Kaş ki, sülh bu cür asan olardı...
17.08.2023 [11:20]
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The National Interest” qəzetində “Ermənistan Cənubi Qafqazda sülhü pozmaq istəyir?” sərlövhəli məqaləsi dərc olunub
Postmüharibə mərhələsində başlayan sülhyaratma prosesi məğlub Ermənistanın siyasi-hərbi rəhbərliyinin və Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət zonasında yuva qurmuş separatçıların günahı ucbatından ləngiyir. Qalib Azərbaycan müharibə başa çatdıqdan dərhal sonra sülh təşəbbüsü ilə çıxış etsə də, Ermənistan buna adekvat reaksiya vermir. Məğlub ölkə son iki il yarımda imitasiyalarla, müxtəlif manipulyasiyalarla, bəhanələr gətirməklə və zaman-zaman silahlı təxribatlara əl atmaqla sülh sazişinin imzalanmasından, sərhədlərin müəyyənləşdirilməsindən, kommunikasiyaları açmaqdan, qanunsuz hərbi birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaqdan yayınmağa çalışır. Son vaxtlarda isə Ermənistan rəhbərliyi və separatçılar Azərbaycanın suveren hüquqları çərçivəsində Laçın yolunda sərhəd-keçid məntəqəsi qurması və nəzarət tədbirlərini gücləndirməsi fonunda Xankəndidə guya etnik erməni azlığının “humanitar böhran”la üzləşdiyi barədə hay-küy qaldırıblar.
Bu kimi iddialarının heç bir real əsasları yoxdur. Regionda müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirən Azərbaycan revanşistlərin və separatçıların yalanlarını, beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərini fəal diplomatik səylərlə ifşa edir. Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The National Interest” qəzetində “Ermənistan Cənubi Qafqazda sülhü pozmaq istəyir?” sərlövhəli məqaləsi dərc olunub. Azərbaycan Prezidentinin köməkçisi məqalədə reallıqlara istinad etməklə respublikamızın beynəlxalq hüquqa və ədalət prinsipinə əsaslanan obyektiv mövqeyinə, Ermənistanın siyasi oyunlarına, bütövlükdə, sülhyaratma prosesi ilə bağlı mühüm məqamlara diqqət çəkib.
Sülhyaratma prosesinin pozulmasının bütün məsuliyyəti Ermənistan rəhbərliyinin və separatçıların üzərinə düşür
Müharibənin başa çatmasından ötən iki il yarımda Nikol Paşinyan dəfələrlə ölkəsinin üçtərəfli Bəyanata və sülh danışıqlarına sadiqliyini, Azərbaycanın Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, reallıqda Ermənistanın sülhə doğru hansısa bir səmimi addım atdığını, konstruktiv təkliflə çıxış etdiyini söyləmək çətindir. N.Paşinyanın vədləri söz olaraq qalır, real müstəvidə Ermənistanın yenə də saxtakarlıq etdiyini, siyasi oyunlar oynadığını və yeni müharibə hazırlıqları gördüyünü müşahidə edirik. “Ermənistan diplomatik oyunlar və kampaniyalar yürütmək əvəzinə sülh danışıqlarına və Azərbaycan ilə münasibətlərin normallaşdırılmasına fokuslanmalıdır”, - deyə Hikmət Hacıyev məqaləsində vurğulayıb.
Azərbaycan Prezidentinin köməkçisi iki ölkə arasında yaşanan münaqişənin tarixinə nəzər salıb. Ermənistan Azərbaycanın beynəlxalq şəkildə tanınan ərazilərinin 20 faizini otuz ildən artıq idi işğal etmişdi. Orada yaşayan bir milyona yaxın azərbaycanlı doğma evlərini tərk etməyə və öz ölkələrində məcburi köçkün kimi yaşamağa məcbur olmuşdu.
İşğal dövründə ictimai, şəxsi, mədəni və dini irsin misli görünməmiş şəkildə dağıdıldığı ərazilər 2020-ci ildə 44 günlük müharibədən sonra azad edildi. Bir zamanlar regionun ən böyük şəhəri olan Ağdam yer üzündən elə silinib ki, artıq “Qafqazın Hiroşiması” olaraq tanınır. Sanki işğalçılar Azərbaycanın bütün izlərini silmək istəyirdilər.
Beynəlxalq hüquq, dünya dövlətləri və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımasına baxmayaraq, otuz ildir erməni siyasətçilər müstəqil etnik erməni ərazisinin yaradılmasını və ya işğal olunan torpaqların anneksiya yolu ilə Ermənistana birləşdirilməsini xəyal edirlər.
Hazırkı baş nazir Nikol Paşinyan 2018-ci ildə vəzifəyə gələn zaman Azərbaycan gözlədi ki, o, münaqişənin sülh yolu ilə həlli üçün başqa yol tutacaq. Lakin onun cəmi bir il sonra “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesinə olan bütün ümidləri boşa çıxardı. 2020-ci ildə müharibədən sonra bu bəyanat çətin reallıqla üzləşməli oldu və bu ilin əvvəlində Nikol Paşinyan Qarabağın Azərbaycanın ərazisi olduğunu etiraf etdi.
Azərbaycan Qarabağın erməni sakinlərini reinteqrasiya naminə açıq və səmimi dialoqa dəvət edir
Hikmət Hacıyev “The National Interest” qəzetində dərc olunan məqaləsində vurğulayıb: “Kaş ki, sülh bu cür asan olardı. Lakin zaman qazanmaq üçün qarışıq kampaniyalar təşkil edərək sülhdən danışmaq Ermənistan rəhbərliyinə çox tanışdır. Beləliklə, bu həftə Ermənistan onun tabeliyində olan Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə birlikdə sülh danışıqlarını pozmaq üçün son beynəlxalq kampaniyanı başlatdı. Bu, təəccüblü deyil. Bu separatist qurumun var olma səbəbi fantaziyaları uzatmaqla çətin geosiyasi faktlardan uzaqlaşmaqdan ibarətdir”
Lakin belə planların həyata keçməsi mümkün deyil. Məqalədə də qeyd olunduğu kimi, reallıq dəyişib və Azərbaycan Qarabağ bölgəsinin erməni sakinlərini reinteqrasiya naminə açıq və səmimi dialoqa dəvət edir. Azərbaycan dəfələrlə qeyd edib ki, onların Qarabağda milli azlıq kimi hüquqları, təhlükəsizlikləri və öhdəlikləri Azərbaycan Konstitusiyasına əsasən təmin olunacaq. Buraya onların din, dil və munisipial hüquqları daxildir və bu hüquqlara hörmət olunur.
“Hazırda kritik olan odur ki, istənilən reinteqrasiya prosesi bütün qeyri-qanuni hərbi qrupların demobilizasiyasını və tərk-silah olunmasını, Ermənistan silahlı qüvvələrinin qalan hissələrinin tamamilə çıxarılmasını əhatə etməlidir. Bu cür qruplara sülh danışıqları zamanı belə davam edən silah axınını dayandırmaq üçün bu yaxınlarda Ermənistanla Xankəndini birləşdirən Laçın yolu qısa müddətlik bağlandı”, - deyə məqalədə vurğulanıb.
Daha qısa və rahat Ağdam-Xankəndi yolu
Bildirildiyi kimi, Azərbaycan, həmçinin regionun qida və tibbi ləvazimatlarla təmin olunması üçün gündəlik 17 mindən çox nəqliyyat vasitəsinin hərəkətinə imkan verən daha qısa olan əlavə yol təklif edib. Həm Avropa İttifaqı, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsi bu yolun istifadə oluna bilməsini təsdiqləyib
Hikmət Hacıyev diqqətə çatdırıb ki, Qarabağdakı separatçılar yenidən qurulmuş dördzolaqlı Ağdam-Xankəndi yolundan istifadəni dəfələrlə rədd etdilər, hətta rəhbərlərinin göstərişi ilə yolu beton bloklarla bağladılar. Bakının yüklərin Ağdam-Xankəndi yolu vasitəsilə Azərbaycan tərəfindən deyil, Qırmızı Xaç Komitəsi tərəfindən daşınması təklifi rədd edildi. “Hətta bununla bağlı dialoqun aparılması da rədd olundu. Həmin rəhbərlik şou yaradaraq yük maşınlarını “Laçın” keçid məntəqəsi istiqamətində Azərbaycan sərhədi istiqamətinə gətirib. Onlar hələ də Qarabağdakı ermənilərin Azərbaycan tərəfindən etnik təmizləmə ilə üzləşdiyini bildirirlər”, - deyə məqalədə bildirilib.
Azərbaycanın təklif etdiyi ərzaqdan imtina və yaxud saxta “soyqırımı” iddiaları
Azərbaycan Prezidentinin köməkçisi fikirlərinə davam edərək bildirib: “Bu yalan iddianı daha da möhkəmləndirmək üçün onların rəhbərliyi Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponu Qarabağın guya “blokada”da olduğunu, sakinlərinin aclıqdan öldüyünü və “soyqırımı törədildiyini” iddia edən hesabat yazması üçün tələm-tələsik cəlb edib.
Azərbaycanda belə dezinformasiyaları eşitməyə öyrəşmişik, lakin beynəlxalq ictimaiyyət və xüsusən də media üçün bu cür emosional, şok effekti yaradan terminlərin işlədilməsinin əslində, baş verənlərin onların nəzərindən gizlədilməsi məqsədi daşıdığını görmək vacibdir.
Beynəlxalq ictimaiyyətin dəstəyini gücləndirmək üçün böhran yaradarkən onların təhlükə altında olduqlarını iddia etmək dünyanı azərbaycanlılarla ermənilərin bir vaxtlar birlikdə yaşadıqları kimi yaşaya bilməyəcəyinə inandırmaq məqsədi daşıyır”.
Hikmət Hacıyev bildirib ki, Azərbaycanın təklif etdiyi ərzaqdan imtina edən əhalini ac qoyması kimi paradoksal iddia separatçıların qondarma lideri Arayik Arutyunyan tərəfindən ortaya atılıb. Sitat: “O qeyd edib ki, “Azərbaycan bir əlindən bizi boğmaq üçün, digər əlindən isə ərzaqla təmin etmək üçün istifadə edir”. Ona görə də bunun düzgün hüquqi əsaslandırmasını aparmalıyıq: işğalçıların administrasiyası Azərbaycan hökumətinin Azərbaycan bölgəsini ərzaq və dərmanla təmin etməsinə mane olur. Okamponun hesabatının heç bir yerində bu məsələyə toxunulmur”.
Separatçıların girovluğunda qalan Qarabağ erməniləri
Azərbaycan Prezidentinin köməkçisi Qarabağda yaşayan sadə ermənilərin əslində, separatçı rejimin rəhbərlərinin girovluğunda qalmalarına xüsusi diqqət çəkib. Ermənistan rəhbərliyi və separatçılar onları özlərinin çirkin siyasi oyunlarının alətinə çeviriblər. “Bu arada Qarabağın erməni sakinlərinin çəkdiyi əziyyət davam edir. Onlar Ermənistandan (ən kasıb postsovet ölkələrindən biridir) subsidiyalar hesabına dolanmağa məcburdur. İqtisadi cəhətdən region Sovet İttifaqından sonra müstəqilliyini əldə etdiyi zaman ilə müqayisədə ümumi daxili məhsulu 100 dəfə artan Azərbaycandan geri qalır”, - deyə məqalədə vurğulanıb.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan kampaniyalar və diplomatik oyunlar təşkil etmək əvəzinə, sülh danışıqlarına və ölkələrimiz arasında münasibətlərin normallaşmasına ciddi səy göstərməlidir. Bundan başqa, Ermənistanın bu həftə BMT Təhlükəsizlik Şurasına müraciət üçün etdiyi sönük və son nəticədə qeyri-məhsuldar cəhdi belə səylərə hər cəhətdən zidd olan digər bir nümunədir.
Növbə Ermənistanın və onun siyasi rəhbərliyinindir
Sonda Azərbaycan Prezidentinin köməkçisi o qənaəti bölüşür ki, hər bir ölkənin ərazi bütövlüyü və suverenliyi toxunulmazdır. “Separatizmə selektiv yanaşma qəbuledilməzdir. Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair şifahi bəyanatları sülh müqaviləsi çərçivəsində imzalanmalıdır. Ermənistan nəhayət, Azərbaycana qarşı ərazi iddialarına son qoymalı və silahlı qüvvələrinin bütün hissələrini Azərbaycan ərazisindən çıxarmalıdır. İrəliyə doğru başqa yol yoxdur. Azərbaycan sülhə gedən yolun xəritəsini hazırlamaq üçün ilk addımları atıb. İndi isə növbə Ermənistanın və onun siyasi rəhbərliyinindir”, - deyə Hikmət Hacıyev fikirlərini tamamlayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 May 20:17
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43

