Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qlobal təhlükəsizlik sistemi: Azərbaycanın rolu artır

Qlobal təhlükəsizlik sistemi: Azərbaycanın rolu artır

27.11.2025 [11:37]

Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi BMT-nin sənədi kimi yayımlanıb

Cari il sentyabrın 21-də “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda keçirilmiş III Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanıb.

Forumun builki plenar iclası Bakı Təhlükəsizlik Forumunun Əsasnaməsinin və Bəyannaməsinin qəbul edilməsi, həmçinin ümumi razılıq əsasında dünyada ilk dəfə xüsusi xidmət və təhlükəsizlik orqanları arasında 24/7 rejimli Antiterror İnformasiya Mübadiləsi Sisteminin yaradılmasının qərara alınması ilə yadda qalıb.

Unikal formata malik Bakı təhlükəsizlik platforması

Məlumatda da bildirldiyi kimi, III Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsinin və Azərbaycanın dövlət başçısının tədbir iştirakçılarına müraciətinin  BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanması Bakı Təhlükəsizlik Forumunun təhlükəsizlik sahəsində artan əhəmiyyətindən, beynəlxalq institusional-hüquqi perspektivindən xəbər verir.

Bakı Təhlükəsizlik Forumu dünyada həssaslıqla izlənilən indiki dövrün çağırışlarına uyğun olaraq bir növ zərurətdən yaranıb. XXI əsrin başlanğıcından etibarən qlobal güc mərkəzləri arasında geosiyasi ziddiyyətlərin dərinləşməsi fonunda dünyanın müxtəlif bölgələrində hərbi toqquşmaların baş verməsi, terrorçu qruplaşmaların fəallaşması, beynəlxalq təhlükəsizlik sisteminə yönəlmiş təhdidlərin artması dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsini şərtləndirib. Bu kontekstdə beynəlxalq və regional müstəvilərdə daim sülh və əmin-amanlığın bərqərar olunması istiqamətində təşəbbüslərlə çıxış edən Azərbaycan qlobal təhdidlərə qarşı birgə fəaliyyətin təşviqi məqsədilə beynəlxalq təhlükəsizliyin qorunub saxlanılmasında misilsiz rol oynayan kəşfiyyat və təhlükəsizlik orqanlarını vahid platformada cəmləşdirməyi məqsədəuyğun hesab edib. Beləliklə, konstruktiv dialoq, qarşılıqlı anlayış və faydalı əməkdaşlıq prinsiplərinə söykənən Bakı Təhlükəsizlik Forumu təsis olunub. Bakı Təhlükəsizlik Forumu müxtəlif siyasi mövqelərə malik ölkələrin bir araya gələrək fikir ayrılıqlarını, regional və beynəlxalq münaqişələri qarşılıqlı anlayış əsasında müzakirə etmələrinə əlverişli şərait yaradan platformadır.

I Bakı Təhlükəsizlik Forumu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü il may ayının 3-də təşkil olunub. Dünya ölkələrinin kəşfiyyat və təhlükəsizlik orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin qatıldığı müvafiq forum çərçivəsində plenar iclasla yanaşı, ikitərəfli və çoxtərəfli görüşlər baş tutub. “Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə” mövzusunda keçirilmiş iclas müasir Azərbaycanın banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Bu, heç də təsadüfi deyil. Belə ki, Heydər Əliyev Azərbaycanın Prezidenti olduğu dövrdə Cənubi Qafqazda atəşkəsin əldə olunmasına nail olmaqla yanaşı, qatıldığı çoxsaylı beynəlxalq tədbirlərdə, eləcə də iştirak etdiyi ikitərəfli və çoxtərəfli görüşlərdə beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə böyük töhfələr verib.

İştirakçılar tərəfindən tədbirə böyük marağın göstərilməsi əsas götürülərək, 2024-cü il sentyabr ayının 15-də “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu təşkil olunub. Forumun mövzusu ilə bağlı iştirakçı dövlətlərin xüsusi xidmət orqanlarını təmsil edən nümayəndələr tərəfindən çıxışlar edilib, həmçinin ikitərəfli və çoxtərəfli görüşlər keçirilib.

Sentyabrın 21-də baş tutan III Təhlükəsizlik Forumu dünyada Bakı platformasına artan marağı əyani şəkildə təsdiqlədi. Belə ki, builki tədbir 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbirdə həmçinin BMT-nin təhlükəsizlik sahəsində aidiyyəti strukturları təmsil olunub. Foruma olan marağın ildən-ilə artması müzakirəyə çıxarılan mövzuların vacibliyini əyani şəkildə əks etdirir. Prezident İlham Əliyev tədbir iştirakçılarına müraciətində qlobal arenada kəskinləşən geosiyasi ziddiyyətlər fonunda beynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılmasında vacib rolu olan təhlükəsizlik və kəşfiyyat qurumlarının təmsilçilərini bir araya gətirən Bakı Təhlükəsizlik Forumunun davam etdirilməsinin  mühüm əhəmiyyət kəsb etdiyinə xüsusi diqqət çəkib. “Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Qarşılıqlı etimad və əməkdaşlıq məkanı

Hazırda dünya olduqca narahat bir dönəmdən keçir. Gah bu, gah da digər bir regionda alovlanan qanlı müharibələr öz arxasınca böyük fəlakətlər gətirir. Silahlı toqquşmaların nəticəsi olaraq milyonlarla insan həyatını itirir, həmçinin humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaranır. Bu gün Yaxın Şərq, Şərqi Avropa qan içindədir  və bu bölgələrdə insanlıq faciəsi yaşanır. Açıq-aydın görünür ki, beynəlxalq hüquq işləmir, güc amili önə çıxıb, milli dövlətlərə təhdidlər artıb. Baş verənlər zəncirvari proseslərə səbəb olur. Belə ki, müharibə risklərinin artdığı bir şəraitdə terrorçu təşkilatların yenidən fəallaşması müşahidə edilir. Sürətli texnoloji inkişaf, innovasiyaların həyatımıza daxil olması bütövlükdə müsbət haldır. Narahatlıq yaradan cəhət isə odur ki, 4-cü Sənaye inqilabı dönəmində kibertəhlükəsizlik cinayətlərinin sayı getdikcə artır və bir növ qlobal xarakter alır. Paralel şəkildə, dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqazidd əməllərin əhatə dairəsinin genişləndiyi müşahidə edilir. Bütün bunlar beynəlxalq təhlükəsizlik sisteminə sarsıdıcı təsir göstərir. Belə vəziyyətdə dünya birləşməlidir. Burada Azərbaycanın qətiyyətli mövqeyi ondan ibarətdir ki, qlobal təhdidlər qarşısında beynəlxalq həmrəylik daha da gücləndirilməlidir. Respublikamız öz mövqeyini ardıcıl şəkildə atdığı addımlarla, unikal yanaşmaları ilə təsdiqləyir. Ölkəmiz qlobal pandemiya dönəmində yardıma ehtiyac duyan ayrı-ayrı dövlətlərə, Ümumdünya Səhiyyə Təşkilatına ciddi dəstək verib. İndiyədək  Azərbaycan hərbçiləri Kosovada, Əfqanıstanda beynəlxalq sülhməramlı qüvvələrin fəaliyyətinə qoşulublar və nümunəvi xidmət göstəriblər. Ötən il Bakının nümunəvi qaydada ev sahibliyi etdiyi COP29 konfransı qlobal ekoloji təhdidlərə Azərbaycanın son dərəcə həssas yanaşmasının növbəti təsdiqinə çevrildi. Həmçinin ölkə daxilində uzunmüddətli sabitlik təmin olunub, burada milli-dini-irqi zəmində hər hansı bir münaqişə yaşanmır, müvafiq qurumlar hüquqpozma hallarına qarşı ciddi mübarizə aparırlar və terrorçuluğa meydan yoxdur.

Bu gün Azərbaycan Avrasiyada və daha geniş coğrafiyada körpülər yaradan ölkə qismində çıxış edir. Respublikamız 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazandığı parlaq qələbələr sayəsində regionda terror təhdidlərinə, separatizm meyllərinə, müharibə risklərinə son qoyub. Postmüharibə dövründə qalib Azərbaycanın ciddi səyləri ilə başlayan sülhyaratma prosesi cari il avqustun 8-də Vaşinqtonda əldə olunan mühüm razılaşmalarla keyfiyyətcə yeni bir mərhələyə keçid alıb. Azərbaycan regionda müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirib. Vaşinqton görüşü bir daha təsdiqlədi ki, dünya Azərbaycanın regionda etimad quruculuğunu hədəfləyən səylərini və sülh gündəliyini yüksək dəyərləndirir. Bu kontekstdə dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması ənənəsinin yaranması forumun timsalında Bakının qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30