Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Riyakarlıqdır!

Riyakarlıqdır!

06.02.2024 [09:05]

Milli Məclisdə yaradılmış dəstək qrupu bəyanat verib

NARDAR

Fransa müxtəlif xalqlara qarşı müstəmləkə siyasətini davam etdirir. Korsika xalqı da bu siyasətdən əziyyət çəkən xalqlar sırasındadır. Bütün çətinliklərə baxmayaraq, korsikalılar ölkələrinin azadlığı uğrunda mübarizəni əzmlə davam etdirirlər. 2024-cü il yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni “Nazione” hərəkatını təsis edib. Başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan, kağız üzərində demokratiya adlanan Makron diktaturasının polisləri Korsikada insanların fikirlərini azad şəkildə ifadə etmək hüququna hörmət göstərməyərək hərəkatın yaranmasından iki gün sonra “Nazione”nin fəallarına qarşı təqiblərə başlayıb. Yanvarın 30-da “Nazione”nin iki fəalı Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun göstərişi ilə həbs edilərək, əvvəlcə Borgu hərbi düşərgəsinə, oradan isə terrorçu kimi Parisə aparılıb. Fransa polisi “Nazione”nin fəallarının evlərinə hücum çəkərək qapıları partlayıcılarla dağıdıb, uşaqlarının gözü önündə atalarına fiziki zor tətbiq edib, evlərini dağıdıb, uşaqların oyuncaqlarını qəsdən sındırıb. Bundan sonra həbs edilənlərin ailə üzvləri, eləcə də digər bir fəal dindirilmək üçün polisə aparılıb.

Parisin diktatura rejiminin qəddar əməlləri...

Qeyd edək ki, yeni yaranan “Nazione” Partiyası elə ilk gündən 600-dən çox fəalı bir araya gətirib. Partiyanın ilk gündən belə uğur qazanması fransız hökumətinin qəzəbi ilə üzləşib. Fransa hökuməti siyasi partiyanın bu uğurunu həzm edə bilməyib və bunu fəalların evlərinə hücum edərək, repressiya ilə göstəriblər. Yeni partiyanın assambleyasının ilk iclasından iki gün sonra fransız polisinin çox qəddar və amansız repressiyasına etiraz olaraq, “Nazione” Partiyası Bastiada mətbuat konfransı keçirib. Konfransda partiyanın üzvləri və sözçüsü çıxış edərək, son günlər fransız polisinin törətdiyi repressiyanı qətiyyətlə pisləyiblər. Polisin həbs etdiyi və Parisə göndərdiyi “Nazione”nin iki fəalının dərhal azad olunmasını tələb ediblər. Həmçinin daxili işlər naziri J. Darmaninin Korsikaya səfəri zamanı bütün korsikalıları etiraz nümayişinə çağırıblar. “Nazione” Partiyasının baş assambleyasının ilk iclasından cəmi iki gün sonra Fransa dövləti bu yeni siyasi təşəbbüsün uğuruna yenə də repressiya dalğası ilə cavab verdi, iki fəalımız və milli koordinasiyamızın üzvləri Anto Simoni və Nikolas Pinzuti həbs etdi. Milli Terrorla Mübarizə Prokurorluğunun (PNAT) göstərişi ilə həyata keçirilən bu alçaq polis əməliyyatı fəallarımız və onların ailələrinə qarşı qəsdən təcavüz törətmək istəyini açıq şəkildə əks etdirir. Bu gün “Nazione” dinc insanlara qarşı ən pis avtoritar rejimlərə layiq olan bu acınacaqlı və qəbuledilməz təcrübələri pisləyir”, - deyə partiya üzvləri yerli və xarici mətbuat qarşısında bəyan ediblər.

Bildirilib ki, onların fəallarının yeri Korsika torpağında ailələri arasında, iş yerlərində və ölkələrini yaşatmaq uğrunda apardıqları mübarizə meydanındadır. Onların azadlığa buraxılması tələb olunur. “Milli azadlıq hərəkatına qarşı bu yeni təcavüzün yeganə məqsədi “Nazione”nin yaradılması ilə meydana gələn böyük xalq hərəkatını dayandırmağa və onun siyasi iradəsini susdurmağa çalışmaqdır. Fransanın siyasi liderləri və Korsikadakı bəzi siyasətçilər bu çağırışlar üçün hər hansı siyasi motivi bir daha güc amilinə söykənərək rədd edəcəklər. Bir daha bəyan edirik ki, “Korsika işləri” ilə bağlı siyasi və məhkəmə hakimiyyətlərinin müstəqil olmasını söyləmək bir “əfsanədir” və çərşənbə axşamı günü həbslər siyasi ədliyyənin əmri ilə siyasi polis tərəfindən həyata keçirilib. Həqiqətən də, proses indi məlumdur və çox kobud formaya çevrilib: müstəqillik hərəkatının hər bir təşəbbüsünə mexaniki şəkildə repressiya ilə cavab verilir. Bu repressiv əməliyyatların gələn həftə daxili işlər naziri J.Darmaninin gəlişinin elan olunması ilə üst-üstə düşməsi də təsadüfi deyil. Fransız polisinin bu addımı Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan yeganə siyasi cərəyanı neytrallaşdırmaq siyasətinin bir hissəsidir. Bizim siyasi mübarizəmiz Korsika və korsikalıların maraqlarının qətiyyətli müdafiəsinə əsaslanır”, - deyə siyasi partiyanın sözçüsü vurğulayıb.

Korsikalılar Parisin repressiv siyasətindən çəkinmir

Qeyd edilib ki, yüzlərlə “Nazione” fəalı partiyanın siyasi cərəyanının ümumi istiqamətinə dair keçirilmiş səsvermədə partiyanın siyasi hərəkatının hər zaman ölkədə real siyasi həllin və real sülhün lehinə əsas aktor olduğunu bir daha təsdiqləyib. Bununla belə, sülh gətirən siyasi həll yolunun axtarışı heç vaxt Korsika xalqının gələcəyi üçün əsas olan bütün tələblərdən imtina etmək demək deyil. “Heç vaxt repressiya milli mübarizəmizi nə susdura, nə də boyun əyməyə məcbur edə bilməz. “Nazione” yaxın günlərdə siyasətimizlə razılaşan bütün korsikalıları bir araya gətirərək siyasi layihəsini populyarlaşdırmağa davam edəcək”, - deyə partiya üzvləri yaxın günlərdə fəaliyyətlərini daha da intensivləşdirəcəklərini diqqətə çatdırıblar. Konfransın sonunda “Nazione” fəalları daxili işlər naziri J.Darmaninin Korsikaya səfərinə görə “Korsika xalqının hüquqları uğrunda! Repressiyaya son! Yaşasın millət!” şüarları ilə etiraz nümayişinə çağırış ediblər.

Sonda partiya üzvləri 18 maskalı fransız polisinin “Nazione”nin fəallarının evinə basqın etməsinin bir daha qəbuledilməz olduğunu bildiriblər. Bunun repressiyanın son həddi olduğunu deyərək, özünü hüquqi dövlət və insan hüquqları beşiyi hesab edən Fransanın, əslində demokratik deyil, diktatura yönlü olduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, belə vəziyyət yalnız avtoritar rejimdə mümkündür. Ancaq bütün bu repressiyalar korsikalıların iradəsini sındıra bilməyəcək və onlar azadlıqları uğrunda mübarizəni əzmlə davam etdirəcəklər.

Milli Məclisdə yaradılmış Korsika xalqına dəstək qrupu bəyanat verib

Qeyd edək ki, Azərbaycanın Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkə üçün içərisində azyaşlı uşaqların olduğu evin qapısının partlayıcı maddə ilə dağıdılması riyakarlıqdır. Bu zorakılıqlar Fransanın hələ də müstəmləkəçi təfəkküründən xilas olmadığını, hazırkı koloniyalarında insanların təməl hüquqlarına hörmət etmədiyini bir daha sübuta yetirir. Bu gün də Fransa polisinin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır. Lakin fevralın 2-də “Nazione” hərəkatının rəhbərlərinin keçirdiyi mətbuat konfransında bəyan edildiyi kimi, heç bir repressiya Korsika xalqının milli mübarizəsini dayandıra, onu boyun əyməyə məcbur edə bilməz.

“Xatırladaq ki, 150 mindən artıq insanın danışdığı Korsika dilini məhv etmək siyasəti yürütməklə Korsika xalqının milli kimliyini unutdurmağa çalışan Fransa hökuməti yerli parlamentdə müzakirələr, parlament üzvlərinin debatları zamanı Korsika dilindən istifadəni qadağan edib. Bu siyasət universal insan haqları və milli azlıqların hüquqları ilə bağlı Fransanın beynəlxalq öhdəliklərinin açıq-aşkar və güc tətbiqi ilə pozulmasıdır. Fransa öz ərazisində yaşayan xalqların milli kimliyini inkar edir, yalnız “fransız” anlayışını qəbul edir ki, bunun özü şovinizmdir”, - deyə bəyanatda vurğulanıb. Qeyd edilib ki, Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə Fransa özünün də qoşulduğu beynəlxalq sənədlərin tələblərini, götürdüyü öhdəlikləri pozub. Bu sənədlər içərisində 1789-cu il böyük Fransa inqilabının fərdi insan hüquqlarını təyin edən ən vacib sənədi olan “İnsan və vətəndaş hüquqları bəyannaməsi” də var. Həmçinin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “Uşaq hüquqları Konvensiyası”, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”, “Əsas hüquqlar üzrə Avropa Xartiyası”, “Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi”, UNESCO-nun mədəni müxtəlifliyə dair universal Bəyannaməsi, Mədəni İfadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Konvensiyası, “Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası” və s. buraya daxildir.

Azərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu Fransa hüquq-mühafizə orqanlarının Korsikada müstəqillik tərəfdarlarına qarşı apardığı qeyri-qanuni hərəkətləri qətiyyətlə pisləyərək Fransa hakimiyyətindən fundamental insan hüquqlarına hörmət etməyi, bütün saxlanılanların dərhal sərbəst buraxılmasını və siyasi təqiblərin dayandırılmasını tələb edib. Eyni zamanda, Korsika xalqının sərbəst toplaşmaq azadlığı, birləşmək hüququ Fransa hökuməti tərəfindən təmin olunmalıdır.

Paylaş:
Baxılıb: 558 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31