Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ölkəmizdə ailə institutu öz ali dəyərini qoruyur

Ölkəmizdə ailə institutu öz ali dəyərini qoruyur

24.06.2016 [10:03]

Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində görülən tədbirlər bir çox ölkələr üçün nümunə kimi çıxış edir
İnsan cəmiyyətinin başlıca demoqrafik özəyi olan, tarixin hər bir mərhələsində cəmiyyətin inkişafında mühüm rol oynayan ailənin rolu bu gün də öz əhəmiyyətini saxlayır. Bütün bunlarla yanaşı, təəssüflə qeyd etməliyik ki, bir çox ölkələrdə ailə institutu deformasiyaya uğrayıb. Onlar bu sosial təsisatın yenidən bərpası üçün bir sıra qanunlar qəbul edir, sosial layihələr həyata keçirir, həmin ölkələrdəki ziyalılar isə həyəcan siqnalı çalırlar. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, ailə institutunun dayaqlarının sarsılması demoqrafik proseslərə də mənfi təsir edir. Məhz buna görə də hazırda bir sıra ölkələrdə orta nəslin sayının az olması, nəsillərarası balansın pozulması müşahidə olunur, qocalma prosesi gedir. Lakin həmin ölkələrdən fərqli olaraq, Azərbaycanda ailə institutu öz ali dəyərini qoruyur. Elə Azərbaycan dövlətinin diqqətində olan mühüm məsələlərdən biri də ailə institutunun möhkəmləndirilməsidir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu öndər bu dəyərlərin qorunmasının vacib olduğunu bir çox çıxışlarında xüsusi olaraq bəyan edirdi. Eyni zamanda, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə dövlət siyasəti uğurla davam etdirilir. Bu strategiyanın müsbət nəticələri artıq göz qabağındadır. Belə ki, hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.
Sağlam ailədən gender bərabərliyinə doğru...
Əslində, ailəyə bu cür həssas yanaşılması heç də təsadüfi deyil. Çünki əksər mütəxəssislərin vurğuladıqları kimi, ailə cəmiyyətdə əhalinin təkrar istehsalının təşkili formasıdır. Yəni uşağın doğulması və tərbiyə edilməsi ailənin əsas funksiyasıdır ki, burada da kişi ilə qadının bərabər məsuliyyət daşıdığını söyləmək olar. Lakin bu bərabər məsuliyyət məsələsi təkcə uşağın tərbiyəsi prosesində deyil, digər sahələrdə də təmin ediləndə cəmiyyət daha da inkişaf edir. Məhz buna görə də müasir dövrdə qadınların cəmiyyət həyatında fəal təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. Hazırda əsas beynəlxalq sənədlərdə, hüquqi-normativ aktlarda cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Bir sıra nəzəri-konseptual mənbələrdə qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlar üçün hüquqlardan yararlanmaq naminə geniş təminatlar müəyyən olunur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan ali dəyərlərin praktikada tətbiq olunması üçün səylərini daha da gücləndirməlidirlər.
Heç şübhəsiz, Azərbaycan dövlətinin sözügedən istiqamətdə də atdığı addımlar və əldə olunmuş nailiyyətlər bir çox ölkələr üçün pozitiv nümunədir. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə, İslam aləmində qadına seçmək və seçilmək hüququ verən ilk respublika kimi tarixə düşüb. O zaman belə bərabərliyə nəinki Şərq, bir çox Avropa dövlətləri də həsəd apara bilərdi.
Eyni zamanda, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılıb, müvafiq qərarlar qəbul olunub. İlk olaraq Azərbaycan bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1992-ci ildə BMT-nin “Qadınların siyasi hüquqları”, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb (2006-cı il fevralın 6-dan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır). Komitənin qadınların hüquqlarının qorunması və ölkəmizin sosial-siyasi həyatında onların iştirakının artırılmasında müstəsna rolu var. 2000-ci ilin martında Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında Fərman imzalayıb. Bundan başqa, 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edib. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanıb. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edir.
Ölkəmizdə gender bərabərliyinin təmin olunması məqsədilə ciddi islahatlar aparılıb
Ölkəmizdə 2003-cü ildən sonra da gender bərabərliyinin təmin olunması məqsədilə ciddi islahatlar aparılıb. Bu məqsədlə milli qanunvericilikdə qadınların hüquq bərabərliyini təmin edən və hər cür ayrı-seçkiliyi qadağan edən islahatlar həyata keçirilib. Gender bərabərliyinin təmin olunmasına yönələn islahatlar çərçivəsində atılan ən mühüm addım isə bu barədə ayrıca qanunun qəbul edilməsi oldu.
2006-cı ildə Milli Məclis tərəfindən qəbul edilən “Gender bərabərliyinin təminatları haqqında” Qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmağa, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyini təmin etməyə yönələn mühüm hüquqi mexanizm oldu. İlk dəfə olaraq milli qanunvericilikdə “gender”, “gender bərabərliyi”, “bərabər imkanlar”, “cinsi mənsubiyyətə görə ayrı-seçkilik” kimi anlayışların təsnifatı verildi.
Sirr deyil ki, dinamik inkişaf tempinə və əsaslı ictimai-siyasi sabitliyə malik olan Azərbaycanda həm daxili sferada, həm də beynəlxalq aləmdə mühüm nailiyyətlər qazanılıb. O cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının təmin və mühafizə olunması istiqamətində də çox ciddi nailiyyətlər əldə olunub ki, bu da bütün beynəlxalq və yerli müşahidəçilər, mütəxəssislər tərəfindən etiraf olunmaqdadır. Ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını da təmin edib. Belə ki, yaradılan imkanlardan, təmin olunan hüquq və azadlıqlardan faydalanaraq Azərbaycanda bilikli, savadlı qadınlar həmişə ön sıralarda olublar, öz fəaliyyətlərində ciddi uğurlar qazanıblar. Onların sırasında alimlərimizdən, müxtəlif sahələrin ziyalılarından tutmuş, sadə peşə adamlarına qədər var. Hazırda Azərbaycan qadını beynəlxalq müstəvidə ölkəmizi, xalqımızı layiqincə təmsil edir. Qadınların ictimai-siyasi fəallığı ildən-ilə daha da artır, onlar həm ölkə daxilində, həm də beynəlxalq miqyasda keçirilən tədbirlərdə böyük nailiyyətlər qazanırlar. Eyni zamanda, Azərbaycanda qadınlar həm dövlət idarəçiliyində, həm seçkili orqanlarda, həm də strateji xarakterli qurumlarda fəal təmsil olunur, gənclərin sağlam ruhda tərbiyə olunmasında, milli-mənəvi dəyərlərimizin qorunmasında və bütövlükdə cəmiyyətimizin tərəqqisində mühüm rol oynayırlar. Bu gün Azərbaycanda 100-dən artıq qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. Digər bir pozitiv göstərici isə qadınların bələdiyyə orqanlarında aktiv təmsilçiliyidir. Əlbəttə, bütün bu göstəricilər Azərbaycanda həyata keçirilən rasional dövlət qadın siyasətinin səmərəli nəticələrinin təzahürüdür.
Azərbaycan hökuməti gender bərabərliyinin təşviqi sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir
Bu həm də onu deməyə əsas verir ki, Azərbaycanda gender siyasəti çox önəmli xarakter daşıyır. Qadın fəallığının artırılması, gender bərabərliyinin təmin olunması və ortaya çıxan bir sıra problemlərin həllində beynəlxalq əməkdaşlıq həmişə mühüm rol oynayıb. O cümlədən ölkəmizdə düzgün gender siyasətinin reallaşdırılması üçün beynəlxalq təcrübədən yararlanmaq və bu sahədə geniş əməkdaşlığa imza atmaq bu gün sadaladığımız uğurların əldə olunmasında müstəsna rol oynayıb. Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Haqları Bürosu), Avropa Şurası kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hazırda Bakıda və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb olunması və qərar qəbuletmə prosesində iştirakı sahəsində müxtəlif layihələr həyata keçirilir. Gender bərabərliyinin təşviqi sahəsində ölkəmizin yaxından əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də BMT-nin Qadınlar üçün İnkişaf Fondudur (UNİFEM). Ölkəmizin UNİFEM-lə əməkdaşlığı “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” adlı regional layihə çərçivəsində həyata keçirilib. Eyni zamanda, Azərbaycan hökuməti beynəlxalq səviyyədə də qadın hüquqlarının təşviqində fəal iştirak edir. Bunun göstəricisi olaraq 2008-ci il iyunun 10-11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” adlı beynəlxalq forum keçirilib. 2010-cu il 24-25 may tarixində Bakıda Avropa Şurasına üzv olan ölkələrin gender məsələlərinə məsul nazirlərinin “Gender bərabərliyinin de-yure və de-fakto təmin edilməsi” mövzusuna həsr edilmiş VII konfransı keçirilib ki, həmin konfransda Avropa Şurasının üzv dövlətlərinə tövsiyələr və fəaliyyətlər üzrə Tədbirlər Planı qəbul edilib. Həmçinin Azərbaycan dövləti Avropa Şurası ilə də sıx əməkdaşlıq qurub, parlamentarilərimiz qurumun “Kişi və qadınlar üçün bərabər imkanlar” komitəsinin iclaslarında fəal iştirakları ilə müsbət mənada seçiliblər.
Bir sözlə, görünən odur ki, Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində görülən tədbirlər bir çox ölkələr üçün nümunə kimi çıxış edir.
Nadir AZƏRİ
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31