Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Paşinyan müharibə istəyir?

Paşinyan müharibə istəyir?

19.08.2023 [11:30]

Ermənistan yenidən qeyri-konstruktiv mövqe nümayiş etdirməyə başlayıb

Ermənistan-Fransa cütlüyünün son məğlubiyyəti Ermənistanın baş naziri Nikol Paşinyanın bütün “planlarını” suya düşürdü. İki ilə yaxındır ki, sülh prosesini manipulyasiya edən erməni baş nazirin artıq tutunacağı hər hansı bir istinad nöqtəsi də qalmayıb. Addımbaşı “beynəlxalq rəy”dən, “qlobal mövqedən” danışan Paşinyan artıq fərqli ritorikaya keçib. Erməni baş nazir indi də ortada olan faktları təhrif etməyə, reallıqları danmağa, özündən uydurmalar danışmağa başlayıb.

Erməni baş nazir təhrif edir...

Məsələn, son hökumət iclasında Paşinyan BMT TŞ müstəvisində gedən müzakirələrin mahiyyətini təhrif edib. Hətta səslənən bəyanatlara belə fərqli “don” geyindirməyə çalışan Ermənistan baş naziri bununla nəyəsə nail olacağını düşünür. O, hətta müzakirələr zamanı əsas motiv olan Ağdam-Xankəndi yolundan istifadə məsələsindəki əsas rəyi belə danmağa çalışıb. Təhlükəsizlik Şurası üzvü olan dövlətlərin nümayəndələrinin əksəriyyətinin bu yoldan alternativ marşrut kimi istifadəyə tərəfdar çıxması məsələsini danmağa çalışan Paşinyan Azərbaycana qarşı da şər-böhtan səsləndirməkdən çəkinməyib. O, ölkəmizi “humanitar fəlakət” yaratmaqda ittiham edib, hətta bir az da irəli gedərək “soyqırımı” iddiası belə səsləndirib. Azərbaycanı etmədiyi əməllərdə ittiham etməyə çalışan Paşinyan bununla da sülhə yox, müharibəyə tərəfdar olduğunu ortaya qoyub.

Paşinyanın “müharibə dili”...

Bəlkə də Paşinyanın bu cür “müharibə dili” ilə danışmasının arxasında bəzi ölkələrin Ermənistanın aktiv silahlandırması ilə bağlı yayılan xəbərlər dayanır. Bəlli olduğu kimi, Fransa, Hindistan və digər dövlətlərin bu işdə daha çox fəallıq nümayiş etdirməsi rəsmi şəkildə təsdiqini tapır - bu, regionda sülh arxitekturasının formalaşmasına mühüm təhdidlər yaradır. Necə ola bilir ki, BMT TŞ müzakirələrinə qədər fərqli tonda danışan Ermənistan baş naziri bu qədər “cəsarətlənib”? Görünən budur ki, dünənə qədər BMT TŞ çərçivəsində istəklərinə çatacağını düşünən Ermənistan yaşanan fiaskodan sonra “yeni yol seçir”. Ortaya bir reallıq çıxır - Ermənistan danışıqlar prosesini manipulyasiya edir, yeni müharibəyə hazırlaşır. Azərbaycan hər zaman sülhün və əmin-amanlığın tərəfdarı kimi çıxış etsə də, bu kimi halların qarşısını almaq iqtidarındadır.

Ermənistan tərəfi anlamalıdır ki...

Paşinyanın bu fikirlərinə Azərbaycan tərəfi də cavab verib. Məsələ ilə bağlı XİN-in açıqlamasında bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 17 avqust tarixində hökumətin iclasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsi bir daha göstərir ki, Ermənistan növbəti dəfə BMT TŞ-də düçar olduğu uğursuzluqla barışmaq istəmir. Məlumatada o da qeyd olunur ki, bölgədə “humanitar vəziyyət” barədə hal-hazırkı iddiaların aradan qaldırılması üçün Azərbaycan tərəfindən təklif olunmuş “Ağdam-Xankəndi” yolundan istifadənin əksər üzv dövlətlər tərəfindən dəstəklənməsinə və bu yoldan istifadə edilməsinə çağırışlara baxmayaraq, Ermənistan baş nazirinin bu yoldan istifadəni qəbul etməməsi Ermənistan tərəfinin bölgədə vəziyyəti daha da gərginləşdirmək niyyətindən xəbər verir: “Bununla yanaşı, BMT TŞ üzvlərinin əksəriyyətinin vurğuladığı kimi, bölgədə sülh və sabitliyin bərqərar olması üçün həm sözdə, həm də əməldə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin vacibliyinə baxmayaraq, Ermənistan tərəfinin “bölgədə humanitar vəziyyət”, “blokada” kimi bəhanələri təkrarlayaraq destruktiv mövqe sərgiləməsi narahatlıq doğurur. Üzv dövlətlərin Azərbaycanın legitim təhlükəsizlik narahatlıqlarının nəzərə alınmasının zəruri olduğunu bildirmələri, bu narahatlarıqların həlli istiqamətində səylərin birləşdirilməsinin vacib olduğunu bir daha xatırladır”.

Bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətinə qarşı Ermənistanın müqavimət göstərməsi, baş nazirin guya Azərbaycanın erməni sakinlərə qarşı atəş açdığı barədə iddialar səsləndirməsi və ölkəmizi “etnik təmizləmədə” təqsirləndirməsi Ermənistan rəhbərliyinin bölgədə reallıqları hələ də düzgün qiymətləndirmədiyini nümayiş etdirir. “Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmaqdan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”, - deyə bəyanatda öz əksini tapır.

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 575 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31