Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yaponiyanın “qanlı avqust”u

Yaponiyanın “qanlı avqust”u

10.08.2023 [11:40]

Dünyada zaman-zaman elə hadisələr baş verir ki, heç vaxt unudulmur, həmişə xatırlanır – yaxşı və yaxud pis mənada. 1945-ci il avqustun 9-da bəşəriyyət üçün belə hadisələrdən biri baş verdi. Təəssüf ki, 78 il bundan əvvəl baş verən hadisə o dövr və elə indinin özü üçün də ən dəhşətli kütləvi qırğın silahından – atom bombasından istifadə edilməsi ilə bağlı olub. Qeyd olunan tarixdə ABŞ Yaponiyanın Naqasaki şəhərini məhz atom bombasından istifadə etməklə yer üzündən silib və bununla da rəqibinə sarsıdıcı zərbə endirib. Atom bombası Naqasakiyə saat 11:02-də ABŞ aviasiyası tərəfindən endirilib. Bu, “Fat Man” adlı Platonium-239 tipli atom bombası idi. Silahı daşıyan təyyarə bombanı atdıqdan sonra ani sıçrayışla fəzanın ənginliklərinə istiqamət götürüb. Ancaq cəmi bir neçə saniyə sonra baş verən dəhşətli partlayış hətta maksimal hündürlüyə qalxan təyyarənin özünü də güclü şəkildə silkələyib. Aradan onilliklər ötsə də, faciə unudulmur və dünyanın hər yerində nifrətlə anılır.

Üç gündə “gündoğar ölkə”yə atılan 2 atom bombası

ABŞ Yaponiyaya qarşı atom bombasından ilk dəfə 1945-ci il avqustun 6-da istifadə edib. İlk hədəf kimi, “gündoğar ölkə”nin Xirosima şəhəri seçilib. Həmin tarixdən üç gün sonra - avqustun 9-da məşum olay Naqasakidə təkrarlanıb. Rəqib Yaponiyanı müharibədə təslim etmək üçün bu vasitəyə əl atıb.14 avqust 1945-ci ildə çıxılmaz vəziyyətdə qalan Yaponiya təslim olmaq məcburiyyəti qarşısında qalıb. Yaponiya imperatoru Xiroxito amerikalı general Duqlas Makarturla İkinci dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən və təsdiqləyən müqaviləni imzalayıb. Təbii ki, digər tərəfdən də, Amerika Birləşmiş Ştatları öz hərbi qüdrətini dünyaya nümayiş etdirmək üçün bu dəhşətli olaya imza atıb.

İnsan faciələri Xirosima və Naqasakiyə atılan atom bombalarının ən dəhşətli fəsadlarıdır. Atom bombalarının Yaponiyaya atılması nəticəsində Xirosimada 140 mindən çox insan həlak olub. Naqasakidə isə partlayış nəticəsində cəmi bir neçə gün ərzində şəhərin 74 min sakini həlak olub. Sonradan radiasiyanın təsirindən ölənlərin sayı 143 mini keçib.

Hər iki dəhşətli olayın şahidləri

Atom bombaları həm Xirosimada, həm də Naqasakidə böyük dağıntılara səbəb olub. Partlayışların təsiri nəticəsində hər iki şəhərdə demək olar ki, bütün tikililər bu və ya digər dərəcədə ziyan çəkib – ya tamam dağılıb, ya da zədələnib.

Xirosimanın bərpası zamanı maraqlı bir fakt üzə çıxıb. Şəhər bankının direktoru dağılmış bankın qalıqları altında qalan seyfi tapanda çox rahatlıqla cibində saxladığı açarla onu açıb. Atom bombası seyfə heç bir ziyan vura bilməyib. Bankın direktoru seyfi istehsal edən müəssisəyə təşəkkür məktubu göndərib. Bankın rəsmisi məktubun sonunda minnətdarlığını bu sözlərlə ifadə edib: “Sizin istehsal etdiyiniz seyflərə hətta atom bombası da təsir edə bilmir...”

Digər bir maraqlı məqam: Elə adamlar olub ki, hər iki atom bombasının atılmasına canlı şahidlik edib. Naqasakidə yaşayan Sitomu Yamaquçi avqustun 6-da hansısa bir işi ilə bağlı Xirosimaya səfər edib. Atom bombası atılanda o, bir sutka sığınacaqda gizlənib və səhəri gün öz şəhəri Naqasakiyə qayıdıb. Daha bir gündən sonra isə o, ikinci atılan atom bombasının həyəcanını yaşayıb.

“Bal ayı” xilaskar rolunda

Arxiv materiallarından bəlli olur ki, ABŞ üçüncü atom bombasının Yaponiyaya avqustun 19-da atılmasını planlaşdırıb. Bununla bağlı hazırlıq işləri də sona çatıb, bomba təyyarəyə yüklənib. Yaponiya bu tarixə qədər təslim olduğunu bəyan edəndə “yük” təyyarədən boşaldılıb.

Ümumiyyətlə isə  ABŞ Yaponiyaya 15 atom bombası atmağı planlaşdırıb. Yaponiyanın şəhərlərinin 1945-ci ilin avqust, sentyabr, oktyabr aylarında bombalanması nəzərdə tutulub. Prosesin həyata keçirilməsi üçün 1945-ci ilin yaz aylarında xüsusi komitə yaradılıb. Komitədə atom bombasının atılacağı şəhərlərin adları da müəyyənləşdirilib.

Amerika rəsmiləri belə düşünüb ki, Yaponiya bir-iki bomba atıldıqdan sonra da mübarizəni davam etdirəcək. Məhz buna görə Yaponiyanın silsilə bombalanması məqsədəuyğun sayılıb.

Bombalanacaq şəhərlərin siyahısında Kioto, Xirosima, Yokoyama, Kokura, Niqata və digərləri yer alıb. Bu siyahıda Naqasakinin adı olmayıb. 9 avqustda əvvəlcədən bombalanması nəzərdə tutulan Kokurada hava şəraiti pis olduğundan atom bombasını daşıyan təyyarə səmtini dəyişərək Naqasaki səmalarına istiqamət alıb. Bu marşrut dəyişikliyi ABŞ prezidenti Harri Trumen üçün də gözlənilməz olub. Çünki Naqasaki bombalanacaq “ehtiyat” şəhərlər siyahısında yer alıb.

Yaponiyanın qədim Kioto şəhəri isə maraqlı bir təsadüf nəticəsində bombalanacaq şəhərlər siyahısından çıxarılıb. Belə ki, ABŞ-ın müdafiə naziri Henri Stimson “bal ayı”nı bu şəhərdə keçirdiyindən Kiotonu mədəniyyət mərkəzi kimi xarakterizə edərək bu məkana atom bombasının atılmasını məqbul saymayıb. Sonradan siyahı hazırlanarkən onun fikirləri nəzərə alınıb

Dünya atom silahına “Yox” desə də

Dünya artıq 78 ildir ki, atom silahına  “Yox” deyir. 1964-cü ildə Xirosimada hadisə qurbanlarının xatirəsinə “Sülh” məşəli yandırılıb. Məşəlin altında bu sözlər yazılıb: “Bu məşəl dünyada sonuncu nüvə silahı ləğv edilənə qədər yanacaq”.

Bununla belə, dünyada nüvə arsenalı nəinki azalmır, əksinə getdikcə artır. Ötən dövrdə yeni-yeni ölkələr nüvə texnologiyalarını mənimsəyərək təhlükəli atom silahına sahibləniblər və bunu özlərinin milli təhlükəsizlikləri üçün əsas qoruyucu vasitə hesab edirlər. Eyni zamanda, sonu görünməyən Rusiya-Ukrayna müharibəsi fonunda dünya yeni nüvə təhdidi ilə hədələnir. Müharibədə maraqlı olan qüvvələr son variant kimi atom silahının düyməsinin basılacağını istisna etmirlər.

Nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə edilməsi də təhlükə mənbəyinə çevrilib. 1979-cu ildə ABŞ-ın Tri-Meyl-Aylend Atom Elektrik Stansiyasında (AES), 1986-cı ildə Ukraynanın Çernobıl və 2011-ci ildə Yaponiyanın Fukusima AES-lərdə qəzalar baş verdi. Bu qəzalar nəticəsində böyük coğrafiyalarda ekosistemə və genefonda ciddi ziyan dəyib. Aradan on illər ötsə də, hələ də AES-lərdə baş verən qəzaların fəsadları tam şəkildə aradan qaldırılmayıb.

Bu gün nüvə təhdidi, həmçinin bizim regionumuzda da dolaşmaqdadır. Söhbət Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin yenidən uzadılmasına nail olmaq cəhdlərindən gedir. 1976-cı ildə istismara verilən bu stansiyanın istismar müddəti 30 il nəzərdə tutulmuşdu. Aradan 47 il ötür. AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il - 2026-cı ilədək artırılması qərara alınıb. Artırılmış müddətin sonu yaxınlaşdıqca, AES-in gələcək taleyi ilə bağlı müzakirələr də intensivləşir. Ermənistanın özündə də qəbul olunur ki, Metsamor artıq ömrünü başa vurub və köhnə texnologiyalar əsasında qurulan bu stansiyanın istismarı çox təhlükəlidir.  Bundan əvvəl Ermənistanda Metsamorun əvəzinə yeni AES-in inşası barədə danışılırdı. Ancaq buna lazım olan vəsait Ermənistanda yoxdur. Yeni AES-in tikintisinə xarici investorlar tapmaq da müşkülə çevrilib. Rusiyanın Ermənistanda Metsamoru əvəzləyəcək AES-in inşa edəcəyinə bəslənilən ümidlər də suya düşərək əriyib. Rusiya-Ukrayna müharibəsi şimal qonşumuzun planlarında korrektələr edib. İndi Ermənistan üçün yeni atom elektrik stansiyasının tikintisi bu ölkənin prioritetləri ilə bir araya sığmır. Bu kimi amilləri nəzərə alan Ermənistan rəhbərliyi çıxış yolunu Metsamorun istismar müddətini uzatmaqda görür. Xatırladaq ki, bu ölkədə istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür. Ermənistanın bəhs olunan planının reallaşdırılmasına qonşu dövlətlər, beynəlxalq birlik tərəfindən imkan veriləcəyi təqdirdə Cənubi Qafqazın və daha geniş coğrafiyanın başı üstünü amansız ölüm kabusunun alacağı tam realdır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 617 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31