Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xankəndidə nə baş verir?

Xankəndidə nə baş verir?

22.08.2023 [10:45]

“Əl oyuncağı” olan Rubenə indi də terror dəstəsi yaratmaq “tapşırılıb”...

BMT TŞ məğlubiyyəti Ermənistan və havadarları ilə yanaşı separatçı qondarma rejimə də olduqca “mənfi təsirlər” göstərməkdədir. Son ana qədər ali qurumun Azərbaycan əleyhinə hər hansı bir sənədi qəbul edəcəyinə inanan və bundan da gələcək “fəaliyyətində” yüksək səviyyədə istifadə edəcəyini düşünən Araik Artyunyanın oxu daşa dəydi. Nəinki Azərbaycan əleyhinə heç bir sənəd qəbul edilmədi, tam əksinə, Təhlükəsizlik Şurasının əksər üzvləri ölkəmizin irəli sürdüyü tezislərlə tərəfdar olduğunu ortaya qoydu. Alternativ yol kimi Ağdam-Xankəndi yolundan istifadənin gündəmə gətirilməsi və hətta dəstəklənməsi isə separatçıların bütün ümidlərini qırdı.

Artyunyan qaçmağa fürsət axtarır...

Yaşananlar Avropa müstəvisində Fransanın, regionda Ermənistanın və separatçı rejimin acı məğlubiyyəti kimi xarakterizə olunur. Bunun nəticəsidir ki, qondarma separatçılar arasında yeni nifaq özünü göstərir. Ermənistan mətbuatı baş verənlərin ardından tam olaraq fiaskosunu elan etmiş Araik Artyunyanın “istefası” məsələsinin gündəmə gəldiyini yazırlar. Qondarma rejimin başçısı artıq hər şeyin - bütün oyunların bitdiyini dərk edir. Bu mənada müqavimətin mənasız olduğunu düşünərək Qarabağdan qaçmaq planları üzərində işləyir. Hətta onun Qarabağdan gizlin şəkildə qaçırılacağı barədə də məlumatlar yayılır. Təbii ki, bunun dezinformasiya olduğu ortadadır - Araik Artyunyan qaça bilsəydi, indiyə qədər Xankəndidə oturmazdı. Sadəcə, hazırda qaçmağın yolunu müəyyənləşdirmək onun üçün ən qəliz məsələyə çevrilib. 

Araik “gedirsə”...

Baş verənlər həm də qondarma rejim arasında yeni qarşıdurmalar yaradıb. Fərqli xarici güclərin maraqlarının “təmsilçisi” olan bəzi şəxslər baş verənlərdən siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Hətta bu məğlubiyyəti Araikin şəxsi məğlubiyyəti kimi qələmə verməyə çalışanlar belə tapılır. Məsələn, qondarma rejimin yeni “parlament sədri” təmsil etdiyi Daşnaksütun Partiyasının “xaricdən güclü dəstəyinin olduğunu iddia edib”. Belə demək mümkündürsə, qondarma rejimin başı hazırda “Araikdən xilas olacaq kreslo” üstündə davaya qarışıb. Araikin oyundan çıxacağını artıq dəqiqləşdirən bəzi xarici güclər isə qondarma rejimin başına öz adamını gətirmək üçün hərəkətə keçib.

Rubenin “Qarabağ arzuları” başlamamış bitmişdi...

Məsələn, ötən ilin sonlarında qondarma rejimin arasında “peyda olan”, sonradan isə aradan çıxan Ruben Vardanyan yenidən “fəallaşdırılır”. Fevral ayında Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyarder Ruben Vardanyanın istefası ilə qısa sürmüş “sərgüzəştlər” bitmiş kimi görünürdü. Həmin dövrdə ard-arda baş verənlər Vardanyanın “filminin başlamamış sona çatmasını” şərtləndirmişdi. Xatırladaq ki, Qarabağa “göndərilən” zaman Vardanyanın qarşısına konkret situasiyanı dəyişmək kimi vəzifə qoyulmuşdu. Amma plan işləmədi - Vardanyan kartının əsl üzü, əsl məqsədi çox tez bəlli oldu. Azərbaycan ilk addımdaca Vardanyanla bağlı həqiqətləri bəyan etdi - Ruben Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib bir cinayətkardır. Sonradan hətta Rusiya vətəndaşlığından imtinası belə Vardanyanı siyasi baxımdan “xilas” etməmişdi. Beləliklə, Vardanyanın “Qarabağ arzuları” dövrü başlamamış bitmişdi. Qarabağ separatçılarına qoşulan zaman Azərbaycanın təbii sərvətlərini rahat şəkildə oğurlayacağını, beləliklə də həm özünün varidatını artıracağını, həm də havadarlarının ciblərini dolduracağını düşünən Vardanyanın elə ilk həmlədəcə oxu daşa dəymişdi. Azərbaycan dövləti Vardanyanın qeyri-qanuni hərəkətlərini ifşa etmişdi. Rubenin ilk vəzifəsi bu sərvətlərin Laçın yolu ilə Ermənistana daşınmasını təmin etmək idi  -  Azərbaycanın qızıl mədəninin istismarından əldə olunan gəlirlər isə Qarabağda mövcud vəziyyətin qorunub saxlanmasından faydalananların qara kassalarına axmalı idi.  Ötən ilin dekabrın 12-dən başlayaraq bu ilin aprelinə qədər davam edən ekofəalların iştirakı ilə keçirilən aksiya separatçı “nazirin” əl-qolunu bağladı. Hətta Fransanın “köməyi” belə işə yaramadı - Ermənistan, separatçı rejim və onun havadarları heç bir beynəlxalq təşkilatda bu məsələ ilə bağlı ciddi addım ata bilmədilər. Beləliklə də Laçın yolundakı ekoaksiya Vardanyanın ilk fiaskosunu reallaşdırdı. Bu proses isə sonda Laçında dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması ilə nəticələndi ki, bu tarixi addım hazırki situasiyanın formalaşmasını şərtləndirdi. Başqa sözlə, Laçın postunun qurulması yeni siyasi-hərbi reallıqları meydana çıxardı.

Vardanyanın yeni “vəzifəsi”...

Həmin vaxtdan kölgəyə çəkilərək ara-sıra sərsəm bəyanatlar verməklə məşğul olan, guya Araikə qarşı “müxalifətdə” dayanan Vardanyan Artyunyanın istefa verəcəyi ilə bağlı xəbər yayılan kimi məqsədli şəkildə yenidən fəallaşdırılır. Onun yeni “vəzifəsi” isə Qarabağdakı ermənilər arasında yalan xəbərlər yaymaq, əhalinin reinteqrasiyasının qarşısını almaqdan ibarətdir. Qeyd edək ki, yayılan məlumatlarda Ruben Vardanyanın öhdəliyində Qarabağda separatçı rejimin Azərbaycan Ordusuna qarşı təxribat planları da daxil edilib. Hətta bununla bağlı əhali arasında təbliğat kampaniyası belə başlanılıb. Ermənistan mediasının məlumatına görə, Vardanyanın rəhbərlik etdiyi qondarma “artsax təhlükəsizlik və inkişaf komitəsi” gənclərə təlim keçməyə başlayıb. Təlimlər “ekstremal şəraitdə yaşamaq bacarıqları” adı altında həyata keçirilir. Məlumatda qeyd olunur ki, “gənclərə bu və ya digər sirlər çatdırılacaq”. Misal üçün, onlar dağlıq ərazilərdə düşərgələrin təşkili, yolların açılmasını öyrənəcəklər. Reallıqda isə “ekstremal şəraitdə yaşamaq” adı altında erməni gənclər Azərbaycan ordusuna qarşı təxribat hücumlarına hazırlaşdırılır. Onlara “dağlarda fəaliyyətin” öyrədilməsi də buna hesablanıb.

Bir günə 60 nəfər qaçıb...

“artsax təhlükəsizlik və inkişaf komitəsi” adlanan bu terror birliyi bəzi xarici güclərin Vardanyanın “xidmətinə” verdiyi silahlı birləşmədir. Üzdən guya “Qarabağdakı erməni gənclərin” birliyi kimi qələmə verilən bu qurum sırf terrorçu mahiyyətə malikdir. Onların hətta ASALA tərəfindən də hazırlandığı bildirilir.

Sadəcə olaraq, Vardanyan yeni oyununu pərdələmək üçün “erməni gənclərin” adından çıxış edir. Halbuki erməni əhalinin Qarabağdan qaçdığı real faktlarla sübut olunur. Məsələn, son günlərdə Laçın nəzarət-keçid məntəqəsindən xeyli insan (bir günə 60 nəfər) şəxs sərbəst şəkildə keçib. Həmin şəxslərin mütləq əksəriyyəti isə Rusiya pasportu daşıyan şəxslərdir. Yəni, ard-arda bütün planlar darmadağın edilir və Vardanyanın indiki halda “gənclərin” adı altında bu kimi təxribatçı hərəkətə yol vermək cəhdi də onlar üçün olduqca ağır nəticələrə yol aça bilər.

Paşinyanın seçimi...

İndiki halda Ermənistan da Araik Artyunyanın effektiv olmadığını dərk edir. Amma görünən budur ki, Fransa Araikin üzərində “israrlıdır”. Əks halda Paşinyan hökuməti açıq şəkildə digər “namizədləri” də dəyərləndirərdi. İrəvan hakimiyyəti qarşılaşdıqları fiaskodan çıxış yolu axtarırlar. Amma bu yol üçün artıq Vardanyan işə yaramayacaq - onun “istifadə müddəti” bitib. Eyni zamanda, Vardanyanın separatçı “rejimi” yeni qiyafədə təqdim etmək cəhdləri də heç bir nəticə vəd edə bilməz. Vurğulayaq ki, aylar öncəsində də o bu kimi addımlarla yadda qalmaq istəmişdi. Hətta separatçı rejimə bu və ya digər yollarla müəyyən beynəlxalq status qazandırmaq istəyirdi ki, Xankəndinə hava yolunun açılması ilə bağlı təklifi də buna hesablanmışdı. Bundan başqa, Vardanyanın fransız biznes ortaqlarının əli ilə xarici ölkələrdə rejim təmsilçilərinin “təbliğatını” təşkil etmək cəhdləri də alınmamışdı. Bir neçə ay öncə Artyunyanın Fransadakı “media macərası” da bundan qaynaqlanırdı. Bir sözlə, hərbi quldur dəstənin Vardanyanın əli ilə “siyasi tərəf” olmaq cəhdləri elə birinci mərhələdəcə məhv olmuşdu. Ardından Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıması faktı bu “nağılı” sona çatdırmışdı. Bir daha bəyan edilmişdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur.

Ağdam-Xankəndi yolu...

BMT TŞ-nın son toplantısı həm də bir məsələyə tam aydınlıq gətirdi - artıq ermənilər “humanitar yük”lərini Ağdam-Xankəndi yolu ilə “əldə edəcəklər”. Bu yol isə artıq demək olar ki, istifadəyə hazırdır. 26 kilometr uzunluğa malik bu yolun təmiri ən qısa müddətdə və ən yüksək keyfiyyətlə həyata keçirilib. Qeyd edilməlidir ki, Laçın-Xankəndi yolunu özünün siyasi və hərbi manipulyasiya vasitəsinə çevirməyə cəhd göstərən Ermənistanın oyunları tam ifşa oldu və Azərbaycanın irəli sürdüyü Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi. Bu yoldan istifadə olunması isə reinteqrasiya proseslərini sürətləndirəcək. Qeyd edək ki, Ağdam-Xankəndi yolu Bərdə-Ağdam yolunun davamıdır. Hazırda Bərdə-Ağdam avtomobil yolunun tikintisi də yekunlaşmaq üzrədir. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilib.

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 529 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31