Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

28.04.2026 [10:39]

Mərkəzi Seçki Komissiyasının yeni tərkibi formalaşdırılıb

Aprelin 27-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyə 11 məsələ daxil edilib. İclasda ilk olaraq Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələyə baxılıb. Spiker Sahibə Qafarova bildirib ki, Mərkəzi Seçki Komissiyası üzvlərinin səlahiyyət müddəti başa çatıb və “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin birinci hissəsinə əlavələr edilməsi haqqında” Konstitusiya Qanununa əsasən Milli Məclis komissiyanın yeni tərkibini formalaşdırmalıdır: “Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının 18 üzvünün namizədlikləri aşağıdakı qaydada təqdim edilməlidir: 6 nəfərin namizədlikləri Milli Məclisdə çoxluq təşkil edən siyasi partiya tərəfindən; 6 nəfərin namizədlikləri heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar tərəfindən; 6 nəfərin namizədlikləri isə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar tərəfindən.  Bununla birlikdə, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyasının 3 nəfər əvəzedici üzvünün namizədlikləri də eyni qaydada Milli Məclisə təqdim edilməlidir.  Artıq bütün lazımi prosedurlar icra olunmuş və namizədlər müəyyən edilib”.

S.Qafarova qeyd edib ki, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların yığıncağının qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, habelə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları - Vətəndaş Həmrəyliyi Partiyasını, Ədalət, Hüquq, Demokratiya Partiyasını, Azərbaycan Demokratik İslahatlar Partiyasını, Böyük Quruluş Partiyasını, Azərbaycan Demokratik Maarifçilik Partiyasını, Milli Cəbhə Partiyasını, Böyük Azərbaycan Partiyasını, Azərbaycan Milli İstiqlal Partiyasını, Ana Vətən Partiyasını, Respublikaçı Alternativ Partiyasını Milli Məclisdə təmsil edən deputatların yığıncağının qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün namizədlikləri Milli Məclisə təqdim edilib. “Onu da qeyd edim ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların təqdim etdiyi namizədlərdən biri Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə, digər bir namizəd isə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılıb” - deyə spiker vurğulayıb.

Müzakirələrdən sonra səsvermə keçirilib və MSK-nin yeni tərkibi müəyyənləşib. MSK-nın üzvlüyünə Sevinc Abdullayeva, Fuad Cavadov, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Elçin Xələfov, Ramiz İbrahimov, Rövzət Qasımov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Elmar Məmmədov, İlham Məmmədov, Arifə Muxtarova, Qabil Orucov, Hüseyn Paşayev, Məzahir Pənahov, Mikayıl Rəhimov və İlkin Şahbazov təyin edilib. Bununla yanaşı, Aysel Cəlilova, Züriyə Qarayeva və Elnarə Mustafayeva MSK-nın əvəzedici üzvləri kimi təsdiqlənib.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş”in təsdiqinə dair qanun layihəsi qəbul olunub. Sənəd 2026-cı il yanvarın 15-də Cenevrə şəhərində imzalanıb. Bildirilib ki, sazişin imzalanmasında əsas məqsəd Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədar təşkilati tədbirləri və maliyyə məsələlərini nizama salmaqdır. Sazişdə tədbirin keçirilmə yeri kimi Bakı Olimpiya Stadionu, keçirilmə tarixi isə 17-22 may 2026-cı il müəyyən edilib.

Sənədə əsasən, tədbirin keçirildiyi dövrdə təhlükəsizlik tədbirlərinə dair tələblər, fors-major, iştirak üçün fərd və nümayəndələrin dairəsi, maliyyə tənzimləmələri və öhdəliklər, yaranacaq əlavə xərclər, istifadə olunmalı olan bank hesabları, valyuta növü, BMT-nin Məskunlaşma Proqramına dair öhdəliklərlə bağlı məsələlər, məkanlar, yerləşdirmə, təchizat, xidmətlər, sərgi, telekommunikasiya, yerli heyət, məxfilik və digər vacib məsələlər tənzimlənir.

Daha sonra Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”ni təsdiqləyib. Sazişin əsas məqsədi qeyd olunan Mərkəzin öz funksiyalarını və vəzifələrini səmərəli şəkildə həyata keçirməsi üçün imkanlar yaratmaq, o cümlədən Nizamnaməyə uyğun olaraq Mərkəzin heyət üzvlərinin işini asanlaşdırmaq və Mərkəz və ev sahibi ölkə arasında əsas münasibətləri tənzimləməkdir.

Qanun layihəsində vurğulanıb ki, saziş Mərkəzin, o cümlədən onun binasının və heyət üzvlərinin hüquqi statusunu, imtiyazlarını və immunitetlərini müəyyən edir. Sənədin müddəalarına əsasən, Mərkəz hüquqi şəxs statusuna və bir sıra səlahiyyətlərə (müqavilələr bağlamaq, daşınmaz və daşınar əmlak əldə etmək, məhkəmələrə müraciət etmək və s) malikdir. Bildirilib ki, sazişin digər müddəaları binanın yerləşdiyi yer (Bakı şəhəri), onun saxlanması xərcləri, kommunal xərclər, təhlükəsizlik, sanitar tələblər, fövqəladə hallar zamanı hərəkətlər, binanın və arxivin toxunulmazlığı, əmlak, fond aktivlər, azadolmalar, heyətin immunitet və imtiyazları, yaşayış imkanları, viza və s. məsələləri tənzimləyir.

Deputatlar  Azərbaycanla Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıq sazişini də ratifikasiya ediblər. “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Saziş 2026-cı il 27 fevral tarixində Bakı şəhərində imzalanıb. Sazişin əsas məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq üçün hüquqi çərçivə yaratmaq, müdafiə sahəsində əməkdaşlığın beynəlxalq sülh və sabitliyi təşviq etdiyini nəzərə alaraq müvafiq istiqamətlər üzrə ikitərəfli əlaqələri (hərbi təhsil, məşq, təlim, mülki-hərbi əməkdaşlıq, sülhməramlı və humanitar əməliyyatlar, maddi-texniki təminat, hərbi-texniki əməkdaşlıq və sairə istiqamətlərdə) genişləndirmək və möhkəmləndirməkdir.

Sazişdə əməkdaşlığın formaları kimi rəsmi səfərlər və işgüzar görüşlər, hərbi təhsil, treninq, ikitərəfli danışıqlar, məsləhətləşmələr, hərbi təlimlərdə iştirak, müdafiə sərgilərində iştirak, hərbi və mülki heyətlərin səfərləri və s. nəzərdə tutulur. Bu sənədin həyata keçirilməsi üçün həvalə edilmiş səlahiyyətli orqan hər iki ölkənin Müdafiə Nazirliyidir.

Qeyd edək ki, deputatlar gündəlikdə olan digər qanun layihələrini də qəbul ediblər.

İclasın sonunda spiker Sahibə Qafarova Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatına” layiq görüldüyünü bildirib. O, deyib ki, bu mükafat bütün çətinliklərə baxmayaraq, regionumuzda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olunması naminə möhtərəm Prezident İlham Əliyevin göstərdiyi böyük səylərin beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməsi və yüksək qiymətləndirilməsi deməkdir: “30 il ərzində torpaqlarının işğalı ilə üzləşmiş və münaqişə şəraitində yaşamış xalqın nümayəndələri olaraq biz cənab Prezidenti bu mötəbər mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, dövlətimizin başçısına sülh və qarşılıqlı anlaşma naminə yorulmaz fəaliyyətində davamlı uğurlar arzulayırıq”.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30