məlumatda da qeyd edildiyi kimi, Vaqif Xaçaturyan Çerkezoviçin bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Ermənistana gedərkən sərhəd-buraxılış məntəqəsində həbs edilib. Vaqif Xaçatryan saxlanıldıqdan sonra ilkin olaraq onun tibbi müayinəsi keçirilib, o, tibb müəssisəsinə köçürülüb.

Ermənistan rəhbərliyi və separatçılar qanunlar çərçivəsində saxlanılan Vaqif Xaçaturyanın həbsə alınmasını da manipulyasiya predmetinə çeviriblər. Halbuki Ermənistan tərəfindən irəli sürülüən iddiaların heç bir əsası yoxdur. E.Əmirbəyov bəhs olunan müsahibəsində Vaqif Xaçatryanın həbs edilməsi ilə əlaqədar həqiqətlərdən də bəhs edib, onun Birinci Qarabağ müharibəsi zamanı mülki azərbaycanlılara qarşı müharibə cinayətləri törədən şəxslər siyahısında olduğunu diqqətə çatdırıb.

Xüsusi nümayəndə, jurnalistin respublikamızda avtoritar rejim olması ilə bağlı təxribatçı sualına cavab olaraq, Azərbaycanın demokratik ölkə olduğunu vurğulayıb və insan hüquqları məsələsinə gəldikdə, Fransa da daxil olmaqla, heç bir ölkənin mükəmməl olmadığı müxbirin diqqətinə çatdırılıb.

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31