Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 20 Yanvar faciəsi: insanlığa qarşı törədilmiş cinayət

20 Yanvar faciəsi: insanlığa qarşı törədilmiş cinayət

21.01.2026 [11:30]

Elşən Alıyev

​​​​​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

1990-cı ilin 20 Yanvar hadisələri xalqın müasir tarixində ən faciəli, eyni zamanda ən şərəfli səhifələrdən biridir. Bu qanlı hadisə həm yüzlərlə günahsız insanın qətlə yetirilməsi, həm də azadlıq ideyasının zor gücü ilə boğulmasına yönəlmiş imperiya siyasətinin açıq təzahürü kimi yadda qalmışdır. Eyni zamanda, 20 Yanvar xalqın milli iradəsinin, azad yaşamaq əzminin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirmiş və müstəqillik yolunda dönüş nöqtəsinə çevrilmişdir.

Qanlı Yanvar hadisələri təsadüfi və qəfil baş verməmişdi. 1987-ci ildən etibarən azərbaycanlıların Ermənistandakı tarixi yaşayış yerlərindən kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində atılan addımlar, bu proseslərə mərkəzi Sovet hakimiyyətinin laqeyd və qərəzli münasibəti regionda dərin sosial-siyasi gərginlik yaratmışdı. Xalqın legitim etirazlarına qulaq asmaq əvəzinə, mərkəz zorakı üsullara əl ataraq milli azadlıq hərəkatını boğmağa qərar verdi.

1990-cı ilin yanvarında Bakıya və respublikanın bir sıra rayonlarına yeridilən Sovet qoşunları dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törətdi. Qadın, uşaq, qoca demədən insanlar ağır texnika, avtomat silahlar və tankların atəşi ilə qətlə yetirildi. Şəhərin küçələrində hərbi texnikanın insanların üzərinə sürülməsi bu əməliyyatın əvvəlcədən planlaşdırılmış və məqsədli olduğunu sübut edirdi. Bu hadisələr beynəlxalq hüququn, humanizm və insan haqlarının kobud şəkildə pozulması idi.

“Bakı əməliyyatı” adı altında həyata keçirilən hərbi müdaxilə faktiki olaraq şəhərin işğalı ilə nəticələndi. Fövqəladə vəziyyət elan edilməmişdən öncə qoşun hissələrinin şəhərə yeridilməsi, əhalinin xəbərsiz saxlanılması və informasiya blokadası faciənin miqyasını daha da artırdı. Tanklar, zirehli maşınlar və Xəzər Hərbi Donanmasının gəmiləri vasitəsilə həyata keçirilən əməliyyatlar Sovet imperiyasının öz vətəndaşlarına qarşı müharibəsi idi.

20 Yanvar hadisələri Sovet rejiminin cəmiyyətdəki bütün mənəvi və siyasi dayaqlarını darmadağın etdi. Xalq Sov.İKP-yə və mövcud sistemə olan inamını tamamilə itirdi, partiya sıraları kütləvi şəkildə tərk olundu. Bu faciə milli azadlıq hərəkatını yeni mərhələyə çıxardı, müstəqil dövlət ideyası artıq geri dönməz xarakter aldı və ümumxalq iradəsinə çevrildi.

Faciənin ertəsi günü Ümummilli Lider Heydər Əliyevin Moskvada səsləndirdiyi bəyanatında baş verənləri açıq şəkildə cinayət adlandırdı və xalqla həmrəy olduğunu nümayiş etdirdi. İnformasiya blokadasına baxmayaraq, bu mövqe dünya ictimaiyyətinə çatdı və xalqın ruhunu sarsılmaqdan xilas etdi. Bu faktorlar 20 Yanvar hadisələrinə verilən ilk siyasi-hüquqi qiymət idi.

Sonrakı illərdə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1990-cı ildə Naxçıvan Ali Məclisində, 1994-cü ildə isə Milli Məclisdə qəbul edilən qərarlar bu hadisəni totalitar rejimin hərbi təcavüzü və insanlıq əleyhinə cinayət kimi təsbit etdi. Bununla da tarixi həqiqət rəsmi sənədlərdə öz əksini tapdı.

Şəhidlərin xatirəsinin uca tutulması milli-mənəvi borc kimi qəbul olundu. Şəhidlər Xiyabanında “Əbədi Məşəl” abidə kompleksi ucaldıldı, xatirə məkanları yaradıldı, yanvarın 20-si Ümumxalq Hüzn Günü elan edildi. “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi isə şəhidlərin qəhrəmanlığının rəsmi təsdiqi oldu.

Şəhid ailələrinin və 20 Yanvar hadisələri nəticəsində sağlamlığını itirmiş şəxslərin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılıb. Təqaüdlər, müavinətlər artırılıb, mənzil və avtomobillərlə təminat həyata keçirilib, reabilitasiya xidmətləri genişləndirilib. Bu tədbirlər dövlətin öz vətəndaşlarına mənəvi və sosial məsuliyyətinin bariz nümunəsidir.

20 Yanvar faciəsi yalnız kədərli xatirə deyil, həm də milli ləyaqət dərsidir. Xalq həmin gecə azadlıq uğrunda canlarından keçməyə hazır olduğunu sübut etdi. Bu faciə milli kimliyin formalaşmasında, dövlətçilik şüurunun möhkəmlənməsində müstəsna rol oynadı və gələcək nəsillər üçün unudulmaz tarixi dərs olaraq qalır.

Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31