Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dəblə geyinək, yoxsa...

Dəblə geyinək, yoxsa...

21.04.2022 [10:45]

“Bir az böyük al, gələn il də geyinərsən” və ya “oversize”

İlhamə HƏKİMOĞLU

Uşaqlarına paltar alan azərbaycanlılar adətən bu cümləni çox təkrarlayırlar: “Bir az böyük alaq, gələn il də geyinərsən”. İndi paytaxt küçələrində gəzən, geyimi əynindən tökülən gəncləri görəndə həmin söz yadıma düşür. Sanki paltarları onlara valideynləri alıb və deyib ki, çox-çox böyük alaq, kökələndə də geyinərsən. Əyninə böyük ölçülü paltarın içində itib-batmaq dəbdir, “oversize” stili adlanır. “Oversize” geyimlər ilk dəfə Amerikada qaradərililər arasında yayılıb. Yoxsulluqdan əziyyət çəkən qaradərili gənclər həm böyüklərdən qalan paltarları geyinməyə məcbur idilər, həm də bu paltarlarla oğurluq etmək daha asan olurdu. Paltarın altında nəyisə gizlədib, “aradan çıxırdılar”, satıcı da fərqində olmurdu. Başqa sözlə, bu, oğru dəbidir. Ümumiyyətlə, dəbə düşən hər geyimin öz hekayəsi var. Məsələn, 10 il əvvəl dəbdə olan beli düşük şalvarlar eynicinslilərin bir-birini cəmiyyət içində seçə bilməsi üçün işarə idi. İndi buna gərək qalmayıb. Özlərini rahatlıqla büruzə verirlər və qadın kişi qiyafəsində, kişilər qadın obrazında kef edirlər. Cırıq kapronlar, silikon dodaqlar, quş caynağı dırnaqlar, şişirdilən ombalar da cəmiyyətə əslində “gecə kəpənəklərinin” həyatından sürüşüb düşüb. 

Çox zaman deyirlər ki, geyim önəmli deyil, əsas onu geyəndir, içindəki insandır. Amma geyim həqiqətən bizim şəxsiyyət vəsiqəmizdir. Necə ki, əsgəri, polisi, həkimi, yanğınsöndürəni, məktəblini, dənizçini uniformasından tanıyırıq, geyim tərzimiz də bizim haqqımızda fikir yürütməyə əsas verir. Küçədə yeriyən hər hansı bir insanın geyim tərzinə əsasən onun tələbə, müəllim, bank işçisi, jurnalist, işsiz, fəhlə, alim, şəhərli və ya kəndli olduğunu anlamaq olur. Ona görə, dizindən 2 qarış yuxarı mini ətək geyib, al qırmızı, şişirdilmiş dodaqları, süni saçları, uzun dırnaqları, tatu qaşı, ifrat boyalı siması ilə bütün diqqətləri özünə çəkən, qədim peşə sahibinə bənzəyən vulqar bir qadının “mən ciddi bir iş xanımıyam” deməsinə kimsə inanmaz.

Geyimimizlə biz, ilk növbədə, özümüzə, sonra da ətrafımızdakılara hörmətimizi bəyan edirik. Qarşınıza yarıçılpaq çıxan biri haqqında ilk fikriniz nə olardı?

Adətən, moda özü-özünü 12 ildən bir təkrarlayır, illər öncə dəbdə olmuş geyimlərə yeni ştrixlər əlavə olunaraq ilin dəbi kimi cəmiyyətə təqdim edilir. İndi dəbə düşən bu oversize geyimlər daha çox 30 il öncəni, 90-ların dəbini xatırladır. O illərin oğlanları iri çiyinli pencəklərlə, enlibalaq, “banan” adlandırılan şalvarlar geyməyi xoşlayırdılar. Hətta rəng uyumu olmasa belə, bu kombini qırmızı corablarla tamamlayırdılar. İndi ağ corablarla tamamlanan bu böyük ölçülü geyimlər yenidən gündəmə gəlib. Bir də baxırsan qarşıdan arıq, sısqa bir gənc gəlir, üstündə də 100-150 kiloluq adamın ölçüsünə uyğun pal-paltar.

Ən zərif qadın geyimləri 60-cı illərdə qaldı. Bir zamanlar biz də 70-ci illərin böyük dabanlı platforma ayaqqabılarına, ətəyinin eni 70 sm olan trapes şalvarlara, kişilərdə çənəyə qədər uzanan bakembarda, çiyinlərdən aşağı sallanan uzun saçlara və ya başqa çoban papağını xatırladan vız, buruq saçlara baxıb gülməmişikmi? 80-ci illərdə qadınlar çiyinləri şax görünsün deyə özlərinin evdə hazırladıqları hündür çiyinliklərlə bəzənmiş paltarlarını xatırlayırsınız? Festival adlandırılan rəngarəng makiyajları, əsasən Suriyadan gətirilən üstü mirvari muncuqlarla bəzədilmiş lak ayaqqabıları, hər biri ən az 300 qram olan ağır mirvari sırğaları, saç sancaqlarını, “krokodil” adlandırılan üstü bisellə, muncuqla bəzədilmiş təmtəraqlı geyimləri ortayaşlı nəslin  xanımları sevərək istifadə edərdi. Maraqlıdır ki, bu par-par yanan, “qonşu bağrı çatladan” təmtəraqlı geyimləri qızlar universitetlərə geyinir, işıldaya-işıldaya auditoriyalarda gəzərdilər. Bu, şərqdən gələn dəb idi.

Sonrakı illərdə qərb dünyasından gələn sallaq, “töküldüm-itdim” geyimlərin zəmanəsi başladı. Geyim sənayesi sərhədləri o qədər aşdı ki, geri dönüb yolunu tapa bilmədi. Qadınlı kişili cins şalvarlara, krossovkalara alışdıq, daha tuflilər, ciddi geyimlər narahatlıq verdi.

2010-dan üzü bu yana mağazalarda keyfiyyətli məhsul tapıb almaq müşkül məsələdir. Bir zamanlar insanlar çarəsizlikdən, yoxsulluqdan geyimlərə yamaq vurardılar, indi yamaqlı şalvarlar dönüb olub od qiymətinə. Vitrinlərdən asılan yaxası cırıq, manjet yerləri tikişsiz, əcaib-qəraib, eyni zamanda, bahalı paltarları görəndə düşünürsən ki, mən o qədər qocalmışam ki, modadan bir şey anlamıram? Rəngi solmuş, süzülmüş, ipləri çıxıb tökülən, əzik-üzük hansısa trikotaj məhsulu döşəmə yumaq üçün işlədilən bezə daha çox bənzəyir, nəinki əyninə geyinib, abırlı bir məclisə çıxılası təzə paltara. Gələcək nəsillər də bizə güləcək.

Zaman irəli şığıdıqca insanın qəribə aludəçilikləri də yaranır. Günün birində küçələrdə ibtidai insanlar kimi əncir yarpağı və ya heyvan dərisinə bürünüb gəzən adamlar görsək, yəqin təəccüblənməyəcəyik. Dinəndə deyəcəklər, “ay geridəqalmış, bu modadır, moda”.

Paylaş:
Baxılıb: 742 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31