ABŞ-ın texnologiya nəhəngi Azərbaycanda
23.04.2026 [10:30]
“NVIDIA” şirkəti süni intelekt şəbəkələri, 6G infrastrukturu və Data mərkəzi quracaq
Dünyanın qlobal texnologiya nəhəngi və süni intellektli çip istehsalçısı olan ABŞ-ın “NVIDIA” şirkəti Azərbaycanda rəqəmsal infrastruktur quruculuğunda yaxından iştirak edəcək. Bu günlərdə “Azerconnect Group” və “NVIDIA” arasında imzalanmış tərəfdaşlıq müqaviləsinə əsasən, Amerika şirkəti ölkəmizdə rəqəmsal ekosistemin mühüm xidmət növlərindən biri olan “GeForce NOW”u təqdim edəcək. Bu, əməkdaşlığın başlanğıcı olmaqla digər ekosistemlərin də qurulmasında əsaslı zəmin yaradacaq. Dünyanın bir nömrəli süni intellekt üzrə çip istehsalçısının Azərbaycanda “Hopper” arxitekturasının qurulması, bir sıra İT modellərinin yaradılması, bir sözlə, rəqəmsal infrastrukturunun modernləşdirilməsində yaxından iştirakı nəzərdə tutulur.
“FinTech”, “AdTech” və s. rəqəmsal xidmətlər sahəsində fəaliyyət göstərən “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir və “NVIDIA” ilə tərəfdaşlıq ölkəmiz üçün mühüm fürsət sayıla bilər. ABŞ texnologiya liderinin telekommunikasiya və biznesin inkişafı üzrə vitse-prezidenti Kris Penrouz bildirib ki, əməkdaşlığın perspektivləri böyükdür və növbəti mərhələlərdə süni intelekt əsaslı şəbəkələr, 6G infrastrukturu və süni intellekt Data mərkəzinin yaradılması prioritet istiqamətləri müəyyən edilib. K.Penrouz strateji planın icrası sayəsində ölkəmizin regionda süni intellektin əsaslı innovativ həllərin tətbiqi mərkəzinə çevriləcəyinə əminliyini ifadə edib.
Rəqəmsal texnologiyalar iqtisadi inkişafda həlledici rol oynayır
Hazırda dünya ölkələrinin ortamüddətli və uzunmüddətli inkişaf ssenarilərində rəqəmsal strategiya və bu konseptin əsas baza hissəsi kimi süni və robot texnologiyalarının milli istehsalda payının artırılması başlıca yer tutur. “Rəqəmsal İqtisadiyyat Hesabatı 2024”ə görə, rəqəmsal texnologiyalar qlobal iqtisadi inkişafda həlledici rol oynayır, lakin ekoloji və sosial aspektlər nəzərə alınmadıqda yeni risklər yaradır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Rəqəmsal İqtisadiyyat İcmalı 2024” hesabatına əsasən, üzv ölkələrdə İKT sektoru 2013-2023-cü illərdə orta hesabla illik 7,6 faiz böyümüş və bu göstərici ümumi iqtisadi artımı üç dəfədən çox üstələyib. Dünya İqtisadi Forumu isə göstərmişdir ki, 2027-ci ilə qədər mövcud bacarıqların 44 faizi yenilənməlidir. Stanford Universitetinin “AI Index Report 2025” sənədinə görə, 2024-cü ildə respondent təşkilatların 78 faizi süni intellekt (AI) texnologiyalarından istifadə edib, yaradıcı AI sahəsinə qoyulan şəxsi investisiyalar isə 33,9 milyard ABŞ dolları olub.
Texnoloji infrastruktur və qabaqcıl texnologiyalara sərmayələr də rəqəmsal transformasiyanın həlledici şərtlərindəndir. 2021-ci ildə bu sahəyə qlobal sərmayələrin həcmi 650 milyard ABŞ dolları təşkil edib. 2035-ci ilədək isə onun 1 trilyon ABŞ dollarını üstələyəcəyi proqnoz edilir. Sinqapur dövləti özəl tərəfdaşlığı və kibertəhlükəsizlik siyasəti hesabına Asiyanın rəqəmsal mərkəzinə çevrilməyi hədəfləyir, Böyük Britaniya isə rəqəmsal infrastrukturun möhkəmləndirilməsini prioritet kimi müəyyən edir. İstehlakçı davranışları da köklü dəyişikliklərə məruz qalır. “Digital 2025” hesabatına görə, e-ticarət illik 15-25 faiz artım tempi ilə inkişaf edib, fərdiləşdirilmiş xidmətlər, mobil ödənişlər və elektron pul kisələrinə tələbat əhəmiyyətli dərəcədə yüksəlir. Bununla yanaşı, qlobal investisiya riskləri də diqqət mərkəzində qalır. BMT-nin Ticarət və İnkişaf Konfransının “Dünya İnvestisiya Hesabatı 2025” sənədinə əsasən, 2024-cü ildə dünya üzrə birbaşa xarici investisiya axınları 11 faiz azalıb. Bu fakt rəqəmsal infrastruktur layihələrinin maliyyələşməsində dövlət-özəl tərəfdaşlıqlarının rolunu artırmağı və investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsini zəruri edir.
2026-2029-cu illərə dair Strategiyanın hədəfləri
Azərbaycan da qlobal çağırışları nəzərə alaraq özünün rəqəmsal arxitekturasını gücləndirməyi əsas hədəf kimi müəyyənləşdirib. “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” sənədində ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılması kimi prioritetlər nəzərdə tutulub.
Strategiya informasiya texnologiyalarının və 4-cü Sənaye İnqilabının əsas texnologiyalarının (süni intellekt, böyük verilənlər, blokçeyn, bulud texnologiyaları, “ağıllı şəhər” həlləri və s.) sürətli inkişafı şəraitində rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, onun dayanıqlığının təmin edilməsi və bütün iqtisadi sahələrdə rəqəmsal transformasiyanın geniş tətbiqi prinsiplərinə əsaslanır.
Strategiya çərçivəsində iqtisadiyyatın inkişafı üçün rəqəmsal infrastrukturun müasirləşdirilməsi, yeni rəqəmsal bizneslərin inkişafının təşviqi, startap və innovasiya yönümlü ekosistemin dəstəklənməsi, iqtisadi qərarvermədə data əsaslı analitikanın tətbiqi, beynəlxalq rəqəmsal inteqrasiya və standartlaşdırmanın tətbiqi, həmçinin yaşıl və dayanıqlı rəqəmsal iqtisadiyyatın inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib. Strategiyanın icrası nəticəsində iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması, rəqəmsal xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi, iqtisadi sahələrdə rəqəmsal texnologiyaların tətbiq səviyyəsinin genişləndirilməsi, rəqəmsal bacarıqlara malik ixtisaslı kadrların sayının artırılması, eləcə də Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəflənir.
Startapların rəqəmsal sənayeyə inteqrasiyası
“Rəqəmsal dövlət” quruculuğu strategiyasına əsasən, rəqəmsal ticarətlə yanaşı, sənayenin inkişaf etdirilməsi də nəzərdə tutulur. Bu prosesin əsas hərəkətverici qüvvəsi kimi kiçik və orta sahibkarlıq subyektləri arasında rəqəmsal transformasiyanın dəstəklənməsi, onlara maliyyə dəstəyi mexanizmlərinin göstərilməsi, ələlxüsus da, startapların və tədqiqat mərkəzlərinin sənaye ilə əlaqələndirilməsi məqsədilə vahid rəqəmsal ekosistemin yaradılması nəzərdə tutulur. Motivasiya tədbirləri çərçivəsində rəqəmsal startapların sayı 250-ə, rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 300-ə çatdırılacaq.
Yeri gəlmişkən, ölkəmizin coğrafi vəziyyətinin əlverişliliyi də rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində töhfəverici rol oynayır. Ölkəmizin Asiya ilə Avropa arasında yerləşməyi, Şimal-Cənub dəhlizi üzərində qərar tutması və yaradılmış logistika infrastrukturu texnoloji tranzitə keçiddə üstünlüyü təmin edir.
ABŞ və İsrail şirkətləri ilə rəqəmsal tərəfdaşlıq
Bu baxımdan süni intellekt, robot texnologiyaları, rəqəmsal arxitektuta quruculuğunda qlobal miqyaslı xarici şirkətlərlə əməkdaşlığı artıran Azərbaycan hökuməti dünyanın rəqəmsal liderlərini ölkəmizə gətirir. Yeri gəlmişkən, ABŞ-la bir müddət əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyada öz əksini tapan mühüm bəndlərdən biri süni intellekt, rəqəmsal infrastruktur və kosmik sənaye sahəsində layihələrin təşviqini nəzərdə tutur. Həmçinin, Tədqiqat və İnkişaf (R&D) platformaları, innovasiya körpü proqramları və kibertəhlükəsizlik təşəbbüsləri həyata keçiriləcək. Bu əməkdaşlıq çərçivəsində ölkəmizdə texnoloji istedadların inkişafını və transsərhəd rəqəmsal bağlantıların gücləndirilməsi dəstəklənəcək.
Eləcə də İsrail və Azərbaycan arasında bir neçə ay əvvəl süni intellekt sahəsində əməkdaşlığa dair imzalanmış memoranduma əsasən, kibertəhlükəsizlik, rəqəmsallaşma və kosmik sahədə qarşılıqlı proqramların icrası planlaşdırılır. Eləcə də, Azərbaycan və Böyük Britaniyanın BP şirkəti süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində birgə addımların atılması barədə razılığa gəlib.
Əməkdaşlıq planına əsasən, insan kapitalının inkişafı və logistika proseslərində “AZCON Holding”lə birgə süni zəka layihələrinin icrası təmin olunacaq.
Bu qlobal əməkdaşlıq blokuna “NVIDIA”nın cəlb edilməsi isə Azərbaycanın rəqəmsal inkişaf yolunda iddialı planlarına çatmaq niyyətinin göstəricisidir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20

