Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Baydenin dəvəti...

Baydenin dəvəti...

23.08.2023 [10:23]

Mərkəzi Asiya  və Zəngəzur dəhlizi üçün yeni “üfüqlər”...

İki ildən artıqdır ki, davam edən yeni nizamın qurulması, yeni siyasi-iqtisadi münasibətlərin formalaşması, bir sözlə, yeni dünya standartlarının meydana gəlməsi prosesi mühüm bir mərhələyə qədəm qoyub. Qütblərarası savaş və ya mübarizə daha dinamik hal alıb - silahlı mübarizə artıq ikinci plana keçməkdədir. Sirr deyil ki, 40 ildən artıqdır ABŞ-ın xarici siyasətinin yeganə hədəfi dünyada vahid qütbə və ya şəriksiz liderə çevrilməkdir. Bu yolda ən böyük maneələrdən birinin və ya birincisinin Rusiya olmasını Ağ Ev dəfələrlə etiraf edib. Bunu ABŞ qədər Rusiya da dərk edir. Kremlin Qərbin illərlə fərqli coğrafi areallarda nümayiş etdirdiyi “hərb qonaqlıqlarından” yayınması da buna əsaslanırdı. Amma 2022-ci ilin fevralın 24-dən sonra hər şey dəyişdi. Rusiya-Ukrayna müharibəsi dünyaya yeni nizam gətirməkdədir. Bəs bu nizam kimləri qalib, kimləri isə məğlub elan edəcəkmi? Və ya yeni nizamda dünyanın siyasi cəhətdən yenidən qurulması, sistemləşdirilməsi hansı arqumentlərə əsaslanacaq.

Yeni reallıqlar...

Yeni nizam dünyada yeni güc mərkəzlərinin formalaşması zərurətini yaradır. Son illərə qədər dünyanın hərbi qütbləri ilə bağlı araşdırmalarda NATO ilə KTMT müqayisə olunurdusa, bu gün sözün əsl mənasında balans dəyişib. Yeni nizam qaydalarına əsasən KTMT özünün funksionallığını sürətli şəkildə itirir. Qurumu formalaşdıran güclər və ya dövlətlər yeni münasibətlər sisteminə transfer olunduğunu açıq şəkildə bəyan edirlər. ABŞ isə yaranan situasiyanı görür. Və yaranan yeni situasiyadan kifayət qədər mahircəsinə istifadə edir. Məsələn, ABŞ prezidenti Co Baydenin Mərkəzi Asiya ölkələrinin prezidentlərini ABŞ-da keçiriləcək C5+1 sammitinə dəvəti olduqca böyük maraq kəsb etməkdədir. Xarici KİV-lərdə yayılan məlumata görə, məktubun mətnini Forbes jurnalı dərc edib. Toplantının bu il sentyabrın 19-u və ya 20-nə təyin edildiyi gələn xəbərlər arasındadır. Görüş böyük ehtimalla BMT Baş Assambleyası çərçivəsində keçiriləcək. Məktubda ABŞ prezidenti Orta Asiya liderləri ilə birgə təhlükəsizlik, iqtisadi və ekoloji məqsədlərin birgə irəliləyiş yollarını müzakirə etməyi planlaşdırdığını qeyd edib.

Mərkəzi Asiya nə vəd edir?

Əslində, seçilən region olduqca böyük maraq və əhəmiyyət kəsb edir. Yeni iqtisadi nizamın əsas istinadgahı sayılan Şərq-Qərb tranzitinin keçdiyi ən əsas regionlardan sayılan Mərkəzi Asiya hazırda dünyanın diqqət mərkəzindədir. Bir sıra güclər bölgədə özünəməxsus şəkilləndirmə yaratmağa və bununla da təsir və nüfuz dairəsini genişləndirməyə çalışır:

- Mərkəzi Avropa bölgəyə yeni və alternativ enerji mənbəyi kimi baxır. Qarşıdakı mərhələdə Mərkəzi Asiyanın bu rolda çıxış etməsi isə bütün tərəflərin - daha çox da Qərbin maraqlarına xidmət edir;

- Bölgəyə yaxın olan bəzi ərazilərdə qeyri-ənənəvi dini radikal qruplaşmalar belə yerləşdirilib - bu da müəyyən mənada güc balansının qorunmasına xidmət edən yumşaq “təhdid” formasının aktuallıq daşıdığını deməyə əsas verir.

- NATO bölgənin təhlükəsizliyini iqtisadi birləşdirmə ilə paralel şəkildə təmin etməyə cəhdlər göstərir;

- Bölgənin yeni güc balansı rolunda çıxış etmək üçün Türk Dövlətləri Təşkilatının qarşısında böyük üfüqlər açılır.

Əslində, bu fakt bir daha milli və regional maraqların önə çıxması faktını növbəti dəfə arqumentləşdirir. Bu maraqları kiçik bir müstəvidə məhdudlaşdırmaq artıq praktiki cəhətdən mümkün deyil - hətta KTMT üzvü ölkələrin Rusiya-Ukrayna müharibəsinə laqeydliyi belə bu faktı təsdiqləmişdi. İndiki halda isə təhlükəsizlik arxitekturasının birtərəfli “qurulması” təhlükənin aradan qaldırılması üçün mühüm şans yaranıb. İllərlə bundan əziyyət çəkən Mərkəzi Asiya üçün yeni siyasi reallıqlar meydana çıxıb - təbii ki, illərdir aparılan siyasi-iqtisadi proseslər özünün məntiqi sonuna yetişir. Yeni inteqrasiya maraqları və imkanları formalaşdıqca qloballaşmanın qarşısına keçmək mümkünsüz görünür...

TDT qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır

Yeni geosiyasi reallıqlar fonunda Avrasiyada böyük coğrafiyanı əhatə edən Türkdilli ölkələr arasında inteqrasiyanın dərinləşməsinin şahidi oluruq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu ilin mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda TDT-ni  bir ailə kimi səciyyələndirib bu təşkilatın gələcək inkişaf yolunun istiqamətini müəyyənləşdirən fikirlər səsləndirib - Prezident bildirib ki, TDT qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır.

Təbii ki, bu təsbit yaxın gələcəkdə TDT-nin funksionallığının daha da artmasını, qlobal inteqrasiyadakı rolunun gücləndirilməsini, yeni dövnəmin iqtisadi münasibətlər sistemində tarazlayıcı və balanslaşdırıcı vəzifləri üzərinə götürmüş qurum kimi ortaya çıxmasına zəmin yaradır. Yeni dünyanın aparıcı güc mərkəzlərindən birinə çevrilmək üzrə olan TDT özünün inkişaf trayektoriyasını açıq, şəffaf şəkildə formalaşdırır - ortada milli maraqlara əsaslanan əməkdaşlıqlar, qarşılıqlı mənafeyə xidmət edən tərəfdaşlıqlar, qardaşlıq və dostluq münasibətləri mövcuddur. Bu münasibətlər isə özlüyündə böyük bir coğrafiyanı əhatə edən yeni tənzimləyici faktorun ortaya çxımasını zəruri edir...

İqtisadi göstəricilər cəlbedicidir...

TDT-nin iqtisadi gücü də günü -gündən artır. Yeni proseslərdə aktiv rol alan TDT üzvlərinin maliyyə balansları dayanıqlı və etibarlıdır:

- Türkdilli ölkələr təbii ehtiyatlarla, o cümlədən də enerji resursları ilə zəngindir;

- Qurumun əsas lokomotivi sayılan Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Avropanın aparıcı ölkələri ilə müqayisəolunacaq qədər yol qət edib;

- Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir;

- 2021-ci il üzrə Türk dövlətlərinin ÜDM-i 1 trilyon 383 milyard ABŞ dolları, ticarət dövriyyəsi 855,7 milyard ABŞ dolları təşkil edib. 2022-ci ildə Türkiyə iqtisadiyyatı 5,6, Azərbaycan və Macarıstan iqtisadiyyatı 4,6, Türkmənistan iqtisadiyyatı 6,2, Özbəkistan iqtisadiyyatı 5,7, Qırğızıstan iqtisadiyyatı 7, Qazaxıstan iqtisadiyyatı isə 3,2 faiz böyüyüb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 100,6 faizlə Türkiyədədir.  Türkiyənin dövlət büdcəsinin gəlirləri 147 122,2 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 34 350,4 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 27 132,3 milyon ABŞ dolları) malikdir.

Bu qısa dəyərləndirmə özündə mühüm və böyük arqumentləri birləşədirir. Dünyanın fövqəlgücünün Mərkəzi Asiyaya, dolayısı ilə Türk dünyasına “dəvəti” təsadüf sayıla bilməz - dəyərləndirmələr və qiymətləndirmələr ən yüksək səviyyədə aparılıb...

Orta dəhliz, Zəngəzur...

İndiki gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Hazırda müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Müharibənin digər tərəfi olan Rusiyadan keçən marşrutlara təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə Orta Dəhlizin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz Mərkəzi Asiyada yerləşən Türkdilli ölkələrdən keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra isə Gürcüstan və Türkiyə vasitəsilə Avropayadək uzanır. Perspektivdə Orta Dəhlizin Zəngəzur qolu da yaradılacaq. Bu şaxələndirmə dəhlizin cəlbediciliyini daha da artıracaq.  

Gələcəkdə respublikamız Orta Dəhlizin inkişaf etdirilməsinə daha böyük töhfələr verəcək. Bu, üçtərəfli Bəyanatda nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması sayəsində baş verəcək. Bəhs olunan Zəngəzur dəhlizi avtomobil və dəmir yolları kimi iki seqmentdən ibarət olacaq. Burada, həmçinin enerji dəhlizinin də yaradılması nəzərdə tutulur. Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində qalan Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi Türkiyəyə, oradan isə Avropaya qədər uzanacaq. Beləliklə də, Mərkəzi Asiyada yerləşən Türkdilli ölkələrin beynəlxalq birliklə inteqrasiyasına yeni imkanlar yaranacaq. Həmin dövlətlər öz yüklərini Transxəzər marşrutu ilə Azərbaycan üzərindən Avropa məkanına çatdıra biləcəklər.

Birgə axtarışlar...

Burada həm də söhbət nə qədər uzanacağı proqnozlaşdırılmayan iqtisadi blokadanın Mərkəzi Asiya sərhədlərinə yaxınlığından gedir. Avrasiya İqtisadi İttifaqı da gələcək perspektivinə görə “qardaşı” KTMT-dən fərqlənmir - yeni mərhələ üçün bu qurumun da aktuallığı sual altındadır. Demək olar ki, boydan boya Mərkəzi Asiyadan keçən Ortad Dəhliz layihəsi Avrasiya İqtisadi İttifaqına marağı da əvvəliki kimi aktual saxlamır. Tam əksinə, “bir kəmər, bir yol” layihəsinin üstünlükləri göz oxşayır. Həm iqtisadi üstünlükləri, həm təhlükəsizlik qarantı, həm də tranzit imkanlarına görə yeni situasiya daha cəlbedicidir. ABŞ Prezidentinin dəvət məktubunda qeyd edildiyi kimi, “birgə təhlükəsizlik, iqtisadi və ekoloji məqsədlərin birgə irəliləyiş yolları” yeni dönəmdə bölgənin iqtisadi-siyasi gələcəyini belə müəyyənləşdirir. Təbii ki, birgə “təhlükəsizlik axtarışı” qədər cəzbedici “birgə iqtisadi müzakirələr” təklifi bütövlükdə bölgənin bir müddətdir siyasi seqment olaraq formalaşdırdığı yolunun düzgünlüyünü də ortaya çıxarır. Cəmisi bir neçə ildir ki, fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının yeni seqment olaraq güc mərkəzi kimi “tanınması” üçün bu cəhd ən gözəl təbliğat vasitəsidir...

Rusiya etiraz edir - “böyük təzyiq”...

Təbii ki, bu baş verənlər Mərkəzi Asiyanın daxil olduğu qurumların aparıcı üzvü sayılan Rusiya tərəfindən sadəcə izlənilmir - həm də müzakirə olunur. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasya İqtisadi İttifaqı və KTMT üzvlərinin “Qərb ölkələrinin böyük təzyiqi altında olduğunu” bəyan edib. Onun iddiasına görə, bu dövlətlərin yüksək rütbəli siyasətçilərinə anti-Rusiya sanksiyalarına qoşulmaqla bağlı şantaj tətbiq olunur. Lavrov Rusiyanın həmin ölkələrin “ehtiyatla davranmaq” siyasətini anlayışla qarşıladıqlarını qeyd edib.

Beləliklə, artıq yeni münasibətlər sisteminin formalaşmasında əsas amil olaraq götürüləcək ştrixlər demək olar ki, məlumdur. ABŞ-ın nəzərdə tutduğu toplantı isə bu yolun gediş trayektoryiasını daha da “işıqlandıra bilər”...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31