Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ölkəmizə qarşı təxribatlara son qoyulmalıdır!!!

Ölkəmizə qarşı təxribatlara son qoyulmalıdır!!!

25.01.2012 [00:53]

İnanırıq ki, İran tərəfi adı çəkilən və faktlarla sübut olunan məsələlərə dair Azərbaycan hökumətinə müvafiq izahat verəcək
Bu bir həqiqətdir ki, öz inkişafının daimiliyini, həmçinin, təhlükəsizliyini təmin etmək istəyən istənilən dövlət xarici ölkələrlə, ilk növbədə isə yaxın qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı, faydalı münasibətlərə söykənən əməkdaşlıqda maraqlıdır. Heç şübhəsiz, Azərbaycan Respublikası da bu sıradadır. Yəni, işğalçı Ermənistan istisna olmaqla, Azərbaycan bütün ölkələrlə, o cümlədən, yaxın və uzaq qonşuları ilə dostluq əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır. ötən yazımızda da qeyd etdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişindən sonra bütün ölkələrlə siyasi, iqtisadi, diplomatik münasibətlərin qurulması və əlaqələrin qarşılıqlı etimad əsasında inkişaf etdirilməsi Azərbaycan Respublikasının həyata keçirdiyi xarici siyasətin əsas prioritetlərindən olub. Təbii ki, bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Lakin o da heç kəsə sirr deyil ki, bəzi ölkələr öz maraqlarını təmin etmək üçün müəyyən dövlətlərə qarşı təzyiq və təsir vasitələrindən istifadə edirlər. Bu zaman din amilindən istifadə edilməsi isə həmin sırada xüsusi yer tutur. Məsələn, insanlara şüuraltı təsir etmək, fərdi və ictimai rəyi formalaşdırmaq kimi addımlar din amilindən ideoloji müstəvidə istifadə olunmasına nümunədir ki, cənub qonşumuz İran da bu baxımdan xüsusilə “fərqlənir”.
Daha dəqiq desək, İran zaman-zaman din faktorundan konkret siyasi-ideoloji maraqlarının təmin və müdafiə olunması məqsədilə istifadə edir. Belə ki, Tehran bir sıra ölkələrin daxili işlərinə qarışır, xüsusi ideoloji metod və mexanizmlərdən istifadə etməklə dini, etnik və milli zəmində qarşıdurma meyilləri yaratmağa çalışır. Yeri gəlmişkən, İranın daxili işlərinə qarışdığı ölkələrdən biri də Azərbaycandır. Müstəqil Azərbaycanın inkişafından, mövqelərinin möhkəmlənməsindən narahatlıq hissi keçirən İrana məxsus müxtəlif televiziya kanalları, həmçinin, internet saytları vasitəsilə ölkəmizə qarşı qara piar kampaniyasının aparılması, Azərbaycandakı sabitliyi pozmağa çalışan bəzi radikal-ekstremist qüvvələrin dəstəklənməsi, həmçinin, ayrı-ayrı siyasətçilərin, generalların və ayətullahların timsalında ölkəmizə qarşı rəsmi səviyyədə bir sıra bəyanatların səsləndirilməsi, ən nəhayət, müxtəlif QHT-lərin əli ilə hansısa tədbirlərin düzənlənərək, orada antiazərbaycan mövqeli fikirlərin ifadə olunması deyilənlərin əyani sübutudur. Lakin Azəbaycanın dövlət qurumlarının və cəmiyyətimizin kifayət qədər ayıq-sayıq olması ölkəmizə qarşı ünvanlanmış bütün təxribatların qarşısının vaxtında alınması ilə nəticələnir. Buna baxmayaraq, qarşı tərəf öz əməllərindən çəkinməkdənsə, daha da aqressivləşir.
Elə ötən həftə ərzində ölkəmizin təhlükəsizliyinə hədə törədən və bir-birinin ardınca baş verən iki olay, həmçinin, hər iki olayın arxasından da “İranın imzası”nın çıxması baş verən uğursuzluqlardan sonra qarşı tərəfin daha da aqressivləşdiyinə işarə edir. Məlumat üçün bildirək ki, yanvarın 16-da Azərbaycanda fəaliyyət göstərən 25 internet resursuna kibermüdaxilə olunub və araşdırma zamanı müdaxilələrin 24-nün İrandan, 1-nin isə Niderlanddan edildiyi müəyyənləşdirilib. Bu haqda KİV-ə açıqlama verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hadisə ilə bağlı iranlı həmkarına məktub göndərdiyini vurğulayıb.
Yanvarın 19-da isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakıda hazırlanan terror cəhdinin üstünü açıb. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində Bakıda ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalanıb. İstintaqla müəyyən edilib ki, həmin şəxslər öz cinayət əməllərini məhz İran xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşovdan aldıqları sifariş əsasında həyata keçirməyi nəzərdə tuturmuşlar.
Bir sözlə, görünən odur ki, İran tərəfi ölkəmizə qarşı ünvanlanmış təxribatlar seriyasını davam etdirməkdə israrlıdır. ötən hər gün ərzində ortaya çıxan, daha doğrusu, Azərbaycan tərəfinin ayıq-sayıqlığı nəticəsində aşkar olunan növbəti təxribat isə bizi yeni çirkin planlara qarşı daha hazırlıqlı olmağa səsləyir. Lakin cənub qonşumuz bilməlidir ki, bu cür metodlarla müstəqil Azərbaycan dövlətini sarsıtmaq, onu doğru bildiyi yoldan döndərmək mümkün deyil. Əksinə, bu cür metodların davamlı olması bumeranq effekti verə bilər. O mənada ki, İran müxtəlif ölkələrə münasibətdə dini problemləri, etiqad, vicdan azadlığı məsələlərini, dolayısıyla, insan və vətəndaş hüquq və azadlıqlarını qabartsa da, bu ölkənin öz cəmiyyətində ciddi dağıdıcı meyillər müşahidə olunur. Daha dəqiq desək, molla rejiminin həyata keçirdiyi siyasət nəticəsində bəhs olunan ölkədə vətəndaşlara qarşı ciddi repressiv metodlara istinad edilir, insan və vətəndaş hüquq və azadlıqları kobud surətdə pozulur. Formal surətdə dini dəyərlər, etiqad və vicdan azadlığı məsələləri xüsusi olaraq təsbit olunsa da, gerçəklikdə dini dəyərlərdən siyasi maraqlar və məqsədlər naminə istifadə edilir. Hətta dini dəyərlərdən vətəndaşlara qarşı xüsusi təzyiq mexanizmi kimi yararlanılır. Məhz bu reallıq bəhs olunan ölkənin ali rütbəli şəxsləri tərəfindən də etiraf olunmaqdadır. Məsələn, bir müddət öncə Qum dini dairəsinin ruhanisi, Mübariz Ruhanilər Birliyinin üzvü ayətullah Seyid Məhəmməd Musəvi Xoeyniha Tehran Universitetinin tələbələri ilə görüşü zamanı deyib ki, İranda hakimiyyəti tənqid edənlərə qarşı təzyiq, təhdid, böhtan, təhqir kampaniyasının təşkil edilməsi cəmiyyətdə əxlaqa yer qoymayıb: “ölkədə insana hörmətlə yanaşma, onun hüquqlarının təmin edilməsi artıq unudulub. İnsanlar  yalnız qüdrət sahibləri olduqları və ya hakimiyyətə yaxın olduqları halda sayılırlar”.
Digər tərəfdən, İran dini dəyərlərdən, İslam təəssübkeşliyindən danışsa da, rəsmi Tehranın fəaliyyətində bunun tam əksi müşahidə olunur. Məsələn, ötən yazımızda da vurğuladığımız kimi, müsəlmanlara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş işğalçı Ermənistanla xüsusi əməkdaşlıq münasibətlərinin qurulması və erməni cəlladlarının fəaliyyətinə rəğbətlə yanaşılması, əslində, İran tərəfinin gerçək mövqeyi və siyasətinin mahiyyətini aşkar edir. Daha doğrusu, sirr deyil ki, İran özünün konkret regional maraqları fonunda Ermənistanla əməkdaşlığa xüsusi önəm verir və bu kontekstdə işğalçı ölkə ilə xüsusi tərəfdaşlıq münasibətlərini davam etdirir. Müsəlmanlara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş Ermənistana xüsusi yardım göstərilməsi, işğalçı ölkə ilə əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam etdirilməsi rəsmi Tehranın xarici siyasət strategiyasının mahiyyətini aşkar edir. İranın bu cür mövqeyi, yəni işğalçı ölkənin hərtərəfli surətdə dəstəklənməsi isə regional təhlükəsizlik balansı üçün də ciddi təhdid mənbəyi kimi çıxış edir. çünki Ermənistan işğalçı ölkədir və İrəvanın dəstəklənməsi dolayısıyla işğal faktına dəstək anlamına gəlir.
Yeri gəlmişkən, İran prezidenti Mahmud Əhmədinejatın ötən ilin dekabrında işğalçı Ermənistana səfəri də bir daha göstərdi ki, İslami dəyərlər İranın dini və siyasi hakimiyyəti üçün manipulyasiya vasitəsidir. Necə ola bilər ki, İslam dövlətinin başçısı müsəlmanları kütləvi şəkildə qıran, məscidləri, qəbirləri yerlə-yeksan edən Ermənistana səfər edir, bilavasitə həmin proseslərdə fəal iştirak etmiş Serj Sarkisyanla qucaqlaşır, Ermənistan və ermənilər haqqında ağızdolusu təriflər səsləndirir. Əgər İran özünü dünyaya təqdim etdiyi kimi, həqiqi İslam ölkəsidirsə, nəyə görə, Əhmədinejatın Sarkisyanla çoxsaylı görüşlərində bir dəfə də olsun Zəngəzurda, Göycədə, İrəvanda, Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində məscidlərin, İslam abidələrinin yerlə-yeksan olunması, müsəlmanların qətlə yetirilməsi ilə bağlı məsələlər qaldırılmır?
Əhmədinejat, həmçinin, İranla Ermənistan xalqı arasında ortaq mədəniyyətdən dəm vurub. Ortaq mədəniyyəti demək olmaz, amma görünən odur ki, İranın bəzi dairələri ilə Ermənistanı birləşdirən bir ortaq maraq var. Bu da Ermənistan kimi, İranın həmin dairələrinin də Azərbaycan ərazisində terror aksiyaları həyata keçirmək istəyidir. Hər halda MTN-nin Bakıda hazırlanan terror cəhdinin üstünü açması belə deməyə əsas verir.
Bütün bunlardan sonra Azərbaycan ictimaiyyəti haqlı olaraq cənub qonşumuzdan cavab gözləyir. Elə bir cavab ki, bütün sadalanan qaranlıq məqamlara aydınlıq gətirməli, prosesin arxasında İran tərəfinin durub-durmadığını müəyyən etməlidir. Yeri gəlmişkən, KİV-ə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova da məhz bu məqamın üzərində dayanıb: “Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumat və efirə gedən süjet narahatçılıq üçün kifayət qədər əsas yaradır. Bu və ya buna bənzər hadisələri araşdıranda bir ucu gedib İran ərazisinə çıxır. Bunlarla bağlı, İranın müvafiq orqanlarının mövqeyini eşitmək maraqlı olardı. Onlar bunu necə izah edir, nə ilə əlaqələndirirlər, ümumiyyətlə, buna hansısa izahat vermək istəyirlərmi? Mən bir rəsmi şəxs, Azərbaycan vətəndaşı kimi İranın müvafiq orqanlarından bu açıqlamanı eşitmək istərdim”.
İran ərazisində Azərbaycana zidd fəaliyyət göstərən dairələrin olduğunu istisna etməyən vitse-spiker onu da bildirib ki, eyni fəaliyyəti İrana qarşı ona qonşu olan ölkələrin ərazilərindən təşkil etmək istəyənlər də ola bilər: “Amma gözə görünən odur ki, Azərbaycanda baş verən bir sıra hadisələrdə İranın adı çəkilir. Bununla bağlı, bəzi ekspertlərin mövqelərini təkrarlamağın yox, İran rəsmilərinin açıqlamalarını eşitməyin tərəfdarıyam”.
Beləliklə, bütün bu sadalanlar bir məqamın vacibliyini ortaya çıxarır. Bu da İran tərəfinin son olaylarla bağlı rəsmi mövqe bildirməsi, rəsmi izahat verməsi zərurətidir. Bahar Muradovanın da vurğuladığı kimi, biz inanırıq ki, İran tərəfi adı çəkilən və faktlarla sübut olunan məsələlərə dair Azərbaycan hökumətinə müvafiq izahat verəcək.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 930 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30