Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Vicdan əzab verərmi?

Vicdan əzab verərmi?

28.04.2026 [09:30]

Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanı haqqında

əvvəli ötən saylarımızda

Buna heç kimin şübhəsi ola bilməz, bu öz yerində. Keçən zaman böyük yazıçının qoyduğu diaqnozların doğruluğunu dönə-dönə təsdiqləyib. Fəqət mənim onun verdiyi reseptə bir balaca etirazım var: doğrudanmı insan haqqın dərgahına mütləq günah səhrasından, şübhə cəhənnəmindən keçib getməlidir? Doğrudanmı göz yaşları günahı yuyub aparır? Doğrudanmı insan öz tanrısıyla rabitə qurmaq üçün hökmən canında günah toxumları bəsləməlidir? Mənə elə gəlir ki, kilsə qurucuları, xristian təliminin alovlu təbliğatçıları öz dinlərinin də, peyğəmbərlərinin də mahiyyətini köklü təhrifə uğradıblar. Mən bunu müsəlman mühitində böyümüş tərəfkeş fərd kimi yox (bir dini o biri dinin meyarlarıyla dəyərləndirməyin qəti əleyhinəyəm), hələ gənclik illərində dörd İncilin dördünü də sevə-sevə oxumuş, Əhdi-cədidi dünyanın ən gözəl, ən mükəmməl kitablarından sayan biri kimi deyirəm. Günah duyğusu insanı Tanrıya yox, İblisə bağlayan duyğudur; o başqa məsələ ki, insan günahlarından arınmaq üçün cismindəki tanrının atributlarından olan vicdanına sığınmalıdır. Ancaq ruhun görən gözü, danışan dili sayılan vicdan nədənsə çox zaman insana əzab çəkdirən, onu daşdan-daşa çırpan, ona qan qusduran zalım, amansız qüvvə kimi qələmə verilir. Doğrusu, vicdanı belə təqdimatla tanıyan kəs vicdansız olmağı bundan üstün tutar.

Raskolnikovun cinayəti qəddar sadizm aktıdır. Yemək-içməkdən tutmuş adam öldürməyə qədər hər növ sadistik akt doyum həddinə çatanda mazoxistik yorğunluqla, peşmanlıqla, vəsvəsəylə, qorxuyla, yuxuyla, xülasə, irili-xırdalı hansısa ölüm aktıyla müşayiət olunur. Məsələn, axşam çox şərab içən adam səhərki xumarlıq (“poxmel”) halında özünü günaha batmış sanır, tez kövrəlir, az qalır tanımadığı şəxslərin də ayağına düşüb olmayan suçuna görə onlardan üzr diləsin. Əyyaşlığa qurşanmanın başlıca səbəbi də elə içən insanın bu əhvaldan, əzabdan qurtulmaq istəyidir. Fəqət bu, heç də o demək deyil ki, səhər-səhər mazoxistik fədakarlıq ovqatına düşmüş bu adam axşam içib şirə dönmüş o adamdan üstün, yaxşı adamdır; yox, o sadəcə bir qütbdən başqasına yuvarlanıb. Raskolnikovun tövbəsi də belə bir ovqatın məhsuludur. Dilə gələn, qatili rahat buraxmayan onun vicdanı, ya allahı deyil, zalımlıq duyğusunun yerini günah duyğusuna verməsi, sadizm aktının mazoxizm aktına transformasiya olunmasıdır. Əlbəttə, Napoleon kimi despotlarda bu balans pozulur, sadizm tərəfi (aqressiv, hiperaktiv yaşamaq ehtirası) qarşı qütbün (mazoxizm, passiv yoxluq istəyi) orqanizmə təsirini minimuma salacaq qədər ağır basır, amma Raskolnikov Napoleon deyil, onun bir qətllik canı var, sonra qırx il tökdüyü bir ovuc qanı yumaqla məşğul olacaq.

***

Raskolnikovun günahı da, tövbəsi də Allahın yox, allahsızlığın işidir, Tanrının bu işlərdən xəbəri yoxdur, hər ikisi İblisin təhrikidir. İki nəfəri qətlə yetirəndən sonra gəncin düşdüyü hallar vicdanın yox, vicdansızlığın onu saldığı vəziyyətdir - vicdana böhtan atmayaq. Rodion Romanoviç Napoleon olmadığını qabaqcadan bilirdi, bununla belə son addımı atmaqdan çəkinmədi, vücudunun dibindəki mübhəm mazoxistik ehtiyac, cəzalanma tələbatı onu özünü hündür, sərt bir sıldırımdan dərin, dibsiz uçuruma atmağa təhrik elədi. Paradoksal burasıdır ki, zədəsi nə qədər ağır olsa, onun mənəvi həyata qayıtmaq ehtimalı bir o qədər çoxdur.

Bəs ağıl, bəs ruh? Ağıl, ruh bu işlərdə iştirak eləmirmi? Raskolnikov, əlbəttə, ağıllı, savadlı oğlandır, tozunu alan olsa, parlaq ruhu da var. Canına müsəllət olmuş bədöy cinin köpü alınandan sonra Allahın bir nüsxəsitək o canı kirayələmiş ruhun deməyə bəlkə də sözü olacaq - yazıçı epiloqda Raskolnikovun ehyasına, dirilişinə dönə-dönə işarə vurur. Onun çəkdiklərini qaldırmağa ağılın gücü yetməz, onun ağlından iti ağıl nə qədər istəsən başqalarında da var - məgər Dostoyevski özü rus ədibləri arasında ən ağıllısıydımı? Həm də ağıl cürbəcür olur: məsələn, Razumixinin ağlı xeyirin qulluğunda duran ağıldır; müstəntiq Porfirinin ağlı şübhəçi, analitik ağıl, necə deyərlər, alim ağlıdır; Lujinin ağlı isə özünün bapbalaca şeytanına - dar, dayaz eqosuna xidmət göstərir. Svidriqaylov da ağıllı adamdır, onun da ağlı Raskolnikovun ağlı kimi İblisin sərəncamındadır, ona görə hər ikisi sonda intihara gedir: Svidriqaylov qoymağa yer tapmadığı canından, Raskolnikov şərə mübtəla olmuş ağlından keçir. Biz romanın qəhrəmanından o vaxt ayrılırıq ki, o, mühüm bir keçidin astanasındadır, dirilmə, doğulma ərəfəsindədir, artıq onu ağlı yox, közərməyə başlayan qəlbi hərləyir:

“Elə həmin günün axşamı kazarmanın qapıları bağlanandan sonra Raskolnikov taxta uzanıb Sonya haqda düşünürdü. Ona elə gəlirdi ki, bu gün onunla düşmənçilk aparan dustaqlar belə ona bir ayrı nəzərlə baxırlar. O hətta özü onları söhbətə tutdu, onlar da ona mehriban cavab verdilər. Məgər elə belə də olmalı deyildimi, indi hər şey kökündən dəyişməli deyildimi?

O, Sonyanı düşünürdü: həmişə qıza əzab vermişdi, onun qəlbini parçalamışdı. Sonyanın solğun arıq üzünü xəyalına gətirdi, ancaq bu xatirələr indi ona əzab vermirdi: bilirdi ki, Sonyanın çəkdiyi bütün əzabların əvəzini hüdudsuz bir məhəbbətlə ödəyəcək.

Bir də axı keçmişin əzabları, bütün bu ağrı-acılar nə olan şeydi! İndi bütün bunlar - törətdiyi cinayət də, kəsilən hökm də, sürgün də ilk coşqunluq dəmində ona bir növ kənar, qəribə hallar kimi görünürdü, heç elə bil bütün bunlar onun başına gəlməmişdi. Həmin axşam o heç bir şey haqqında uzun-uzadı düşünə bilmədi, heç bir şeyin üstündə fikrini cəmləyə bilmədi; bəli, o indi şüurlu surətdə hansısa məsələni çözmək iqtidarında deyildi, indi o yalnız hissinə dalmışdı. Dialektikanın yerini həyat tutmuşdu, şüurda da tamam başqa bir şey yetişməliydi...”

Yox, Raskolnikovun yükünü ağıl-filan çəkə bilməz. Bundan ötrü ürək, könül işə keçməli, onun vücudunun səltənətində vicdan, Allah hakimiyyətə gəlməli, o səltənətdə xaos, anarxiya, “besporyadok” bitməlidir. Yalnız bundan sonra onun dirilişi, qurtuluşu başlana bilər, yalnız vicdan onu çəkdiyi əzablardan, gördüyü vahiməli yuxulardan, qorxaq aqressiyadan, aqressiv qorxulardan qurtara bilər. Vicdan insanı miskin, gözükölgəli duruma salmaz, kişini Tanrı kimi məğrur, gözütox göstərər. Çox güman, Raskolnikovun da başına belə gözəl bir iş gələcək, çox güman, Sibirin bakirə təbiətinin, başının altındakı İncilin, qəlbinin keşiyində durmuş Sonyanın hesabına tezliklə onun da ruhu dünyaya, insanlara açılacaq. Bunca sarsıntıdan sonra Raskolnikovdan nə desən gözləmək olar: artıq ondan knyaz Mışkin də törəyər, lap elə yeni peyğəmbər, yeni Məsih də çıxar - yanında Maqdalı Məryəmi də var...

F.Uğurlu

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30