Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ermənistanın monoetnikləşdirmə siyasəti...

Ermənistanın monoetnikləşdirmə siyasəti...

28.04.2026 [10:55]

Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımılarından böyük əziyyət çəkib. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə yalnız ermənilər yaşayırlar. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.

Azərbaycanın tarixi-mədəni irsi məhv edilib

Ermənistan hökuməti Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini bilavasitə məqsədli şəkildə və azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyi təşviq edən təbliğat aparmaqla məhv edib. Dağıntı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əvvəl, işğal zamanı və ondan sonrakı dövrdə baş verib. Yəni Ermənistandakı Azərbaycanın mədəni irsinin demək olar ki, hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib. Başqa sözlə, Azərbaycan mədəni irsinin məhv edilməsinin “hərəkətverici qüvvəsi” Ermənistan hökumətinin monoetnik və təkmədəniyyətli məkanın yaradılmasına yönəlmiş sistematik irqi ayrı-seçkilik siyasəti olub və təəssüf ki, bu mənfur hədəfləri reallığa çevrilib.

Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi və təhrif edilməsi də daxildir. Ermənistanda salamat qalmış yeganə məscid olan paytaxt İrəvandakı Göy Məscid qəsdən yanlış şəkildə “fars məscidi” kimi təqdim edilir. Əslində, məscidi inşa edən və əsrlər boyu orada ibadət edənlər o vaxt şəhərdə mütləq əksəriyyəti təşkil etmiş azərbaycanlılar olublar. Ermənistan hökuməti orada Azərbaycan mədəniyyətinin son izlərini silməkdə davam edir. 

Məsələ ilə bağlı Bakı Təşəbbüs Qrupu (BTQ) bəyanatla çıxış edib.  Qurumdan bildirilib ki, Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlılara qarşı həyata keçirilmiş siyasət təkcə etnik ayrı-seçkilik deyil, həm də sistemli şəkildə aparılmış müstəmləkəçi təfəkkürün, irqi ayrı-seçkilik xarakterli və monoetnikləşdirməyə hədəflənmiş siyasətin tərkib hissəsi olub: “Azərbaycanlıların yeganə “günahı” onların milli mənsubiyyəti idi. Onlar 1905-1906-cı illərdə, 1918-ci il və XX əsrin sonrakı mərhələlərində kütləvi qırğınlara, etnik təmizləməyə, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının kobud şəkildə pozulmasına məruz qalıb. Azərbaycanlılara qarşı törədilən kobud qanun pozuntuları kolonial güclərin tarixən müstəmləkə altında saxladığı xalqlara qarşı törətdiyi vəhşiliklərin təkrarı idi”.

BTQ beynəlxalq ictimaiyyətə çağırış edib

Qeyd edilib ki, Ermənistan SSR-nin məqsədyönlü şəkildə həyata keçirdiyi kolonial təfəkkürlü siyasət azərbaycanlıların öz tarixi yaşayış məkanlarından mərhələli şəkildə sıxışdırılmasına, onların mədəni-dini irsinin silinməsinə və nəticə etibarilə Ermənistanın monoetnik respublikaya çevrilməsinə xidmət edib. Bu xüsusda azərbaycanlıların kütləvi sürgün əməliyyatları 1948-1953-cü illəri əhatə edib və 150 mindən çox azərbaycanlı öz el-obasından didərgin düşüb. Bu aktlar insan talelərində dərin faciələr yaradıb, minlərlə ailəni doğma torpaqlarından ayırıb, ağır köçürülmə şəraiti insanların həyatına, sağlamlığına və sosial vəziyyətinə ağır zərbə vurub. Eyni zamanda, azərbaycanlılara məxsus tarixi-mədəni irs məqsədyönlü şəkildə silinib, Azərbaycan mənşəli toponimlər kütləvi qaydada dəyişdirilib, yaşayış məntəqələri, qəbiristanlıqlar, dini və mədəni abidələr dağıdılıb və ya özgələşdirilib. Bu siyasət yalnız insanların fiziki olaraq öz yurdlarından çıxarılması ilə məhdudlaşmayıb, onların tarixi yaddaşının və mədəni izlərinin silinməsini də hədəfləyib.

BTQ bəyan edib ki, 1987-ci ilin sonlarından etibarən Ermənistan hakimiyyəti Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib, bunun ardınca Ermənistanda hələ də yaşamaqda olan 250 mindən çox azərbaycanlı zor gücünə öz doğma yurdlarından qovulub. Azərbaycanlıların yaşadığı kəndlərə silahlı hücumlar təşkil edilib, insanlar öz evlərini tərk etməyə məcbur edilib, beləliklə, Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti başa çatdırılıb. “Bu proses yalnız azərbaycanlılara qarşı yönəlməyib. Ermənistanın monoetnik dövlətə çevrilməsi siyasəti nəticəsində digər etnik və dini azlıqlar da sıxışdırılıb, onların sayı kəskin şəkildə azalıb. Bu fakt Ermənistanın uzun illər ərzində məqsədyönlü şəkildə bu siyasəti apardığını göstərir. Ermənistan bununla da kifayətlənməyib, Azərbaycanın suveren ərazilərinin 20 faizini işğal edib. Bu gün Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədiyi bir vaxtda Ermənistan cəmiyyətində azərbaycanlılara və türklərə qarşı nifrət ritorikasının, revanşist çağırışların və irqçi yanaşmaların hələ də mövcud olması ciddi narahatlıq doğurur. Davamlı sülh yalnız tarixi ədalətsizliklərin etirafı, insan hüquqlarına hörmət, ayrı-seçkilik siyasətindən imtina və zorla çıxarılmış insanların hüquqlarının bərpası əsasında mümkün ola bilər”,-deyə bəyanatda vurğulanıb.

Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti, insan hüquqları institutlarını, BMT-nin müvafiq mexanizmlərini və digər beynəlxalq təşkilatları Ermənistan dövlətinin azərbaycanlılara qarşı həyata keçirdiyi müstəmləkəçi təfəkkürlü, həmçinin etnik ayrı-seçkilik, dözümsüzlük siyasətinə obyektiv qiymət verməyə çağırıb.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30