Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi gücünü artırır

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi gücünü artırır

24.09.2026 [14:47]


Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və təbii resurslardan daha səmərəli istifadə olunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər qarşıdakı dövr üçün strateji prioritetləri müəyyənləşdirir.

Azərbaycanın enerji sektorunda əldə etdiyi nəticələr ölkənin iqtisadi potensialının mühüm göstəricilərindən biridir. Qazlaşma səviyyəsinin 96 faizə çatdırılması əhalinin sosial rifahının və regionlarda infrastruktur təminatının yüksəldilməsini göstərir. Eyni zamanda, Azərbaycanın 25 milyard kubmetrdən çox təbii qaz ixrac etməsi ölkənin beynəlxalq enerji bazarındakı mövqeyini nümayiş etdirir.

Enerji sektorunda formalaşan imkanlar digər sənaye sahələrinin, o cümlədən dağ-mədən və metallurgiya sənayesinin inkişafı üçün də əlverişli zəmin yaradır. Yeni Dövlət Proqramında əsas məqsəd xammalın yalnız hasil edilməsi deyil, onun ölkə daxilində emal olunaraq daha yüksək əlavə dəyər yaratmasıdır.

İşğal dövründə Azərbaycanın təbii sərvətlərinə və ekoloji sisteminə ciddi ziyan vurulub. Prezident İlham Əliyev müşavirədə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondunun məhv edildiyini, talan edildiyini və kəsildiyini diqqətə çatdırıb.
Bu faktlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq prosesinin yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmadığını göstərir. Qarabağ və Şərqi Zəngəzurda təbii ehtiyatların qorunması, ekoloji tarazlığın bərpası və mövcud iqtisadi potensialın ölkənin ümumi inkişafına inteqrasiyası qarşıda duran mühüm vəzifələrdəndir.

Azərbaycanın mineral-xammal potensialında “Filizçay” polimetal yatağı xüsusi əhəmiyyət daşıyır. Yatağın mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi ölkənin qeyri-neft ixrac imkanlarının genişləndirilməsinə və yeni sənaye istiqamətinin formalaşdırılmasına şərait yarada bilər. Dövlət Proqramında “Filizçay” yatağının istismara hazırlanması və burada tamhəcmli emal imkanlarının yaradılması nəzərdə tutulur.

Bu yanaşma Azərbaycanın təbii resurslarının daha yüksək əlavə dəyər yaratmaqla iqtisadi dövriyyəyə cəlb edilməsini nəzərdə tutur. Beləliklə, hasilatdan emala, emaldan isə hazır məhsula qədər uzanan yerli istehsal zəncirinin formalaşdırılması ölkənin sənaye potensialını daha da gücləndirə bilər.

Dövlət Proqramının əsas fəlsəfəsi iqtisadi səmərəlilik, investisiyaların cəlb edilməsi, istehsal güclərinin artırılması və yüksək əlavə dəyərin ölkə daxilində yaradılmasıdır. 2027-2030-cu illər ərzində dağ-mədən və metallurgiya sektoruna ümumilikdə 5,3 milyard manat investisiya qoyuluşu nəzərdə tutulur. Proqramın həyata keçirilməsi nəticəsində sektorun əlavə dəyərinin və illik ixrac potensialının əhəmiyyətli dərəcədə artırılması hədəflənir.

Bu yanaşma Azərbaycanın yalnız xammal ixrac edən ölkə kimi deyil, xammalı emal edən və yüksək əlavə dəyərli məhsullar istehsal edən sənaye dövləti kimi mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Dövlətin tənzimləyici və dəstəkləyici rolu ilə yanaşı, dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarından istifadə olunması nəzərdə tutulur. Nəticə etibarilə, 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın sənaye siyasətində yeni mərhələnin əsas istiqamətlərindən biri kimi çıxış edir. Mineral resursların səmərəli istifadəsi, müasir istehsal və emal müəssisələrinin yaradılması, ixrac imkanlarının genişləndirilməsi və regionların iqtisadi inkişafının sürətləndirilməsi ölkənin dayanıqlı iqtisadi gücünün daha da artırılmasına xidmət edəcək.

Ziya Paşayev

YAP İmişli Rayon təşkilatı Aparatının məsləhətçisi 

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Sosial

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30