Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Macyar nəyi dəyişəcək?

Macyar nəyi dəyişəcək?

17.04.2026 [09:33]

Orbanın siyasi kursuna müəyyən korrektələr gözlənilir - əsas problem iqtisadi vəziyyətdir

Aprelin 12-də yüksək seçici fəallığı (təxminən 80 faiz) ilə baş tutmuş Macarıstandakı parlament seçkiləri “Fides-CDNP ittifaqı”nın 16 illik hakimiyyətinə son qoydu. Xatırladaq ki, seçkilərdə Peter Macyarın rəhbərlik etjdiyi Tisza Partiyası qələbə qazanıb və beləliklə də parlamentdəki 199 yerdən 138-nə sahib olub. Keçmiş iqtidar partiyası isə 55 mandat qazana bilib.

Qeyd edək ki, Avropa İttifaqının üzvü olsa da, özünün siyasi kursu olan Macarıstan dövlətinin qarşıdakı mərhələdə hansı addımları atacağı hər kəsdə maraq doğurur. Macarıstan adətən Aİ daxilində bir sıra qərarlarla razılaşmayan, özünün milli maraqlarını ön plana çəkən bir ölkə kimi tanınıb. Bundan sonra bu kursda hansı yeniliklərin olacağı ilə bağlı müəyyən fikirlər irəli sürülür.

Yeni islahatlar anonsu...

Yeri gəlmişkən, seçkilərdə qələbə qazanan Tissa Partiyasının lideri Peter Macyar beynəlxalq mətbuat konfransı keçirərək ölkənin gələcək siyasi kursu ilə bağlı ilkin mesajlarını verib. Budapeştdə baş tutan tədbirdə çıxış edən Macyar bildirib ki, seçkilərdə əldə olunan üçdə iki parlament çoxluğu hökumətə geniş islahatlar aparmaq imkanı yaradır. O vurğulayıb ki, əsas prioritetlər arasında hüququn aliliyinin bərpası, korrupsiyaya qarşı mübarizə və dövlət institutlarının gücləndirilməsi yer alacaq.

Yeni hökumət başçısı, həmçinin qeyd edib ki, Macarıstanın Avropa İttifaqı ilə münasibətlərinin yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, ölkə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirməyə və Avropa dəyərlərinə daha sıx inteqrasiya etməyə çalışacaq. Seçkilərin nəticələrinə əsasən, Tissa Partiyası parlamentdə konstitusiya dəyişiklikləri etməyə imkan verən üstünlük əldə edib. Bu isə uzun illər hakimiyyətdə olmuş əvvəlki hökumətin qəbul etdiyi qanunların yenidən nəzərdən keçirilməsinə də şərait yaradır.

Macyar çıxışında, həmçinin bildirib ki, hökumətin ilk addımları arasında iqtisadi sabitliyin təmin olunması və ictimai xidmətlərin yaxşılaşdırılması olacaq. O, vətəndaşların seçkilərdə göstərdiyi yüksək fəallığın ölkədə dəyişiklik istəyinin bariz göstəricisi olduğunu diqqətə çatdırıb.

Bu arada Macarıstan Prezidenti Tamaş Şujok Peter Macyara yeni hökuməti formalaşdırmağı tapşırıb. Dövlət başçısı, həmçinin yeni parlamentin ilk iclasını 6-7 may tarixlərinə təyin etmək niyyətindədir. Bu iclasda Macyar yeni baş nazir seçiləcək. “Respublika Prezidenti mənə bildirib ki, qalib partiyanın lideri kimi yeni parlamentin ilk iclasında baş nazir seçiləcəyəm və hökumət qurmaq səlahiyyəti mənə veriləcək”, - deyə Macyar ölkə prezidenti ilə görüşdən sonra jurnalistlərə açıqlaması zamanı bildirib.

O, həmçinin hökumətin bu ayın ortalarınadək formalaşdırılacağını və fəaliyyətə başlayacağını vurğulayıb.

İqtisadi vəziyyət çətindir

Siyasi ekspertlər Macarıstanda xüsusilə iqtisadi islahatlara ehtiyac olduğunu bildirir. Ölkə hələ də Aİ-nin həddindən artıq kəsir proseduruna tabedir və maliyyə düzəlişlərinə ehtiyac ÜDM-in təxminən 1,7 faizi səviyyəsində qiymətləndirilir. Fevral ayına qədər illik kəsirin demək olar ki, yarısı qismən seçkiqabağı xərclər və yeni administrasiyaya artan təzyiq səbəbindən tükənib.

Buna baxmayaraq, Macyarın kabineti genişmiqyaslı islahatlar proqramı həyata keçirmək niyyətindədir. Prioritetlərə demokratik institutların bərpası, dövlət xərcləri üzərində nəzarətin gücləndirilməsi və dövlətə məxsus medianın islahatı daxildir. Eyni zamanda, hökumət böhran içində olduğu qiymətləndirilən səhiyyə və təhsil sistemlərinin modernləşdirilməsinə diqqət yetirməyi planlaşdırır.

Avropa İttifaqı ilə münasibətlərin yenidən başlaması da vacib məsələ kimi diqqət mərkəzində olacaq. Budapeşt ümid edir ki, qanunun aliliyi tələblərinə cavab vermək “dondurulmuş” milyardlarla avro vəsaiti açacaq. Eyni zamanda, hakimiyyət orqanları Rusiyanın təsirini azaltmaq, NATO və Aİ ilə əməkdaşlığı gücləndirmək niyyətində olduqlarını da bəyan edir.

Avropa İttifaqı (Aİ) Peter Macyarın Aİ-dən təxminən 35 milyard avro maliyyə vəsaitinə çıxış əldə etməsi üçün 27 şərtin yerinə yetirilməsini gözləyir. Bu barədə “Financial Times” nəşri məlumat yayıb. Məlumata görə, şərtlər arasında ölkədə islahatların həyata keçirilməsi, Aİ qaydalarına uyğunluğun təmin edilməsi və s. məsələlər yer alıb. Aİ bu tələbləri Macarıstanla münasibətlərin yaxşılaşdırılması və maliyyə vəsaitlərinin düzgün istifadəsini təmin etmək üçün irəli sürür. Eyni zamanda qeyd olunur ki, Baş nazir Viktor Orban dövründə Aİ ilə gərginliklər artıb və Budapeşt Ukraynaya maliyyə yardımı və Rusiya ilə bağlı sanksiya paketlərini bloklayıb. Ukrayna üçün ayrılan maliyyə planları isə Aİ daxilində müzakirə olunmağa davam edir.

Rusiyaya münasibət dəyişəcəkmi?

Siyasi ekspertlərin fikrincə, Macarıstanda bu gün müzakirə olunan əsas məsələ Ukrayna müharibəsinə və konkret olaraq Rusiyaya münasibətlə bağlıdır. Qeyd edək ki, Peter Macyar hələ seçki kampaniyası dövründə Ukraynanı Rusiya təcavüzünün qurbanı adlandırmışdı və telefonla danışacaqları təqdirdə Vladimir Putinə müharibəni dayandırmaq üçün müraciət edəcəyini bildirmişdi. “Macarıstanda hər kəs Ukraynanın bu müharibənin qurbanı olduğunu bilir. Və 1994-cü il Budapeşt Memorandumuna əsasən, istənilən Ukrayna hökuməti öz ərazi bütövlüyünü və suverenliyini müdafiə etməyə borcludur. Heç kim onlara sülh danışıqları aparmaq və ya sülh müqaviləsi imzalamaq üçün şərtləri diqtə etməməlidir. Biz heç bir ölkədən öz ərazisindən imtina etməsini istəyə bilmərik”.

Macyarın mövqeyi əvvəlki hökumətdən fərqlənir - bu, daha çox Aİ-nin diqtə etdiyi siyasətin yürüdülməsi deməkdir. Əvvəlki iqtidar məhz enerji məsələsinə görə, Ukraynaya hərbi yardım göstərməkdən imtina etmişdi və Avropa İttifaqının da dəstəyini əngəlləmişdi. Budapeşt dəfələrlə Rusiyaya qarşı sanksiyaların tətbiqinə də mane olmuşdu - amma hər dəfə Brüsseldən müəyyən güzəştlər müqabilində vetonu ləğv etməyə razı olmuşdu. 4 illik müharibə ərzində Orban Kiyevə yalnız bir dəfə - Macarıstanın Avropa İttifaqına sədrlik etdiyi 2024-cü ilin yayında səfər edib. Bundan əvvəl Macarıstanın baş naziri Ukraynaya yalnız 2012-ci ildə səfər etmişdi.

90 milyardlıq müəmma...

O ki qaldı, ən mühüm müzakirə predmeti olan 90 milyardlıq yardıma, Macyar bununla bağlı da fikirlərini bölüşüb: “Ukraynaya 90 milyard avroluq kreditlə bağlı, dürüst desəm, burada nəyin müzakirə edilə biləcəyini tam olaraq başa düşmürəm, çünki dekabr ayında Avropa Şurasının iclası zamanı Viktor Orbana və bir neçə digər ölkəyə iştirak üçün imkan verilmədi. Avropa Şurası Macarıstanın, ehtimal ki, Slovakiya və Çexiyanın bu 90 milyard avroluq kredit üzrə öhdəliklər götürməyəcəyinə qərar verdi. Bu, bizim ölkələrimizin itradəsindən kənarda təsdiq edildi. Mən bunu tam başa düşmürəm və bu məsələ ilə bağlı Avropa liderləri ilə məsləhətləşəcəyəm. Şəxsi fikrim budur ki, Macarıstan bu məsələdən kənarda qalmalıdır. Macarıstan çox çətin maliyyə vəziyyətindədir.”

Qeyd edək ki, Avropa İttifaqı 2025-ci ilin dekabr ayında keçirilən sammitində Ukraynaya 90 milyard dollarlıq kredit verməyə razı oldu. Aİ ölkələri dondurulmuş Rusiya aktivlərindən istifadə barədə razılığa gələ bilmədikdən sonra (əsasən Rusiya Mərkəzi Bankının vəsaitlərinin əksəriyyətinə sahib olan və əlaqəli müsadirə risklərindən qorxan Belçikanın etirazları səbəbindən) Kiyevi özləri maliyyələşdirməyə qərar verdilər.

Güzəşt olaraq (vetodan yayınmaq üçün) Aİ Macarıstana və digər narazı ölkələrə Ukraynanın maliyyələşdirilməsində iştirak etməməyə, sadəcə onu təsdiqləməyə icazə verdi. Qələbəsindən sonra Macyar Macarıstanın kreditlə öhdəlik götürmək niyyətində olmadığını bildirdi.

Beliləklə, yeni hökumət müəyyən mənada özündən əvvəlki xətti davam etdirəcək kimi görünür. Hər bir halda, Macyarın indiki çətin maliyyə problemləri arasında Aİ-nin öhdəliklərinə imza atması onun üçün xoş gələcək vəd etmir.

SADİQ

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30