Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AŞPA-nın qərəzli qətnaməsinin izi ilə...

AŞPA-nın qərəzli qətnaməsinin izi ilə...

08.02.2024 [10:30]

Alt qatda yatan məkrli planlar üzə çıxır

Təxminən üç onilliyi əhatə edən işğal dövründə Azərbaycan beynəlxalq qurumlara çağırış edərək onlardan ədalətli yanaşma gözləyirdi. Ermənistanın işğalı nəticəsində ölkəmiz dünya birliyi tərəfindən tanınan ərazilərinin 20 faizini itirmişdi. İşğalın nəticəsi olaraq bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmışdı. İşğalla və humanitar fəlakətlə üzləşən Azərbaycanın beynəlxalq qurumlardan tələbi o idi ki, işğalçı ölkə cəzalandırılsın, müstəqil dövlətə qarşı təcavüzkarlıq siyasəti aparan Ermənistana münasibətdə selektiv yanaşmalara son qoyulsun.

Lakin 30 il ərzində beynəlxalq qurumlardan adekvat münasibət görmədik. Sülhyaratma prosesinə qoşulan təşkilatlar öz missiyalarını işğalçı ilə təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqdan uzağa getmirdilər və reallıqlar məqsədli şəkildə təhrif edilirdi. 44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra isə ayrı-ayrı Avropa qurumları və Fransa kimi ölkələr haqq-ədalət mübarizəsi aparan, suveren ərazisində beynəlxalq hüququ, BMT-nin toz basmış qətnamələrinin icrasını öz gücünə təmin edən Azərbaycanı əsassız yerə qınaq obyektinə çeviriblər. Bu sırada özünün insan hüquqlarının qorunması üzrə beynəlxalq platform hesab edən Avropa Şurası Parlament Assambleyası (AŞPA) xüsusi fəallığı ilə seçilir.

AŞPA-nın təzad təşkil edən loyallığı və qərəzliyi

Avropa Şurası Parlament Assambleyası da 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini görməzdən gələn, “siyasi məsələlərə qarışmaq bizim platformanın işi deyil” deyən qurumlar siyahısında “liderlər” sırasında olub desək, əsl həqiqəti ifadə etmiş olarıq. Hər dəfə Azərbaycan məsələ qaldıranda, işğal altında olan ərazilərimizə missiyalar göndərilməsinə çağırışlar edəndə, bütün bunları təpki ilə qarşılayan avropalı parlamentarilər heyrət doğuracaq “soyuqqanlılıqlarını” AŞPA-nı insan hüquqları ilə məşğul olan təşkilat olması ilə əsaslandırmağa çalışırdılar. Qoy, belə olsun, inanaq ki, AŞPA insan haqlarının qorunmasının fədaisidir, insan haqları qurum üçün qırmızı xəttdir və s. Bəs onda nə üçün avropalı deputatlar bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün taleyinə biganə qalırdılar? Parlamentarilər yumşaq kreslolarda əyləşib hansısa mücərrəd müzakirələr aparanda min bir əziyyətlə tikib qurduqları yuvalarından zorla, güllə yağışı altında çıxarılan azərbaycanlı məcburi köçkünlər vaqonlarda, qəzalı vəziyyətdə olan tikililərdə, çadırlarda yaşamaq məcburiyyətində qalmışdılar. Respublikamızın AŞPA-dakı nümayəndə heyəti azərbaycanlı qaçqınların və məcburi köçkünlərin vəziyyəti, ağır yaşayış şəraiti, qurulu şəhər və kəndlərimizin dağıdıması barədə foto və video materiallar təqdim edirdilər. Onlar isə bütün bunlara biganə yanaşırdılar.

Postmüharibə dövründə onilliklər ərzində azərbaycanlı qaçqınlara münasibətdə özünü “heç nəyi görməyən və eşitməyən” kimi aparan AŞPA sükutu pozub. Bəzi dövlətləri təmsil edən avropalı deputatlar yenə də insan haqları mövzusundan yapışıblar. Kor tutduğunu buraxmayan kimi, onlar da yeri gəldi-gəlmədi Azərbaycanı guya Qarabağda erməni əhaliyə qarşı etnik təmizləmə aparmaqda və insan haqlarını pozmaqda ittiham edirlər. Qərəz, ağ yalan olar, daha bu qədər də yox! AŞPA-nın azərbaycanlı qaçqınlara münasibətdə nümayiş etdirdiyi loyallığı ilə postmüharibə dövründəki canfəşanlığı kəskin təzad təşkil edir. Azərbaycanlılar ev-eşiklərini, yuxarıda qeyd etdiyimiz kimi, güllə yağışı altında məcburi qaydada tərk etmişdilər. Onların bir çoxu həyatını itirdi, qarlı dağlarda soyuqdan, şaxtadan dondu. Ermənilər isə lokal xarakterli antiterror tədbirlərindən sonra Xankəndidən könüllü qaydada köç etdilər. Onlar ev əşyalarını, hətta mal-heyvan sürülərini də özləri ilə apardılar. Bu iki fərqli nümunəyə AŞPA-dan gələn tərs münasibətin məntiqi, daha doğrusu, məntiqsizliyi isə əsla başa düşülmür. Nə üçün biz bir halda AŞPA-nın loyallığının, susqunluğunun, digər halda isə qərəzçiliklə yoğrulan canıyananlığının şahidi olmalıyıq? Budurmu Qərb əxlaqı və demokratiyası?

Avropalı parlamentarilər beynəlxalq qurumlara qarşı

Ağzına aldığı suyu boşaldan AŞPA postmüharibə dövründə Qarabağla bağlı məsələləri, o cümlədən də erməni əhalinin “pozulan” hüquqlarını dəfələrlə müzakirələrə çıxarıb və hər dəfə də qalib Azərbaycanın yaratdığı reallığa əyri güzgüdən baxış edilib. Son olaraq yanvarın 24-də AŞPA-nın plenar iclası Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməməsinə çağıran qətnamənin lehinə səs verib. Öz növbəsində Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Azərbaycanın nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

AŞPA yenə də köhnə havalarını çalır. Bu dəfə də Azərbaycan etmədiyi “günahlarına”  - Qarabağda “etnik təmizləmə”yə, erməni əhalinin hüquqlarının pozulmasına və s. belə mücərrəd, reallıqdan uzaq məsələlərə görə qınanılır. AŞPA-nın son qətnaməsi yalnız Azərbaycanın ədalətli yanaşmalarına zidd deyil, həm də elə Avropa dəyərlərini və digər beynəlxalq təşkilatların mövqeyini iqnor etmək anlamına gəlir. Məlumdur ki, işğalçı Ermənistan 30 il ərzində beynəlxalq qurumların Qarabağa missiya göndərməsinə imkan verməyib. Azərbaycan isə şanlı zəfərlərindən sonra, necə deyərlər, qapıları açıb. Bizim gizlədiləsi, ört-basdır ediləsi bir işimiz yoxdur. Təkcə son vaxtlarda Qarabağa BMT-nin iki missiyası təşrif gətirib. Hər iki missiya Qarabağda erməni əhalinin “etnik təmizləmə”yə məruz qalmadığını, antiterror tədbirləri zamanı mülki infrastruktura ziyan vurulmadığını təsdiqləyib. Vəziyyət o cümlədən BMT-nin Ermənistandakı   Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən də müsbət qiymətləndirilib.

Başqa bir mühüm fakta diqqət çəkək. Bir qədər bundan əvvəl Avropa Şurasının insan hüquqları üzrə komissarının 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabatı/müşahidələri yayıldı. Komissarın müşahidələrində vurğulandığı kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən son 30 ildə qarşısı alınmış bu səfər Azərbaycanın Qarabağ bölgəsinə insan hüquqları üzrə onilliklər ərzində ilk missiya idi. Eyni zamanda, Azərbaycan hökumətinin dəvəti və razılığı ilə həyata keçirilmiş sözügedən səfər Azərbaycan hökumətinin beynəlxalq insan hüquqları institutlarına münasibətdə şəffaflığının və əməkdaşlığının göstəricisidir. Bütövlükdə, hesabatda 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın suveren ərazilərində mülki ərazilərə münasibətdə ciddi ehtiyat tədbirləri görülməklə silahlı qüvvələr tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində qondarma “etnik təmizləmə” və ya “məcburi köçkünlük” ilə bağlı əsassız iddialar heçə endirilib. Belə ki, komissarın bölgəyə səfəri və apardığı müşahidələr onu göstərib ki, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarları olub.

Bəhs olunan hesabat və müşahidələrdə yer alan məqamlarla müqayisədə

AŞPA-nın son qətnaməsi kəskin təzad təşkil edir. BMT missiyalarının, hətta Avropa Şurasının insan hüquqları üzrə komissarının dəyərləndirmələrinə rəğmən, AŞPA-nın qəbul etdiyi son qərəzli qətnamədə köhnə palan içi tökməklə, görəsən, hansı məqsədi güdür? Belə çıxır ki, erməni lobbisinin girovuna çevrilən qurum hətta BMT-yə və Avropa Şurasına qarşı çıxmağa da özündə cəsarət tapıb.

AŞPA-nın Qarabağda daimi ofisi?

AŞPA-nın məlum bədnam qətnaməsində Azərbaycan həmçinin 7 fevral seçkilərini müşahidə etmək üçün AŞPA-dan missiya dəvət etməməsinə görə qınanılır. Bu da tamamilə yersiz və absud bir ittihamdır. Azərbaycan müstəqil dövlətdir, öz siyasətini milli maraqlarına və suverenlik prinsiplərinə əsaslanmaqla qurur. Azərbaycan quruma xoş niyyətlə qoşulub. O başqa məsələdir ki, indiyədək məhz qarşı tərəfin günahına görə bu xoş niyyət həyatda təsdiqini tapmayıb. Azərbaycanın AŞPA-ya üzvlüyü heç bir halda qurumun ölkəmizə hansısa şərtlər diktə etməsi üçün əsas ola bilməz. Münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır. Azərbaycan AŞPA qarşısında ölkədə keçirilən seçkiləri müşahidə etmək üçün mütləq qaydada qurumun missiyasını çağırmaq kimi bir öhdəlik götürməyib. Bu, Azərbaycanın bəyan etdiyi suverenlik və müstəqillik kimi fundamental prinsiplərə zidd olardı.

Bəli, AŞPA-nın ölkəmizə qarşı davranışlarını sərtləşdirməsinin bir səbəbi də elə budur. Qurum həm də onun davasını çəkir ki, nə üçün missiyası 7 fevral seçkilərini müşahidə etməyə buraxılmayıb. Yaxşı deyiblər ki, heç nəyi gizli saxlamaq mümkün deyil.

AŞPA-nın da “müşahidə missiyası” qalmaqal yaratmasının alt qatında yatan gizli və məkrli məqsədi bəlli olub. Bu haqda mötəbər mənbələrdən verilən məlumata görə, qurumun bu istəyi də məhz erməni lobbisinin sifarişlərinə bağlanır. Verilən sifarişlər əsasında avropalı parlamentarilər Qarabağda seçkiləri müşahidə etmək imkanı axtarıblar. Onların nisbətən uzaq perspektiv üçün planları isə monitorinq missiyalarının Xankəndi və Şuşa şəhərlərində daimi ofisini yaratmaq olub. Bu ofislərin formalaşdırılmasında məqsəd isə Qarabağda erməni əhalinin hüquqlarının guya pozulması ilə bağlı Avropa strukturlarında qərarlar verilməsi üçün hüquqi məlumat bazası yaratmaq olub. Azərbaycan bu məkrli planı pozub. Avropalı deputatlar isə qəzəblərini soyutmaq üçün soyuq su içmək əvəzinə, AŞPA-da  Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməmək barədə hansısa bir hüquqi əsası olmayan qətnamə çıxarıblar...

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31