Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan maneələr yox, yollar qurur

Azərbaycan maneələr yox, yollar qurur

18.08.2023 [11:00]

Yüklərin Xankəndiyə çatdırılması üçün Füzuli - Şuşa yolu da təklif edilib

Son günlərdə Ermənistan rəhbərliyinin və Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət zonasında mövcud olan separatçı rejimin təmsilçilərinin Xankəndidə yaşayan etnik erməni azlığının Azərbaycan tərəfindən blokadaya alındığı, burada hansısa “humanitar böhran” yaşandığı, ərzaq və digər zəruri tələbat mallarının çatışmadığı barədə səsləndirdikləri iddiaların əsası yoxdur. Bunlar başdan ayağa blefdir, siyasi manipulyasiyadır və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır. Reallıqda qalib Azərbaycanın öz vətəndaşları hesab etdiyi Qarabağda yaşayan erməni azlığını kommunikasiyalardan məhrum etmək, onların təchizatının qarşısını almaq kimi bir niyyəti yoxdur. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar və ölkənin Əsas Qanunu ilə onların hüquqlarının və təhlükəsizliyinin qorunmasına yüksək təminatlar verilir.

Respublikamız, həmçinin Xankəndinin və digər yaşayış məntəqələrinin erməni sakinlərinin müxtəlif mallara və xidmətlərə tələbatlarını qarşılamağa hazırdır. Ölkəmizin geniş potensialı bəhs olunan ərazilərdə həyat səviyyəsini indikindən qat-qat yüksək səviyyəyə qaldırmağa imkan verir. Özünün suveren hüquqları çərçivəsində Laçın yolunun üstündə nəzarət-keçid məntəqəsi quran Azərbaycan Xankəndidə yaşayan etnik erməni azlığının humanitar təminatlarının qarşılanması, həmçinin reinteqrasiyanın sürətləndirilməsi məqsədilə müxtəlif variantlar, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edib. Respublikamızın təklif etdiyi kommunikasiyalar siyahısında, həmçinin Füzuli-Şuşa yolu da var. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin bu günlərdə Ağdama baş tutan səfəri çərçivəsində onları məlumatlandırarkən bildirib.

Xarici diplomatların Ağdama səfəri

Postmüharibə mərhələsində başlayan sülhyaratma prosesinə beynəlxalq hüquq normaları çərçivəsində konstruktiv yanaşmalar sərgiləyən Azərbaycan son vaxtlarda Ermənistan hakimiyyətinin və separatçıların Laçın yolu ilə bağlı başladıqları siyasi manipulyasiya kampaniyasını iflasa uğratmaq, onun əsl mahiyyətinin sülyaratma prosesinə əngəllər yaratmaq olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün fəal diplomatik səylər göstərir. Avqustun 16-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfərinin təşkil olunması da bu istiqamətdə atılan növbəti bir addımdır. Respublikamız üçün gizli saxlanılacaq bir məqam yoxdur. Bizim niyyətimiz və əzmimiz özündə onu ehtiva edir ki, regionda sülh, davamlı sabitlik və təhlükəsizlik təmin olunsun. Azərbaycan müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq istəyir. Məhz bu niyyətlə də müharibənin qalib tərəfi olan respublikamız işğaldan azad edilmiş ərazilərdə böyükmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfərinin əsas məqsədi də başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaq idi. Eyni zamanda, diplomatik korpus nümayəndələrinə 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat verilib. Onlar hazırda davam edən genişmiqyaslı quruculuq işləri və yol-infrastruktur, kommunikasiya, şəhərsalma prosesləri ilə də yaxından tanış olublar.

Ağdama səfər edən heyətə 41 ölkə və 13 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi daxildir. Lakin təəssüf ki, ermənilərin hazırda şər-böhtan, əsassız ittihamlarla dolu çirkin kampaniyaya başladıqları bir zamanda həqiqətləri yerindəcə görmək, haqqı yalandan ayırmaq üçün Azərbaycanın təqdim etdiyi bu imkandan yararlanmaq istəməyən və bu təşəbbüsə qatılmayan diplomatlar və hərbi nümayəndələr də oldu.

Digər yolların olması da yaxşı imkandır

Ağdama səfər edən diplomatik korpus üzvlərini və hərbi nümayəndələri məlumatlandıran Hikmət Hacıyev bildirib ki, Ermənistanın addımları sülh danışıqlarına və iki ölkə arasında münasibətlərin normallaşmasına mənfi təsir göstərir. Onun sözlərinə görə, Bərdə-Ağdam-Xankəndi yolu tarixən daima fəaliyyət göstərib, dağlıq hissəni Aran hissəsi ilə birləşdirib. “Hətta 1972-ci ildə Heydər Əliyevin göstərişi ilə burada dəmiryolu xətti salınıb. Yol mədəniyyət və sivilizasiyadır. Azərbaycanın torpaqlarını işğaldan azad etdikdən sonra ilk gördüyü iş dövlət başçısının göstərişi ilə ərazilərin bərpasına başlanılması olub. Bu yollar Qarabağın ermənilər yaşayan hissəsinə qədər çəkilir. Biz həm də Ermənistan istiqamətinə avtomobil və dəmir yolları çəkirik. Biz maneələr yox, məhz yollar qururuq. Biz Laçın yolunu inkar etmirik, amma digər yolların olması da yaxşı imkandır. Eyni zamanda Azərbaycan yüklərin çatdırılması üçün Füzuli-Şuşa yolunu da təklif etmişdi”.

Hazırda reinteqrasiyadan başqa yol olmadığını bildirən Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb: “Azərbaycan Qarabağ ermənilərini öz vətəndaşları kimi görür, onların konstitusional hüquqlarını təmin edir. Amma Ermənistan Azərbaycanın bu addımlarına cavab vermək əvəzinə, Qarabağda yaratdığı separatçı rejim vasitəsilə proseslərə maneə yaradır. Bu da sülh danışıqlarına və iki ölkə arasında münasibətlərin normallaşmasına mənfi təsir göstərən məsələdir. Onlar beynəlxalq təbliğata da başlayıblar, amma faydasızdır”.

Hikmət Hacıyev əlavə edib ki, təklif olunan yol Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə istənilən humanitar yükün, o cümlədən Azərbaycandan yardımların daşınması üçün açıqdır.

Füzulidən Şuşaya uzanan “Zəfər yolu”

Azərbaycan postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə şaxələndirilmiş müasir yol infrastrukturu qurur. Həmçinin strateji önəmi nəzərə alınmaqla Füzulidən mədəniyyət paytaxtımız Şuşaya iki yol layihələndirilib. Onlardan biri Prezident İlham Əliyevin qəhrəman hərbçilərimizin şücaətini nəzərə alaraq qürurla “Zəfər yolu” adlandırdığı marşrutdur. Məlum olduğu kimi, Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlarını verdi. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun - Zəfər yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verildi.

Yolun inşası qısa müddətdə tamamlandı. Artıq 2021-ci il 7 noyabr tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışına qatıldılar. Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olunub.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.

Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolu

Hazırda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi də sürətlə davam etdirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci il 17 noyabr tarixində Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.  Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yolun Tuğ dairəsinədək olan 48 kilometrlik hissəsi altı, 33,7 kilometrlik hissəsi isə dörd hərəkət zolağından ibarət olacaq.

Avtomobil yolu istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanının yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə yolun 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulub. Yeni tras üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik yolun inşa edilməsi də daxil edilib. İsa Bulağı yolu başlanğıcını yeni Füzuli - Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. Avtomobil yolu sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.

Digər mühüm infrastruktur layihələri kimi, Əhmədbəyli-Füzuli-Şuşa yolunun inşasını da Prezident İlham Əliyev şəxsi nəzarətində saxlayır. Dövlətimizin başçısı cari il iyulun 20-də Füzuli rayonuna səfəri çərçivəsində 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub.

Ümumilikdə, Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun tikintisinin 50 faizi tamamlanıb. Yolboyu müxtəlif diametrli 137 suötürücü boru, 30 yeraltı keçid, 8 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 984, viadukların uzunluğu isə 2090 metrdir. Layihə üzrə tikintisi nəzərdə tutulmuş doqquz viadukun səkkizində hazırda inşaat işləri davam etdirilir. Viadukların üçünün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir. Bundan başqa, Zəfər yolunun Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna birləşən hissəsində yol qovşağının tikintisi işləri də uğurla icra olunur.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 613 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31